Qar dövrünün uşaqları
Bizi izləyin

Köşə

Qar dövrünün uşaqları

Mənsur Rəğbətoğlu

Artıq o sakit göy üzü yoxdur. Bir səhər yuxudan ayılar-ayılmaz baxa bilmədiyimiz göyü üzü – o bir qarlı qış səhəri. O səhərlərdən birində gözlərimizi açıb dünyanı öz bəyaz sakitliyinə bürüyən qarlı sabahları görmürük. Ona görə deyirəm, gözlərimizə qar ələnən o göy üzü yoxdur. Baxa bilmədiyimiz göy üzü...

Elə bil izlərimizi də unutmuşuq qar yağmayandan. Uşaqlığımızı, səsimizi, sevincimizi yadırğamışıq. Biz qar dövrünün uşaqları idik. İzimizi bəlli edərdik qaçıb gizlənərkən. Bir qara sevinən uşaqlar idik, səsimizi başımıza ataraq. Buz üstündə sürüşüb yerə çırpılanda burunlarımızdan ağrıyan uşaqlar. Ən çox burnumuzun üstünə yıxılırdıq elə.

Taqətdən düşəndə bir boşqab isti yeməyə qaçırdıq, odun sobasının üstündəki hisli qazanda qaynatmağa bir şeylər tapardı anamız. Tapmasaydı, o, ürəyinin yağını yeyərdi biz doyardıq. Dondurmaya qaçan kimi cumardıq qara, yorulana qədər, gözümüzə yuxu dolana qədər, Allah baba bizi beşiyində yırğalayana qədər. O qədər uşaqdıq yəni, Allaha baba deyəcək qədər.

Tapdığımız şey bəs edirdi bizə. Bircə qar bəs edirdi.

Qarda eşələnən qaratoyuqlar, sərçələr, sağsağanlar, qarğalar, qara-qara quşlar – balaca dünyamızın sevimli sakinləri...

Qara-qara kömürlərlə dolu olurdu ciblərimiz. Qar adam, qardan adam üçün. Qar adamın gözlərini ciblərimizdə daşıyırdıq.

Nə bilim, adamın ürəyindən belə bir qəribə etiraz keçir: belə olmamalıydı. Amma kimə? Əlimizdən nə gəlir göy üzünə çatmayandan sonra. Topa-topa ağ buludları ovxalayıb uşaqların başlarına səpə bilmədikdən sonra əlimizdən nə gəlir. Nə gəlir əlimizdən böyüməkdən başqa.

Bir uşaq həvəsi idi bizimki.

Qar yağanda dünya çirkin görünmürdü. Dünyanın bəyaz niqabı idi qar.

Qar yağanda əllərimiz həmişə göyə uzanırdı, boynumuzdan qıdaqlayırdı sanki Allah bizi, güldürürdü. Allahın məktubu idi bizə qar, “burada hər şey yaxşıdır”, yazırdı öz məktubunda. Bizi görürdü sanki Allah baba.

Allaha baba deyən vaxtlarda həmişə qar yağırdı. O da bizi sevirdi.

Yağış kimi deyildi, səssiz yağırdı. Qardan yadımda qalan budur, qar səssiz yağır. Oyatmazdı, o başdan yuxudan etməzdi bizi, səssizcə enərdi yer üzünə. İsti yorğan altından çıxmaq istəməyəndə anamız “qar yağır” deyəndə inanmazdıq, pəncərədən öz gözlərimizlə görənədək.

Qar sanki Allahla bizim aramızda bir xətir idi, hər qış dəyməzdi xətrimizə başımıza ağ-ağ topalar ata-ata.

Allahı sevən vaxtlarımız idi onda, qar yağanda.

Bilmirəm, qar yağanda bir şeyləri unudurduq, tər-təmiz olurduq, arınırdıq hər şeydən. Bəmbəyaz uşaqlar. Sonra bir can sıxıntısı çökdü, Allah da çəkildi canımızdan, göy üzündən, küçələrdən qar çəkilən kimi. İndi uşaq olmaq vaxtı deyilmiş.

Bəzən göy üzü dolanda insanın ürəyi qıdıqlanır, bəlkə qar yağdı. Sonra bir də baxırsan, artıq o küçədən yığışdırıb bu tərəfə gəldiyin uşaq deyilsən. Qar yağsa, nə edəcəyini bilməyəcəksən sanki. Allaha baba deyəcək qədər uşaq qalmadıq.

İndi qəribə gəlir, onda, qar yağanda, biz uşaq olanda heçmi özləməzdik? Özlədiyimiz bir şeylər yox idimi? Qəribədir. İndi gəlir ağlıma, bəlkə dəlilik idi bizi yaşadan, özləməyə, böyüməyə qoymayan. Bəlkə də qar, qar yağacağı ümidi. Bir ümid, elə bir ümid ki, ağ-ağ olurdu, ovuc-ovuc yığıb sıxırdıq. Ürəyimizə daha yaxın bir ümid. İndi isə yalnız uzaqda qalan o bəyaz ümidlərin içindən gülümsəyən Allah babanın unutduğu uşaqlarıq.

İndi isə yalnız...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm