Qardaşı Müaviyə ilə anlaşanda Hüseyn narazı qalmışdı
Bizi izləyin

Köşə

Qardaşı Müaviyə ilə anlaşanda Hüseyn narazı qalmışdı

III məqalə

KƏRBALANIN KARVANI, KƏDƏRİN KODLARI

Kərbala qədər heç bir müsibətə bu qədər göz yaşı tökülməmiş, heç bir tarixi hadisə bəşərn vicdanında bu qədər böyük yara açmamışdır. Kərbala şəhidləri əsrlər keçdikcə tarixin qanlı səhifələrinin qəhrəmanlarına çevrilmişdir.

Ancaq hadisələrin üzərində nağılvari təhkiyəni, mifik təfəkkürü götürmək, ona zəkanın soyuq prizmasından baxmaq baş vermiş faciəni anlamaq yolunda atılan ilk addımdır.

O gün orda nə olmuşdu? O ordular niyə qarşı-qarşıya gəlmişdi? Haqq kim idi, batil kim? Yalana həqiqətin başını kəsəcək qədər qüdrət verən nə idi? Bu düşmənçiliyin tarixi kökləri nə idi?

Hüseyni şəhidlərin ən ucasına çevirib Yezidi lənət girdabına batıran Kərbalanı anlamağın zamanıdır.

Əvvəli yazılar...

Birinci yazı: https://publika.az/projects/xususi/418751.html

İkinci yazı: https://publika.az/projects/xususi/419245.html

***

Əlinin öldürülməsindən sonra taxta çıxan Həsənin zamanında vəziyyət gərgin idi. Bir tərəfdən islam dünyasında ikitirəlik hökm sürür, digər tərəfdən Müaviyə Həsənin yaxın ətrafını ələ almaq üçün durmadan çalışır və əksər hallarda müvəffəq olurdu. Həsənin doğma əmisi oğlu Übeydullah minlərlə əsgərdən ibarət ordusu ilə Müaviyənin tərəfinə keçmişdi. Əmisi Aqil (Əlinin qardaşı) düşmən sıralarında idi.

Üstəlik, ağır döyüşlərdə on minlərlə müsəlman həlak olmuşdu, cəmiyyətin üzərində dərin bir üzüntü və güclü bir fitnə hakim idi. Böyük çətinliklərlə topladığı ordu belə Müaviyənin ordusu qarşısında zəif görünürdü. Həsən Müaviyəyə qarş hərbi qələbə qazana bilməyəcəyinə əmin idi. Buna görə də o Müaviyə ilə sülh bağlamağa razı oldu. Əslində Müaviyə xəlifəliyi özündə saxlamaq üçün hər şeyə hazır idi, hətta Həsənə boş kağız göndərib istədiyi şərtləri ora yazmasını və hamısını qəbul edəcəyini xəbər vermişdi.

Sülhə qarşı çıxanlarında başında isə Həsənin doğma qardaşı Hüseyn gəlirdi. ancaq Həsənə müqavilə imzalamaqdan başqa heç bir yol qalmamışdı. Müqaviləyə görə Həsən Müaviyənin xeyrinə taxtdan çəkilirdi. Bunların əvəzində isə Müaviyə hər il dövlət büdcəsindən Həsən və Hüseynə 8 milyon dirhəm ödəyəcək, cümə xütbələrində Əli təhqir olunmayacaqdı.

Açığı, müqavilənin bəzi şərtləri barədə tarixçilər arasında mübahisələr də mövcuddur. Belə ki, Müaviyədən sonra Həsənin xəlifə olacağı da qeyd olunsa da xilafətin Müaviyədən sona qurulacaq şura ilə seçiləcəyi barədə də fikirlər var. Ancaq fakt bundan ibarətdir ki, Müaviyə oğlu Yezid üçün biət alacaqdı. Bu ərəblərdə misli görünməmiş bir qayda idi və Müaviyənin planlarını gizlətmədiyi də müşahidə edilir. Daha dramatik və hətta ağrılı olan isə ən görkəmli islam komandirlərindən olan Əlinin təhqir edilməməsi haqqında bəndin müqaviləyə salınması idi. Müaviyənin tezliklə bu şərti pozacağını və xütbələrdə Əlini öz mollalarına təhqir etdirəcəyi gözlənilən idi. Elə də oldu...

Siyasət səhnəsindən çəkilən Həsən Müaviyə ilə bağladığı müqavilədən sonra on ilə qədər yaşadı. Onun arvadı Cudə tərəfindən zəhərləndiyi, Cudənin bu cinayət müqabilində Yezidə ərə gedəcəyi, ya da 100 min qızıl ənam alacağı deyilsə də tarixçilər məsələ ilə bağlı yekdil fikrə gələ bilməmişlər.

Həsən anasının yanında dəfn edildi, halbuki o babası olan Peyğəmbərin yanında dəfn edilməyi vəsiyyət etmişdi. Şiələr bu işdə peyğəmbərin arvadı Ayişəni, sünnilər isə əvvəlki yazılarımızda bəhs etdiyimiz Peyğəmbərin ölüm əmrini verdiyi Ümeyyoğullarından olan Mərvanı günahlandırır. Bir sözlə, bu məsələdə də yekdillik yoxdur, ancaq Həsənin babasının yanında dəfn edilməməsi dəqiqdir.

Kərbalaya isə az qalırdı...

Bu yerdə hadisələrin gedişatına ara verib Hüseynin şəxsiyyəti və xarakteri haqqında bəzi məqamları da aydınlaşdırmağa ehtiyac duyuruq. O, 626-cı ildə, Peyğəmbərin vəfatından 7 il əvvəl doğulmuşdu. Həsəndən iki yaş balaca olan Hüseyn eynən böyük qardaşı kimi Əbu Bəkr və Ömərin zamanında ictimai işlərdə aktiv görünmürdü. Bunu həm onların yaşı, həm də yuxarıda bəhs edilən soyuq münasibətlə izah etmək olar.

Atası Əli xəlifə olduqdan sonra onunla birgə Kufəyə gedən Hüseyn atasının bütün hərbi yürüşlərində iştirak etdi. Atasının öldürülməsindən sonra qardaşı Həsənə biət və itaət edən Hüseyn qardaşının Müaviyə ilə sülh bağlamasından narazı olsa da ona qarşı çıxmadı və Kufədən Mədinəyə qayıtdı. (Hazırda İraqın Nəcəf bölgəsində yer alan Kufə Hüseynin də taleyində mühüm rol oynayacaqdı. Bu şəhəri Əli İslam xilafətinin paytaxtı seçmişdi)

Həsənin vəfatından sonra kufəlilər məktub yazaraq atasının və qardaşının intiqamını almaq istədiklərini bildirirdilər. Ancaq Müaviyə Hüseynə məktub yazaraq bu fitnələrə uymamasını xahiş etdikdə Hüseyn “Mənim səninlə döyüşmək fikrim yoxdur” cavabını vermişdi. İstər şiə, istərsə də sünni mənbələrində Hüseynin Müaviyəyə qarşı aktiv siyasi və ya hərbi iş apardığı barədə heç bir qeyd yoxdur. Müaviyə öz sağlığında çox cəhd göstərsə də Hüseyn və Abdullah ibn Zübeyrdən Yezid üçün biət ala bilmədi.

(Abdullah ibn Zübeyr də Kərbala faciəsindən sonra üsyan bayrağı qaldıraraq özünü xəlifə elan edəcək və Əməvilərə qarşı döyüşəcəkdi. )

Hüseynin aktiv fazaya keçməsi də məhz bu biət istəyi ilə bağlı idi. Biəti isə istəyən Mərvandan başqası deyildi. Həmin bu Mərvan Peyğəmbərə və müsəlmanlara ən ağır əziyyətlər edən və Peyğəmbərin əmri ilə ölüm cəzası sürgünə çevrilən bir insan idi. Və indi bu insan Mədinə əhlini məscidə yığlb onlardan Yezidə biət etmələrini istəyirdi. Müsəlmanlar arasındakı narazılığın bir səbəbi Mərvan idisə digər əsaslı səbəb də hakimiyyətin atadan oğula keçməsi ilə bağlı narazılıq idi.

Hüseyn ağıllı və tədbirli bir insan idi. Biət hökmünü qəbul etmədiyini üçün Mədinədə ölüm təhlükəsi altında yaşadığının da fərqində idi. Buna görə də ailəsini götürüb təcili şəkildə Məkkəyə qayıtdı. Və o Məkkədə kufəlilərdən onu hakimiyyətə dəvət edən məktublar almağa başladı. Hətta kufəlilər onunla danışıqlar aparmaq üçün bir heyət də göndərdi. Gələnlər Yezidin hakimiyyəti ilə barışmadıqlarını, xəlifəliyi Hüseynə layiq gördüklərini bildirirdilər.

Hüseyn yenə də tədbiri əldən buraxmadı. Əmisi oğlu Müslümü vəziyyəti yerində öyrənmək üçün Kufəyə göndərdi. Müslümün Kufə məscidindəki çıxışından sonra minlərlə adamın Hüseynə biət edib onu xəlifə kimi tanıdığı da rəvayət edilir. Hüseyn Müslümün biət haqqında məktubunu aldı. Ancaq Kufədə vəziyyət sürətlə dəyişiləcəkdi.

Müslümün Kufə məscidindəki çıxışı Kufədə dərin siyasi böhran yaratdı. Yezid Kufə valisini dəyişərək Müslümün qətlə yetirilməsini əmr etdi. Ayağa qalxan xalq Müslümə qoşuldu. Müslüm də xalqın önündə gedərək yeni valinin qəsrini mühasirəyə aldı. Ancaq Kufə ağsaqqallarının nəsihətindən sonra Müslümün ətrafındakı insanlar dağılışdı. Yanında cəmi 30 adam qalmışdı. Bir evdə gizlənən Müslümün yeri valiyə xəbər verildi və o öldürüldü. Müslümün Kufədəki xəyanət barədə Hüseynə xəbər verməyə macalı olmadı. Və Hüseyn yola çıxdıqda Müslümün ölümündən də, kufəlilərin xəyanətindən də xəbərsiz idi.

Xilafət səltənətə çevriləcək, illərdir davam edən zülm Yezidin xəlifəliyi ilə möhkəmlənəcək və islam dinin gətirdiyi ədalət, humanizm dəyərləri məhv olacaqdı. Bunu hər kəs görürdü, ancaq bu yolda mübarizəyə atılan Hüseyn oldu.

Onu şəhidlik gözləyirdi...

Qan Turalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm