Köşə
Qorxunun siferblatı – İudanın Yerusəlimdən qaçması
Mənsur Rəğbətoğlu
“Bir qədər yaxşı bir şey olsaydı, heç olmasa bir qədər, azacıq - bax bu qədər…”, - deyib qeyri-ixtiyari sağ əlini qıyılmış gözünün önünə qaldırıb baş barmağıyla şəhadət barmağını duz götürürmüş kimi bir-birinə sıxdı. Öz-özüylə pıçıltıyla danışanda səkidə dondurma yalaya-yalaya qarnını qaşıyan kiçik qaraçı qızla üz-üzə dayandığını gördü. Gülümsəyərək başına sığal atmaq istəyəndə qız qarnını qaşıdığı əliylə ona uzanan əli yana itələyib etinasızlıqla pul istədi - bu yersiz nəvazişdən imtina etdi. Adam özünü o yerə qoymadı, gülümsəyərək yoluna davam etdi.
“Nə fərqi var qaraçıdır, olsun ki, buna – dilənməyə adət edib, amma indi istədiyini ala bilmir, onun pulu yoxdur”, - sağ əliylə eşələdiyi cibində metal qəpiklərin cingiltisini eşitsə də, geri qayıdıb bunları qaraçı qızın ovucuna qoymağa utandı. Artıq gec idi.
“Bəs bu həngamə nədir? Hə, köhnə söhbətlər…”
Uşağın qorxu dolu gözləri qadının qayçı kimi haçalanmış barmaqlarına dikilmişdi. İki gözünü bir deşikdən çıxarmaq vədi verən baxışla uşağa zillənən qadın onun anası idi. Burun dəliklərindən püskürən həyəcan seliyi köpürdürdü. Müftə şar…
“Həyat budur, topuq vuran dilini dinc qoyub gözlərinlə üzr istəməyə məcbur olursan – ya da ana təbiətin bəxş etdiyi bu müftə şarları partladırsan”, - adam bu mənasız düşüncənin sonunda tini burulub növbəti səkiyə ayaq basanda arxada baş verənləri görmədi. Ana uşağı qucaqlayıb onu sakitləşdirirdi, təsəllidən xumarlanan uşaq son hıçqırtılarının müşayiəti ilə burnunun seliyini nəvazişlə anasının çiyinlərinə axıdırdı.
Ana təbiət də anaları özü kimi yaradıb, nə vaxt sevəcəyi, nə vaxt nifrət edəcəyi məlum deyil.
Hə, qəssabxana - ət dükanı. İnsanların dünyada ən çox sevdiyi yer - ət və qan cəhənnəmi. Yenə qorxu dolu cütlənmiş gözlər bir insana zillənib. Yenə qorxu, yenə bu qorxunun bir ucunda dayanmış insan. Taxta şəbəkə arxasındakı keçilər həvəssiz bir səbirlə qəssab bıçağının altında qorxularının birdəfəlik yoxa çıxacağı saniyəni gözləyirdi.
Çox güman ki, bu bıçaq boğazlarına işləyəndə qorxu yoxa çıxacaqdı. Həmişə belə olur, qorxduğun şeylə üz-üzə gələndə artıq qorxmursan. Ya da görmək istədiyin insana toxunmaq imkanın olanda artıq sevmirsən. Çox güman ki, qəssab siqareti çəkib bitirdikdən sonra əlinə keçən keçilərdən birinin bu qorxusuna son qoyduqdan sonra piy bağlamış barmaqlarını düyünləyib dərisini boğazından çıxaracaq. Bu vaxt keçi qayıdıb qəssabdan soruşsa ki, sən nə edirsən, qəssab da qayıdacaqdı ki, axı sən keçisən, sən indi danışmamalısan və mənə etiraz etməməlisən. Keçi də ona cavab verəcəkdi ki, hə, mən keçiyəm, keçi olanda nə olar ki, hə, yaxşı kəs başımı.
Markez necə deyirdi, diqqətli olun, cənab, o evdə adam öldürürlər…
“Markez bu mənzərəni görsəydi, yəqin fikrini dəyişib belə deyərdi: diqqətli olun, cənab, burada keçi öldürürlər”, - adam qəssabxananı arxada qoyub dodaqaltı mızıldayaraq addımlamağa başladı:
“Getdikcə mərhəmətli olmaq qocalıq əlamətidir, ya da yalnızlıq. Buna qalmış olsa, Tanrının – Yaradanın da sonsuz mərhəmətinin olduğunu deyirlər. Bəs o niyə mərhəmətlidir, bu onun nəyinə lazımdır? İstədiyini edə bilən bir qüdrətli güc üçün mərhəmətin nə önəmi ola bilər? Dünya Tanrıdan sonra mövcud olub, yəqin bu mərhəmət elə Tanrının özünə lazımdır, bu insanlara aid deyil. Gördü ki təkdir, özünə yazığı gəlib insanları yaratdı. Tanrının da işi qəribədir. Hə, təbrik edirəm özümü, yavaş-yavaş dəli oluram. Amma hər insan öz içində bir dəli bəsləyib böyüdür, bir gün bu dəli yaxandan yapışıb deyir ki, sənin dəli olmaq vaxtındır. Dəlilikdən əvvəl isə insanın içində qocalıq çiçəkləməyə başlayır. Bir azdan mərhəmət göstərməyə ürək də qalmır, hələ bu harasıdır?”.
Olimpdə buludlara əmr verən Zevs tiranlar qarşısında Aresə dedi:
Belə ağlayıb dayanma dizimin dibində dəli kimi
Olimpdəki tanrılar arasında ən diksindiyim Tanrı sənsən.
Adam sağ-sola tələsən insanların ortasında dayanıb öz-özüylə danışdığını hiss edəndə halını pozmadan yoluna davam etdi.
“Bir də ki, nə qədər rəzil olur-olsun insan həmişə yaşamağa, həyatı sevməyə bir səbəb - bəhanə tapır. İnsanın təbiəti belədir, qorxur - özündən uzaqlaşa bilmir. Hə, bu da dünyanın başqa bir – çox insana görə əsas tərəfi – saatın siferblatında zamanın sürətləndiyi məkan”, - adam keçiləri unudub parka daxil olanda bir oğlan özündən yaşca böyük qadını skamyanın kənarına dirəyib öpməyə çalışırdı. Qadınsa ona deyir ki, sənin fikrin ciddi deyil, məni nə hesab edirsən. Əlbəttə oğlana görə fəlsəfə yeri deyildi, ümumiyyətlə, bu işin fəlsəfəsi elə öpməkdən başlayır, buna görə də oğlan qadına cavab verdi ki, öpmək birbaşa sevgiyə aiddir.
Təsəvvür elə ki, qolları qandallanmış Nəsimiyə xəbər veriblər ki, onu edam edəcəklər, heç bilmir hara aparırlar, halı hal deyil. Bu vaxt Şəms qıraqdan çıxıb deyir ki, vəsf elə məni şair. Nəsimi də haqlı olaraq etiraz edir ki, vəsf zamanı deyil, afət. Yəni, keçi can hayında, qəssab piy axtarır.
“Əlbəttə, Nəsimini başa düşmək olardı, amma burada vəziyyət bir qədər fərqlidir. Bu qadın ərini bu oğlanla aldadır. Afrodita! Gənc oğlan, yəni Ares bu Afroditanı inandırmağa çalışır ki, ərindən boşansa, onu alacaq, amma indi bu haqda düşünməyin yeri deyil”.
Yəni, ilk dəfə müridləri ilə su üzərində yeriyən, merac edib Tanrı ilə danışan, ölməzdən əvvəl cənnət və cəhənnəmi görən Zərdüştün özüdür. Yalanlar, bir sürü yalanlar. Yaranmış vəziyyəti başqa formada desək, Afrodita Hefestlə evlənmişdi, amma bu evlilik boyu ərinə Areslə xəyanət edən Afroditanın özüdür.
Milena və Kafkanı xatırlayaq. Təsəvvür edək ki, Milenaya bir kitablıq məktub yazan Kafka onunla ilk və son görüşündə soruşur ki, ərinə niyə xəyanət edirsən? Milena da qayıdır ki, ərim yaxşı adamdır, amma onunla anlaşa bilmirəm. Kafkadan ayrılanda da Milena and-aman eləyir ki, sən yaxşı adamsan, amma səninlə anlaşa bilmirəm.
Və ya İudanın İsanı öpməsi…
İsanı ələ verən İuda “Kimi öpsəm, İsa odur, onu tutarsınız”, - deyə kahinlərin qızışdırıb peyğəmbərin üstünə göndərdiyi kütlə ilə sözləşmişdi. Birbaşa İsanın üstünə gedib, salam verərək onu öpdü. İudanın öpüşü – xəyanəti İsaya baha başa gəldi. Məryəmin çarmıxa çəkilmiş oğlu günlərlə günün altında qalıb üfunət qoxan bədəninə qara milçəklər daraşanda İuda kahinlərdən aldığı rüşvəti əziz balası kimi sinəsinə sıxaraq Yerusəlimdən qaçırdı.
“Hə”, - adam ən sevdiyi bu xırda sözü növbəti dəfə içini çəkə-çəkə dilinə gətirib donquldandı:
“Ədəbsiz həqiqətlər - bir sürü ədəbsiz həqiqətlər və bu ədəbsiz şeylərin hamısı yalanlarla bağlıdır. Amma həqiqətlərin də insanı ədəbsiz göstərən bir təbiəti var. Məsələn, sən məşuqundan ayrılmaq istəyirsən, nəhayət özündə güc tapıb ona deyirsən ki, əzizim, artıq əvvəlki əyyam deyil. Sənə etiraz edib deyəcək ki, həminki əyyamdır, amma sən yaxşı adam deyilsən. Amma sən bunu gizlədib, əlinə qurbağa götürmüş kimi onun yumşaq əlini ovucunun içinə alsan, bunu yalandan olduğunu hiss edib deyəcək ki, əzəzim, daha əvvəlki əyyam deyil”.
Çəlimsiz uşaq bütün gücünü səfərbər edib topu qapıya yox, nərdtaxta arxasında oturub barmağı arasında zəri cütləyərək dünyanın ən ciddi riyazi hesablamasını aparan professor görkəmi alan kişinin başının daz yerinə göndərdiyi andan təxminən iki min il əvvəl İsa cüzamlı Şimonun evində idi – hələ İuda onu öpməmişdi. İsa cüzamlı Şimonun evində yemək masası arxasında oturanda bir qadın yağı onun başına tökdü. Müridlərindən biri dedi ki, hamı onu belə xatırlayacaq.
Gecə çökürdü…
Adamlar görünməz olanda binaların pəncərələrindən süzülən işıq çökən qaranlığı bir qədər də tündləşdirdi, elə bil burada belə bir şəhər olmamışdı - zülmət dünyanı udmuşdu. Adam mənzilinin qapısını arxasınca çırpıb birbaşa qaz piltəsinin üstünə şığıdı. Çaydanı piltənin üstünə qoyub pəncərədən küçəyə göz gəzdirdi, zülmət adamları qara nöqtəyə çevirmişdi. Bu qara nöqtələr bir-birinə dəyə-dəyə mənzillərinə yuvarlanırdı. Seyrələn avtomobilləri öləziyən işıqlarının qabağında sürünərək uzaqlaşan görəndə adamın ağzından çıxan ilk söz belə idi:
“Ölüm də bir anlıqdır. Ölüm, bir də məhəbbət – insanı sonsuzadək məşğul edən əsas qorxular. Ölümü belə də adlandırmaq olar: Ölüm – bir də məhəbbət. Hə, insanı qorxusu qədər heç nə məşğul etmir. Bəlkə də bu sonsuz deyingənliyin səbəbi bu qorxudur. Qorxu sanki bir günahdır, gizlətməyə çalşır insan. Amma insanın gözləri hər şeyi ifadə edir, gözləri-günahları gizlətmək mümkün deyil. İudanın İsanı ələ verən öpüşü də qorxu idi. İsanı öpməsəydi, ən yaxın müridi kimi çarmıxa çəkilənlərdən biri də o olacaqdı. Amma İuda bununla ölümünü bir az təxirə saldı, kahinlərin verdiyi rüşvəti əziz balası kimi sinəsinə sıxıb Yerusəlimdən qaçanda onu da öldürdülər. Bir də ki, insan heç nə etmədən də yorulur. Öz-özüylə danışan insan həmişə özünə qarşı səbirsiz olur, başqalarına necə dözsün, sən də ki... İnsanın beyni elə bir şeydir ki, içində dolaşmağa başlayan kimi ağlına nə gəldi danışır, nə gəldi edir, ən ağır cinayətlər də insanın başının içində işlənir, ən qorxunc planlar burada qurulur. Amma buna görə kimsə səni mühakimə etmir, özündən başqa. Həmin səbəblərə görə insan özünü cəzalandırır - heç nə tapmayanda, tək qalanda. Mərhəmətqarışıq – yüngülləşdirilmiş cəza. Bəli, daha çox öz-özünlə danışmağa vaxt ayırmaq – bu xaosdur”.
Hesiod Tegoniyada baş verən xaos haqda belə demişdi:
Hamısından əvvəl var olan xaos idi,
Sonra böyük döşlü, Qayya-Ana Torpaq…
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO