Maraq dünyası
Fərhad Əhmədov keçmiş arvadının əsirə çevrildiyini bildirir: "Bu pulları yandıraram, amma ona vermərəm"
Azərbaycan əsilli rusiyalı messenat-iş adamı Fərhad Əhmədovla “Luna” adlı yaxtasına görə onunla keçmiş arvadı Tatyana Əhmədova arasında beynəlxalq miqyas alan məhkəmə çəkişmələri yenidən qızışıb. Xəbər verildiyi kimi, bu günlərdə “The Daily Mail” qəzeti Tatyana Əhmədovanın hazırda Dubay limanında lövbər salmış yaxtanı qaçırmaq üçün Britaniyanın Kral Dəniz Donanmasının xüsusi təyinatlı bölməsi olan SBS-in (Special Boat Service) veteranlarından ibarət muzdluları cəlb etdiyini yazıb.
Vaxtilə dəyəri yarım milyard dollardan yuxarı olan yaxta Fərhad Əhmədovla keçmiş arvadı arasında boşanma təzminatı predmetidir və Tatyana Əhmədovanın maraqlarını müdafiə edən “Burford Capital” hüquq şirkəti illərdir yaxtanı ələ keçirmək üçün çalışır. İndi yaxtanın qeydiyyatda olduğu Marşall adaları məhkəməsi onun T.Əhmədovanın xeyrinə müsadirə edilməsi haqda qərar çıxarıb və Britaniya xüsusi təyinatlılarının keçmiş döyüşçüləri məhz bu qərar əsasında yaxtaya hücum etməyə hazırlaşır.
Nüfuzlu “Bloomberg” nəşri bu çəkişmə barədə geniş araşdırma dərc edib və orada Fərhad Əhmədovun da mövqeyinə yer verib. İş adamı bildirir ki, keçmiş arvadı onun sərvətlərindən özünə qazanc əldə etməyə çalışan “Burford Capital” şirkətinin əlində əsirə çevrilib.
Britaniyalı piratlar və fırıldaqçılar Tatyananı qabağa veriblər...
“Londonun boşanma işinə baxan məhkəmələrinin qarşılaşdığı ən iri pul savaşının mərkəzində hazırda Dubayın tozlu sahillərində lövbər salmış 115 metrlik dəbdəbəli “Luna” yaxtası dayanır. “Luna” neft-qaz maqnatı olmuş Fərhad Əhmədovla bağlı şirkətlərə məxsus olmuş ən iri və ən bahalı aktivdir. O, yaxtanı həmkarı Roman Abramoviçdən almışdı. İndi yaxta Fərhadın keçmiş arvadı Tatyana Əhmədovanın başlıca hədəfidir. Dəyəri 353 milyon dollar olan yaxtaya nəzarətin ələ alınması London məhkəməsinin ona 450 milyon funt sterlinq boşanma təzminatı ödənilməsinə dair qərarının təmin edilməsində böyük əhəmiyyət kəsb edir”,-“Bloomberg” yazır.
Nəşr qeyd edir ki, Tatyana üçün bu iş asan olmayacaq. Onunla keçmiş əri arasında məsələləri yoluna qoymaq üçün danışıqlar heç bir nəticə vermədiyi üçün qadın Dubaydan tutmuş Lixtenşteynə, Marşall adalarına qədər bir çox ölkələrin məhkəmələrində çəkişməyə başlayıb.
"Luna"nı ovlamaq istəyirlər...
“Bu da pulların dalınca qaçdı-tutdunu göstərir, belə ki, London məhkəməsinin hökmü öz aktivlərinin bütün dünya boyunca yerdəyişməsini həyata keçirən və bu hökmü yerinə yetirməməkdə tam qətiyyətli olan birinə qarşı yönəlibsə, deməli həmin hökm onun dərc edildiyi kağız parçasına belə dəyməz”,-nəşr bildirir.
“Bloomberg” daha sonra F.Əhmədovun mövqeyinə yer verir: “Fərhad deyir ki, keçmiş arvadının onun sərvətini ələ keçirməsinə imkan verməmək üçün bütün mümkün olanı edəcək”.
Nəşr xatırladır ki, bu təzminat çəkişməsi ilə bağlı Londonda sonuncu məhkəmə qərarı ötən ay Fərhad Əhmədovun 27 yaşlı oğlu Teymura qarşı çıxarılıb. İddiaçı qismində isə onun anası Tatyana Əhmədova çıxış edirdi. T.Əhmədova iddia edirdi ki, Teymur aktivləri gizlətməkdə atasına kömək edib və onunla əlbir olub.
Əhmədovların böyük oğlu-Teymur Fərhad oğlu Əhmədov doğma anası tərəfindən təqib edilir
London məhkəməsinin F.Əhmədovun oğlunun anasına 100 milyon dollar ödəməli olduğu haqda çıxardığı hökm biznesmeni özündən çıxarıb. “Berford” şirkəti mənim və ailə fondlarımın aktivlərinə həbs qoymaq üçün dünya məhkəmələrində heyrətamiz bahalı məcaraya girişib”,-F.Əhmədov həmin hökmlə bağlı bəyanatında bildirib.
Nəşr yazır ki, məhz “Burford Capital” şirkətinin pulları hesabına Tatyana öz oğlu Teymuru Londonda məhkəməyə verib, onun əlindən Britaniyadakı aktivləri, o cümlədən Hayd-parka açılan mənzərəli dəbdəbəli mənzili almağa çalışıb. Hazırda isə ən böyük priz-“Luna” yaxtası Fərhad Əhmədovun əlində qalır və Tatyana onu ələ keçirmək ümidlərini itirmir.
“Fərhad bəyan edib ki, bu hökm hörmətə layiq deyil və heç nəyi dəyişmir. Oğlu isə daha yumşaq mövqe tutub, deyib ki, heç vaxt valideyinləri arasında kiminsə tərəfini tutmaq istəməyib. Biznesmenin oğlu deyir ki, onun anası ilə Böyük Britaniyada məhkəmə çəkişmələri aparmaq üçün vəsaiti yoxdur”,-məqalədə daha sonra deyilir.
“Bloomberg” xatırladır ki, London məhkəməsi 2016-cı ildə F.Əhmədovun sərvətinin 41 faizinin onun keçmiş arvadına boşanma təzminatı kimi ödənilməsi haqda qərar çıxarıb. Fərhad Əhmədov bu qərarı qanunsuz elan edib və Rusiyaya köçüb. “Mən bu pulları ona verməkdənsə yandıraram”,-biznesmen bu ilin martında oğluna yazdığı WhatsApp mesajında bildirib.
Məqalədə deyilir ki, lap əvvəldən Fərhad Əhmədov keçmiş arvadının vicdanla hərəkət etmədiyini və ona məhkəmə çəkişmələrində sponsorluq edən “Burford Capital Ltd” hüquq şirkətinin əsirinə çevrildiyini bildirib. Biznesmen deyib ki, həmin şirkət qərarları qəbul edən əsas şəxsdir və “olduqca bahalı vəhşi qazı” idarə edir, onun əvəzindən dünya ölkələrinin məhkəmələrində iddialar qaldırır.
Fərhad Əhmədov təslim olmaq niyyətində deyil və bütün gücü ilə mübarizə aparır...
Bildirilir ki, bu ilin əvvəllərində tərəflər barışıq razılaşmasını müzakirə ediblər. Məsələ ilə tanış olan mənbələr deyiblər ki, F.Əhmədov Tatyanaya 100 milyon dollar, “Burford Capital” şirkətinə isə 30 milyon dollar verməyə razı idi. Lakin sövdələşmə baş tutmayıb və Tatyana yenidən “ova” yollanıb. Lakin onun “ovu” ciddi maneələrlə üzləşib, çünki Əhmədovun aktivləri tez-tez mülkiyyətçisini dəyişir və bir yuridiksiyadan digərinə keçir. Tatyana isə bütün gücü ilə digər məhkəmələri London məhkəməsinin qərarını tanımağa məcbur etməyə çalışır.
Fərhad Əhmədov isə virtualaz.org-a göndərdiyi açıqlamada bildirib ki, heç vaxt "Burford Capital" şirkətinə heç bir məbləğ təklif etməyib və etməyəcək.
İndi o, Sakit okeandakı kiçik ada dövləti olan Marşall adaları məhkəməsindən öz xeyrinə qərar çıxarılmasına nail olub. Belə ki, “Luna” yaxtası bu dövlətin bayrağı altında üzür. F.Əhmədovun nümayəndəsi isə bu hökmü rədd edib və bildirib ki, gəminin sahibinin məcburən dəyişdirilməsinə imkan verən heç bir etibarlı dəniz və ya hüquqi normalar yoxdur.
“Luna” yaxtası isə Dubay limanında qalmaqda və tədricən dəyərdən düşməkdədir. Başqa bir brokerin qiymətləndirməsinə görə, onun dəyəri 110 milyon dollara qədər düşüb. “Tatyana gəminin ələ keçirilməsi üçün keçmiş xüsusi təyinatlılarla anlaşsa da, Britaniya tabloidlərinin bunu xüsusi təyinatlıların yaxtaya hücuma hazırlaşdıqları barədə başlıqlarla sevinc içində yaysalar da əslində Tatyananın bu məsələdə Birləşmiş Ərəb Əmirliklərinin yerli məhkəməsinin də köməyinə ehtiyacı var”,-nəşr yazır.
Məqalədə T.Əhmədovanın amerikalı vəkili Ceyms Pauerin dediklərinə də yer verilib. “Biz yaxtanın sahibiyik və Dubay məhkəməsi bunu etiraf etməlidir”,-vəkil deyib. Bildirilir ki, Pauer “Burford Capital” tərəfindən maliyyələşdirilən çoxsaylı vəkillərdən biridir. Anlaşmaya əsasən şirkət F.Əhmədovun aktivlərinin “ovunu” maliyyələşdirir və əvəzində ələ keçirilən istənilən aktivin dəyərinin 30 faizi ona çatmalıdır. Bildirilir ki, ötən il “Burford Capital” bu iş üzrə məhkəmə çəkişməsinə 18 milyon funt sterlinq xərcləyib. (virtualaz.org)
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı