Köşə
Ən qlobal qorxunuzu yensəniz...
Bütün hadisələrin ərəfəsi gözəldir. Necə ki, uşaqlıqdan mandarin (tək bu halda naringi deməyə dilim gəlmir) alıb, ağac bəzədiyimiz xristian bayramı, necə ki, çərşənbələri odda yandırıb ağız dadımızı gah şora, gah şəkərə bulaşdırdığımız yeni günümüz...
Mövzudan uzaqlaşsam da, oğlumla elə dünən gecə verdiyimiz qərardan danışım sizə.
Yəqin analar təsdiqləyər. Bizim evdə kirpikləri yorğun-yorğun öpüşsə də, yatmamaq bəhanəsi ilə bütün bəşəri problemləri yatağına uzadıb çeynəməkdən doymayan 9 yaşlı filosof yaşayır.
Dünən də kainatın tükənməyən problemlərinə əncam çəkərkən soruşdu ki, niyə biz bütün bayramları qeyd etmirik? Yəni planetdəki icmaların, millətlərin ən təmtəraqlı, rəsmi, ya qeyri rəsmi şənliklərinə niyə biganə yanaşırıq? Sən heç bilirsənmi, ABŞ-ın Ueyn şəhərində 15 iyul toyuq bayramı kimi qeyd olunur? Həmin gün hamı toyuqlarla rəqs edir...
Sən demə, bu dünyada “pişik”, “tütünsüz gün”, “təraş maşını”, “şirniyyat”, hətta “pomidorların mübarizəsi” kimi bayramlar varmış.
Biz bu dünyada cəmi bir dəfə, amma hər gün yaşayırıqsa, ömrümüzdən keçən hər saatı bayrama çevirməyə məcburuq. İçimizdəki, ovcumuzdakı, sinəmizdəki o balaca uşağın dünyasını bozartmamaq üçün birinci ona məcburuq.
Məişət fobiyalarımı kənara qoyub daha qlobal qorxularımdan danışsam, mənimçün ən böyük xof elə dünyanın mənimçün həqiqi mənada sonu - ölüm idi.
Anamın ölümündən sonra özümün də bir gün torpağa qarışacağımı anladım. Və onda oğlumun ayaq basdığı yerə ana torpaq deyəcəyini yəqin etdim. Bir həqiqəti də dərk etdim ki, bu dünya əbədi həyatımızın hazırlıq mərhələsidir. Orada insanların sıraya düzülüb, əməllərinə görə qiymətləndiriləcəyinə xüsusi inamım yoxdur. Mələklərin, cinlərin əbədi həyatımızda iştirakını da heç cür fantaziyama sığdıra bilmirəm.
Mənim naif məntiqimə əsaslansaq, hadisələrin şəkil dəyişdirməsi də məhz bir məqamın çiynindəki yükdən ibarətdir. Məsələn, günlərlə hazırlığını görüb, qonağa-qaraya qarışdığın yeni ilin dadı 00:00-dan 00:01-ə qədərdir. Qətl sınanadəkdir insanlara pulsuz su paylamaq həvəsimiz. Gözümüzdə böyütdüklərimizin cazibə qüvvəsinin yerə çəkməyi ürəyimizdən düşən o göz qırpımı uzunluqdadır.
Bilmirəm, bəlkə də ölümdən sonrakı ömrümüz də belə yeknəsəkdir. Bəlkə oradan da hər ilin başı keçid edəcəyimiz növbəti həyatlarımız var. Çünki haldan-hala keçərkən sağ qalan tək zərrəmiz olsa belə, yoluna davam etmək üçün ən kiçik bayramı qeyd etməyə ehtiyac duyacaq?! Hər il yenilənmək üçün ümidini ərəfələrə böləcək?!
Sizi bilmirəm, mən sırf bu keçidlər üçün ölümü dadacağımdan qorxmuram. Hə, bir də “bütün canlılar bir gün gedəcək” teoreminə deyil, “anam artıq yoxdursa, mən də bir gün öləcəm” prinsipinə sadiq qalmağı seçirəm.
Leyla Sarabi
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var








.jpg)

















