Süni ildırım yaratdı, dünyanı böləcəyini iddia etdi: Nikola Tesla kimdir?
Bizi izləyin

Maraq dünyası

Süni ildırım yaratdı, dünyanı böləcəyini iddia etdi: Nikola Tesla kimdir?

Nikola Tesla tarixin ən böyük dahilərindən biridir. İxtiraları ilə ABŞ-ın güclü sənaye ölkəsinə çevrilməsində böyük pay sahibidir. Onun ideyaları milyard dollarlıq büdcəyə sahib şirkətlərin yaranmasına səbəb olub. Tesla 1856-cı ildə o zaman Avstriya-Macarıstan İmperiyasının tərkibində olan Xorvatiyanın Smiljan şəhərində anadan olub. Atası Serb Pravoslav Kilsəsinin keşişi idi. 1863-cü ildə isə Teslanın qardaşı Daniel atdan yıxılıb ölüb. Bu hadisə onun yaddaşında dərin iz buraxıb. Tesla Praqa Universitetində oxuduğu illərdə serb, çex, macar, alman, ingilis, fransız və italyan dillərini ana dili kimi bilirdi. Tesla Qrats Texniki Universitetində riyaziyyat və fizika, Praqa Universitetində fəlsəfə təhsili alıb.

Publika.az Nikola Tesla haqqında bilinməyən faktları təqdim edir.

O, karyerasına 1881-ci ildə Budapeştdə telefon şirkətində elektrik mühəndisi kimi başlayıb. Amerikaya getməzdən əvvəl Parisdə “Continental Edison” şirkətində işləmiş və orada dinamolar hazırlamışdır. 1883-cü ildə o, Strasburqda induksiya mühərrikinin prototipini düzəltdi, lakin cihazı dəstəkləyəcək kimsə tapa bilmədiyi üçün Nyu Yorkdan gələn iş təklifini qəbul etdi. Tesla Tomas Edisonun əsasını qoyduğu Edison Machine Works şirkətində işləmək üçün yola düşdü.

Tesla 1884-cü ildə Nyu Yorka gəldi. O, Edisonu çalışqanlığı və ixtiraçılığı ilə heyran etdi. Edison, inkişaf etdirəcəyi DC dinamolarının dizaynı üçün Teslaya 50.000 dollar ödəyəcəyini söyləmişdi. Aylarla apardığı təcrübədən sonra Tesla həll yolu təklif etdi və ona vəd edilən pulu istədi, amma almadı. Tesla 6 aylıq iş macərasını tərk etmək qərarına gəldi. Daha sonra Edison: “Tesla, ...sən Amerika yumorunu başa düşmürsən”- deyib. Digər tərəfdən, Edisonun bioqrafları yazırlar ki, Tesla AC patentlərini Edisona 50.000 dollara satmağa çalışıb, Edison gülərək bu təklifi rədd edib.

Tesla alternativ cərəyanla bağlı araşdırmalarını aparmaq üçün maliyə vəsaitinə ehtiyac duyurdu. 1887 və 1888-ci illərdə o, artıq 30-dan çox patentə sahib idi. Nəhayət, Boston yaxınlığında ilk alternativ cərəyan enerji sistemini işə salan və Edisonun "Cərəyanlar Döyüşü"ndə əsas rəqibi olan ixtiraçı Corc Vestinqhausun diqqətini çəkdi. Tesla Westinghouse ilə bağladığı müqaviləyə əsasən, satılan hər kilovat AC üçün iki yarım dollar alacaqdı. Artıq onun bütün təcrübələri aparmaq üçün kifayət qədər pulu var idi.

1880-ci illərin sonlarında Edison Westinghouse və Tesla tərəfindən hazırlanmış alternativ cərəyan sisteminə qarşı mətbuatda etiraz kampaniyası başlatdı. Edison işçiləri nümayişlərdə elektrik cərəyanı ilə heyvanları öldürdülər və alternativ cərəyanın risklərini ictimaiyyətə sübut etməyə çalışdılar. Lakin dünyanın elektriklə işıqlandırılan ilk sərgisi olan Kolumbiya Sərgisinin açılışı müharibənin gedişatını dəyişdi.

Bundan sonra Westinghouse şirkəti Niaqara şəlaləsində tikilməli olan dünyanın ilk su elektrik stansiyası üzərində işləməyə başladı. Beş illik səylərdən sonra 1896-cı ildə Niaqarada hasil edilən ilk enerji 40 kilometr uzaqlıqdakı Buffalo şəhərinə çatdı. Cəmi bir neçə il ərzində o, Nyu-Yorku da işıqlandırmağa müvəffəq oldu. Cərəyanların müharibəsi bitdi və qalib Tesla oldu.

Teslanın ödənişləri bir milyon dolları keçməyə başladığı üçün Westinghouse maliyyə çətinlikləri ilə üzləşdi. Tesla müqaviləni pozdu, dünyanın ilk dollar milyarderi olmaq əvəzinə, bütün patentləri müqabilində 216.000 dollar aldı. Bundan sonra Tesla yenidən öz laboratoriyasında işləməyə başlayıb. Və bu gün "Tesla rulonu" kimi tanınan bir cihaz ixtira etdi.

1899-cu ildə Tesla bir sıra gizli təcrübələr aparmaq üçün Kolorado Sprinqsə getdi. O vaxt işini ildırım üzərində cəmləmişdi. Stansiyasında o, Tesla bobininin tikintisinə başladı. 1899-cu ildə laboratoriyasında o, təbii olaraq öz mənbəyinə qayıdan enerji dalğalarını yerə göndərdi. Dalğalar geri qayıdanda daha çox elektrik göndərdilər. Nəticədə süni şəkildə 40 metrlik ildırım çaxdı. Tesla bu təcrübəni bir daha təkrarlaya bilmədi.

Teslanın ən böyük arzusu bütün dünyaya pulsuz enerji mənbəyi təqdim etmək idi. 1900-cü ildə J.P. Morqanın yatırdığı kapitalla Nyu Yorkun Long Island bölgəsində "Simsiz Yayım Sistemi" adlandırdığı qüllənin tikintisinə başladı. Onun məqsədi dünya telefon və teleqraf şəbəkələrini birləşdirmək idi. Hətta görüntülərin, birja məlumatlarının və meteoroloji xəbərlərin dünyanın hər tərəfinə ötürülməsini təmin etmək idi. Təəssüf ki, Morqan bunun dünyaya pulsuz enerji vermək demək olduğunu başa düşdükdə layihəni maliyələşdirməyi dayandırdı. Bundan sonra maliyə sıxıntısı yaşayan Tesla borclarını ödəmək üçün qülləni satmalı oldu.

Bütün dünya onun bir dəli olduğunu düşünürdü. Onlar əslində heçdə səhv etmirdilər. Tesla gecələr təxminən iki saat yatırdı və gün ərzində nadir hallarda yuxuya gedirdi. O, mirvarilərə nifrət edirdi və işçilərinə hər cür mirvari taxmağı qəti qadağan edirdi. Yeməkdən əvvəl onun həcmini hesablayardı. Tesla dörd yüz kilometr məsafədə on min təyyarəni məhv edə biləcək ölümcül şüalardan danışırdı. Hətta yer kürəsini iki yerə bölə biləcəyini belə iddia edirdi.

Tesla başqa dünyalarda da həyatın olduğuna inanırdı. Radioastronomiya elmi hələ yaranmamışdı, lakin o, atmosfer vasitəsilə radiodalğalar göndərməyə çalışırdı. Adı çəkilən şəxs təcrübələrinin təfərrüatlarını heç kimlə bölüşməyib. Bununla belə, Tesla Mars və Veneradan radio siqnalları aldığını və onların şifrəsini açdığını bildirib. Tesla 0, 3, 6 və 9 rəqəmlərinin kainatın sirlərini işıqlandıra biləcəyini düşünürdü.

Edison 1931-ci ildə öldü. Elə həmin il Tesla yenidən həyata qayıtdı. Dostları onun 75 illik yubileyi üçün şənlik hazırlamışdılar. Dünyanın hər yerindən elm adamlarından təşəkkür məktubları gəlirdi. Bu maraqdan zövq alan Tesla mətbuat konfransında tamamilə yeni bir enerji mənbəyi kəşf etdiyini açıqladı. Bu “Teleforce” adlanan süni ildırım növü idi. Tesla bu ideyanı Almaniyanın rəqibi olan dövlətlərə satmağa çalışdı. Ancaq buna nail ola bilmədi.

Sənayeçilərin onu kənarlaşdırmaq cəhdi səbəbindən iyirmi il sürgündə yaşadı. Kapitalı olmadığı üçün sınaqdan keçirə bilmədiyi nəzəriyyələri saysız-hesabsız dəftərlərdə qaldı. Müasir dünyanı icad edən insan 1943-cü il yanvarın 7-də 86 yaşında, demək olar ki, cibində bir qəpiksiz vəfat edib.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm