Xanımını dəlicəsinə sevən xalq artisti: “Onun yoxluğu ilə barışa bilmirəm...” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Xanımını dəlicəsinə sevən xalq artisti: “Onun yoxluğu ilə barışa bilmirəm...” - MÜSAHİBƏ

Sara Qədimova, Şövkət Ələkbərova, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Rübabə Muradova, Səxavət Məmmədov və daha neçə sənətkarlarımızı müşayiət edib. Və hər dəfə də tarını sinəsinə basıb, duyğularını dilləndirəndə sevənlərinin də ruhunu feyziyab edib.

Ustad tarzən, xalq artisti, professor Ağasəlim Abdullayevdən danışırıq. Bu gün o, 65 yaşını qeyd edir.

Sevilən sənətkar Publika.az-a müsahibə verərək doğum günü təəssüratlarını bölüşüb. Amma sənətkarımızı məyus gördük…

- Ağasəlim müəllim, 65 illik yubileyinizi necə qeyd edəcəksiniz?

- Mən təmtəraqdan uzaq adamam, heç vaxt doğum günlərimi qeyd etməyi xoşlamamışam. Xüsusən də, iki ildir ki, ad günü keçirmirəm.

- Doğum gününüzdə gözünüzü yolda qoyan və təbrikini gözlədiyiniz elə bir adam varmı?

- Əslində, mən uman adam deyiləm. Adam var e, ad günündə gözləyir ki, kimlər onu təbrik edəcək. Mən heç kimdən ummuram. Bu gün də ad günümü qeyd etməyəcəkdim, sağ olsun, televiziyalar dəvət etdi, sözlərini yerə salmadım.

- 65 yaşı ömrünüzün hansı mərhələsi sayırsınız?

- Qocalırıq. Təbii ki, insan ömrünün uşaqlıq, gənclik və qocalıq dövrü olur. Və bir gün Allahın verdiyi ömrü başa vurur. Mən də ömrümü yaşamışam və ölümə də hazıram.

- Düşünürəm ki, bu ömrü xoşbəxt yaşamısınız, çünki xoşbəxt sənətkarsınız…

- Yox, kim deyirsə ki, mən həyatı boyu xoşbəxt yaşamışam, yalan demiş olar. Bir gün yuxudan ayılanda elə bir bədbəxt hadisə ilə qarşılaşarsan ki, bütün xoşbəxtliklərin yadından çıxar. Xoşbəxtlik anlarla gəlir. Mənim də həyatımda xoşbəxt anlar, xoşbəxt günlər olub.

- Bax elə bu gün, 65 yaşınızı tamamlayan bir vaxtda xoşbəxtlik sizinlədirmi?

- Yox. Həyatımda ağır faciə yaşadım, bilirsiniz. Amma bu hadisəni xatırlamaq da istəmirəm. O hadisə xoşbəxt günlərimi mənə unutdurdu.

- İlk təbriki, ilk hədiyyəni aldığınız həyat yoldaşınızın yoxluğu ilə barışmaq çətindir - bunu demək istəyirsiniz?

- Bəli, onun yoxluğu ilə ömrümün sonuna qədər barışmayacam. O itkinin əzabını sona qədər yaşayacam. Hər doğum günümdə ilk hədiyyəmi o verirdi. İndi o hədiyyəmi ala bilmədim.

- İstəməzdik, belə bir gündə sizi məyus edək. Bəlkə, həyatınızda sizə çox əziz olan başqa bir hədiyyəni xatırladaq. Bildiyimizə görə, hazırda ifa etdiyiniz tar sizə ustad tarzən Hacı Məmmədovdan yadigardır…

- Bəli, mən tarı Hacı Məmmədovun timsalında sevmişəm. Uşaq vaxtlarımdan onu, eləcə də Qurban Pirimov, Bəhram Mansurov, Əhsən Dadaşov, Baba Salahov kimi sənətkarlarımızı dinləyərdim və nə vaxtsa tarzən olacağımı xəyal edərdim. 10 yaşımda valideynlərim bu alətə olan sevgimi görüb mənə bir tar aldılar. Sonralar da tale elə gətirdi ki, Hacı müəllimin tələbəsi oldum. O, mənim toyumda ifa etdi. Ustad rəhmətə gedəndə ailə üzvləri onun tarını mənə bağışladılar. Onu da deyim ki, Hacı müəllim dünyasını dəyişəndən sonra o tar 25 il qutuda qaldı, heç kim ifa eləmədi. Bir gün onun həyat yoldaşı Aliyə xanım məni çağırıb dedi ki, bu tarı sənə bağışlayırıq, həmişə çal ki, ustadının da ruhu şad olsun. Qismətə baxın ki, o tarla mən ustadımın nəvəsi Hacı Məmmədovun toyunu elədim. Hər dəfə bu aləti sinəmə sıxanda Hacı müəllimin ruhunu hiss edirəm. Zarafat deyil, düz 55 ildir ki, bu tar mənim ən yaxın dostuma çevrilib.

- Ustad sənətkarlarımızla birlikdə ifalarınız olub. Elə bir sənətkar olubmu ki, həmişə onu müşayiət etmək arzusunda olmusunuz, amma qismət olmayıb?

- 18 yaşımdan bəri elə bir sənətkar olmayıb ki, onu müşayiət etməyim. Onların arasında rəhmətə gedənlər də var, sağ qalanlar da. İndi də yeni nəsil müğənniləri müşayiət edirəm və bir sənətkar kimi həyatımdan çox məmnunam. Sualınıza gəlincə, elə sənətkarlar olub ki, yaşım az olduğu üçün onları müşayiət edə bilməmişəm. Çox istərdim ki, Seyid Şuşinskini, Zülfü Adıgözəlovu müşayiət edim, amma qismət olmayıb.

- Bəs elə bir sənətkar olubmu ki, bir baxışla bir-birinizi anlamısınız?

- O, xanəndə Hacıbaba Hüseynov idi. Bizim sözə ehtiyacımız olmayıb, baxışımız bəs edib.

- Ərköyün xanəndələrlə necə yola getmisiniz?

- Mən xaraktercə çox həlim adamam, hər kəsi yola vermişəm.

- Xasiyyətdən söz düşmüşkən, elə bir xasiyyətiniz varmı ki, həyatınız boyu ondan xilas olmaq istəmisiniz?

- Çoxdur. İnsanıq da bəzən əsəbiləşirik, ağzımızdan bir söz çıxır. Belə olanda əzab çəkirəm, beş dəqiqə keçməmiş peşman oluram. Bunu ürəyimə salıram, özümü danlayıram ki, niyə belə dedim. Axırda, həmin adamdan üzr istəyirəm. Xətrə dəyməyi sevmirəm. Əgər bu baş verirsə, əziyyətini çəkirəm.

- İnsanları qırmamaq, onlara sayğı ilə yanaşmaq - əslində, bu, çox gözəl xüsusiyyətdir… Bir daha sizi təbrik edirik, həmişə tarınız dinsin, səsiniz gəlsin, üzünüz gülsün!

- Çox sağ olun, zəhmətinizi halal edin!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm