Məktəb direktorunun möcüzəsi: Balıqçılar kəndinin nağıl dolu çempionluq hekayəsi
Bizi izləyin

İdman

Məktəb direktorunun möcüzəsi: Balıqçılar kəndinin nağıl dolu çempionluq hekayəsi

Mövsüm ərzində “Müellbyu”ya artıq “İsveçin “Lesteri” ləqəbi verilmişdi. Amma “sarı-qaralar”ın nağılı “tülkülər”dən də heyrətamiz alındı. Cəmi 1500 nəfər əhalisi olan bir kənddə bayram idi. Sakinlər ötən gün sevimli komandalarının çempionluğunu qeyd edirdilər. Halbuki, 2016-cı ildə klub üçüncü liqada qalmaq uğrunda mübarizə aparır, iflasın bir addımlığında idi. Klubu nə xarici investorlar, nə də yerli milyarderlər xilas etdi. Bunu yerli qəhrəmanlar bacardı.

Onlardan biri Hasse Larsson idi. O, “Müellbyu”da 9 il oynamış, həmin illərin yarısında komandanın kapitanı olmuşdu. Larsson dəfələrlə sübut edib ki, sinirləri poladdan möhkəmdir. O, prostat xərçəngini və beyin şişini məğlub edib, amma həyat eşqini itirməyib. Klub iflasın astanasında olanda, Hasse idman direktoru vəzifəsini qəbul etdi. Üstəlik, bu “intihar postunda” 3 il tamamilə pulsuz çalışdı. O, gənc istedadlar axtarır, onların inkişafı və satışı ilə məşğul olurdu, amma maaş almırdı. Ailəsini isə öz ferması dolandırırdı.

Futbolçular da onun kimi fədakar idilər. Demək olar ki, bütün komanda gündüz işləyir, axşam isə məşqlərə gəlirdi. Bütün məşqçi heyəti də əlavə işlərlə məşğul olurdu ki, klubun az büdcəsini maaşlara sərf etməsinlər. Asan deyildi, amma birgə çətinlikləri aşaraq, “Müellbyu” əsl ailəyə çevrildi. 2016-cı ilin son turunda klub üçüncü liqada qalmağı bacardı, 2018 və 2019-cu illərdə isə ardıcıl yüksəlişlərə nail olaraq Allsvenskana - İsveçin elitasına çıxdı. Komanda burada böyük şəhər klubları arasında nağıl qəhrəmanı rolunda idi. Klub prinsiplərindən dönmədi. İstedadlar tapır, varlı rəqiblərinə satır, amma inkişafını dayandırmırdı.

“Ucuz al, inkişaf etdir, baha sat” modeli klubun çempionluq mübarizəsi dövründə belə əsas prinsip olaraq qalıb. Klub tarixində cəmi bir dəfə futbolçuya 500 min dollardan çox pul xərcləyib. O da məhz bu qalib olduqları mövsümdə. Rekordu danimarkalı Yeppe Kyer qırıb. Onun keçidi kluba 700 min avroya başa gəlib. “Müellbyu” bunu özünə rəva görüb, çünki həmin transferdən əvvəl liderlərdən biri olan Niklas Rokyer 1,65 milyon avroya satılıb. Halbuki, cəmi bir il öncə Rokyer kluba 400 minə başa gəlmişdi.

Komandada məşhur futbolçular yoxdur. Millidə oynayan cəmi iki nəfər var. Onlardan biri FİFA reytinqində 201-cü sırada qərarlaşan Pakistan yığmasında çıxış edir, digəri isə Qambiya millisinin ehtiyat qapıçısıdır. İsveç yığmasının məşqçiləri isə “Müellbyu”nun uğurlarından sonra kluba diqqət yetirmək məcburiyyətində qalıblar. Yerli müdafiəçi Aksel Nuren yığmaya dəvət alıb, amma yalnız ehtiyat skamyada oturub. Eyni hal qapıçı Noel Tornkvistlə də baş verib. O da İsveçin İsveçrə və Kosovo ilə oyunlarına sadəcə kənardan baxıb. Amma bu, “Müellbyu” futbolçularının döyüş ruhunu qətiyyən sarsıtmayıb.

Komandanın uğurunun əsas memarı baş məşqçi Anders Torstenssondur. Onun hekayəsi “Oskar”a layiqdir, baxmayaraq ki, başlanğıcı inandırıcı görünmür. 59 yaşlı Torstensson ixtisas baxımından futbola və məşqçiliyə yad biri olub. O, 10 il orduda xidmət etmiş, sonra bir o qədər də məktəb direktoru işləmiş, paralel olaraq yerli klubda köməkçi məşqçi kimi fəaliyyət göstərmişdi. 2009-cu ildə dördüncü liqa klubu “Hervikens”dəki işini “Müellbyu”nun o zamankı məşqçisi Tomas Anderson Borstam görüb onu özünə köməkçi çağırmışdı. Elə həmin əməkdaşlıq sayəsində “Müellbyu” bir ildən sonra sensasiyalı şəkildə Allsvenskana yüksəldi.

Borstam klubdan ayrıldıqdan sonra Torstensson qısa müddətə baş məşqçi oldu və bu işin öhdəsindən layiqincə gəldi. O, daha sonra qadın klubu “Asarums”u, ardınca dördüncü liqa komandası “Karlskrona”nı çalışdırdı və onları dərhal üçüncü liqaya çıxardı. Lakin 2018-ci ildə qərara aldı ki, artıq futboldan doyub. Buna görə də sakitcə məktəb direktoru vəzifəsinə qayıtdı.

Hər şey bitmiş kimi görünürdü, amma 2021-ci ildə “Müellbyu” baş məşqçisiz qaldı. Klubda Torstenssonu xatırladılar. Onu mövsümün sonuna qədər komandaya rəhbərlik etməyə çağırdılar. Üç illik fasilə qorxulu idi, amma klub Andersə inandı və düz də etdi. O, sensasiyalı şəkildə komandanı yenidən ali diviziona çıxardı. Bəs sonra? Yeni müqavilə olmadı və o, sakitcə məktəbinə qayıtdı.

Mjallby AIF: How Swedish club went from turmoil to upsetting elite - BBC  Sport

İki il sonra Torstensson üçün iki acı hadisə üst-üstə düşdü: “Müellbyu” düşmə təhlükəsi ilə üzləşmişdi, özü isə qorxunc diaqnoz aldı - xroniki limfoleykoz. “Qalxanlarım şişmişdi, stressdən olduğunu sandım. Amma məlum oldu ki, bu, nəzarət altında saxlamaq mümkün, amma sağaltmaq mümkün olmayan xərçəng formasıdır,” — deyə o üzləşdiyi vəziyyət barədə danışıb.

Mjällby AIF gör förändringar på bortasektionen 2024 – Mjällby AIF

Bu diaqnoz onu sındırmadı, əksinə motivasiya etdi. Anders kluba qayıtdı. Bu dəfə artıq buradan getməyəcəyini bilirdi. Nəticədə kiçik bir əyalət komandası ilə möcüzələr yaratmağa başladı. Yarım il sonra komanda İsveç Kubokunun finalına çıxdı. Bəli, finalda 1:4 hesabı ilə uduzdular, amma bu, tarixdə ilk dəfə idi ki, “Müellbyu” belə bir mərhələyə çatırdı. Ardınca ölkə çempionatında 5-ci yer (klub tarixində ən yaxşı nəticənin təkrarı) və nəhayət, 2025 mövsümündə çempionluq gəldi.

Əgər düşünürsünüz ki, Torstenssonun ixtiyarında çətinliklərdən sonra indi böyük büdcə və ya sponsor var, yanılırsınız. “Müellbyu” hələ də kənd klubu olaraq qalır, liderlərini satır, 19-22 yaşlı futbolçuları inkişaf üçün cəlb edir. Klubun illik maaş büdcəsi cəmi 2 milyon avrodur. Bu göstəriciyə görə “Müellbyu” liqada sonuncu yeri “Degerfors”la bölüşür. Həmin məbləği də əsasən oyunçu satışları ilə qazanırlar. Mövsümün ortasında iki əsas futbolçu satılıb, onların yerinə gənclər gətirilib. İki milyon avroya satıb, bir milyona transfer ediblər. İri klublar üçün kiçik, amma bu balaca kənd təmsilçisi üçün böyük rəqəmdir. Keçən il isə transfer balansında 2 milyon avro qazanıblar. Diqqətçəkən məqam isə liderlərini əsas rəqiblərinə - “Malmö”yə, “Geteborq”a, “Elfsborq”a, “Yurqorden”ə satmalarıdır.

Mjällby AIF: How a tiny Swedish team achieved one of the biggest ever  shocks in European soccer | CNN

Mövsümün gedişində “Müellbyu” ən yaxın izləyicisindən 4 xal öndə olan hər kəs bunun uzun çəkməyəcəyini düşünürdü, amma Torstensson deyirdi: “Biz paltardəyişmə otağında titul mövzusunu heç vaxt qaldırmırıq. Biz kiçik bir şəhəri təmsil edirik, o şəhər isə xəyallara inanmağa haqq qazanıb. Bu baxımdan o, bir az mənə bənzəyir. Diaqnoz qoyulduqdan sonra rahat yaşamağı, mənasız mübahisələr etməməyi öyrəndim”.

Lakin skeptiklərin əksinə, sona 4 tur qalmış fərq 11 xala qədər artdı və 27-ci turun ardından “sarı-qara”lar artıq çempionluğu qeyd etdilər. Daha da maraqlısı odur ki, əgər “Müellbyu” qalan 3 oyunda cəmi 2 xal toplasa, 2010 və 2018-ci illərdə “Malmö” və AİK-in 67 xallıq rekordunu qıracaq. Hazırda onların 66 xalı var. Balıqçılar kəndinin bu kiçik büdcəli klubu yalnız sensasiya yaratmaqla kifayətlənməyib, həm də liqa tarixini yenidən yaza bilər.

Mjällby AIF: How a tiny Swedish team achieved one of the biggest ever  shocks in European soccer | CNN

Başqa bir tarix isə komandanın Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmasıdır. Komanda ikinci raunddan mübarizəyə qoşula bilər. Və əgər növbəti mövsümdə “Müellby” qitənin bir nömrəli klub turnirinin əsas mərhələsinə düşə bilsə, başqa bir rekorda da imza atacaq. Hazırda bu turnirdə iştirak edən ən kiçik yaşayış məntəqəsi Rumıniyanın Urzicen şəhəridir - 13 min nəfər. Buranı 2009/10 mövsümündə “Unirea” təmsil etmişdi. Hellevik isə cəmi 1500 nəfərlik kənddir. Deməli, rekord qırılacaq. Yeni bir möcüzəyə inanmaq üçün səbəblər çoxdur.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm