“İdman TV”-dən İranın “Traktor”la bağlı iddialarına cavab: Kimsə zəif olduğunu düşünürsə…
Bizi izləyin

İdman

“İdman TV”-dən İranın “Traktor”la bağlı iddialarına cavab: Kimsə zəif olduğunu düşünürsə…

Azərbaycanın “İdman TV” kanalının Təbrizin “Traktor” klubunun Asiya Çempionlar Liqasındakı oyunlarını canlı yayımlaması Güney Azərbaycan və İranda yaşayan azərbaycanlılar arasında böyük maraq doğursa da, bu, bəzi dairələrin narahatlığına səbəb olub.

Publika.az xəbər verir ki, sosial şəbəkələrin İran seqmentində yayılan paylaşımlarda narazılar iddia ediblər ki, bu addım Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılara təsir vasitəsidir. Onlar “İran komandası”nın oyunlarının başqa dildə şərh edilməsindən narahat olduqlarını bildiriblər. Fikirlərinə görə, bu, İranda Azərbaycan dilinə marağın artmasına və fars dilinin nüfuzunun zəifləməsinə gətirə bilər.

Son həftələrdə “İdman TV”-nin yayımları nəticəsində güneylilərin əksəriyyəti “Traktor”un oyunlarını İran kanallarından deyil, Azərbaycan kanalından izləyir. Bu isə güya yerli yayımçı kanalların izləyici sayının azalmasına gətirib çıxarıb.

Məsələ ilə bağlı “İdman TV”-nin mövqeyini öyrəndik. Kanalın rəhbəri Zaur Zeynal Publika.az-a açıqlamasında İran tərəfindən gələn iddialarla bağlı bunları dedi:

“İdmandan siyasi alət kimi istifadə etmək olmaz. İdman idmandır, siyasət siyasət.

”İdman TV”-nin nizamnaməsində idmanın təbliği, kütləviliyin artırılması, xarici idman yarışlarının obyektiv və peşəkar şəkildə yayımlanması prinsipləri dayanır.

İdmandan siyasi alət kimi istifadə etməyə çalışanlara sözümüz budur: gəlin, öz gücümüzü siyasi şüarla və ya ideoloji təxribatla yox, peşəkarlıqla göstərək, necə ki, “İdman TV” bunu nümayiş etdirir.

“Traktor” komandasına gəlincə, bu komanda Təbrizin Asiya Çempionlar Liqasında təmsilçisidir. Biz isə Asiya Çempionlar Liqasının yayım hüququna malik kanal olaraq, bütün komandaların, o cümlədən “Traktor”un oyunlarını yayımlamaq missiyasını və məsuliyyətini üzərimizə götürmüşük. Bu işi də peşəkar səviyyədə yerinə yetiririk. İndi kimsə bizi özü ilə müqayisə edib zəif olduğunu düşünürsə, bu, bizim günahımız deyil”.

İranda yaşayan soydaşlarımız isə qeyd edirlər ki, “İdman TV” oyunları daha peşəkar yayımlayır, şərh edir və Azərbaycan dilində təqdim olunan reportajlar “Traktor” azarkeşləri üçün daha doğma və cəlbedici görünür.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm