• USD 1,7000 0,00% EUR 1,8722 -0,55%
    • GBP 2,1110 -0,41% RUB 0,0266 0,00%

Qarabağ ümidsizliyi

  • Köşə
  • 13 İyun 2019 10:56
  • 555 Baxış
Qarabağ ümidsizliyi

Dilqəm Əhməd

Məqsədli və ya nadanlıqdan insanlara Qarabağ ümidsizliyi aşılanır.

Deyirlər ki, müharibədən 30 ilə yaxın vaxt keçib, bir nəsil qırıldı, ikinci yaşlandı, gənclər həlak olur, Qarabağı görən nəsildən sonra kimsə o torpaqları istəməyəcək.

Hər kəs vətən sevgisini öz qabındakı kimi görür. Hər kəsdən də vətənpərvərlik, Qarabağ sevgisi gözləmək də mümkünsüzdür. Amma kimsə və hansısa qruplaşma sosial media vasitəsilə insanlar arasında bu ümidsizliyi yayırsa, bunun qarşısını almaq gərəkdir.

1988-ci ildə insanlar Azadlıq meydanına çıxdıqları zaman 70 il idi ki, onları rus idarə edirdi. 70 ildən sonra vətənin 80 faizi azad edildisə, 30-40 il sonra da qalan faizi də azad ediləcək.

İkinci Dünya müharibəsindən sonra Rəsulzadəyə Türkiyəyə qayıtmasına icazə verilən sənədin ilk cümləsi belə başlayırdı: “Haymatlos Rəsulzadə...”.

Vətənsiz, yurdsuz, heç bir yerdə qeydiyyatı olmayan deməkdir “Haymatlos”.

1918-ci ildə dövlət quran, 27 il mühacirətdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparan şəxs Türkiyəyə vətənsiz olaraq daxil oldu. Amma bir küncə çəkilib qocalığını yaşamadı. Eyni enerji, eyni inancla Azərbaycanın azadlığı üçün yeni cəhdlərə başladı.

Bəs bizə nə olubdur?

Mühacirət şərtləri altında vətənsiz şəkildə yaşamırıq, yurdumuzun böyük qisminin yenidən müstəqil olmasına nail olmuşuq.

Əsasən bizdən asılı olmayan səbəbdən Qarabağ adlı bir düyünün içinə düşmüşüksə, ağlaşmamı qurmalıyıq?

“Qarabağda kasıblar ölür, zənginlər sağ qalır” məsələsi başqa mövzudur. Pulunu vətənindən çox sevən, vətənini pula satan insanlar həmişə olub. Vətən sevgisində müqayisəni o “təbəqə” ilə aparmaq şəhid olanlara qarşı da hörmətsizlik olar.

***
Biz elliklə sosial şəbəkədə “qaloş piri”ni müzakirə etdiyimiz zaman, kürdlərlə ermənilər Qarsda ittifaq qurur.

Vandan İrəvana təyyarə reysi açılır.

İşğal edilmiş Dağlıq Qarabağda futbol yarışı keçirilir.

Köçəryanın qızı Cıdır düzündə şəkil çəkdirir.

Mayorumuz, əsgərimiz şəhid olur.

Ermənilər hər qalibiyyətlərinin üstünə birini də əlavə etməyə çalışdığı ərəfədə, bizə Qarabağsızlıq, ümidsizlik aşılanır.

***
Qarabağla bağlı son günlər bir hadisə də baş verdi. Ramin Hacılı Qarabağa yürüş aksiyasına başladı. Adətən, hər məsələ sosial mediada gündəmə gəldiyi halda, bu məsələ bir neçə istifadəçi xaric dəstəklənmədi. Niyə? Ola bilsin ki, R.Hacılının daha əvvəl anlamsız sülh quruculuğu prosesində yer alması, İrəvana səfər etməsi və ya son bir neçə ildə adının bəzi məsələlərdə hallanması buna səbəb oldu. Amma kimliyindən asılı olmayaraq haqlı və doğru bir təşəbbüs ortaya atılmışdısa, gərək gündəm olardı. Olmadı.

Eləcə də Naxçıvanda Azərbaycan və Türkiyə ordusunun birgə tətbiqatları da nə ənənəvi, nə də sosial mediada gündəm olmadı. Amma bir-iki istifadəçinin Qarabağın ermənilərə verilməsi ilə bağlı paylaşımı neçə gündür ki müzakirə olunur. Halbuki, Qarabağı əlimizdən alan onlar deyildi.

Vətəndaşlar haqlı olaraq qəzəblidirlər. 2000-ci illərdə doğulan gənc şəhid olursa, bu, qəbuledilməzdir. Şəhid varsa, qisası alınmırsa, bu, ikiqat qəbuledilməzdir. Amma şəhidlərin qarşısını almaq Qarabağı verməklə bitmir. Savaşa son qoyulsun deyə, bir dəfə bu addımı atıb İrəvanı verdik, üstəlik Qarabağın, Zəngəzurun qarşılığında. Nə oldu? Ermənilərin iddiası Qarabağla bitəcəkmi? İndidən “Şimali Qarabağ” deyilən işğal etməyi nəzərdə tutduqları coğrafi region da müəyyən ediblər.

Toplum olaraq əziklikdən qurtulmalıyıq. Bunu özümüz bacarmalıyıq. Unutmayaq ki, ümidsizliyin aşılanması da, əslində, Qarabağ savaşının bir parçasıdır...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR