Bakı 2015: Bahalı ovçuluq – aristokratların “oyunu”
Bizi izləyin

İdman

Bakı 2015: Bahalı ovçuluq – aristokratların “oyunu”

Avropalılar arasında ən məşhur idman növlərindən biri də kamandan oxatmadır. Kamandan oxatma daha çox aristokrat idmanı hesab edilir.

Bu idman növündəki əsas məqsəd hədəfə doğru düzgün nişan almaqdır. Təbii ki, burada bir qədər güc də önəm kəsb edir. Çünki həmin kamanları çəkməyə güclü bilək lazımdır. Oxatanlar oxu hədəfə 70 metr məsafədən atırlar və hədəflərin diametri cəmi 122 santimetrdir. Bacarıq və təmkinin də mühüm rol oynadığı kamandan oxatma oyunları ölkəmizdə səbirsizliklə gözlənilən I Avropa Oyunlarına da salınıb.

Məhz buna görə, Publika.az İlk Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıları kamandan oxatma ilə davam etdirir.

Ovçuluqdan peşəkar idmana

Oxatma özü qədim tarixə malikdir. Qədim dövrdə oxatma ovçuluq və döyüşdə tətbiq olunurdu. Vaxt keçdikcə oxatmanın əsası ovçuluqdan götürülərək bir idman növünə çevrildi. Bu idmanda məqsəd oxu kaman vasitəsi ilə hədəfə atmaqdır.

1931-ci ildə Lvov şəhərində Beynəlxalq Oxçuluq Federasiyasının əsası qoyuldu. Bu quruma hazırda 156 ölkə üzvdür.

Bu idman növünə maraq o qədər böyük idi ki, Olimpiya Oyunları tarixinin ilk illərində - 1900-cü ildə Parisdə və 1920-ci ildə Antverpendə bir neçə dəfə oxatmaya proqramda yer ayırdı. Sonra bu idman növü 1972-ci il Münhen Olimpiya Oyunlarında yenidən təqdim olundu. Bundan sonra bu idman növünə olimpiadada daim xüsusi yer ayrılır.

90-cı illərdə unuduldu, 2007-ci ildə əsaslı dönüş oldu

Bəziləri düşünür ki, kamandan oxatma Azərbaycan üçün yeni bir idman növüdür. Amma bu, heç də belə deyil. Dünyada qədim idman növlərindən biri kimi tanınan oxatmanın ölkəmiz üçün də tarixi böyükdür. Bu idman növü Azərbaycanda 1969-cu ildən inkişaf etməyə başlayıb.

Hələ o dövrdə oxatanlarımız SSRİ birinciliklərində və çempionatlarında iştirak edib. Təbii ki, nəticə verənlər də olub. Bunun nəticəsində Azərbaycanda bir çox idmançı və beynəlxalq idman ustası hazırlanıb, SSRİ yığmasına cəlb ediliblər.

90-cı illərdə müəyyən problemlər üzündən oxatma inkişafdan qaldı və unuduldu. Uzun müddətdən sonra federasiyanın yenidən yaradılmasına qərar verildi. 2007-ci ildən etibarən vəziyyət əsaslı şəkildə dəyişdi. Federasiyadan bildirilir ki, bu idmanla məşğul ola bilmək üçün ən azı 3000 avro olmalı idi. Bu pul oxatmada istifadə olunacaq idman ləvazimatlarını almaq üçün xərclənir. Bahalı idman növü çoxları üçün əl çatan oldu desək, yerinə düşər. Çünki bu federasiyada istənilən şəxs oxatma ilə məşğul ola bilər. 30 yaşına qədər olanların oxatmayla məşğul olmaları üçün lazım olan xərci federasiya ödəyir, ləvazimatları öz hesabına alır.

Bu idman növünün inkişafı üçün idman qurğuları, idman zalları tikildi. Hövsan Olimpiya İdman Kompleksinin bazasında yaradılan şərait də buna misaldır. İdmançıların hazırlanması üçün təbii ki, yaxşı şəraitə ehtiyac var.

2008-ci ildə iş adamı Şahin Mövsümov Azərbaycan Respublikası Milli Kamandan Oxatma Federasiyasının prezidenti seçildi. Bundan sonra onun rəhbəri olduğu şirkət də bu federasiya üçün maliyyə yardımı göstərməyə başladı. Andrey Botrakov baş katib, indiyədək federasiya prezidenti səlahiyyətlərini icra edən Namiq Hüseynov isə vitse-prezident təyin edildi. Azərbaycan yığmasının baş məşqçisi isə Sergey Qospodinovdur.

Azərbaycanda 2013-cü ildən idmanın bu növü üzrə beynəlxalq turnirlər keçirilir. Azərbaycan Kamandan Oxatma Federasiyasının Kuboku uğrunda açıq turnir də onlardan biri idi. Sanballı mükafat fondu olan turnirə Rusiya, İsrail, Türkiyə, Gürcüstan və Azərbaycandan 60 idmançı qatılır.

Bir az gec olsa da, bu idman növü ölkəmizdə artıq məşhurlaşıb. Hətta beynəlxalq turnirlərdə medallar qazananlarımız da az deyil. Buna misal olaraq 2013-cü ildə İndoneziyada keçirilən İslam Həmrəyliyi Oyunlarını göstərmək olar. Bu turnirdə Azərbaycan ikinci yerə çıxıb.

Qadınlardan ibarət komandamız da zərif olsalar da zəif olmadıqlarını göstəriblər. Bir çox turnirlərdən mükafatlarla, uğurla qayıdıblar. Hazırda qadınlardan ibarət yığmamızın ən aparıcı üzvlərindən biri Suğra Müqabilzadədir. Ona I Avropa Oyunlarında böyük ümid bəslənilir. O, həm də İlk Avropa Oyunlarının 11 idman elçisindən biridir.

İndi Avropa Oyunlarında

Olimpiya Oyunları tarixinin ilk illərində proqrama salınan kamandan oxatma indi də I Avropa Oyunlarındadır. Qeyd etmək yerinə düşər ki, bu mötəbər yarış kamandan oxatmaya da böyük maraq yaradıb.

“Bakı 2015”-də Avropanın ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər. Yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Avropa Oyunlarının formatı 64 kişi və 64 qadına rekursiv kaman kateqoriyası üzrə fərdi və komanda yarışlarında və eləcə də qarışıq komanda yarışlarında iştirak etmək imkanı verəcək. Ümumilikdə beş medal yarışı olacaq.

Beş dəst medalın 2 dəsti kişilər və qadınlar arasında şəxsi birincilikdə, 2 dəsti kişilərdən və qadınlardan ibarət komandaların yarışında, 1 dəsti qarışıq komanda yarışlarında oynanılacaq. Komandanın tərkibinə 3 kişi və 3 qadın oxatan daxil olacaq.

İlk Avropa Oyunları oxatma üzrə yarışan idmançılara Rio-2016 Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanları yaradır. Millimizdən bu mötəbər turnirdə hansı idmançıların iştirak edəcəyi hələ dəqiqləşməsə də, bir çox idmançılarımız namizəd göstərilib. Öyrəndiyimiz bir məlumata görə, hazırda 6 qadın və 5 kişi idmançı yığma komandaya namizəddir”.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri: Gimnastika, Stolüstü, Tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə, Velosiped idmanı, Basketbol, Çimərlik futbolu, Karate, Taekvondo, Güləş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm