Elə bilirdim ki, bütün sarışın qadınlar...
Bizi izləyin

Köşə

Elə bilirdim ki, bütün sarışın qadınlar...

Bəzən insan nəyin xatirinə nəyi qurban verdiklərini dərk etmədən savaşa atılır. Bəzən insan ali amal uğrunda ən bayağı silahla vuruşmağı seçir. Bəzən insan sevginin nə olduğunu öyrənmədən aşıq olmuşam deyir. Van Qoqun günəbaxanlarını şorbalayıb ekologiyaya ədalət tələb edən iki ağıldan kəm kimi. Marketin ağartı məhsullarını yerə töküb selə döndərən veqan yığını kimi...

Bəzi durumlar var həm gülməli, həm ağlamalı... Nə gülməli, nə ağlamalı. Öz məqsədlərini unudub kütləyə qarışmaq kimi. Məsələn, mən özüm nə istəyirəm deyil, ətrafım belə olmağımdan zövq alsın deyə yaşamaq. Öz yolundan azıb başqalarının izi ilə addımlamaq. Mən uşaq ikən sarışın qızların daha gözəl olduğuna bərk inanardım. Onların bizdən, məndən bir pillə yuxarıda olduğuna şübhə bəsləməzdim. Ona görə yox ki, ailəmin torpağından şirələnmirdim. Ona görə yox ki, anam, atam sevgimi balaca dilimlərə bölürdülər. Əsla!

Sevgiyə qarnım tox, cibim dolu idi. Amma o dövrün gözəllik simvolu sarışın, mavi gözlü barbilər idi. Bəlkə də bəziləri indi əfsanəvi personajların qaradərili təqdim olunmağına istehza ilə yanaşır. Hətta bu günlərdə kraliça Elizabetin həyatından Netfliksin çəkəcəyi xəyali filmdə mərhumə qaradərili təqdim olunurdu. Bu qədər pafosa gərək duymasam da, ideyanı ikiəlli dəstəkləyirəm.

Məsələn, su pərisi Arielin yeni cizgi filmində qaradərili obrazı minlərlə əsmər qızın gözünə işıq saçmışdı. Bəlkə də videonu izləyənlər var aranızda. Hətta biri dönüb anasına: Bu nə yaxşı zarafatdır- demişdi. Əlində insanların dərisinin, gözünün rənginə görə gözəllik göstəricilərinə cavab vermədiklərini, ümumiyyətlə belə bir ölçü vahidinin olmadığını sarışınlardan ibarət Avropada yaşadıqca öyrəndim. Bir dəfə fransız rəfiqəm qaşlarımın rənginin gözəl olduğunu dedi. Günəş sarısı, dəniz mavisi qadın mənim gözümdə adiləşdirdiyim qara qaşlarımı çox sevdiyini dönə-dönə təkrarladıqca, öz qaşlarının rənginin dərisindən seçilmədiyindən şikayətləndikcə, anladım ki, gözəllik əslində bizə əlçatmaz olan nəsnələrdir. "Sizin qızların hamısının qaşı, gözü belə tünd və cazibədardır?"- sualı o qədər qəribə idi ki...

Ona qədər mən elə bilirdim ki, bütün sarışın qadınlar öz fövqəltəbii gözəlliklərinin fərqindədirlər. Məgər mən də gözələmmiş. Mənim ki, zülmət gözlü qızlar da sarışınların həsrət nöqtəsiymiş. Hələ bir sarıdan bir qaradan törəyənlər dünyanın mükəmməl irqi imiş. İllər boyu sevilsəm də, elə həmin sevənlərin rəğbəti ilə böyüdən də, mən özümə sarışın qadının bir cümləsində tam qucaq açdım. Əslində mən tək deyildim. Mənim kimi bir çox balaca qız böyüyüb özünü tapmadığı üçün, qocalıb üstəlik oğluna sarışın, ağbəniz qız seçməklə öz "məğlubiyyət"ini ört-basdır edir. Bəzən öncə özünlə sülh sazişi imzalamalısan. Bəzən ən böyük silahın da qara qaşın, kömür gözün olmalıdır. Bəzən əmin olmalısan ki, istənilən durumun yenilməz qalibi sənsən.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm