İdman
BAKI 2015-ə doğru: Gimnastikaya ümidimiz böyükdür
Bu il hamının səbirsizliklə gözlədiyi yarışlardan biri də I Avropa Oyunlarıdır. Belə mötəbər yarışın ölkəmizdə keçirilməsi hər kəsi sevindirir.
Məlumat üçün bildirək ki, bu beynəlxalq turnir Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Hər dörd ildən bir keçirilməsi planlaşdırılan Avropa Oyunlarında bu dəfə 253 dəst medal uğrunda mübarizə gedəcək.
Publika.az mötəbər turnirdə keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıların təqdimatına başlayır. İlk yazıda Gimnastika barədə məlumat verəcək, bu idman növünün ölkəmizdə yaranması və təmsilçilərimiz haqqında oxucuları məlumatlandırmağa çalışacağıq.
Son 12 ildə nəzərəçarpan inkişaf
Azərbaycan Gimnastika Federasiyası son 12 ildə özünü yaxşı tərəfdən nümayiş etdirən bir qurumdur. Federasiyanın ölkəmizdə yaranma və inkişaf tarixi ötən əsrin 40-ci illərinə təsadüf edir. Bu idman növü tez zamanda məşhurluq qazandı. İnsanların marağına səbəb oldu. 1956-cı ildə rəsmi şəkildə Azərbaycan Gimnastika Federasiyası yaradıldı. Amma yerli qurumun Beynəlxalq federasiyaya üzv olması uzun illər sonra baş tutdu.
Ölkəmiz müstəqillik qazandıqdan sonra 1993-cü ildə milli federasiya Beynəlxalq Gimnastika Federasiyasına üzv qəbul olundu. Bundan 3 il sonra - 1996-cı ildə isə Avropa Gimnastika İttifaqında qeydiyyatdan keçdi.
2002-ci il oktyabrın 7-dən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevadır. Mehriban xanım Əliyeva həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
Uğur qazanmaq üçün çalışan federasiya rəhbərliyi nəhayət, istədiyinə nail olub. Burada bir çox idmançılar yetişib, üzə çıxıb. Dinara Gimatova və Aliyə Qarayevanın adını çəkmək kifayətdir.
1986-cı il təvəllüdlü Dinara 2003-cü ildə Azərbaycan çempionu adını qazanıb. “Neftçi” İSM-in üzvüdür, bir sıra beynəlxalq turnirin iştirakçısı və mükafatçısıdır. O, həmçinin beynəlxalq dərəcəli idman ustasıdır.
Gimatova dünya və Avropa çempionatlarının bürünc medalını qazanıb. Bundan əlavə iki dəfə dünya kubokunda 3-cü, bir dəfə də 2-ci yer tutub.
Aliyə Qarayeva da uğurlu gimnastlarımızdan olub. O da bir sıra beynəlxalq turnirin iştirakçısı və mükafatçısıdır.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının tərkibinə dörd idman növü daxildir - bədii gimnastika, aerobik gimnastika, idman gimnastikası, akrobatik gimnastika və tramplin.
Bölgələrdə də gimnastikaya münasibət dəyişib
Gimnastika Federasiyasının fəaliyyəti idman nəticələrinin əldə edilməsində də öz sözünü dedi. 2003-cü ildə gimnastlarımız dünya və Avropa birinciliklərində, nüfuzlu Qran-Prilərdə iştirak edərək qələbələr qazanmağa başladılar. Elə həmin dövrdə də ilk dəfə olaraq Azərbaycan gimnastı Olimpiya Oyunlarında iştirak etdi. Rusiya yığmasının baş məşqçisi İrina Viner tərəfindən hazırlaşdırılan Dinarə Gimatova, Anna Qurbanova, Aliyə Qarayeva və Zeynəb Cavadlı sayəsində Azərbaycan Avropada və dünyada beşinci nəticə göstərə bildi.
Qısa zaman ərzində Azərbaycanın qrup hərəkətləri komandası formalaşdırıldı və bu komanda hazırda dünyada ən güclülərdən sayılır. Əvvəllər bu idmana rusdilli ailələrin övladlarının daha çox meyl göstərdiyi deyilirdi. İndi bu sindrom aradan qalxıb. Hazırda rayonlarda, bölgələrdə də övladlarının bu idmanla məşğul olmasına normal baxan ailələr var.
Gimnastika federasiyasının geniş planlı işlərindən biri də regionlarda bu idman növlərinin inkişaf etdirilməsidir. Bu işlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq ölkə birinciliklərində Sumqayıt, Şabran, Gəncə gimnastları da iştirak edirlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən gimnastika bölmələrində minlərlə yeniyetmə və gənc bu idmanın sirlərinə yiyələnir.
Uğurlarımızın davamı gəlməlidir
2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku keçirildi. Paytaxtımız 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi etdi. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı təşkil olundu.
Bu turnirlərin sayəsində Azərbaycan gimnastları da son illərdə böyük inkişafa nail oldular. Dinarə Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazanıb. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxıb. Dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü olublar. Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil ediblər.
İndi Azərbaycan 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazırlaşır.
İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasının tikintisi də beynəlxalq əhəmiyyətli bu idman yarışının yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradır.
7 minlik tamaşaçı qarşısında şou olacaq
İdman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları – eyni zamanda, iki yeni qeyri-olimpiya növü olan aerobika və akrobatika Avropa Oyunlarında nümayiş olunacaq. Gimnastika yarışları 6 gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnast arasında keçiriləcək. 5 növ üzrə ümumilikdə 34 medal veriləcək. Bu, su idmanı növündən sonra medal sayına görə ikinci ən yüksək göstəricidir.
I Avropa Oyunları üçün ölkəmizə gələn gimnastlar öz hünərlərini Milli Gimnastika Arenasında göstərməyə çalışacaqlar. Arenanın tamaşaçı tutumu 6862 nəfərdir.
Gimnastlarımız ölkəmizdə təşkil olunmuş bu mötəbər yarışda 5 növdə güclərini sınayacaqlar. 34 medal uğrunda mübarizə olacaq. İdmançılarımız gimnastikanın 5 növü - Akrobatik gimnastika, Aerobik gimnastika, Idman gimnastikası, Bədii gimnastika və tramplin - üzrə özlərini göstərəcəklər.
Akrobatik Gimnastika üzrə yarış iyun ayının 17-də başlayacaq. Finallar iyunun 19-na və 21-nə təsadüf edəcək. Aerobik gimnastika isə 3 gün olacaq. İdman gimnastikası üzrə yarışlar 4 gün davam edəcək. İyunun 15-i, 18-i və 20-si final görüşləri baş tutacaq. Tramplin növü üzrə yarışlar da 3 gün davam edəcək.
Ən maraqla gözləniləni isə Bədii gimnastikadır. 3 gün davam edəcək yarışın finalları da həmin gün baş tutacaq. Yarışlar iyunun 17-si, 19-u və 21-nə təyin olunub. 2014-cü ilin “ən yaxşı idmançısı” seçilən Marina Durunda ölkəmizi bu növdə təmsil edəcək. Bundan əlavə Marina Durunda ilk Avropa Oyunlarının 11 idman elçisindən biridir. Məlumat üçün bildirək ki, Marina bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionudur və bir neçə dəfə dünya kubokunda iştirak edib. 2014-cü ildə İzmirdə keçirilmiş dünya çempionatında o, inamla mübarizə aparmışdı və yarışdakı çıxışından çox razı qalmışdı.
Xanım gimnast bu yarışın Azərbaycanda keçirilməsi ilə bağlı açıqlama verərkən bildirmişdi ki, birinci Avropa Oyunları məhz onun ölkəsində keçiriləcəyi üçün həm həyəcanlıdır, həm də fəxr hissi duyur.
Bədii gimnastika üzrə Azərbaycan yığmasının bolqar baş məşqçisi Mariana Vasileva Bakı 2015-lə bağlı belə danışıb:
“2015-ci ildə Avropa Oyunlarını qəbul edəcəyik. Ən yaxşı nəticələrə ümid edirik. Bu bayrama ciddi şəkildə hazırlaşacağıq”.
Aygün İlqarqızı
-
İdman19:00
Azərbaycanda saxlanılan futbolçuların adları AÇIQLANDI
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR