Lətifə qəhrəmanları
Bizi izləyin

Köşə

Lətifə qəhrəmanları

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Əvvəl lətifələri gülmək üçün oxuyurdum, sonra düşünməyə başladım və gördüm ki, bu gülməcənin, türkün məsəli, ucundan tutsan, çox ciddi mətləblərə gedib çıxa bilərsən. Hərdən gülüş xətrinə deyilmiş bir lətifə cəmiyyətin əhval-ruhiyyəsini, əxlaqını elə ifadə edir, əlavə nəsə deməyə ehtiyac qalmır.

Azərbaycanı tanımaq üçün bəzən bircə lətifə kifayət edir. Sizə danışmaq istədiyim lətifənin isə ucundan tutub ucuzluğa - vətənimizin hansısa universitetinə, orta məktəbinə, hansısa dövlət idarəsinə, hansısa rayonuna, kəndinə getmək mümkündür...

Təyyarədə oğlan bir qıza yaxınlaşır, guya tanışlıq qurmaq istəyir.

- Deyirlər, yol gedə-gedə söhbət edilərsə, səyahət çox qısa olur. Bəlkə söhbət eləyək?

Qız oxuduğu kitabı bağlayıb üzünü oğlana tutur:

- Nə haqqında danışmaq istərdin?

Oğlan:

- Nə bilim, bəlkə atom nüvəsi haqqında?

Qız:

- Maraqlı bir mövzudur. Danışaq. Amma əvvəlcə sənə bir sualım olacaq.

Oğlan həmin dəqiqə:

- Buyurun.

Qız:

- At, inək və maral eyni şeyi yeyirlər. Yəni, ot. Amma həmin otu maral kiçik parçalar halında, inək lopa-lopa, at isə kiçik toplarla ixrac edir. Səncə, niyə?

Oğlan:

- Nə deyim, vallah. Bilmirəm, heç bir fikrim yoxdur.

Qız cavab verir:

- Maraqlıdır, mal təzəyi haqqında anlayışın olmadığı halda atom nüvəsindən nə danışacaqdın?

Bu gün siyasətimizdə, ədəbiyyatımızda və başqa sahələrdə nə qədər adamlar var, təyyarədə qızla ünsiyyət qurmaq istəyən oğlanın mənəvi tayıdır. Yəni heç bir “təzək”dən başı çıxmır, amma harda aş var, orda başdır. Nədən desən danışır. Hansı daşın altın qaldırsan, ordan çıxır. Ard-arda uğurlar qazanır, yaşayır, kef edir, gününü görür, dövranını sürür...

Halbuki, orta məktəbi rüşvətlə, ali məktəbi tapşırıqla oxuya-oxuya gəlib təpəmizə çıxıb. Təsəvvür edin, adam baxçanı da rüşvətlə qurtarıb. Orta məktəbi də rüşvətlə bitirir, amma yenə doymur. Universitetə gəlir, burda da özünə yer eləyir... Belə-belə, belə-belə, bir də gördün böyük bir vəzifə sahibi oldu. Biz də altdan yuxarı onun ağzına, əlinə baxırıq. Başqa yol da yoxdur, neyləyəsən? Lətifə qəhrəmanları ilə bir yerdə yaşamağa məcburuq. Yaşamaq nədir, hətta onlara hörmət eləməyə də borcluyuq...

Quranı oxumayanlar əlinə balta alıb dinin keşiyini çəkir, Nazim Hikməti düz-əməlli bilməyənlər universitetdə şeirdən dərs deyir. Tolstoyun “Anna Karena”sını səhv başa düşən müəllim universitet aditoriyasında dərs deyir, Çingiz Abdullayev əsl yazıçıdır, Nəriman Həsənzadə isə Azərbaycan xalqının vicdanıdır. Ömründə Anarın bir əsərini səbrlə oxuyub başa çatdırmayanlar onu xalqın mənəvi dəyəri adlandırır.

Azərbaycanda ən təmiz qurum Yazıçılar Birliyidir, ora da lətifə qəhrəmanları ilə doludur. Adamlara, daha doğrusu, şairlərə baxırsan, görürsən ki, daxilən nə qədər məzmunsız olduğu çöhrəsinə çöküb. İnanın, şeirini oxumaq lazım deyil, eləcə üzünə baxan kimi hər şey aydın olur. Amma kişinin hörməti hörmət, izzəti izzət, pulu, maşını, evi-eşiyi, arvad-uşağı, kefi kök, damağı da çax! Şeirin hesabına hər şeyi qazanıb. Hələ vaxt tapıb kitabını da çıxardır, özünə təqdimat da eləyir. Beş vedrə araq içir, sərxoş da olmur. Dünyanın kefini sürür. Gündə İngiltərədə, Almaniyada, Fransada gəzib-dolaşır. Bəs bu adam bu qədər uğuru necə qazanır? Çünki heç bir şeydən başı çıxmır. Azərbaycanda bəzi sahələrdə irəli getmək üçün ən əsas şərt heç bir şeydən başı çıxmamaqdır.

Təkcə Yazıçılar Birliyi yox, Milli Elmlər Akademiyası da lətifə qəhrəmanları ilə doludur. Mən inanıram ki, yazdığı dissertasiyadan birxəbər alimlərin arvad-uşaqları, nəvə-nəticələri də atalarının, babalaranın şərəfli yolunu davam etdirəcək və babalarından da xoşbəxt, babalarından da qat-qat rahat yaşayacaqlar. Bilirsinizmi niyə? Çünki kitabsız cəmiyyət heç bir şeydən başı çıxmayan adamları həmişə qoruyur, kürəyinin arxasında dağ kimi dayanır. Çünki cəmiyyət özü onlara stimul verir ki, at təzəyi ilə inək təzəyi arasındakı fərqdən başları çıxmasın, nadanlıqlarını daha böyük həvəslə, daha böyük ruh yüksəkliyi ilə davam etdirsinlər. Heyvan təzəyindən başları çıxmayan insanların yetişməsi, formalaşması üçün Azərbaycanda böyük bir potensial, mənəvi təkan var. Və görəcəksiniz, heç bir təzəkdən başı çıxmayan adamlar mənə deyəcəklər ki, yazında “təzək” sözünü yaman çox işlətmisən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm