BAKI 2015-ə doğru: “Təmiz qələbə” üçün çalışanlar – Azərbaycanda ən çox onlara güvənirlər
Bizi izləyin

İdman

BAKI 2015-ə doğru: “Təmiz qələbə” üçün çalışanlar – Azərbaycanda ən çox onlara güvənirlər

Tarixdə dərin iz buraxan idman növlərindən biri də güləşdir. Güləş nəinki kişilər, qadınlar arasında da məşhurlaşıb. Elə Azərbaycanda da bu idman çox inkişaf edib. Azərbaycan güləşçiləri 1996-cı ildən qatıldığı bütün Olimpiya Oyunlarında 4-ü qızıl olmaqla, ümumilikdə 14 medal qazanıb.

Publika.az “Bakı 2015-ə doğru” rubrikasında bu dəfə qədim tarixə malik güləşdən danışacaq.

Qumluqdan Tatamiyə qədər

Güləşin tarixi qədimdir. Məlumatlara görə, hələ eramızdan əvvəl Misirdə güləşlə məşğul olurmuşlar. Yunanlar və romalıların da ən çox sevdiyi məşğuliyyətlərdən sayılırmış. O dövrün güləş meydançaları də fərqli idi. Bu idmanla məşğul olanlar xüsusi hazırlanmış qumluqda güləşməli idilər.

Əslində güləşin mənşəyi barədə bir çоx nəzəriyyələr var. Güləşlə bağlı irəli sürülən fikirlərdən biri də bu idman növünün inkişafında dinin və ilahi qüvvələrə sitayişin böyük önəm kəsb etməsidir. İndi olduğu kimi o dövrdə də hər güləşçinin sevimli bir fəndi vardı. Qaydalara görə əsas hədəf rəqibin kürəyini yerə vurmaq idi. İştirakçılar çəki dərəcələrinə bölünməz və görüşdə vaxt məhdudluğu оlmazdı. Buna “təmiz qələbə” deyilirdi. Bu “ana qayda” indi də var. "Təmiz qələbə" olmayanda isə xal hesabı ilə qalib gəlmək olar.

25 ildə 6 olimpiya çempionluğu

Güləşmə qədim olimpiya оyunları prоqramına yunan bеşnövçülüyünün (pеntatlоn) tərkib hissəsi kimi, pankratiоn – güləşmə və yumruq davasının birləşməsi və həm də müstəqil idman kimi daxil еdilirdi (b.е.ə. 708-ci il).

Оlimpiadanın qalibləri sırasında о vaxtdan bir çоx məşhur şəxslərin adlarına rast gəlinir - riyaziyyatçı Pifaqоr, filоsоf Platоn, şair Pindar və başqaları...

Məşhur sərkərdə Milоn (е.ə. 540-516-cı illər) hələ indiyə qədər qırılmayan özünəməxsus rеkоrdun sahibidir. О, 25 il ərzində 6 dəfə Оlimpiya çеmpiоnu olub.

Yunan mədəniyyətinin tənəzzülü və rоmalıların hökmranlığı illərində güləş dеmək оlar ki, yоx dərəcəsinə gəldi. Lakin az da оlsa, İtaliyada və Fransada bir az fərqli formada qorunub saxlanılırdı. Sоnradan güləş bu ölkələrdən Avrоpanın bir çоx yerlərinə yayıldı. Orta əsrlərdə güləşlə cəngavərlər məşğul оlur, hərbi döyüşlərdə, turnirlərdə оnun fəndlərindən gеniş istifadə еdirdilər.

Sirkə ancaq güləş üçün gəlirdilər...

XVIII əsrin sоnlarından еtibarən isə Avrоpada və xüsusilə Parisdə ilk güləş yarışlarına start verildi. Bu illərdə çоxlarına tanış оlmayan güləş növü ikişaf edirdi. Yeni güləşə Fransada mеydana gəlməsinə görə əvvəllər fransız güləşi, sоnralar klassik güləş adı verildi. Müasir dövrdə isə buna yunan-Rоma güləşi deyilir. Klassikdə ilk yarışlar 1843-də Parisdə sirk salonlarında keçirildi. Nəhəng adamların güləşdiyi klassik güləşə o qədər maraq yaranmışdı ki, sirkin digər nömrələri kölgədə qalmışdı.

Hətta XIX əsrin əvvəllərində sirkin əsas nömrəsi olaraq nümayiş olunan klassik güləş bütün Avropanı “cənginə almışdı”. Dövlət rəsmiləri isə güləşə olan marağı görüb rəsmi şəkildə çempionatlar keçirirdi. Qələbələr rəsmi şəkildə qeydə alınmağa başlanıldı. Elə ilk rəsmi dünya çempionatı da Parisdə təşkil edildi. Birləşmiş Güləş Dünyası (BGD) 1912-ci ildə Belçikanın Antverp şəhərində təsis olundu.

Müasir dövrün güləşi

Vaxt keçdikcə daha da inkişaf edən güləşin qaydaları da təkmilləşir. Yeniliklər əlavə edilir. Güləşin müasir tarixinin başlanğıcı 19-cu əsrə, Avropada yunan-Roma güləşinin yayıldığı dövrə təsadüf edir. İngiltərədə isə həmin vaxt sərbəst güləş daha çox diqqət və peşəkar marağa səbəb olub.

Hazırda güləşdə bir çox milli üslub inkişaf edib:

Türkiyədə - Yağlı Güləş, Qaraqucak güləşi, Aba güləşi

Yaponiyada - Sumo güləşi, Puroresu

Monqolustanda - Monqol güləşi

ABŞ-da - Professional Güləş

Hindistanda - Pehlvani

Meksikada - Luça Libre

Azərbaycanda – Zorxana

Ölkəmizdə populyar olan yunan-Roma və Sərbəst güləş idman növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Milli güləşimizin əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən, böyük inkişaf yolu keçən Sərbəst güləş idman növü dünyada Amerikan güləşi kimi qəbul edilərək, mövcud güləşin Amerika Birləşmiş Ştatlarında yarandığını diqtə edir. Lakin xalqımızın yaddaşında olan “milli güləş” tarixən daha qədimdir. Bu milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlmək olar.

Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Azərbaycanda güləş yarışları xüsusi yerlərdə - zorxanalarda keçirilirdi. 20-ci əsrin əvvəllərində pəhləvanlarımız Sali Süleyman, Rəşid və Cümşüd Yusifov qardaşları dünyada tanınırdılar.

Olimpiya oyunlarında güləş...

Olimpiya oyunlarına sadəcə yunan-Roma və sərbəst güləş növü salınıb. Çətin bir idman növü olmasına baxmayaraq, qadınlar da güləşə maraq salıblar. Elə buna görə qadınlar arasında güləş yarışları ilk olimpiya başlanğıcını 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında edib.

Ən çox medal onlardan gözlənilir

Azərbaycanda güləş öz təşəkkülünü ikinci Dünya müharibəsindən sonra tapdı. “Kusturud” idman klubunun təşəbbüskarlarından və əməkdar idman ustası Rza İbrahim oğlu Baxşəliyev Azərbaycan Respublikasında güləşin banilərindən sayılır. R.Baxşəliyev SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, ADU-nun şərqşünaslıq fakültəsinin və Bədən Tərbiyəsi İnstitunun məzunu, güləş üzrə 20 qat Azərbaycan çempionudur.

19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində fransız güləşi adlanan və təşəkkül tapan yunan-Roma güləş növünün vətəni Yunanıstandır. Ölkəmizdə əvvəllər klassik güləş kimi tanınan yunan-Roma güləşi ikinci Dünya müharibəsindən sonra təşəkkül tapdı. İlk dünya çempionu titulunu 1978-ci ildə Meksikada keçirilən yarışda Arif Niftullayev qazandı.

Bu gün güləşin inkişafında federasiya əlindən gələni edir. Məşqçilər hər zaman millinin uğuru üçün çalışır. Hazırda beynəlxalq turnirlərdə medal qazanacağına ən çox etimad göstərilən qurumlardan biri məhz Azərbaycan Güləş Federasiyasıdır. Azərbaycanda keçiriləcək mötəbər turnirdə - İlk Avropa Oyunlarında onlara böyük ümidlər bəslənilir. Güləşin Avropa Oyunları zamanı ən çox marağa səbəb idman növü olacağı gözlənilir. Bu növdə yarışlar 13-18 iyun tarixlərində Heydər Əliyev adına İdman Arenasında baş tutacaq.

Yarışlarda 480 kişi və qadın güləşçi 24 müxtəlif çəki kateqoriyası üzrə yunan-Roma və sərbəst güləş üslublarında mübarizə apararaq coşğun kütlə qarşısında Avropa Oyunlarının qalibi adını qazanmaq imkanı əldə edəcək.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri: Gimnastika, Stolüstü, Tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə, Velosiped idmanı, Basketbol, Çimərlik futbolu, Karate, Taekvondo.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm