Köşə
Sevdiyimizi arzulamazdıq, istəməzdik, balaca adamlardıq...
Mənsur Rəğbətoğlu
İnsanı hər çiynində sual dolu kisə qatil kimi daban-dabana öz uşaqlığı izləyir, yolun sonuna qovur arxasınca... Heç vaxt canını birdəfəlik almağa tələsmir, əvvəlcə arzularına, xatirələrinə hücum çəkir, sonra ürəyinə girib qanına daraşır.
Uşaq qalan hər insanın ürəyində qayğısızlığın ağır çəkisi, gözlərində bədbəxtliyin iti dişlərinə çəkilmiş yorğun qoca siması var. Lakin boy atmış bədən insanı həyatın ağrılarına dözməyə məcbur edir. Yolun yarısında artıq uşaq olmadığını dərk edəndə isə vaxtsız qocalığın ümidsizliyindən şikayət etməyə başlayır. Bu, itirilmiş uşaqlığa, geriyə qayıdışın qeyri-mümkünlüyünə verilən sonuncu reaksiya, arxanca sürünən uşaqla vida mərasimidir.
Bəs nədir insanı uşaqlığına itələyən qüvvə? Halbuki heç nə dəyişməyib: insanlar o insanlardır, qocalar yenə qocadır, ölən ölüb, qalanlar da yaşayır, bizlə uşaq olanların sadəcə boyları uzanıb, bir az da yaşları çoxalıb, amma zarafatları, ürəkləri eyni qalıb.
Hər dəfə bu haqda düşünəndə, yazmaq istəyəndə donub qalıram, bilmirəm hardan başlayım, necə yazım, nə yazım. Hərdən uzun-uzun yazıram, amma hiss edirəm ki, nəyisə unutmuşam, ya da nəyisə yaza bilmirəm, gizlədirəm.
Sanki insanın ayaqları ipə bağlanıb, bu ipin bir ucu geridə qalmış uşağın əlinə dolaşıb səni geri çəkir. Bəzən getdiyin yol qalır bu ip bitir, dartındıqca səni irəli getməyə qoymur, geriyə dartır.
Bəs nədir dəyişən, yenə də insan uşaq hisslərinə, istəklərinə aludə deyilmi? Nə vaxt böyüdü insan? Həyat təkcə uzanan boy və artan yaşla ölçülürmü, ya məsuliyyətin, qayğıların ağır dişləridirmi getdiyin yolu yeyib qısaldan?
Suallar bir nəfər üçün çoxdur. Amma bəzən suallar öz yerini etinasızlığa verəndə insan bir arpa boyda olsa da, yol qət edə bilir. Bəs nədir bəzən bu etinasızlığı yaradan, sualları cavabsız qoyub insanı irəliyə itələyən güc?
Uzanan boy, yaş üstünə gələn yaş insanın sevgisindən, həyat eşqindən alıb azaltdımı, dəyişdimi? Axı insan bütün zamanlarda həyat hekayəsinin abzaslarından asılı qalır. Həmişə abzasdan abzasa, sətirdən sətirə, cümlədən cümləyə tələsir. Bəs niyə insan tələsir, nədir insanı tələsdirən? Kimdir, yaxud nədir yolun sonunda durub insanı təkidlə özünə çağıran sirli qüvvə? Sona çatan insan nə edəcək, yaxud nə edəcək tapdığı cavablarla? Bunlar onun nəyinə lazımdır? Niyə insan səssiz, tələsmədən yaşaya bilmir, yolun sonuna çatmağa can atır? O, həqiqətənmi yolun sonuna çatmaq istəyir?
Həqiqətənmi insan sonunun xoşbəxt olduğuna inanır və ümid onda haradandır? Bəs insanın qazandığı xoşbəxtliyin ömrü nə qədərdir? Beş, on dəqiqə, bir saat, bir il, üç il... Bəs yolun sonunda insan geri çevrilib baxanda nə qədər xoşbəxt olduğunu hesablaya bilirmi? Nə qədər zaman xoşbəxt ola bildi? Beş dəqiqə, üç dəqiqə, bir il, üç il... Bu qısa zaman üçün balıq kimi çırpınmağa nə ehtiyac var?
Bəs niyə bu gün yaşadığımız kədər, bu gün baş vermiş bədbəxtlik sabah xatirəyə çevriləndə bu bizə qayğısızlıq kimi görünür? Niyə insan bu anı dolu-dolu yaşamaqdan imtina edir, sabahçün xəyallar qurur? Bəlkə də yaşamayacağı sabahlar üçün... Niyə açılan hər sabah böyük bir fəlakətə çevrilir, insan hər səhər oyanmağın, yenidən başlamağın bədbəxtliyini yaşayır? Niyə bu günün bədbəxtliyi sabahın xatirəsində qayğısızlıqdır?
Axı insan sabah da bu günki kimi əzab çəkir, çəkəcək və bu günün bədbəxtliyi ilə sabahkı bədbəxtlik arasında fərq yoxdur. İnsan həmişə eyni dərəcədə əzab çəkir, amma yenə də təkidlə bu suallar ətrafında baş sındırdıqca həyatının o biri üzündə - pərdə arxasında qalmış uşaqlığının səsinə qulaq verib geriyə - yolun əvvəlinə çatmaq istəyir. Kimdir insanı yarı yoldan uşaqlığına qaytarmaq istəyən güc? Bəlkə də insanın özündan başqa heç kəs, bəlkə də insan özü-özünü xoşbəxt olmağa qoymur.
Yolun ortasında azıb qalır insan, bilmir irəli getsin, ya geri qayıtsın...
Lakin uşaq olanda özümüz boyda olan əzablarımızın kiçik yükləri bizə ağır gəlirdi, çəkə bilmirdik. Halbuki kiçik beynimiz həyata keçə biləcək xırda arzular yaradırdı, öz kiçik orbiti ətrafında rəngli xəyallar dünyasını fırladırdı. Taxta avtomatlara, konfetə, cizgi filmlərinə, rəngli kağızlara, şəkillərə sevinən balaca adamlardıq. Sevdiyimizə dair bütün arzular, xəyallar da əlçatan yerdə idi. Bircə sevdiyimizi görmək arzusunun həyəcanı vardı ürəyimizdə: bu boyda – çeçelə barmağının dırnağından da kiçik... Görürdük də, bir dərs tənəffüsündə, küçədə, evlərinin qapısı önündə, dükanda, ən ağlasığmaz yerlərdə Tanrı bizi qarşılaşdırırdı. Vəssalam, bununla bitərdi qayğılar, hə, bir də göz-gözə də gəlsək, səhərədək ayıldıqca gülümsəyərək qaranlığa göz qırpardıq.
Bəs sonra?
Sonra böyük insanlar olduqca ürəyimizdə sadəcə balaca bir düyünçəyə çevrilən bu saf duyğular qaldı, bəlkə də zamanla bizi bu zəhərlədi, yolun ortasında azdırdı. Böyüdükcə sevdiyimizə dair arzular ehtiraslara qarışdı, saf duyğularımız zəhərləndi, biz zəhərləndik. Bəlkə də bəzən bizi dəcəlləşdirən, ürəyimizə çırpılıb bizi ərköyün edən uşalığımızdan qalmış bu saf duyğu düyünçəsidir. Amma bəzən saf duyğular ehtiraslara çevriləndə ürəyimizdəki uşqdan xəbərsiz böyüyüb çirkaba bulaşdıq. Halbuki sevdiyimiz insan üçün ehtiraslı cümlələr qurmaq istəməyən, onu görməkdən başqa bir istəyi, arzusu olmayan balaca adamlardıq. Toxunmaq istəməzdik sevdiyimizə, sadəcə yanımızda olsun istərdik. Nə vaxt böyüdük biz?
Amma indi düşünürəm ki, insanın özü uşaq qalırmış, böyüyən arzuları imiş, daha doğrusu, arzuları ehtiras əvəz edirmiş. Bəlkə də buna görə, çox vaxt heç kəs ürəyində dəcəllik edən uşağın qarşısıalınmaz inadkarlığına müqavimət göstərə bilmir, ona boyun əyməyə məcbur olur.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO