Köşə
Əliyevdən QAMBİT GEDİŞİ, yaxud Düşənbədə gözlənilməz razılaşmanın şifrələri
Asif Nərimanlı
Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı
nəticəsiz da olsa illərlə aparılan danışıqları alt-üst edən
açıqlamalarından sonra müharibə qıfılının açıldığı bir vaxtda
Düşənbədə qəribə və gözlənilməz razılıq əldə olundu. MDB dövlət
başçılarının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham
Əliyevlə erməni baş nazir Nikol Paşinyan ayaqüstü söhbət etdi və
rəsmi məlumatdan bəlli oldu ki, “tərəflər atəşkəs rejiminin
qorunması və müvafiq strukturlar arasında operativ əlaqə qurulması
üçün mexanizmlərin yaradılması” üzərində razılıq əldə ediblər.
“Tərəflər arasında operativ əlaqənin qurulması”
Dağlıq Qarabağ münaqişəsində nadir razılaşmalardan hesab oluna
bilər. Belə bir əlaqə I Qarabağ münaqişəsi dövründə olub, lakin
sonradan tərəflər yalnız üçüncü vasitəçilərin köməyi ilə bir araya
gəldi. Keçmiş prezident Serj Sarkisyan 2016-cı ildə tərəflər
arasında “Qaynar xətt”in yaradılması təklifi ilə çıxış etmişdi,
Bakı buna səssiz qaldı, çünki işğalçı ölkənin hədəfi mövcud
status-kvonu qorumağa hesablanmış “atəşkəsə nəzarət mexanizminin”
dirildilməsi idi. (Oxu: Sarkisyanın “Amerika planı” və Bakıya zəng etmək
oyunu).
İndi Bakı və İrəvan arasında “operativ əlaqənin yaradılması”
razılaşması Azərbaycanın maraqlarına uyğun görünür. Çünki:
a) “Operativ əlaqə” ABŞ planı olan “atəşkəsə
nəzarət mexanizmi” demək deyil, ikincidən fərqli olaraq birincidə
üçüncü vasitəçi iştirak etmir.
b) Bu, Qarabağı danışıqlara daxil etmək istəyən və
“Mən Ermənistanın baş naziri olaraq Qarabağın adından danışa
bilmirəm” iddialarını sərgiləyən Paşinyana öz əli ilə münaqişənin
əsil tərəfi olduğunu qəbul etdirməkdir.
c) Bu razılaşma Paşinyanın danışıqlarda iştirakına
açılmış yeni qapıdır və onun bundan sonra danışıqlar masasında
Qarabağı tərəf kimi təqdim etmək cəhdlərinin qarşısını alır.
Hərçənd, buna cəhd etməsi yenidən özünü təkzib etmək və gülünc
vəziyyətə düşmək deməkdir. Belə demək mümkünsə, Əliyev Paşinyanı öz
əli ilə vurdu.
Burada kiçik də olsa başqa bir ehtimal da
boylanır: Bakı cəbhədə sakitliyin bərpası ilə Paşinyanın
Qarabağ ritorikasından daxili seçkilərdə istifadəsinin qarşısını
alır. Məqsəd erməni xalqının diqqətini cəbhədən çəkərək, daxili
problemlərə baxmasını təmin etmək və bu problemlərdən yeganə çıxış
yolunun ərazilərin qaytarılması şərti ilə Azərbaycan və Türkiyə ilə
kommunikasiya əlaqələrinin yaradılması olduğunu anlamasına şərait
yaratmaq ola bilər. Hərçənd, bu prosesin dibində qalan
nüanslardandır. Lakin o da mümkündür ki, tərəflər üçüncü vasitəçi
üzərindən, yaxud birbaşa təmasla (XİN rəhbərlərinin Nyu-Yorkda
təkbətək görüşündə ola bilər) ilkin razılığı hazırlayıblar və
Paşinyan münaqişənin həllinə razılıq əvəzinə Azərbaycandan
diqqətini daxili proseslərə yönəltmək və rəqiblərini
neytrallaşdıraraq, hakimiyyətini möhkəmləndirmək üçün zaman
istəyib. Əvəzində masaya daha konstruktiv formada gələcəyi sözünü
verib. Çünki Qarabağda başlaya biləcək hərbi eskalasiya və erməni
hərbi birləşmələrinin Azərbaycan Ordusunun qarşısında istənilən
məğlubiyyəti – kiçik, yaxud böyük olmasının fərqi yoxdur –
avtomatik olaraq Paşinyanın siyasi Olimpdən üzüaşağı yuvarlanması
deməkdir. Lakin o da məlumdur ki, cəbhədə sabitlik Paşinyanı
erməniləri öz ətrafında birləşdirmək üçün klişə olan “xarici
düşmən” obrazı yaratmaq imkanından məhrum edir, hansı ki, seçkilər
öncəsi bu amil onun dadına çatardı. Mümkündür ki, o, hərbi
ritorikaya söykənmiş bəyanatlarda gedə biləcəyi yerə qədər getdi və
bunun istənilən effekt vermədiyini anladı. Digər tərəfdən, hərbi
ritorika real müstəviyə keçəcəyi təqdirdə məğlubiyyət riskinin daha
böyük olacağını anlayır.
Ortada olduqca mürəkkəb görünən mənzərə yaranıb, lakin nəticə
etibarilə, münaqişənin tarixində nadir hadisə hesab olunacaq
razılaşma əldə olundu. Bunun praktikada həyata keçiriləcəyi, yaxud
nə vaxta qədər davam edəcəyi ayrı məsələdir. Burada əsas sual
belədir:
- İlham Əliyev Paşinyanla niyə razılaşdı?
Ermənistanda hakimiyyət dəyişikliyi, ardınca Moskva-İrəvan xəttində
ciddi çatların yaranması, Paşinyan hökumətinin şərti olaraq
Azərbaycana müharibə elan etməsi, Rusiya və Türkiyənin əsrlər sonra
ən unikal münasibətlər qurması və bütün bu proseslərdə Azərbaycanın
mərkəzdə dayanması Bakıya əraziləri azad etmək üçün ordunu hərəkətə
keçirə biləcək şanslar yaradıb. Havada uçuşan hərbi ritorika da
bütün yolların müharibəyə getdiyini göstərirdi. Lakin qəfil
Azərbaycan lideri ilə erməni baş nazir ayaqüstü söhbətdə atmosferi
tamamilə dəyişdirəcək razılaşma əldə etdilər. Bu situasiya səhnə
arxasında ciddi siyasi proseslərin getdiyindən xəbər verir.
Və şübhəsiz ki, Düşənbədə tərəflərin əldə etdiyi razılıq heç də
spontan baş verməyib. Hər şey əvvəlcədən müzakirə edilib
razılaşdırılıb və liderlərin şifahi təsdiqi ilə reallaşıb. Amma
yenə də Bakının bütün şərtlər xeyrinə olduğu bir vaxtda İrəvanla
niyə razılaşması sualı açıq olaraq qalır.
Burada bir-birini təkzib edən iki fərqli versiya var:
BİRİNCİ VERSİYA – Rusların
istəyi: səhnə arxasında Rusiya tərəflər arasında
vasitəçilik edib və Düşənbə razılaşması məhz Putinin Əliyev və
Paşinyanla görüşü zamanı həll edilib. Əslində bu razılaşma ortaya
çıxanda ilk diqqət Rusiyaya yönəldi. Putin əvvəlcə Prezident İlham
Əliyevlə müzakirə apardı, ardınca Moskvada Paşinyanı qəbul edərək,
təklifi ona təqdim etdi, nəhayət, məhz MDB dövlət başçılarının
sammitində hər şey həll olundu.
- Rusiya qlobal platformada ABŞ-la qarşıdurma yaşadığı, Suriya
böhranının getdikcə daha da mürəkkəbləşdiyi vaxtda cənub
sərhədlərində hər hansı hərbi eskalasiyanı istəmir. Tərəflərlə
təkbətək görüşlərdə də danışıqların davamı üçün sakitliyin
bərpasını istəyib. Və tərəflər Düşənbədə hazırlanmış razılaşmanı
şifahi olaraq təsdiqləyiblər.
- Düşənbə razılaşması Rusiyaya sərhədlərinin dibində yeni
toqquşmanın qarşısının alınması ilə yanaşı, münaqişəni danışıqlar
masasına qədər uzatmaqla klassik “yeganə xilaskar” titulunu
qorumağa da imkan verir.
- Nəticə etibarilə, münaqişənin həllində Rusiya təşəbbüsü əlində
saxlayır.
Bu prosesin ilk görünən tərəfidir, hərçənd, şübhələrə səbəb olan
suallar belə bir versiyanı tərəzinin gözündə yüngülləşdirir:
1. Cəbhədə sabitlik Paşinyanın siyasi Olimpdə
yerini möhkəmləndirmək və rəqiblərini neytrallaşdırmaq imkanı
yaradır. Ruslar Amerika layihəsi olan Paşinyana hakimiyyətini
möhkəmləndirməyə niyə icazə versin?!
2. Tərəflər arasında “operativ əlaqə” üçüncü
tərəfi, xüsusilə Rusiyanı oyundan kənarlaşdıra bilər və bu Moskvaya
sərf edirmi?
Məhz bu məqamlar prosesdə başqa versiyaların ola biləcəyi
ehtimalını önə çıxarır.
İKİNCİ VERSİYA: İlham Əliyevin Qambit gedişi:
(Şahmatda tərəflərdən birinin oyunu inkişaf etdirmək, daha
səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban
verməsi).
Azərbaycan lideri gözlənilməz manevr edərək, getdikcə dalana
dirənən danışıqların düz yola çıxması üçün “nəfəslik açır”: ordunun
hərəkətini müvəqqəti təxirə salır və Moskvanın qarşısında
alternativ qoyur.
Mümkündür ki: Bakı Ermənistan-Rusiya
münasibətlərinin gərginləşməsindən istifadə edərək, münaqişəni
hərbi yolla həlli ssenarisini irəli çəkib; Bu məsələ Prezident
İlham Əliyevin Putinlə Soçi görüşündə müzakirə olunub; Putinin Bakı
səfəri prosesin startı üçün son vaxt ola bilərdi, lakin ruslar
gözləməyi tövsiyə ediblər, hansı ki, bu, münaqişənin həlli üçün
yaranan şəraitin xərclənməsi deməkdir; yəni Putin bizim
istədiyimizi vermir, yaxud əvəzində daha böyük istəklər irəli sürür
(bu, Azərbaycanın rus ittifaqlarına daxil olmasından tutmuş
ərazilərin qaytarılması zamanı ədalətsiz bölgüyə qədər bir çox şey
ola bilər); Və Bakı prosesin axarını dəyişdirmək üçün “Qambit
gedişi” edir;
a) Münaqişənin digər tərəfi Ermənistanla razılaşır
və Moskvaya məsələni onun iradəsindən kənarda da həll etməyin
mümkün olduğu mesajını verir;
b) Bakı indiyə qədər Rusiya-Avropa, Rusiya-ABŞ
arasındakı etdiyi “alternativ manevrini” indi daha da
lokallaşdırmaqla Moskva ilə “kəllə-kəlləyə” gələn Paşinyan
hakimiyyətini oyuna daxil edir.
c) Mümkündür ki, Bakı bununla sələflərindən
fərqlənən Paşinyanla münaqişənin həllinə nail olmaq ehtimalını da
dəyərləndirir.
Bu versiya üzərindən yola çıxsaq maraqlı detallardan biri də odur
ki, tərəflər razılaşmanı Düşənbə görüşünə qədər harada müzakirə
ediblər. Burada diqqət xarici işlər nazirlərinin Nyu-Yorkda
həmsədrlərlə birgə müzakirədən sonra təkbətək görüşünə yönəlir. Və
razılaşmanın Düşənbədə əldə olunması da ruslara göndərilmiş incə
mesaj ola bilər. Bu, bir ehtimaldır, lakin proseslərin bundan
sonrakı inkişafı hansı versiyanın daha real olduğunu görməyə imkan
verəcək.
Publika.az
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO