Köşə
Ölümsüzlük dövrü
Mənsur Rəğbətoğlu
Olimpə ayaq basmaq istəyən peyğəmbər bu arzusuna çatmadı, səmadan məbədin damına çırpıldı. Titanların səltənətində peyğəmbərin əlindən tuta biləcək kimsə qalmamışdı, ilislərdən başqa. Allahsız qalmış peyğəmbər isə artıq onlar üçün heç nə ifadə etmirdi.
Adamlar Geyada allahları öldürmüşdü. Təbiət onları azadlığa çağırırdı.
İblislər – səmanın ögey övladları sağ qalmışdı, adamlar onlara toxunmamışdı. Olimpin xarabalığa çevrilmiş səltənəti ətrafında dövrə vuraraq inanmaq istəmir, adamlarla nə edəcəklərini bilmirdilər. İblislər allahların qaldırdıqları səmada kimsəsiz qalmışdı. Yerə - adamların arasına enmək istəmirdilər, çünki onları yerdə qoruyacaq kimsə yoxdu. İblislərin sonuncu ümid yeri allahların səmadakı səltənəti idi. Geya onlar üçün əsarətin başlanğıc nöqtəsinə çevrilmişdi.
Geya, yəni səmanın çirkli döşəməsi – vaxtilə allahların tapdaladığı yer...
Hər yeni dövrün bir başlanğıcı mütləq vardı. Geyada bu dövr allahların öldürülməsi ilə başlamış, adamlar azadlığa qovuşmuşdu.
Geya – həlak olan allahların iri döşlü anası sinəsini açmış, bu zülmət şəhərin sakinləri ilk dəfə günəşlə tanış olmuşdu.
Səmada allahların cəsədlərini dəfn edəcək yer yox idi. İblislər atalarının cəsədlərini caynaqlarına götürüb uzaqlara uçdular. Sonuncu allah da bu iblislərdən birinin caynaqlarında can verdi. İblisləri səmaya yüksəldən tiranlar bu əyriqanadlıların caynaqlarında səmadan o tərəfə - əbədi zülmətin sonsuzluğuna yüksəldilər.
Ölümsüzlük lənəti aradan qalxmış, ölüm qorxusu iblislərin varlığına kəfən kimi bükülmüşdü. İblislər allahların ölümü ilə güclərini itirdiklərini, adamların məsxərəsinə çevriləcəklərini, öz cənnətlərindən məhrum oduqlarını anlayır, lakin caynaqlarındakı cəsədlərlə nə edəcəklərini bilmirdilər. Azadlıq onlar üçün heç nə ifadə etmirdi.
Azadlıq bir əlinin əsarətin buxovunda olduğunu hiss edəndə daha möhtəşəm olur. Vaxtilə allahların adamlarla üz-üzə qoyduğu iblislərin Olimpin iradəsi ətrafında dövrə vuraraq, bu ruhlar həbsxanasına ümidsiz əlçatmazlıq olaraq baxması kimi...Amma indi allahsızlıq qiyamətinin ortasında çarəsiz qalan iblislər üçün bu heç nə ifadə etmir, susurdular. Halbuki allahların ölümü ilə əsarət lənəti qalxmışdı, amma onlar bunu duymaqdan məhrum edilmişdi. Azadlıq iblislərin təbiətlərində vardı, iradələrində yox.
İblislər allahların cəsədlərini Geyanın sinəsində doğan günəşdə yandırmağa aparırdılar. Geya nəhəng ağzını açıb onları birdəfəlik udmağa hazır dayanmışdı.
Olimpdə Geya sakinlərini ələ salacaq kimsə qalmamışdı, bir anda hər şey xarabalığa çevrilmiş , titanların səltənəti yerlə-yeksan olmuşdu.
Olimp azad ruhların əsarətdə olduğu yer idi. Ruhlar həbsxanası... İblislər isə adamlardan fərqli olaraq, bu həbsxananın kənarında azadlıqda olmuşdular. Ruhunu bu həbsxanada titanlara sataraq yerə enmək istəyən peyğəmbər də, Olimpin sonuncu pilləsindən yıxılaraq yerdəki məbədin damına çırpılaraq ölmüşdü.
Geya sakinləri min illərdir özünü bu həbsxananın qapısını aralayıb içəri girmək üçün yol axtarırdı. Amma allahların ölümü buna imkan vermədi. Adamların özlərinə olan güvənin qaynağı da, heç vaxt aça bilmədikləri və görə bilmədikləri bu qapının arxasında gizlənmişdi. Min illik bir ümidi özlərinin yaratdıqları allahları öldürməklə söndürdülər.
Titanların ölümündən sonra səmada iblislərin aclıq və ölüm erası başladı. Onları ruhlarla qidalandıran kimsə qalmadı.
Bəs iblisləri kim yaratmışdı, niyə onlar allahlarla birlikdə ölə bilməmişdilər? Bunun sirrini indi onların caynaqlarına məhkum olmuş ölü canlar aça bilməyəcəkdi.
Aclığa məhkum edilmiş iblislərin azadlıqları əllərindən alınmış, allahların cəsədlərini yandırılmaq üçün günəşin hüzuruna aparmaqdan imtina edib yeməyə başlamışdılar. Çünki onlar allahlarsız adamlarla necə rəftar edəcəklərini, onları özlərinə necə itaət etdirəcəklərini bilmirdilər, bu haqda onlara kimsə heç nə deməmişdi. Varlıqlarını qarşısıalınmaz, inadkar bir ümidsizlik bürümüşdü.
İblislər ölümsüz yaradılmışdı, allahları öldürməyə gücü çatan adamlar iblisləri öldürə bilmirdi. Ölümsüzlük, yəni nəticəsiz intihar səyləri. İndi intihar da çıxış yolu deyildi.
Ölümsüz olduğuna əmin olan, amma bu, ölümə can atmaq duyğusu deyilsə, öz mütləq hakimiyyətini qurmağa haqq qazanır. Yerlə-yeksan olmuş Olimp ölümsüzlərin – iblislərin ixtiyarındaydı idi, amma bu sonsuz həyat onlar üçün çarəsizliyin əlamətiydi.
Geyanın səmasında iblislərin ümidsiz iqtidarı qurulmuşdu, daha doğrusu onlar titanların xarabalığa çevrilmiş səltənətinə sığınmışdılar. Olimpin hökmünü geri qaytarıb yenidən buranı ruhlar həbsxanasına çevirmək, adamları itaətə məcbur etmək, bu, allahlarsız çətin olacaqdı.
Geyanın səmasında iblislərin ölümsüzlük erası – azadlığa məhkumiyyət dövrü başlamışdı.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO