Heydər Əliyev tapşırdı, o reallaşdırdı: “Qarabağ”ı dirildən adamın ölümündən bir il keçir
Bizi izləyin

İdman

Heydər Əliyev tapşırdı, o reallaşdırdı: “Qarabağ”ı dirildən adamın ölümündən bir il keçir

Yanvarın 18-i Azərbaycanın idman ictimaiyyəti üçün kədərli bir tarixdir. Artıq bir ildir ki, "Qarabağ"ın fəxri prezidenti, görkəmli iş adamı Abdulbari Gozal aramızda yoxdur.

Abdulbari Gozalın futbolla bağlı fəaliyyəti təkcə bir maraqdan ibarət deyildi. Bu, həm də milli bir vəzifə idi. 2000-ci illərin əvvəllərində "Qarabağ" klubu maddi və mənəvi baxımdan olduqca çətin günlərini yaşayırdı. Məhz ümummilli lider Heydər Əliyevin birbaşa tapşırığı və tövsiyəsi ilə Abdulbari bəy kluba sahib çıxdı. Müharibənin ağrılı-acılı günlərindən keçən, köçkünlük həyatı yaşayan bir klub üçün bu, yenidən doğuş demək idi.

Abdulbari Gozalın rəhbərliyi altında klubun inkişaf strategiyası addım-addım gerçəkləşməyə başladı. Əvvəlcə klubdaxili intizam və maliyyə sabitliyi bərpa olundu. O, futbola sadəcə xərc kimi deyil, bir gələcək investisiyası kimi baxırdı. Kluba ayrılan vəsaitlər infrastrukturun qurulmasına, yeni baza və müasir tələblərə cavab verən stadionun tikilməsinə yönəldildi. Bu gün "Qarabağ"ın qazandığı uğurların təməlində məhz o illərdə atılan möhkəm bünövrə dayanır.

Abdulbari Gozalın "Qarabağ" tarixindəki ən mühüm qərarlarından biri gənc mütəxəssis Qurban Qurbanova inanması oldu. 2008-ci ildə komandanı ona həvalə edərkən Gozal bir rəhbərin göstərə biləcəyi ən böyük fəziləti nümayiş etdirdi: etimad və səbir.

Təmkinli yanaşma ilə klubun çətin dönəmlərində, Qurban Qurbanovun istefa vermək istədiyi anlarda belə Abdulbari bəy müdrik davranaraq onun arxasında durdu.

İşə qarışmamaq prinsipi "Qarabağ"ı gücləndirən əsas amil idi. O, heç vaxt məşqçinin işinə, taktiki qərarlara müdaxilə etmədi, əvəzində komandanın gələcəyi üçün Qurbanovu dinlədi və dəstəklədi.

Bu etimadın nəticəsi özünü çox gözlətmədi. "Qarabağ"ın gənclər siyasəti sayəsində Azərbaycan futbolu yeni ulduzlar qazandı. Əfran İsmayılov, Rauf Əliyev, Maksim Medvedev və daha neçə-neçə futbolçu məhz bu sistemin bəhrəsi olaraq yetişdi və uzun illər milli komandamızın onurğasını təşkil etdilər.

Abdulbari Gozalın diqqəti və qayğısı "Qarabağ"ı sadəcə Azərbaycan çempionu etmədi, onu Avropanın qorxulu rəqibinə çevirdi. Ardıcıl çempionluqlar və ölkə kubokları, Avrokubokların qrup mərhələlərinə abunəlik, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda inqilab və Dünya nəhəngləri ilə bərabər səviyyəli mübarizə - bütün bunlar illərlə çəkilən əziyyətin bəhrələri idi.

Gozal üçün "Qarabağ" sadəcə idman klubu deyildi. O, bu klub vasitəsilə Azərbaycanın haqlı davasını, Qarabağ həqiqətlərini dünyaya çatdırırdı. Komandanı ən ağır səfərlərdə, ən həlledici oyunlarda tək qoymaması onun bu adın təbliğinə verdiyi önəmin göstəricisi idi. Onun strategiyası idmanı diplomatiya ilə birləşdirərək "Qarabağ"ın səsini Londonun "Stemford Bric"indən Madridin "Metropolitano"suna qədər çatdırdı.

Bu gün Abdulbari Gozal fiziki olaraq yanımızda olmasa da, onun qurduğu sistem "saat kimi" işləməyə davam edir. "Qarabağ" camiəsi onu hər zaman dərin hörmət və minnətdarlıqla anır. Onun zəhməti, uzaqgörənliyi və kluba olan sonsuz sevgisi Azərbaycan futbol tarixində qalacaq.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm