İdman
Qurban Qurbanov: O yerlərdə olmaq möhtəşəmdir

Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Kopenhagen” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, mütəxəsəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdə idilər. Gözəl qələbə oldu. Futbolçular “Kopenhagen”dən çəkinmədilər. Həddindən artıq ciddi mübarizə apardılar. Belə oyunlarda bir an olur ki, buna dözmək lazımdır. İkinci hissədə bunu hiss etdik. Rəqib riskə getdi. Top itkilərimiz oldu. Bu cür mübarizə aparmaq qarşıdakı oyunlarda bizə fayda verəcək. Yaxşı oyun və möhkəm mübarizə oldu. Rəqib komandanın baş məşqçisi ilə də danışdım. İş prinsipləri ilə maraqlandıq. Onlara uğurlar arzu edirəm, pozitiv kollektiv idilər.
– Püşkatmadan sonra desəydilər ki, iki oyuna 6 xal qazanacaqsız, inanardınız?
– Ümumi fikir olmalıdır. Bəlkə, hamıda belə inam olmaya bilərdi. Ancaq məndə həmişə inam olub. Ötən il çox yaxşı oyunlarımız olmuşdu, amma qələbə uzaq idi. İnam var idi ki, oyunumuzu qoruyub-saxlasaq, bir az da mübarizəni yaxşılaşdırsaq, nəticələri yaxşılaşdıra bilərik. İşimə həmişə inamla yanaşıram. Meydanda da onlara bunu tövsiyə edirəm. İnam yoxdursa, bu oyunu oynamaq olmaz. Futbol kollektiv oyunudur. Biri çəkinsə, uğur əldə etmək olmaz. Düzdür, hər şeyə real baxmaq lazımdır. Amma meydana inamsız çıxmaq olmaz. Dəfələrlə olub ki, məğlub olsaq da, mübarizə aparmışıq. 6 xalı bəlkə gözləməzdim, amma inanırdım.
– Futbol ölkəsi olmayan bir ölkədə UEFA-nın nüfuzlu turnirində liderlər qrupunda olmaq necə hissdir?
– Çox gözəl, çox xoş. Azərbaycanın “Qarabağ”ıyıq. O yerlərdə olmaq möhtəşəmdir. Cənab Prezident də təbrik edib, təşəkkür edirəm. Məsuliyyətimiz daha da artır.
– Komanda sanki həyəcanlı deyildi. Qısa müddətdə bunu necə həll etdiniz?
– Təcrübə və sağlam kollektivlə. Həyəcan o zaman olur ki, kollektivdə nəsə zəiflik, güvənsizlik olsun. Vacibdir ki, kollektivimizi sağlam saxlayaq. Bunun rolu çox oldu.
– Əvvəl Türkiyə klublarının oyunlarına baxıb, zövq alırdıq. İndi əksinə olub, Türkiyə mətbuatı “Qarabağ”ı klublarına nümunə göstərir…
– Uğur olan yerdə diqqət, təbriklər, xoş sözlər daha çox olacaq. Lakin bunlar bizi yanıltmamalıdır. Uğurun uğursuzluğu da var. Buna hazır olmalıyıq. Hər bir halda, Türkiyədə nümunə göstərilmək, “Qarabağ”a dəstək varsa, sevinirik. Bunlar bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan öncə də “Qalatasaray”ı təbrik etmişəm. Türk komandalarına azarkeşlik edirik, onlara uğurlar arzu edirəm.
– Avrokuboklarla bağlı planlarınızın zirvəsində hansı hədəf durur?
– Çox şeyi arzu edə bilərik. “Qarabağ”ın mənim üçün nə demək olduğunu bilirsiniz. Bu ad mənim üçün ən böyük silah oldu. Başqa komandada ola bilərdim, uğurlu nəticələr olardı. Amma bu dərəcə illər boyu ciddi olmazdım. Bəlkə, sakitləşərdim, yorulardım. Ancaq bu komandada bu ad məni nə yorulmağa, nə inamsız, nə məsuliyyətsiz olmağa qoydu. Hədəfim komandanı stabil saxlamaq idi. Bunlar fonunda uğurun gələcəyini bilirdim. Futbolçularımdan hər zaman əsgər kimi vuruşmağı tapşırmışam. Nadir hallarda olur ki, komanda yorğun görünür. Mənim hədəfim bu olub ki, sağlamlığı, mübarizəni qoruyub-saxlayım. Futbol elə oyundur ki, hər il eyni nəticə olsun. Böyük klubların çempionluqdan sonra ardını gətirə bilmədiyini görmüşük. Hamı inkişaf edir, yenilik axtarır. Transferlərdə belə bəzən az oyunçu cəlb edirik. Bizim üçün kollektivə gələn futbolçunun komandadakı əhvalı pozmamasına çalışmışıq. Qarşılığını Allah verəcək.
– Elvin Cəfərquliyev oyunun ən yaxısı seçildi. O əvvəlki illərdə ən çox tənqid olunan oyunçulardan idi. Elvin bu tənqidlər sayəsində bu yerlərə gəldi?
– Buna sevinirəm. Mənim komandamın oyunçusunun seçilməsi, eyni zamanda onun azərbaycanlı olmasına ancaq sevinə bilərəm və böyük dəyər verərəm. Elvin rahat futbolçu deyil. Dəfələrlə olub ki, idman formasından çox aşağı səviyyədə olub, sonra qalxıb, sonra düşüb… stabilliyi çatışmayıb. Son oyunlarda özü də ciddiləşib. Bəlkə də, mən də daha ciddi rəftar edirəm. Amma belə deyim, Elvinə bel bağlamaq olmaz (gülür). İstənilən an bacarığından aşağı çıxış edə bilər. Ona bir neçə il lazımdır ki, məsuliyyəti, böyük olmağı dərk etsin. Çalışırıq ki, onu tempdə saxlayaq. Əminliklə deyirəm ki, Elvinin potensialı hələ bu deyil. Daha ciddi olsa, daha böyük işlər görə bilər.
– UEFA-nın ən yaxşı oyunçu seçimləri sizin fikirlərinizlə üst-üstə düşür?
– Hansısa futbolçunu ayırmaq istəmərəm. Hər birinin bu qələbədə haqqı var. Hər oyunçu üzərinə düşən vəzifəni yerinə yetirdi.
– Addai sonradan oyuna daxil oldu, fərqləndi…
– Sonradan oyuna daha möhkəm, topa yapışan oyunçunun girməsini düşünürdük. Addainin faydalı olacağını düşünmüşdük. O, iki fərqli mövqedə oynaya bilir. Bunu nəzərə alıb, meydana buraxdıq. Əvəzetmələr bəzən alınır, bəzən yox.
– Oyunda sizi nələr narazı saldı?
– Səhvlərdən danışmaq istəməzdim. Çünki rəqib səni buna məcbur edir. İkinci hissədə rəqib çox riskə getdi və bizdə top itkiləri başladı. Belə anlarda daha çox topa sahib olmaq lazımdır. Çalışırıq ki, aradan qaldıraq. Qarşıdakı rəqibi nəzərə almalıyıq. Özümüz istəyirik ki, rəqibi səhvə məcbur edək. Növbəti oyunda səhvsiz olmalıyıq.
– Azərbaycan futbolu tarixinin ən yaxşı baş məşqçisiz. Nəticələr Avropa və dünya futbolunun diqqətindədir. Böyük klublardan təklif olsa, necə dəyərləndirəcəksiniz?
– Hər dövrün öz futbolu, öz məşqçisi olur. Tələsməyək. Kənardan gələn təkliflər haqda düşünmürəm. Belə hallarda daha sadəlövh olmağa çalışmalıyıq. Komandada stabillik vacibdir. Bu gün ağlımda getmək fikri olsa, komandanın inamı da, uğuru da, sistemi də pozulacaq. Avropada planlar başqadır. Klubların öz ideyaları var. Hələ Azərbaycanımızdayıq.
– “Qarabağ”ı yanvardan sonra da Çempionlar Liqasında görəcəyik?
– Mütləq (gülür). Ötən il “Dinamo” (Zaqreb) 11 xal topladı, pley-offlara düşə bilmədi. Bizdən asılı olmayan nüanslar var. Hər şeyə hazır olmalıyıq. Rəqiblərimiz getdikcə daha məsuliyyətli olacaq. “Benfika”dan sonra bizə 70-80 faiz ciddi hazırlaşacaqlarsa, bundan sonra artıq 100 faiz olacaq. Daha yaxşı olmaq üçün bunların faydası olacaq.
– Dejavu yaşadıq, 2017-ci ildə “Kopenhagen”lə oyundakı ilk qol indiki ilə oxşar idi…
– Mən dejavu yaşamadım (gülür).
– “Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”yə məğlubiyyətdən sonra Joze Mourinyo bildirdi ki, problem “Çelsi”yə yox, “Qarabağ”a məğlubiyyətdədir…
– Ona nə sual verə bilərəm, nə cavab. Çünki o, Mourinyodur, dahi məşqçilərdən biridir.
Heybət
-
İdman00:05
Qurban Qurbanov: O yerlərdə olmaq möhtəşəmdir
-
Rəsmi xronika1 Oktyabr 23:21
İlham Əliyev "Qarabağ"ı təbrik etdi
-
İdman1 Oktyabr 23:11
"Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu - Foto
-
İdman1 Oktyabr 22:38
"Qarabağ" yenə tarix yazdı: "Kopenhagen"i də məğlub etdi - YENİLƏNDİ
-
Avropa1 Oktyabr 20:20
Siyasətimizdən və ölkəmizdən rədd ol! - Nazirdən İlon Maska sərt mesaj
-
Ekologiya1 Oktyabr 19:40
Bakıda külək gücləndi - Faktiki hava
-
Kriminal1 Oktyabr 18:30
Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
-
Magazin11 Oktyabr 16:32
Cabir İmanovun həyat yoldaşı görün kim imiş - FOTO