Aytən Cavanşir: “Gözəl aktrisaların həyatı kişilərlə zəngin olur” - MÜSAHİBƏ
Bizi izləyin

Layihə

Aytən Cavanşir: “Gözəl aktrisaların həyatı kişilərlə zəngin olur” - MÜSAHİBƏ

Çox istədiyin insandan müsahibə alanda istəsən də, obyektiv ola bilmirsən. Ümumiyyətlə, tanıdığın insana sual seçmək çox çətindir. Üstəlik, həmin insan hörmət etdiyin dostun və yazıçıdırsa, burada jurnalistin işi ikiqat çətin olur.

Publika.az-ın “Kokteyl” layihəsinin buhəftəki qonağı adaşım və yaxın dostum, “Vəkil”, “Ayaqlarım üşüyürdü” kitablarının müəllifi Aytən Cavanşir oldu. Aytənlə müsahibəyə başlayanda yuxarıda sadaladığım səbəblərdən dolayı bir qədər həyəcan keçirirdim. Amma sağ olsun, müsahibimin mülayim cavabları sayəsində həyəcanım ilk dəqiqədəcə yox oldu.

“Uşaqlıq məhəbbətimdir”

- Xoş gördük, Aytən. Çoxdandır ki, görüşmürük, səni görməyə şad oldum...

- Çox sağ ol, elə mən də.

- Dostunu sevmək, onunla fəxr etmək çox xoş hisslərdir. Yeni kitabının işıq üzü görməsi məni həqiqətən çox sevindirdi. Səni yeni “Pərdələri çəkin” kitabının çıxması münasibəti ilə təbrik edirəm və inanıram ki, maraqla qarşılanacaq.

- Təşəkkür edirəm.

- Necə oldu ki, fransız, italyan aktyor və aktrisalarının həyat və yaradıcılığından bəhs edən kitab yazmaq qərarına gəldin?

- İtalyan və fransız filmləri, eləcə də mahnıları mənim uşaqlıq məhəbbətimdir. İtaliyaya, Fransaya xüsusi rəğbətim var. Həmin ölkələrə olan sevgimi, onların incəsənətinin qaymaqlarını kitab vasitəsi ilə çatdırmaq istədim. Qeyd edim ki, “Pərdələri çəkin” fransız və italyan aktyorlarının həyat və yaradıcılığından bəhs edən Azərbaycan dilində çıxmış ilk kitabdır. Hətta deyərdim ki, ölkələrimiz arasında körpü rolunu oynayacaq. Bu, səfirlik səviyyəsində bir işdir. Düzdür, səfirliklər müəyyən fasilələrlə konsertlər təşkil edirlər. Amma bu kitabı istənilən adam istənilən vaxt əldə edə, İtaliyanın, Fransanın kino və musiqisi ilə yaxından tanış olmaq şansı qazana bilər.

- Səfirliklərin kitabından, təşəbbüsündən xəbəri var?

- İtaliya və Fransa səfirliklərinin təşkil etdiyi əksər konsertlərdə iştirak edirəm. Lakin bu kitaba görə heç bir maddi kömək istəməmişəm. Əslində, bu içdən gələn bir işdir. Ümumiyyətlə, kitabı ərsəyə gətirəndə maddi tərəfi düşünmürdüm.

- Kitabın adı isə çox cəlbedicidir...

- Razıyam, amma bu adı sırf maddiyyatı düşünərək qoymamışam. Kitab dünyaşöhrətli ulduzların şəxsi həyatından bəhs etdiyi üçün belə adlanır. Avropa ulduzlarından danışırıqsa, bəlli məsələdir ki, onların şəxsi həyatı elə də nümunəvi olmayıb. Məsələn, Vivyen Li, Elizabet Teylor, Bricit Bardo və digər gözəl aktrisaların həyatı kişilərlə zəngin olub. Orada gözəl qadının həyatı boyu bir neçə kişi ilə coşğun məhəbbət macəralarının olması, bizdən fərqli olaraq normal qarşılanır. Avropada insanlar ailə qurmağa tələsmirlər. Bir-birilərini tanımağa çox vaxt sərf edirlər.

- Elizabet Teyloru və digərlərini nümunə çəkdin. Səncə, bir insan neçə dəfə sevə bilər ki?

- Məncə, normal insan bir dəfə sevir. Şəhvətlə ülvi hissləri bir-biri ilə qarışdırmaq olmaz. Yaraşıqlı və məşhur kişinin ətrafında minlərlə qadın olur. Sözsüz ki, qadınlar özləri ona can atırlar. Məşhurlardan söhbət gedirsə, onlara haqq qazandırmasam da, müəyyən mənada onları başa düşürəm. Marçello Mastroyannini misal götürək. O, italiyalı xanımla evli ola-ola Katrin Denyova aşiq idi. Marçello Mastroyanninin həyat yoldaşı ərinin başqa qadınla yaşadığını bilsə də, onu illərlə gözlədi. Hətta aktyora – ərinə dost kimi məsləhətlər də verirdi. Bir dəfə Marçello göz yaşları içində Parisdən ona zəng edib Katrinlə ayrıldığını deyəndə Mastroyanninin həyat yoldaşı Flora: “Parisdə oturub beynəlxalq zənglərin pulunu ödəməklə məşğul olmaqdansa, evinə – Romaya qayıt” – deyir. Flora qeyri-adi qadın deyildi, sadəcə, ərini sevirdi, həm də ailəyə bağlı olan klassik italyan xanımı idi.

- Səncə, bu kitabla ulduzların nümunəvi olmayan həyat tərzini təbliğ etmirsən ki?

- Bu cür münasibətləri dəstəkləmirəm. Lakin nəzərə alsaq ki, söhbət Marçello Mastroyannidən gedir, məncə, onu bağışlamaq olar. Həm də hər bir insan öz şüuruna görə hərəkət etməli və öz mülahizələri əsasında yaxşını pisdən seçməyi bacarmalıdır. İfrat azadlığın tərəfdarı deyiləm. Çünki bu, özbaşınalığa gətirib çıxarır. Qadağaları da sevmirəm. İnsan öz hisslərini boğmamalıdır. Əlbəttə ki, mən də istəyərdim ki, bir insanla xoşbəxt olmaq mümkün olsun. Ancaq bir dəfə alınmayıbsa, insanın ikinci dəfə ailə həyatı qurmağa haqqı çatır.

- Bir qadın niyə vətəndaş nikahında yaşasın?

- Qadının və ya kişinin öz həyatını istədiyi kimi yaşamalı olduğu fikrindəyəm. Bizim cəmiyyətin ən böyük problemi ondadır ki, qadının həyat yoldaşı dözülməz, amansız olsa da, mütləq onunla yaşamalıdır, - düşüncəsi hökm sürür. Ya da tanış olduğu ilk kişi ilə ailə qurmağa məcbur edilir. Çox vaxt da cütlüklər görüşmədən, bir-birini tanımadan evlənirlər. Kənardan xoşbəxt görünsələr də, Azərbaycan ailələrinin əksəriyyəti ideal deyil. Bilirsən, bu, nəyə bənzəyir? Kənardan alma çox dadlı görünür, onu yemək istəyəndə isə içindən qurd çıxır. İnsan öz ağıl və hisslərinə görə qərar verməlidir, ətrafın və bəsit düşüncəli adamların fikri elə də önəmli deyil.

“O, mənim üçün əsl qadınlıq nümunəsi idi”

- Bu kitabı yazanda ən çox kimin həyatı səni təsirləndirdi?

- Deyərdim ki, hər biri. Məsələn, Toto Kutunyo yalnız bir dəfə ailəli olub. Təəssüf ki, həyat yoldaşı uşaq sahibi ola bilməyib. Bunun üçün o, başqa bir xanımla yaşayıb və həmin xanımdan bir oğlu dünyaya gəlib. Buna baxmayaraq, həyat yoldaşına xəyanət etdiyinə görə Toto Kutunyo özünü hələ də günahkar hesab edir. Onun həyat yoldaşına olan münasibəti məni çox təsirləndirmişdi. Odri Hepbörnə bir qadın kimi valehəm. İstənilən sahədə məşhur olmaq olar. Amma hər kəs yüksək insani keyfiyyətlərə malik ola bilmir. Odri isə məşhur aktrisa olmaqla yanaşı, insan kimi mükəmməl idi. Uşaqlıq illərində müharibə, aclıq ilə üz-üzə qalmışdı. Bu acı xatirələri heç vaxt yaddaşından silə bilmədi. Ömrünün son illərində kasıb ölkələrə səfərlər etdi, dünyanın diqqətini bu ölkələrə yönəltdi. Yəqin, bəziləri onun 1992-ci ildəki təsirli nitqini hələ də xatırlayır. Odri mənim üçün əsl qadınlıq nümunəsidir.

“Şəxsi keyfiyyət özünü yaradıcılıqda göstərir”

- Hər hansı dahi aktyorın, musiqiçinin və yaxud yazıçının insan kimi mükəmməl olmaması onun yaradıcılığını gözündən salmır ki?

- Şəxsi keyfiyyət özünü yaradıcılıqda göstərir. İşin keyfiyyətindən, məzmunundan orada nə cür ruh, nə cür insan gizləndiyini müəyyən etmək olur.

- Kitaba yerli məşhurlardan kimi daxil etmisən?

- Yerli məşhurlardan Nəsibə Zeynalova, Müslüm Maqomayev haqda yazmışam.

- Kitaba daxil etdiyin hansı məşhurlarla görüşüb söhbətləşmək istərdin?

- Buradakıların hamısı - musiqiçilər, aktyorlar seçilmiş insanlardır. Ona görə də hər biri ilə görüşüb ayrı-ayrılıqda söhbət etmək istərdim. Əlbəttə, Domeniko Modunyo, Nino Manfredi, Ennio Morrikone, Plasido Dominqo, Anna Manyani, Mikele Plaçido, Fellini, Viskonti ilə görüşüb söhbət etmək istərdim. Təəssüf ki, mənə həyatda yalnız Jerar Depardiye ilə görüşmək nəsib olub.

- Yaradıcılığında nə kimi yeniliklər var?

- Hazırda məşhur bir əsərin tərcüməsini bitirirəm. Mənə elə gəlir ki, Azərbaycan oxucusu üçün xoş sürpriz olacaq. Bundan başqa, növbəti romanım üzərində işləyirəm.

- Kimin əsəridir?

- Hələ açıqlamaq istəmirəm, qoy, sürpriz olsun.

“Oradakı küçə danışığı, küçə zarafatları insanın ürəyini bulandırır”

- Azərbaycanda tərcümə sahəsində nə kimi problemlər var?

- Problemlər çoxdur. Rusiya ilə müqayisədə bizim tərcümə ədəbiyyatımız çox zəifdir. Bədii, elmi ədəbiyyat. Seçim azdır. Rus dilində Pakistan ədəbiyyatından tutmuş ən ucqar Afrika ölkələri yazıçılarının əsərlərini tapmaq olar. Bu əsərlərin çox hissəsi SSRİ dövründə, həm də mükəmməl şəkildə tərcümə olunub. Rus dilində tərcümə olunmuş əsərlərin əsas üstünlüyü ondadır ki, onlar oxucuya orijinalın surətini təqdim edirlər. Təkcə kitab seçimində deyil, televiziyada da seçim çox azdır. Ümumiyyətlə, bizdə yeni çəkilən əksər komediya və seriallarda təsirləndirici məqamlar yox dərəcəsindədir. Bəzi gənc rejissorların çəkdiyi filmlər həm mövzu, həm intellektual baxımdan qənaətbəxş deyil. Belə filmlərə səbrimi boğub maksimum on beş dəqiqə baxa bilərəm. Ən dəhşətlisi odur ki, bu 15 dəqiqə ərzində üzərində dayanıb fikirləşə biləcəyin məzmun olmur. Oradakı küçə danışığı, küçə zarafatları insanın ürəyini bulandırır. Filmlərdə nalayiq və nanəcib sözlərin üstünlük təşkil etməsini dəstəkləmirəm. Yəni, budurmu Azərbaycan ailəsinin modeli? Cəmiyyətdə olan eybəcərlikləri, mənfi cəhətləri göstərmək vacibdir, lakin bunu kütlə səviyyəsinə endirmək lazım deyil. Mən italyanların da, fransızların da komediyalarına baxıram. O filmlərdə küçə danışığı ilə danışmırlar axı... SSRİ dövründə çəkilmiş televiziya tamaşaları ilə müqayisədə bu gün çəkilmiş əksər komediyalarımız çox bəsitdir.

- Səncə, səbəbi nədir? Bu, rejissorların, yoxsa aktyorların savadsızlığından irəli gəlir?

- Yəqin ki, günah rejissorlar və ssenaristlərdədir, ya da onlar tamaşaçının düşünməsini istəmirlər. Peşəkar ssenaristlər də var, sadəcə, onları axtarıb tapmaq lazımdır. Aktyorların işi öhdəsinə düşən rolu oynamaqdır. Razılaşıb-razılaşmamaq öz seçimlərinə bağlıdır. Məsələn, Arif Quliyev çox istedadlı aktyordur. Lakin bu gün bu aktyor 90-cı illərdə söylədiyi zarafatları təkrarlayır. O, böyük aktyordur, ancaq aktyor özü-özünü yaratmır. Bu gün Arif Quliyevdən bir aktyor kimi istifadə olunmur, təəssüf. Aktyorun dahiliyini üzə çıxaran rejissordur. Toto, Nino Manfredi, Alberto Sordi, Pyer Rişar böyük komediya aktyorlarıdır. Onlar yaşadığı müddətdə roldan kasadlıq çəkməyiblər. Nino Manfredini misal çəkmək istəyirəm, o, ən sevdiyim aktyorlardan biridir. Onun 1980-ci ildə çəkildiyi “Kafe-Ekspres” filmi komediya janrında olsa da, mən bu filmə sakit baxa bilmirəm. Burada necə böyük hisslər, necə böyük faciə var! Komik anlar da var, ancaq film Nino Manfredinin kədərli gözləri sayəsində tamaşaçıya əsl komediyanın nə olduğunu göstərir. Komediya janrı gülməyə deyil, anlamağa hesablanıb. Əsl komediyaya baxarkən bir gözün gülürsə, digər gözün mütləq ağlamalıdır, əks halda bu, komediya deyil, şit söz yığımıdır.

- Bəs tənqidçi gözü ilə baxsaq, müasir aktyorların rolları səni qane edir?

- Yaxşı aktyorlarımız çoxdur, amma düşünmürəm ki, bəzi gənc aktyorlar indi bu kitabda haqqında yazdığım məşhurların hansısa filmlərinə baxsınlar. Əgər sən özünü komediya aktyoru hesab edirsənsə, mütləq şəkildə Nino Manfredi, Toto, Mastroyanninin filmlərinə baxmalısan. Ümumiyyətlə, həyatını kinoya – əsl kinoya bağlamağı düşünürsənsə, Fellininin, Viskontinin, De Sikanın, Veberin, Antonioni, Qodarın, Ryazanovun filmlərinə baxman şərtdir. Müasir Hollivud kinosunu çıxıram, bu, maddiyyata söykənən institutdur.

Bir şey mükəmməl olanda artıq o, dünyəvi dəyərə çevrilir. Bu, hər bir yaradıcı şəsxə aiddir.

- Kino və musiqi sahəsi ilə yaxından maraqlanırsan. Bəs sən özün nə vaxtsa ssenari yazmağı düşünürsənmi?

- İndi ssenarilərin mənasız şəkildə uzun-uzadı davam etməsini istəyirlər. Mən, ümumiyyətlə, serialları qəbul etmirəm. Çünki əksəriyyətində eyni mövzudan danışılır. Sırf pul xatirinə reytinq gətirən bəsit ssenarilər yazmaq istəmirəm. Mənim öhdəmə buraxsalar, əlbəttə ki, istədiyim mövzuda ssenari yazaram. Sadəcə, məndən sevmədiyim mövzularda ssenari istənildiyi üçün təkliflə razılaşmamışam.

- Təqdimat mərasimi nə vaxt olacaq?

- Yəqin ki, oktyabrın sonu, noyabrın əvvəllərində.

- Yeni roman hansı mövzudadır?

- Növbəti romanım mövzu baxımdan “Vəkil”dən fərqli olacaq. Mən hər yeni işə başlayarkən əvvəlki işimdən daha üstün bir şey yaratmaq istəyirəm. Bəzi yazıçılar bütün əsərlərini şedevr adlandırırlar. Sözsüz, yazdığın hər əsər sənin övladın kimidir, ancaq incəsənət adamı özündənrazı olmamalıdır, əsla! Bütün əsərlərini möhtəşəm adlandırırsansa, deməli, eyni xətlə gedirsən, özünü inkişaf etdirmirsən. Bu, incəsənətin bütün sahəsində çalışan insanlara aiddir. Hər növbəti iş əvvəlkindən daha uğurlu olmalıdır.

- Tənqidə dözümlüsən?

- Məşhur fransız aktyoru Jan Qaben tənqidi qətiyyən sevməyib, hətta onu tənqid edən insanlardan zəhləsi gedib, öz ünvanına tənqidi fikir eşitdiyi gün saatlarla əsəbindən partlayıb. Amma bu, o demək deyil ki, Jan Qaben zəif aktyor olub. Əksinə, o, dünyanın ən güclü aktyorlarından biri hesab olunurdu. Sadəcə, tənqidi sevmirdi.

- Bəs sən?

- Tənqidlə qarayaxma tamamilə fərqli anlayışlardır. Tənqidi ancaq savadına, onun dünyagörüşünə bələd olduğum insandan qəbul edərəm. Van Qoq kimi dahi şəxsiyyəti tanımayan insanın tənqidini necə qəbul edə bilərəm?! Eləcə də, öz dilindən başqa bir dil bilməyən, başqa ölkələrin mədəniyyəti və incəsənətindən bixəbər olan adamın məni tənqid etməsi gülməlidir.

Elə bu kitabı götürək, “Pərdələri çəkin” yeganə kitabdır ki, Azərbaycan oxucusuna Avropa kinosu haqqında öz dilində məlumat ötürür.

“Ədəbiyyat bazar deyil!”

- Yazanda oxucunun tələblərini nəzərə alırsan, yoxsa öz fantaziyanı sətirlərə köçürürsən?

- Əlbəttə ki, öz düşüncələrimi nəzərə alıram. Oxucunu düşünürsənsə, o artıq biznesə çevrilir. Ədəbiyyat bazar deyil ki, sırf bazarı düşünüb yazasan...

- Hekayə və romanların reallıqdan çox uzaqdır?

- Reallıqdan uzaq ola bilməz, çünki hisslərimlə qələmə alınıb. Hiss isə bilavasitə həyatla bağlıdır.

- Amma yazıçıların xəyalpərəst olduğu deyilir və onların dünyaları real həyatdan tamamilə fərqlənir.

- Müsbət qəhrəmanlarımın real həyatda olmasını çox istərdim. Amma üst-üstə düşməsi artıq məndən asılı deyil.

- Hekayələrinin əvvəlində, yoxsa sonunda daha çox yalan danışırsan?

- Adətən, xoşbəxt sonluqla bitən əsərlərin az inandırıcı olduğunu deyirlər, sonluq kədərlidirsə, həyatda baş vermiş hadisə sayılır. Məsələn, öz ətrafımızda neçə ideal cütlük tanıyırıq? Azdır, çox azdır. Amma var.

- Kişi qəhrəmanları təsvir etmək çətin deyil ki? Yəni kişi psixologiyasını bilirsən?

- Çətin deyil, kişi psixologiyasını bilirəm. Sadəcə, yaxşı müşahidə etmək qabiliyyətin olmalıdır.

“Övlad da heç bir qadını, sözün əsl mənasında, tam xoşbəxt edə bilmir”

- Səncə, qadınlar nə istədiklərini bilmir? Onlar kişilərin dediyi kimi, qəlizdir?

- Eyni fikri kişilərə də aid etmək olar. Cins məsələsi deyil. Bəzən kişilər özləri də nə istədiklərini bilmirlər. Əksər qadınlar sevdiyi insana həmişə sədaqətli olur və ömrünün sonuna qədər bir insanla xoşbəxt yaşaya bilir. Bəzi kişilərdə qane ola bilməmək xüsusiyyəti var. Primitiv bir misal çəkim, yaşa dolmuş bir qadın özündən yaşca çox kiçik oğlana birmənalı olaraq övladı kimi baxır. Yaşa dolmuş kişi isə gənc qızlara heç də hər zaman övladı kimi baxmır. Qadını hər yaşda xoşbəxt etmək mümkündür. Qadının xoşbəxtliyi, necə görünməsi, gənc qalması qarşı tərəfdən asılıdır. Hətta deyərdim ki, övlad da heç bir qadını, sözün əsl mənasında, tam xoşbəxt edə bilmir.

- Sən axı hələ ana deyilsən. Bunu necə müəyyən edə bilərsən?

- Analar özləri də mənimlə razılaşacaqlar. Ana olmaq müqəddəs hissdir, lakin övlad qadını qadın kimi xoşbəxt edə bilməz.

- Aytən Cavanşir üçün xoşbəxtlik nədir?

- Öz dünyama bənzər dünyası olan biri ilə rastlaşmaq mənim üçün ən böyük xoşbəxtlik olardı. Həmin insanın operanı, italyan və fransız filmlərini mənim qədər sevməsi şərt deyil, lakin ən azından ortaq xüsusiyyətlərimiz olmalıdır. Əsl münasibət hisslərə bağlıdır, eyni dərdi hiss etməli, birlikdə xoşbəxt olmağı bacarmalısan. Mənim üçün məhəbbət və dostluq eyni şeydir.

- Dostların sənin bu, yüksək münasibətini qiymətləndirirlər? Yoxsa xəyanətləri ilə tez-tez qarşılaşırsan?

- Tez-tez qarşılaşmamışam. Sadiq dostlarım var və buna görə çox xoşbəxtəm. Dost xəyanətinə öyrəşmişəm - deməyəcəm, çünki belə hallarla rastlaşmaq məni çox incidir. Ancaq çox gözəl xüsusiyyətim var, mən müqəddəs dəyərlərin üstündən xətt çəkmiş insanları unutmağı və geriyə baxmamağı bacarıram.

- Xəyanəti bağışlamaq lazımdır?

- Mən bağışlamıram. Səni bir dəfə satan adam, sözsüz ki, ikinci dəfə də satacaq. Etibar itən yerdə hansı dostluqdan söhbət gedə bilər?! Ürəyimdə bir çat qalır... Yəqin ki, bağışlamağı bacarmamağım ən pis xüsusiyyətimdir.

- Tənhalıq Aytən Cavanşirin qəlbini üşütmür ki?

- Əsərlərim və tərcümələrim mənim üçün hardasa bir məhəbbətdir. Bəlkə də, peşəmi çox sevdiyim üçün heç vaxt tənhalıq hiss etməmişəm.Ömrümün sonunadək tənha yaşamağı düşünmürəm, bununla belə, tələsmirəm. Ailə qurmaq xatirinə xasiyyətinə, insanlığına, zövqünə bələd olmadığım bir adamla ailə qura bilmərəm. Belə bir şey ola bilməz.

- Aytən Cavanşir tipik Azərbaycan qadınından nə ilə fərqlənir və nələrdən zövq alır?

- Sənin də dediyin kimi, əksər Azərbaycan qadınından fərqli olaraq, məni qonşunun nə aldığı, nə geyindiyi, varlandığı, kiminlə ailə qurduğu, və s. bu kimi məişət söhbətləri, eləcə də, kiminsə dini görüşləri, hansı irqə aid olması qətiyyən maraqlandırmır. Həyatda 4 şeydən zövq alıram: ədəbiyyat, gözəl musiqi, kino və rəssamlıq. Ümumiyyətlə, incəsənət olan yerdə şüur da inkişaf edir. Şüur inkişaf etsə, müharibələr və zorakılıqlar da olmaz.

- Sən insanların bu qədər müqəddəsləşəcəyinə inanırsan?

- İnanmıram, amma bu yolda əlimdən gələni edirəm. Bu, şablon fikir deyil – dünyanı xilas etsə, gözəllik xilas edəcək. Əminəm ki, müharibəni törədən dünya liderləri, siyasi oyunların ssenaristləri incəsənətdən tamamilə uzaq insanlardır.

- Amma bu gün bir çox tanınmış simalar siyasətçilərin dostu olmağa can atırlar və bununla da sanki qürur duyurlar.

- Əlbəttə ki, incəsənət nümayəndələrinin bu cür davranışlarını dəstəkləmirəm. Bəlkə də, bu insanların özü ilə öyünməyini sevməməyimlə bağlıdır. Bu yaxınlarda Laura Pausini "Instagram" səhifəsində Mişel Obamanın onu bəyəndiyini və buna görə qürurlandığı barədə fikir yazmışdı. Vasiliy Lanovoy da mənim ən çox bəyəndiyim rus aktyorudur. Onun “Anna Karenina”dakı rolu əvəzsizdir. Aktyorun açıqlamasında Rusiyanın Krımı ələ keçirməsini dəstəklədiyini bildirməsi məni məyus etdi. Sözsüz ki, buna təəssüflənmişdim.

“İncəsənət siyasətçilərin hakimiyyəti üçün bir növ dayaqdır”

- Amma siyasət xərçəng kimidir, hər yerə yayılır. İncəsənətin bütün sahələrinə, əsas da ədəbiyyata təsir edir...

- Bu, bütün dövrlərdə belə olub, indi də belədir. Mən elə gəlir ki, istər rəssam, istər yazıçı, istərsə də musiqiçi birinci növbədə siyasətdən kənar olmalıdır. Siyasətdə düzgün və ədalətli qərar çıxarmaq çətin məsələdir.

- Siyasət sənin yaradıcılığına təsir edib?

- “Vəkil” romanım siyasi roman deyil, amma bəzi harınlamış vəzifəli şəxslər və məmurlarla mübarizədən bəhs edir. Rüşvətxoş məmurlara dünyanın bir çox ölkələrində rast gəlmək olar, ideal hakimiyyətin mövcud olduğu ölkə yoxdur. Amma insan haqlarının maksimum dərəcədə qorunduğu ölkələr var. Ədalətli, vicdanlı hakimlərimizin olduğunu bilirəm. “Vəkil”imdəki Cavidan Əkbərli onlardan biri idi. İblis və Mələk mübarizəsi həmişəyaşar mövzudur.

“Sırf məhəbbət mövzusu ilə qane ola bilmirəm”

- Səni yaxından tanıdığıma, həm də yazılarından xəbərdar olduğuma görə bilirəm ki, ədalətsizliyə, zorakılığa, haqsızlığa dözümsüz insansan. Düşünmürsən ki, bu qədər həssas olmağın səni müəyyən mənada bədbəxt edir?

- Haqlısan. İncəsənəti nə qədər sevirəmsə, zorakılığa da bir o qədər nifrət edirəm. Məsələ ondadır ki, sırf məhəbbət mövzusu ilə qane ola bilmirəm. “Ayaqlarım üşüyürdü” kitabında “Səni dinlərkən Kabil yadıma düşür” hekayəsi Əfqanıstan mövzusundan bəhs edir. Bu mövzu mənə yaxın olduğu üçün yazmışdım. Ümumiyyətlə, müharibə mənim üçün çox həssas mövzudur. Müharibəyə məqsədindən asılı olmayaraq, bəraət qazandırmıram.

- Filmlərə bu qədər məhəbbət bəsləyirsən. Maraqlıdır ki, özünü aktrisa kimi görürsən, aktrisalıq qabiliyyətinə güvənirsən?

- Əlbəttə ki, istəyərəm. Məncə, incəsənətlə bağlı olan istənilən adam özünü o sahədə görür. Amma ürəyimə yatan bir rol olmalıdır.

- Yaradıcı bir insanın mükəmməl bir iş ortaya çıxarması üçün sevməsi şərtdir?

- Qətiyyən razı deyiləm. Bu, mənasız stereotipdir. Ona qalsa, Van Qoqun şəxsi həyatı olmayıb, ancaq gör, dünya incəsənətinə necə bir töhfə verib.

“Ruhi təklik, ruhi tənhalıq ətrafındakı şəraitdən asılı deyil”

- Bu yaxınlarda Jirinovskinin bir videosunu izlədim. O, çıxışında niyə daha Dostoyevski kimi yazıçıların yetişməməsindən danışır, səbəbini isə indi sürgünlərin olmadığı ilə əlaqələndirir. Sən necə düşünürsən? Dahi olmaq üçün əzablı həyatın olmalıdır?

- Yox, dahi olmağın əzablı həyat yaşamaqla əlaqəsi yoxdur. Ona qalsa, bütün səfillər dahi olardı. Bundan başqa, L.Tolstoy da dahi yazıçıdır, amma zadəgan olub. Ruhi təklik, ruhi tənhalıq ətrafındakı şəraitdən asılı deyil. Özünü milyon insanın iştirak etdiyi məclisdə də tənha hiss edə bilərsən. Yəni şıq və ya yoxsul həyatın yaradıcılıqla heç bir əlaqəsi yoxdur.

- Yazıçı olmağın xoşagələn və xoşagəlməyən tərəfləri hansılardır?

- Yazmaq mənim üçün zövqdür, su içmək kimi bir tələbatdır. Yazmağa fasilə verəndə özümü boş hiss edirəm. Bəzən yazmaq üçün vaxtımın olmaması da mənə əzab verir. Zövqü əsəri bitirəndən sonra alırsan. Amma onaqədərki proses keşməkeşli olur. Bu səbəbdən xoşagələn tərəfləri oxucu üçün daha çoxdur.

- Suallarım bitdi, gözəl söhbətə çox sağ ol...

- Mənim üçün də xoş idi, minnətdaram.

Aytən

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm