Ah, Almaniya, Almaniya...
Bizi izləyin

Köşə

Ah, Almaniya, Almaniya...

Qan Turalı

Almaniyanın görkəmli 2014 zəfərindən sonra ardıcıl olaraq 2018 və 2022 çempionatlarında qrupda qalması tarixi bir hadisədir. Heç bir zaman belə bir şey olmamışdı. Ancaq bu nəticənin ortaya çıxması polemika üçün kifayət qədər əsaslar verir.

Oyundan sonra məşqçi Hans Flink “Günah özümüzdədir” dedi. O bunu İspaniyada günah axtaran azarkeş və şərhçiləri nəzərdə tutaraq söyləmişdi. Doğrudan da, Yaponiyaya qalib gələ bilməyən Almaniyanın İspaniyadan bunu istəməyi nə dərəcədə məntiqli idi?

Almaniyanın qalib gələ bilməməsində Yaponiya ilə oyunda aldığı məğlubiyyət də əhəmiyyətli rol oynadı. Ancaq məsələ bunun qədər sadə deyil. Belə ki, daha əhəmiyyətli olan İspaniya ilə oyundakı heç-heçə idi. Almanlar hesabı bərabərləşdirdikdən sonra geriyə çəkildilər və bu hesab onları tamamilə qane edirdi. Eləcə İspaniya da ehtiyatlı oynayaraq almanlardan alınan bir xalı özləri üçün yetərli sayırdı.

Hesabda olmayan bir şey vardı, Yaponiyanın İspaniya üzərindəki qələbəsi... Və bu qələbə qrupda çox şeyi dəyişirdi. Hətta, Kosta Rikanın Almaniya üzərində üstünlük qazandığı dəqiqələrdə İspaniya da qrupda qalırdı. İspanların əlində bir silah vardı, Kosta Rika üzərində qələbədən qazanılan böyük top fərqi. Almanların oyunun son hissəsində isə 7 top fərqini qazanması çox çətin olacaqdı.

Ancaq ilk qoldan sonra almanlar oyunun tempini aşağı saldılar. Çünki əks tərəfdə İspaniya qalib gəlirdi və hər şey ssenariyə uyğun şəkildə gedirdi. Alman texniki heyətinin hesaba almadığı bir şey baş verdi və Yaponiya İspaniyaya qalib gəldi. Bu halda ilə top fərqi almanların əleyhinə işləyirdi. Hər nə qədər Almaniya yığması “alman maşını” kimi ifadə edilsə də 7 topluq üstünlüyü qısa zamanda təmin etmək mümkünsüz idi.

Yaponiya ilə İspaniya arasındakı heç-heçə olacağı təqdirdə almanlarla yaponların xalları eyni olacaqdı, top fərqini isə almanlar sürətlə təmin etdilər. Bu cür kritik bir oyunda 1-2 hesabı ilə geri düşüb arxasınca üç qol vurmaq heç də asan məsələ deyildi. Almaniya bunu bacardı. Bu isə kifayət etməyəcəkdi.

Bəlkə də Almaniya ilk hissədə Kosta Rikanın müqavimət əzmini qıraraq onların qapısından 7-8 top keçirdə bilərdi. Almanların bu üstünlüyü təmin edəcək təhlükəli vəziyyətləri də vardı. Ancaq onlar yanlış bir hesaba, İspaniyanın qələbəsinə oynamışdılar.

Yeri gəlmişkən, İspaniyanın bilərəkdən uduzaraq Mərakeşlə qarşılaşmalarını təmin etməklə bağlı ortaya atılan ssenarilər də reallıqdan uzaq idi. Çünki Kosta Rikanın qələbəsi İspaniyanı qrupda saxlayacaqdı, bu yerdə Yaponiya qarşısındakı məğlubiyyət ispanlar üçün ölüm fərmanı idi. Xorvatiya ilə Mərakeşin hansının ispanlar üçün asan rəqib olacağını kəsdirmək də asan deyil. Bəlkə də, Xorvatiya tanış komanda olduğu üçün daha rahat olardı. İspaniyanın Braziliya ilə qarşılaşmamaq üçün bu addımı atdığını deyənlər isə İspaniyanın “İngiltərə-Seneqal” və “Fransa-Polşa” cütlüklərinin qalibləri ilə qarşılaşacağını unudurlar. Luis Enrikenin də dediyi kimi qarşılarına kuboku almaq məqsədi qoyan komanda üçün bu cür qarşılaşmalar təbiidir. Heç kim Qətəri, Kanadanı, İranı udaraq kuboku ala bilməz... Son səkkizliyə qalmaq isə İspaniya üçün uğur sayılmır.

Almaniyaya gəldikdə isə xüsusən onun idarəsi Yurgen Klinsmannın əlinə keçdiyindən bəri çox fərqli bir oyun tərzinə keçmişdi. Karyerası ərzində bir Dünya bir də Avropa Kuboku qazanmış əfsanəvi hücumçu fəaliyyətə başlayan kimi kapitanlığı Oliver Kanndan alaraq Mixail Ballaka həvalə etdi. Çünki Almaniyanın müdafiə futbolu oynayan bir komanda olmasını istəmirdi. Onun fikrincə, qapıçının kapitanlığının rəmzi mənası bu idi.

O zamandan bu yana güclü hücum futbolu oynayan Almaniya ənənəvi taktikasından vaz keçdi. Belə ki, əvvəlki dövrdə almanlar güclü müdafiə, ağr fiziki oyunla rəqibin qapısına əks-hücumlarla yol tapırdı. Klinsmannın köməkçisi Yoaxim Löv Dünya kubokunu qazandı. İndiki məşqçi Hans Flik də Lövün köməkçisi idi. O da hücum futbolu ənənəsini davam etdirdi. İndi Amaniya futbolunun siması gənc hücumameylli yarımmüdafiəçisi Camal Müsieladır. Almaniya baxımlı futbol oynayır. Xüsusən də, orta sahədə pres tətbiq edərək müdafiə qurmağın dəb olduğu bu çempionatda Almaniyanın oyunu göz oxşayırdı. Mütəxəsssislərin dediyi kimi Almaniya Braziliya kimi oynayırdı.

Almaniya bu çempionatın ən çox qol vəziyyəti yaradan komandası idi. Ancaq bir problem də komandanın parlaq bir hücumçusunun olmaması idi. Kloze kimi orta səviyyəli bir hücumçu ilə Dünya kuboku alan Almaniya bu dəfə bu mövqedə çox zəif görünürdü. Bu problemi Hans Flik mətbuat konfransında da vurğuladı.

Ancaq Almaniyanın gələcəyi qarşıdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm