İdman
BAKI 2015-ə doğru: 40 min avroluq qayıqlarda “gizlədilən” 15 dəst medal - FOTOLAR
Publika.az İlk Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıların təqdimatını davam etdirir. Bu dəfə bahalı idman növlərindən biri sayılan avarçəkmə haqqında məlumat verəcəyik. Avarçəkmənin yaranması və idmançılar haqqında oxucuları məlumatlandırmağa çalışacağıq.
Tacirlər və balıqçıların dəsti-xətti
Avarçəkmə idmançıların göl, çay və dənizdə kürəkli gəmilərlə rəqabətə girdiyi idman növüdür. Dünyanın ən çətin idman növlərindən biri olub, həddindən artıq dayanıqlılıq və qüvvət tələb edir. Avarçəkmə idmanı ilə məşğul olarkən bədənin bütün əzələləri çalışır.
İlk dəfə romalılar və Qədim Misirlilər tərəfindən istifadə olunan avarın yaranma tarixi e.ə. 25-ci əsrə gedib çıxır. İstifadə edildiyi ilk bölgələr isə Aralıq dənizi və Nil çayı ətraflarıdır. Misirlilər, vikinqlər sonra da çinlilər avarçəkmədən istifadə ediblər.
Avarçəkmə insanların dənizlərə açılmasıyla nəqliyyatın önəmli bir hissəsi halına gəldi. O dövrlərdən tacirlər, balina ovçuları və balıqçılar dolanışıqlarını təmin etmək üçün avarlardan istifadə edirdilər. Üçsıralı kürəkli gəmilər yalnız küləyə ümid olmamaq üçün yelkənli qalera gəmiləri ilə əvəzləndi.
1715-ci ildə İngiltərədə, avarçəkənlərin öz aralarında təşkil etdikləri "Doggetts Coat Badge" yarışı ilk avarçəkmə turniri idi. Həvəskar şəkildə isə bu yarış 1829-cu ildə İngiltərədə Oksford və Kembric universitetləri, 1851-ci ildə ABŞ-da Harvard ilə Yale Universitetləri arasında təşkil edildi.
1892-ci ildə Fransa, Belçika, İtaliya və İsveçrə tərəfindən Beynəlxalq Avarçəkmə Dərnəkləri Federasiyası (Federation International Des sociétés D'aviron) - "FİSA" yaradıldı. FİSA eyni zamanda yaradılmış ilk beynəlxalq idman federasiyası idi. Avarçəkmənin 1900-cü ildə keçirilən Paris Olimpiya Oyunlarına salınmasından sonra, olimpiya idman növünə çevrildi. Qadınların bu yarışlarda rəsmi iştirakı isə ilk dəfə 1976-cı ildə baş tutan Monreal Olimpiya Oyunlarında reallaşdı.
Kişilərdə ilk dünya çempionatı 1962-ci ildə, qadınlarda ilk dünya çempionatı 1974-cü ildə təşkil edildi. 14 gəmi sinfindən ibarət yeni olimpiada avarçəkmə proqramı ilk dəfə 1996-cı ildəki Atlanta Olimpiadalarında tətbiq olundu.
Mingəçevirdən başlayan inkişaf yolu
1959-cu ilin iyul-avqust aylarında Bakıdakı Dənizkənarı Bulvar ərazisində yerləşən "Neftçi” yaxt-klubunda gənclər avarçəkmə ilə məşğul olmağa başladılar. Həmin il respublikamızın akademik avarçəkənləri SSRİ xalqlarının II spartakiadasında çıxış etdilər. Yarışda Azərbaycanı avarçəkmənin 13 növündən 5-də 12 idmançı təmsil edib. Onların arasında Yevgeni Əmir-Şah, Tamerlan Kusov, Gedalio Sadıxoğlu, Vladislav Şvetsov kimi avarçəkənlər də olub.
1964-cü ildə Mingəçevir şəhərində "Kür” avarçəkmə hazırlığı üzrə Olimpiya mərkəzinin istifadəyə verilməsi Azərbaycanda avarçəkmənin inkişafına böyük təkan verdi. Bu bazanın tikintisində Mingəçevir şəhər idman komitəsinin sabiq sədri, mərhum Pərviz Həsənovun xüsusi xidmətləri oldu. Məhz onun təşəbbüsü ilə Mingəçevirdə Kür çayı sahilində ümumittifaq əhəmiyyətli idman qurğusu inşa olundu. Keçmiş SSRİ-nin akademik avarçəkmə üzrə yığma komandası məhz bu bazada hazırlıq keçirdi. Avarçəkənlərin yüksək hazırlıq səviyyəsinin nəticəsidir ki, Avropa, dünya çempionatları və Yay Olimpiya Oyunlarında SSRİ yığması uğurlu nailiyyətlərə imza atıb. Bu komandanın tərkibində Azərbaycan avarçəkənləri də olub.
Federasiyanın keçdiyi yol və uğurlar
1970-ci ildən etibarən "Mingəçevir reqatası” ümumittifaq statusu aldı. Ancaq bu turnirə təkcə keçmiş SSRİ-nin avarçəkənləri qatılmadılar. Müxtəlif illərdə Bolqarıstan, Çexoslovakiya, hətta Kuba təmsilçiləri də "Mingəçevir reqatası”nda qüvvələrini sınayıblar. Yarışda müxtəlif respublikaların iştirakı idmançılarımızın hazırlıq səviyyələrinə də müsbət təsir göstərdi. Avarçəkənlərimiz sonrakı 20 il ərzində də yüksək nailiyyətlər göstərdilər.
1992-ci ildən 2006-cı ilədək isə avarçəkənlərimizin beynəlxalq idman strukturundakı nailiyyəti heç bir cəhdlə alınmadı. Etiraf etmək lazımdır ki, burada obyektiv səbəblər var idi.
Bu vaxtda adıçəkilən idman növünün geriləməsinə səbəb Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədardır. Belə ki, doğma yurd-yuvalarından didərgin düşən vətəndaşlarımızın avarçəkmə bazasında məskunlaşmasından sonra bu növdə xeyli geriləmə baş verdi.
2004-cü ildə prezident İlham Əliyev Mingəçevirə səfəri zamanı bazaya da baş çəkərək, onun müasir tələblərə uyğun yenidən qurulmasına göstəriş verdi. Bundan sonra Azərbaycan Milli Avarçəkmə Federasiyası da təsis olundu və ölkəmizdə avarçəkmə növləri dirçəliş dövrünə qədəm qoydu.
2006-cı il dekabrın 9-dan etibarən Azərbaycan Milli Avarçəkmə Federasiyasının əsası qoyuldu. Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) və Beynəlxalq Kanoe Federasiyasına (İCF) üzv qəbul olunan AMAF müxtəlif beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında lisenziya xarakterli turnirlərdə təmsil olundu. Mingəçevir avarçəkmə bazası ilə yanaşı, Bakıdakı Hərbi Dəniz Qüvvələrinə məxsus idman klubunda da yeni qurğu salındı.
Qeyd edək ki, avarçəkmə idmanın ən bahalı növlərindəndir. Məlumata görə, AMAF-dakı bir qayığın qiyməti 40 min avrodur və onun saxlanılması üçün xüsusi hovuzlar lazımdır. İdmançıları motorlu qayıqla məşqçi müşayiət etməlidir – bu zaman yanacaq da lazımdır.
Federasiyada qısa müddətdə böyük uğurlar əldə edildi. Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmə, gənclər və böyüklərdən ibarət yığma komandalarımız formalaşdırıldı. Onlar müntəzəm olaraq, ölkə daxilində və xaricdə keçirilən təlim-məşq toplantılarında iştirak etdilər. Mingəçevir şəhərində də iki beynəlxalq turnir - "Prezident kuboku" və "Mingəçevir reqatası" keçirilməyə başlandı.
Azərbaycan Milli Avarçəkmə Federasiyasınin Prezidenti Elçin Zeynalovdur. Natiq Abbasov vitse-prezident, Sərdar Mirzoev baş katib, Leyla Əliyeva isə texniki direktor vəzifəsini icra edir.
Bu idmanın iki növü var - akademik avarçəkmə, kanoe və kayak.
Akademik avarçəkmə yığmamızı almanıyalı baş məşqçi Rudiger Hauffe çalışdırır. Kanoe və kayak üzrə baş məşqçi isə ukraynalı Aleksandr Kolıbelnikovdur.
Onu da qeyd edək ki, qurumun prezidenti Elçin Zeynalov 2012-ci il noyabrın 5-də Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Məşhur idmançılarımız
Cavid Əfəndiyev, Aleksandr Jdanov, Toğrul Qurbanzadə, Teymur Kutseba, Aleksandr Qlotov, Kamal Məmmədov kimi gənc və perspektivli akademik avarçəkənlərimiz, dünya və Avropa çempionatında medallar qazanan Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko kimi kanoeçilərimiz var.
Avropalılar “İşıqlar şəhəri”nə toplaşacaq
İlk Avropa Oyunlarına hazırlaşan idmançılar sırasında avarçəkənlərimiz də var. Avarçəkənlərimiz kayak və kanoedə özlərini sınayacaqlar. Bakı 2015 Avropa Oyunlarında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yarışlar Mingəçevirdə keçiriləcək. Azərbaycanın dördüncü böyük şəhəri sayılan Mingəçevir su anbarı ilə məşhurdur və “İşıqlar şəhəri” kimi tanınır.
Yarışlar 14-16 iyun tarixlərində keçiriləcək və 350 idmançı 15 dəst medal uğrunda mübarizə aparacaq. Ümumilikdə, 12 kayak (kişilər və qadınlar arasında) və 3 kanoe (yalnız kişilər arasında) qayıqlarında avarçəkmə yarışı baş tutacaq. Olimpiya yarışlarında kayak və kanoe qayıqlarında avarçəkmə yarışları kişilər arasında 200 və 1000 metr, qadınlar arasında isə 200 və 500 metr məsafələrə keçirilir. Mingəçevirdə yerləşən bu yarış sahəsinin uzunluğu 1000 metrdir, dərinliyi isə 10 metrdən çoxdur. Beynəlxalq Avarçəkmə Federasiyasının kayak və kanoe qayıqlarında avarçəkmə ilə əlaqədar yarış qaydalarına əsasən, bu idman növü üzrə müsabiqələr 9 yarış zolağından ibarət 200, 500, 1000 və 5 min metr məsafələrə keçirilir. “Kür” İdman və Avarçəkmə Mərkəzinin tamaşaçı tutumu yarış günlərində 1300 nəfər olacaq.
Əvvəlki yazıların linkləri: http://publika.az/p/59719, http://publika.az/p/60589, http://publika.az/p/62190, http://publika.az/p/63152, http://publika.az/p/64759
-
İdman09:44
Berdıyev "Turan Tovuz"u tərk etdi: Rəhbərliklə arasında nə baş verib?
-
Nida Xəbər 09:07
Rusiya səfirindən sülh müqaviləsi ilə bağlı vacib açıqlama: Moskva istəyir ki...
-
İdman06:46
Babasının kəlləsini stadiona gətirdi - VİDEO
-
MDB06:16
Alkoqolun məhv etdiyi ƏN GÖZƏL 5 RUS QADINI - FOTO
-
Magazin205:15
Əfsanə geri dönür - FOTO
-
İdman01:41
Ronaldo ödənilməmiş hesaba görə MƏHKƏMƏLİK OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik macəra da ola bilər
-
Hadisə24 Noyabr 23:36
Faciəvi şəkildə ölən Süleymanın FOTOSU