Toyundan əvvəl "öldürülən" qız Türkiyəyə qaçdı
Bizi izləyin

Köşə

Toyundan əvvəl "öldürülən" qız Türkiyəyə qaçdı

Sevinc Xanqızı İstanbul/Türkiyə

Nədənsə əksər qız uşaqlarının taleyini bir-birinə bənzədirəm. Toyundan bir neçə gün sonra boğularaq öldürülən Fatimə, Leyla, Nərmin və başqaları...

Məncə, istənilən intihar və ya cinayətdə əsas səbəb sevgisizlikdir. Sevgisizlik, mentalitet, təmənna üzərinə qurulan arzular və s. Əslində bir ana övladından iki halda keçir: ya arzuolunmaz körpəni bətnində öldürür (abort), ya da dünyaya gətirib, arzularından xəbərsiz, ailə qurmağa məcbur edərkən... Analar qızlarından niyə keçir? Deyirlər, 9 ay bətnində qorumaq, sevib-əzizləmək, aradakı o müqəddəs bağlantını başına gəlməyən hiss edə bilməz. Bəs ana statusu daşıyanların hamısı bu hisslərə sahibdirmi? Əgər bir qızı anası sevmirsə, qorumursa o, əvvəldən yarım qalır. Kaş bəh-bəhlə hazırladığınız cehizlər əvəzinə sevgi verə biləydiniz. Sevgisizlik, dəyərsizlik ucbatından kimi canından olur, kimi də canını qurtarmaq üçün Vətənindən.

Uzaqlarda tanış olduğum Həsrət kimi... İstanbul, Kadıköy, Moda sahili... Günlük yaşamının bir hissəsi kimi ruhunu dincəltməyə gələnləri xoşbəxt hesab etmək olar, təbii ki, bizim kimi get-gəllər arasında qalan, günlərini sayan, son dəqiqələrini doya-doya yaşamağa çalışanlardan fərqli olaraq... Dəniz sahilində oynayan itin sevincini, sahibinə özünü “qəhrəman” göstərməsinimi deyim, daş üstündə oturub, çəkib-çəkib pozan qızımı?! Hava qaraldıqca, insan çoxalır bu şəhərdə. Azadlıq, sərbəstlik, rahatlıq, təhlükəsizlik insanı daha çox bağlayır. Nəhəng İstanbul, möcüzəvi şəhər, necə sevməyəsən axı?! Elə içindən bəxtəvərlik oxumağa başlayırsan ki, görəsən, insanı buranın sakini olmaqdan daha xoşbəxt hiss etdirəcək nə ola bilər? Kənardan gələn səslər fikrimi yayındırır. Səs getdikcə yüksəlir: “Başa düşmürsən, deyirəm istəmir, mənim hər şeyim var, ehtiyacım yoxdur. Darıxıram...” Əvvəl təsəlli sözləri, sonra müzakirə, 40 dəqiqəyədək davam edən mübahisə. Dostum deyir, bunlar adi haldır. İstanbulda hər cür adam var, fikir vermə. Biz söhbətə davam etdikcə, daha hərarətli qışqırıq, ardınca söyüş və rədd ol...

“Mən sənin bu halına şahid olmaq istəmirəm”, - deyib, qızı tək qoyub, gedir oğlan. Düşünürəm, indi qayıdacaq. “Bu hal” - yəni nə? Nə demək istəyirdi axı? Qızı burada tək qoyub hara getdi? Nəyi nəzərdə tuturdu? Dostum sakitləşdirməyə çalışır: “Boş ver. Burada tez-tez olur belə şeylər. Fikir vermə, gəl gedək”.

Bu arada qız yavaş-yavaş dənizə tərəf düşür. Yanına getmək istəyirəm, amma yanındakı dostuna necə qışqırdığını xatırlayıb, məni də danlayar deyə ürək etmirəm. Amma bir tərəfdən də bəs düşündüyüm olsa? Dostum yenidən təskinlik verir: “Heç nə olan deyil, gəl, gedək. Sənə pis təsir edir, belə şeylər”.

Daha çox həyəcanlamağa başlayıram. Qız gözümdən itməyə başlayır, o, aşağı - dənizə tərəf düşdükcə, yavaş-yavaş gözümüzdən itir. Gedim nə deyim, bəlkə yalan danışım, təsəlli verim. Həyatın gözəlliyindən boş-boş danışım? Ya bəlkə indi qışqırım, hamı yığışsın? Hərçənd, ətrafımız dolu adamdır, amma heç kim narahat olmur. Bir müddət sakitcə qızı izlədik. Birdən dalğa səslərinə qarışıq hıçqırtı gəldi... Ağlayırdı. Səsilə birlikdə çarəsizlik, ümidsizlik də süzülürdü. Nə edəcəyimi bilmədiyim anlardan biri... Dayana bilmirdim, axmaqcasına görülsə də, onsuz suya düşsə, tez görüb, yanına qaçacaqdıq. Bəlkə heç etməyəcək? Necə yanına gedək, bəs acıqlansa? Dostumla elə hey ondan danışırıq. Birdən nəyinsə hərəkət etdiyini gördük. Yuxarı qalxmağa çalışırdı. Bir-iki daşı qalxıb, bizə baxdı. Mənə çevrilib, “bura gələ bilərsən?” - dedi. Ayağa qalxırdım ki, “yanındakı gəlməsin”- əlavə etdi... Təəccüblü halda ona yaxınlaşdım. Əllərini tutub, mənə güvənməsi üçün yalvarmağa hazır vəziyyətdə ona baxıram. “Nə olub sənə?” - bax, mənə danış, 2-3 gün sonra çıxıb gedirəm, nə yaşamış olsan da, səni vallah qınamaram, vallah inan... Danış, bəlkə köməyim dəydi ... Nə danışdığımın elə də fərqində deyildim. Düzü, mənə güvənməsi üçün hər şeyə hazır olduğum an idi... - Niyə gəlmirdin yanıma? Sən gəlmək istəyirdin, eşitdim, yanındakı, dedi getmə. - Hə, dedi, bəlkə tək qalmaq istəyir, narahat etmə. Elə ona görə bir az toparlanmağını gözlədim. - Sözümü kəsir - mən azərbaycanlıyam, adım Həsrətdir. Bilirəm siz də azərbaycanlısınız. İntihar niyyətilə dənizə tərəf düşəndə sizin söhbətinizi eşitdim.

- Necə yəni, sən azərbaycanlısan?

- 13 ildir burada yaşayıram.

- Neynirsən burada, niyə belə edirsən? Nədir dərdin? Danış...

- Anamı istəyirəm, anam üçün darıxıram.

- Nə mane olur sənə? Niyə getmirsən?

- Onlar məni istəmir, başa düşürsən?

- Elə olmaz. Ana övladını istəməyə bilməz. Bəlkə inciyib? Bəlkə yanlış anlayıb?

- İstəmirlər... Onlar ancaq pul istəyir, pul... Mənim hər şeyim var, pulum, evim, maşınım, həyat yoldaşım... Amma onlar məni istəmir...

- Yaxşı, sənə necə kömək edim?

- Heç nə, ayağımı əzdim. Kömək elə, yuxarı qalxım.

Dostumla birlikdə birtəhər aşağı düşürtdük. Başqa hansısa köməyə icazə vermədi. Sağollaşıb, getdi. Əslində, biz uzaqlarda yaşayanların xoşbəxt həyatı olduğunu zənn edirik. Dəniz, nə yaxşı ki bizi qarşılaşdırdın. Nə yaxşı ki onu udmadın. Bu nə sənə yaraşardı, nə bizə... Amma Həsrət bu gün intiharı bacarmasa da, nə vaxtsa bacaracaq... Qızlarınızı sevin. Həyatda ən çox sevdiyiniz insanlardan, var-dövlətdən, hər şeydən çox sevin. Onları yarımçıq qoymayın. Qız övladlarınıza elə həyat bəxş edin ki, hər gün doğulduqları günə şükr etsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm