Köşə
ABŞ-ın Putinlə Ərdoğana qarşı yeni cəbhəsi
Asif Nərimanlı
Slavyanların “asi oğulları” qövmün “atalarına” qarşı...
Kerç boğazında Ukrayna-Rusiya toqquşması Yanukoviçin devrilməsindən
və Krımın ilhaqından sonra başlanan böhranın ən pik nöqtələrindən
biri hesab oluna bilər. Bu, həm də Rusiya və Ukrayna əsgərlərinin
üz-üzə gəldiyi nadir hadisələrdəndir. Çünki Donbas və Luqansk nə
qədər Rusiya planı olsa da, rus əsgərləri bölgədə ukraynalılara
qarşı döyüşsə də, bunun rəsmi sifəti yoxdur. Bu baxımdan, Azov
dənizini Qara dənizə birləşdirən Kerç boğazındakı toqquşma
Maydandan sonra slavyanların “asi oğulları” olan ukraynalıların
özünü qövmün “atası” hesab edən ruslarla bütün dünyada müharibə
ehtiraslarını oyadan açıq qarşıdurmalarından biri idi.
Bütün diqqətlər ilk olaraq Ukrayna və Rusiyaya yönəlsə də,
hadisənin müxtəlif tərəflərinin olduğu aydın görünür, xüsusilə Kerç
toqquşmasına qədər yaşananlar və baş verənlərin siyasi tərəfləri
fonunda bunun sadəcə slavyan oğullarının bölüşdürə bilmədikləri pay
uğrunda döyüşü olmadığı məlumdur.
Məlumdur: Rusiya və Ukrayna arasında hələ 2003-cü
ildə Azov dənizindən istifadə ilə bağlı müqavilə imzalanıb.
Müqaviləyə əsasən, hər iki ölkə Kerç boğazından azad şəkildə
istifadə edə bilər. Lakin Maydan hadisələri və Krımın ilhaqından
sonra Rusiya Kerç boğazında körpü inşa etdi və Ukrayna gəmilərinin
Qara dənizdən Azova girişini əngəllədi. Rusiya Ukrayna ilə
bağlanmış müqaviləyə əməl etməsə də, ondan imtina da etmir.
Hərçənd, bu, Ukrayna tərəfinin ürəyincə olardı. Ruslar anlayır ki,
bu müqavilə ləğv edilsə, Kerç boğazı beynəlxalq konvensiyalar
əsasında idarə olunacaq və bu həm rusların əl-qolunu bağlayacaq,
həm də Ukraynanın Qara dəniz və Azovda möhkəmlənməyi planlaşdıran
ABŞ/NATO üçün fürsət olacaq. Müqaviləyə əsasən iki ölkədən birinin
dəvətilə Azova üçüncü ölkə daxil ola bilər. Əslində baş verən
toqquşmanın arxasındakı əsas nüans da məhz üçüncü qüvvəyə gedib
çıxır.
Gözlə görünən versiyalar:
Ukrayna; hadisədə bütün diqqət Poroşenkonun seçki
hədəfinə dikilib. Kiyev hakimiyyəti bu hadisə ilə ən yaxşı halda 31
martda keçiriləcək prezident seçkilərini təxirə salır, ən pis halda
aşağı səviyyədə olan reytinqini qaldırmaq üçün seçicilərə “Putinlə
kəllə-kəlləyə gələn” prezident imicini yaradır. Poroşenkonun
hadisədən dərhal sonra 60 günlük müharibə vəziyyəti elan etməsi də
bunu təsdiqlədi, lakin üç sabiq prezidentin etirazından sonra
müddət 30 günə endirildi və fövqəladə vəziyyətin miqyası
kiçildildi. Bu, Poroşenkonun “ən yaxşı” planının – seçkinin təxirə
salınması – baş tutmadığını, “ən pis” planının qüvvədə olduğunu
göstərir.
Rusiya; qarşıdurma Rusiyaya sərf etmir, hərçənd,
bu hadisənin baş verməsində əsas körükləyici tərəf Ukrayna görünür,
bu baxımdan, rusların reaksiya verməsi normal qarşılana bilər.
Lakin böyük mənzərədə günahkar müqaviləyə əməl etməyən Rusiya
görünür. Qarşıdurmanın nəticəsində Rusiyaya qarşı sanksiyalar
gücləndirilə bilər, artıq ABŞ prezidenti Donald Tramp G-20
sammitində Putinlə görüşünün sual altında olduğunu bəyan etdi.
Lakin nəticə etibarilə hadisə Rusiya hakimiyyətinə də sərf
edir.
Müharibələr olmayanda insanların diqqəti sosial problemlərə
yönəlir və bu hakimiyyətlər üçün mənfi nəticələrə gətirib çıxara
bilər.
Kerç böhranının hər iki tərəf üçün bu tezis fonunda maraqlı
olduğunu hesab etmək olar.
Lakin məsələ bu qədər sadə deyil, xüsusilə açıq qalan suallar
diqqət çəkir:
- Rusların Kerçdə post qurması yeni deyil və bunu bilən Ukrayna
niyə indi boğazdan keçməkdə bu qədər israr etdi?
- Rusiyanın Ukraynanın dənizə çıxışını ələ keçirmək planı var: Krım
və Rostovdan hücum edərək, Mariupol və Berdyansk şəhərlərini ələ
keçirmək, beləliklə, Krıma quru yolunu açmaq. Bu plan real görünür:
biricisi, Rusiya bununla həm Ukraynanın Azov və Qara dənizə
çıxışının ələ keçirməyin başlanğıcını qoya, ikincisi, Ukrayna
iqtisadiyyatına ağır zərbə endirə və Kiyevi ram edə bilər. Daha
böyük mənzərədə ruslar bununla Dnestryanına qədər quru ərazisini
ələ keçirir. Lakin indiki situasiyada Rusiyanın bu planı işə
salması nə qədər real görünür?
Bu suallar və son günlər müşahidə olunan siyasi proseslər gözlə
görünməyən versiyaları önə çıxarır və ana hədəf Rusiyaya qarşı yeni
cəbhə açmaq, ən pis halda Yaxın Şərq və İran məsələsində onun geri
çəkilməsini təmin etməkdir. Hadisələrin inkişaf xətti Kerç
boğazının arxasında ABŞ-ın olduğu versiyasını gücləndirir və
okeanın o tayında biri əsas, digəri köməkçi olmaqla iki plan
hazırlanıb:
ƏSAS HƏDƏF – BÖLGƏYƏ MÜDAXİLƏ: NATO qüvvələri Qara
dənizə daxil olsun. Bu çağırışı Kerç böhranından sonra Poroşenko
verdi və bununla əslində böhranın yaradılmasında əsas məqsədin
NATO-nun bölgəyə girişi üçün əsasların yaradılması olduğunu
dolayısı ilə təsdiqlədi.
Əsaslar: Kerç böhranı Rusiyanın Ukraynaya yeni
hücumunun başlanğıcı olaraq təqdim edilir; Ukrayna Rusiyanın “Krıma
quru yolu açmaq üçün Mariupol və Berdyansk şəhərlərini tutmaq”
planını gündəmə gətirir; “Bizdə dəqiq informasiya var ki, Rusiyanın
Ukrayna gəmilərinə hücumu yalnız başlanğıcdır. Kəşfiyyat bununla
bağlı sübutlar təqdim edib”, Poroşenko təhlükənin miqyasını
bacardıqca böyüdür.
Rusiyanın Ukraynaya yeni hücumunun olması real görünür, çünki
ABŞ-la toqquşmada, xüsusilə Rusiyanın Qərb sərhədləri boyunca NATO
qüvvələrinin yerləşdirilməsi fonunda, rusların Ukraynada
məğlubiyyəti imperiyanın sonunu yaxınlaşdıracaq. Lakin ABŞ
Rusiyanın nə vaxtsa hərəkətə keçəcəyini gözləmək niyyətində deyil,
əksinə, ehtimallar üzərindən çıxış edərək, “Rusiya hücuma keçir”
mənzərəsini yaradır. Çünki NATO-nun Qara dənizə və Azova girişinin
başqa yolu görünmür.
Bunun fonunda Rusiya mediasının Vaşinqtondakı mənbələrə istinadən
yaydığı xəbər diqqət çəkir: “Tramp və Proşenko ya Krım, ya da
Ukraynanın şərq sərhədlərində (Rusiya sərhədində) ABŞ bazasının
açılması ilə bağlı məxfi danışıqlar aparır” xəbərdə deyilir. Bu,
ABŞ-ın Rusiyaya qarşı hücum planlarında inandırıcı görünür.
Hərçənd, səbəb lazımdır və latın Amerikası ölkələri, eləcə də İraqa
müdaxilədən fərqli olaraq daha böyük səbəb, çünki hədəfdə böyük
Rusiya var. Kerç böhranı sakitləşmiş kimi görünə bilər, lakin
hadisələrin sonrakı inkişafı Rusiyaya qarşı yeni cəbhənin məhz
buradan açılacağı ehtimalını gücləndirir:
a) Sanskiyaların gücləndirilməsi;
b) Rusiya hücumu əsas götürülərək Şimali Avropa boyunca, eləcə də
Ukraynada NATO qüvvələrinin artırılması;
c) ABŞ-ın Ukraynanın şərqində yaratmaq istədiyi hərbi bazanın
reallaşması istiqamətində real addımlar;
d) NATO gəmilərinin Qara dənizdə aktivləşməsi;
Kerç böhranı Azov dənizində NATO və birgə təlimlərinin
keçirilməsinin önünü də aça bilər. Ötən ay Rusiya baş diplomatı
Lavrov “Ukrayna və NATO Azovda hərbi təlimlər keçirə bilməz, çünki
Ukrayna ilə müqaviləmiz buna imkan vermir” deyə bildirmişdi,
hərçənd, böhran rusların reaksiyasının heç bir nəticə verməyəcəyi
və təlimlərin keçirilə biləcəyi üçün ciddi əsas yaratdı. Və əsas
hədəf də bölgədə Rusiyaya qarşı yeni cəbhənin açılmasına əsasın
yaradılması idi.
Lakin Kerç böhranına təkcə Ukrayna-Rusiya xətti üzrə baxmaq doğru
deyil, əksinə bu böyük prosesin elementlərindən biridir.
YENİ CƏBHƏLƏR: Noyabrın 5-də İrana qarşı
sanksiyaların ikinci və ağır mərhələsi işə düşdü; Noyabrın 16-da
ABŞ və Ukrayna hökuməti strateji ortaqlıq haqqında sənəd
imzaladılar – sənəddə Rusiyanın Qara və Azov dənizi, eləcə də Kerç
boğazındakı addımlarına qarşı birgə hərəkət yer alır; Aralıq
dənizində karbohidrogen ehtiyatları Türkiyənin iştirakı olmadan
istismar edilməsi prosesi gedir, ABŞ və İsrail Yunanıstan və yunan
Kiprinin iştirakı ilə hərbi təlimlər keçirir, bölgədə “sular
isinir”;
Rusiya və Türkiyəyə qarşı ayrı-ayrılıqda yeni cəbhə açılmaqla
yanaşı, hər iki ölkənin İran məsələsində masaya əyləşdirilməsi
planı da var.
Rusiya: Kerç böhranında ABŞ-ın ikinci –
KÖMƏKÇİ PLANI rusları İranın Suriyadan
çıxarılmasına razı salmaqdır. Moskva və Vaşinqton arasında İranın
bölgədən çıxarılmasına dair danışıqların getdiyi məlumdur, lakin
rusların “İrana və Rusiyaya qarşı sanksiyalar ləğv olunarsa, bu
məsələdə razılaşa bilərik” şərti ABŞ-ın niyyətini kilidləyir. Və
ABŞ Kerç böhranı ilə Rusiyaya qarşı yeni cəbhə açır: əsas hədəf
təbii ki, NATO-nun bölgəyə girişidir, lakin bölgədə suların
isinməsi rusların İranın Suriyadan çıxarılmasında şərtini geri
çəkməyə və Vaşinqtonla razılaşmasını təmin etməyə də hesablanıb.
Vaşinqton prosesdə cari qazanc kimi bunu görür.
Bunun fonunda Suriyada Bəşər Əsədin Hələbdə mülki insanlara qarşı
kimyəvi silahdan istifadə etməsinə dair yayılan məlumat nə dərəcədə
təsadüfi ola bilər?! Əslində ABŞ “Kimyəvi silahdan istifadə edən
Əsədin qoruyucusu” ittihamı ilə buradan da Rusiyaya hücuma
hazırlaşır və Suriyada qeydə alınan bu detal Ukraynadakı böhranla
eyni hədəfə yönəlib: rusların dizini bükmək.
Türkiyə: Ankara da İran məsələsində Vaşinqtonla
müzakirələr aparır, lakin ruslar kimi türklər də amerikalıların
istədiyini vermir. Bu kontekstdə Aralıq dənizində baş verənlərə
cari olaraq Türkiyənin İran masasında ABŞ-ın yanında əyləşməsini
təmin etmək gedişlərindən biri olaraq baxmaq olar.
Uzaq perspektivdə isə Rusiyaya qərb sərhədlərindən yeni cəbhə
açıldığı kimi, Türkiyəyə Aralıqdan yeni cəbhə açılır və həm hər
ikiyə ölkə ayrı-ayrı cəbhələrdən zərbələr endirilir, həm onların
Yaxın Şərqdə hərəkət trayektoriyası daralır, həm də İran bölgədə
təklənir.
Kerç böhranı bütün bu planlarda başlanğıc və açar nöqtəsi
kimi görünür:
- Bölgədə qarışıqlıq, Qara və Azov dənizlərində hərbi aktivliyin
olması Rusiyanın qüvvələrini bura cəlb etməsinə səbəb olacaq. Bu,
rusların Yaxın Şərq cəbhəsində siyasi və hərbi cəhətdən
qüvvələrinin parçalanması deməkdir;
- Qara dənizdə hərbi aktivlik Türkiyəni də proseslərə cəlb edəcək,
bu, Aralıq dənizində karbohidrogen ehtiyatlarının Ankaranın
diqqətindən yayındıraraq, istismarına başlanmasına imkan
yaradacaq.
Və bütün baş verənlərdə Rusiya və Türkiyənin birgə
reallaşdırdığı “Türk axını” layihəsinə də zərbənin endirilməsi
niyyəti diqqətdən yayınmır:
Noyabrın 14-də İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin
tikintisinin başa çatdırılması münasibətilə mərasim keçirildi.
Putin və Ərdoğanın iştirakı ilə keçirilən mərasim əslində ABŞ-ın
qarşı olduğu bu layihənin başa çatdırılmasında hər iki ölkənin
siyasi iradəyə malik olduğunun mesajı idi. Bu layihə reallaşarsa,
Avropanın Rusiya qazından asılılığı daha da artacaq və bu, son
dövrlər öz ordusunu yaratmaq, ABŞ-ın təsirindən çıxmaq mesajları
verən avropalıların ruslarla anlaşması, hətta gələcəkdə Vaşinqtonun
maraqlarına qarşı birgə çıxması ilə nəticələnə bilər. ABŞ bunu
anlayır, onu da anlayır ki, Rusiya və Türkiyənin milyardlarla
dollara başa gələn bu layihədən imtina etməsi qeyri-realdır. “Türk
axını”nın inşasının qarşısını yalnız layihənin keçdiyi bölgədə -
Qara dəniz – hərbi toqquşmalar ala bilər, yaxud ən azından bu
toqquşmaların layihəni qeyri-müəyyən müddətə təxirə sala və ABŞ-a
vaxt qazandıra bilər. Ukrayna və Rusiya arasındakı toqquşma bu
kontenstdə də diqqət çəkir.
Və bütün bunlar fonunda Kerç böhranının bölgədə yeni proseslərin
başlanğıcı və açar nöqtəsi olduğunu deyirik.
Publika.az
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI