Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA
Bizi izləyin

Nida Təhlil

Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA

QATİLLƏ QURBAN ARASINDA

Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə protokolları, şahid ifadələri və müşahidələr əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.

IV yazı

Əvvəlki yazılar:

1. İlkin Nərmini niyə öldürdü? - İTTİHAM AKTINDA YAZILANLAR

https://publika.az/az/news/xususi/398402

2. İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ

https://publika.az/az/news/tehlil/398569

3. Nərmin harda saxlanılıb və necə öldürülüb? - İSTİNTAQ ÖZÜ-ÖZÜNÜ TƏKZİB EDİR

https://publika.az/az/news/crime/399139

10 yanvar 2020-ci ildə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb olunduğu qeyd edilirdi.

Maraqlı məqam növbəti abzaslarda idi: “İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb”.

Bəs “qanabənzər ləkələr” məhkəmə-bioloji ekspertizasında araşdırılarkən hansı nəticələr ortaya çıxdı? Cinayət işinin sözsüz ki, ən kilid məqamı budur.

İki həftə sonra, yanvar ayının 24-ündə məhkəmə bioloji ekspertizasının rəyi istintaqa təqdim edilmişdir. Ekspertizanın nəticələri bu cürdür:

  • Quliyeva Nərmin Şərif qızının qan qrupu A beta(H)/II/, Süleymanov İlkin İbrahim oğlunun qan qrupu B alfa (H)/III/ olduğu müəyyən edilmişdir.

  • İlkin Süleymanovun yaşadığı evdən götürülmüş karton parçası və İlkin Süleymanova məxsus ayaqqabı üzərindəki ləkələrdəki qanın növünü təyin etmək mümkün olmadı.

  • Nərmin Quliyevaya məxsus yanmış geyim əşyalarının qalıqları üzərində insan qanı ləkələri A beta (H)/II/, qruplu şəxsə, o cümlədən Quliyeva Nərmin Şərif qızına məxsus ola bilər.

Üç gün sonra İlkin Süleymanovun yaşadığı evdə, suvaq hissəsində olan ləkə araşdırılır və həmin ləkənin də II qan qrupuna aid olduğu müəyyən edilir. Yəni ki, qan ləkələri A(H)/II/ qruplu şəxsə, o cümlədən, Quliyeva Nərmin Şərif qızına məxsus ola bilər.

Semantik baxımdan “ola bilər“ sözünün izahı bu cürdür: “Olmaya da bilər”. Ancaq məhkəmə prosesində bu məqam araşdırılarkən ortaya ziddiyyətli bir məqam çıxdı. Nərminin sənədlərində onun I qan qrupuna aid olduğu göstərilirdi. Media bu barədə yazdıqdan sonra Baş Prokurorluq qısa və soyuq bir açıqlama yaydı: “Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib. Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyil".

Azərbaycan praktikasında qan qrupunun səhv yazılması kifayət qədər geniş yayılmış situasiyasıdır. Bu mənada ekspertlərin onun qan qrupunu II kimi müəyyən etməsi ziddiyyət təşkil etmir. Baş Prokurorluğun dediyi doğruya çox bənzəyir. Ancaq burda daha vacib bir sual vardır ki, təəssüf ki, nəzərdən qaçırılır.

Nəyə görə məhkəmə-bioloji ekspertizası qan ləkələrini araşdırarkən onların hansı qrupa aid olduğunun üzərində dayanır, ancaq genetik test, DNT analizi tətbiq etmir. İlkin Süleymanovun ailəsi də məhkəməyə təqdim etdiyi arayışda hər birinin II qan qrupuna mənsub olduğunu bildirir. Məlumdur ki, eyni qan qrupuna məxsis milyardlarla insan var və qan ləkəsinin hansı qrupa aid olması heç bir nəticə verməyəcəkdir. Ancaq və ancaq DNT analizi qanın Nərminə aid olması ilə bağlı dəqiq məlumat verə bilər.

2012-ci ildə Ankara polisi jandarma əsgərinin qətlini araşdırarkən hadisə yerindən tapılan bir siqaret kötüyündən qatilin DNT-sini müəyyən edərək onu şübhələndiyi bir şəxsin DNT-si ilə qarşılaşdırmış və qatilin o olduğunu aşkarlamışdı.

Hazırda qan qrupu analizləri aparılmır, bu tarixin arxivinə verilmiş bir üsuldur. Ölkəmizdə DNT analizi geniş şəkildə tətbiq edilir. Nərmin Quliyevanın şəxsiyyəti də məhz DNT analizi ilə müəyyən edilmişdir. Təəssüf ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bəhs edilən qan ləkələrinin DNT analizi əvəzinə qan qrupu analizi aparılmışdır. Bu məqamı heç bir hüququ və elmi əsasla izah etmək mümkün deyildir.

Qan ləkələrindən əlavə 5 saç tükü də tədqiq edilməsi üçün ekspertizaya verilmişdir. Həmin saç tüklərinin Nərminə aid olub-olmadığı barədə isə ekspertiza belə rəy vermişdir: “Tüklərdən 4 ədədi Quliyeva Nərmin Şərif qızının baş tükü nümünələri ilə müqayisə edildikdə kəskin fərqlidir. Göstərilən bu tük ilə nümunə tükləri arasında morfoloji xüsusiyyətlərinə görə oxşarlıq müəyyən olunsa da, tüklərə dair bir tükə görə identifikasiya aparmaq məqsədəuyğun hesab edilmir. Belə halda müqayisə edilən tüklərin morfoloji xüsusiyyətlərinə görə yalnız oxşarlığı qeyd edilir”.

Saç tükləri analizlərinin də üçdə bir nisbətdə səhv nəticə verdiyini, DNT analizi kəşf edildikdən sonra ABŞ-da aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir. Və ekspertizanın bu cür arxaik metodları tətbiq etməsi həqiqətən də problematik xarakter daşıyır. Ancaq bununla belə tüklərin formasına uyğunluğu barədə ekspertiza da həmin saç tüklərinin Nərmin Quliyevaya aid olduğunu təkzib etmişdir.

Nərmin Quliyevanın 47 gün saxlanıldığı və öldürüldüyü iddia edilən evdə ona aid nə bir qan ləkəsi, nə bir saç, dırnaq, nə də dəri parçasının aşkarlanmaması təkcə həyatın təbii axarına yox, eləcə də tibbi ekspertizanın prinsiplərinə ziddir. Ehtimal etmək qalır ki, istintaqın əlində Nərminlə identiklik təşkil edən bir sübut vardır.

Təyin edilmiş məhkəmə kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2020-ci il tarixli rəyinə görə Nərminin sağ əlinin dırnağının səthində tapılan gümüş metal rəngli boya tapılmışdır. Və bu boya İlkin Süleymanovun hamam sobasının qapısının cəftəsindəki boya ilə rənginə, təbiətinə və tərkibinə görə uyğundur.

Başqa cür desək, Nərminin dırnağındakı boya ilə İlkingilin hamam cəftəsi eyni rəngdədir. Ancaq bu qədər. Həmin boyanın hamam cəftəsindən qopub-qopmadığı göstərilmir, nə zamansa boyanmış bu cəftənin Nərminin əlinə necə və niyə yapışdığı bilinmir. Sadəcə rəngləri eynidir... İzah bu qədər.

Məhkəmə-bioloji və məhkəmə kimyəvi ekspertizasının sübutları bunlardır....

Davamı olacaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm