Azərbaycanda yaxşı karyera qurmağın "qızıl qaydalar"ı - Bu xırdalıqlara diqqət yetirin ki...
Bizi izləyin

Maraq dünyası

Azərbaycanda yaxşı karyera qurmağın "qızıl qaydalar"ı - Bu xırdalıqlara diqqət yetirin ki...

Karyera, iş həyatında nəzərdə tutulan müəyyən nöqtəyə gəlmək üçün görülən işlərin cəmidir. İnsanın həyatda nail olmaq istədiyi iş və peşə anlayışını ifadə edir.

Karyera - insanın həyatı boyunca işgüzar təcrübə və fəaliyyətlə bağlı fərdi düşünülmüş mövqe və davranışdır. Bu təcrübəni istiqamətləndirmək üçün isə karyera planlamasına ehtiyac var. Karyera planı isə məqsədlərə çatmaq üçün lazım olan bələdçidir. Yaxşı karyera üçün zaman, çalışma və planlama əsas şərtlər hesab olunur. Bəs karyera planlamasının prinsipləri nədir? Planlama edərkən nələrə diqqət etməliyik? Karyera planlamasında səhvlərə yol verməmək üçün nə etməliyik? Yazımızda bu suallara cavab tapmağa çalışacağıq.

Mövzu ilə bağlı Publika.az-a danışan karyera psixoloqu Orxan Mahmudov qeyd edib ki, karyera planlaması etmədən öncə, karyera quruculuğunun elementlərinə diqqət yetirmək lazımdır.

“Karyera psixologiyası, ixtisas seçimi, planlama, planlamanın inkişafı, idarəolunma və dəyişdirilməsi. Sadalananlar karyera planlamasının elementləri hesab olunur. Əvvəla, analiz etmək lazımdır ki, karyera planlaması etmək istəyən şəxs hansı mərhələdədir. Məsələn, 25 yaş üzəri normal iş təcrübəsi olan şəxs karyera planlaması edirsə, o zaman birbaşa inkişaf elementləri nəzərə alınacaq. Yaxud təcrübəsi daha çoxdursa, biz, artıq idarəolunma mərhələsinə keçirik. Yəni bu xırdalıqlara diqqət yetirmək lazım gəlir”.

O.Mahmudovun sözlərinə görə, inkişaf etmiş ölkələrlə müqayisədə karyera planlamsına keçid bizdə tam formalaşmayıb.

“İnsanın hər gün 9-6 arası zəruri ehtiyaclarını qarşılamaq üçün çalışması karyera quruculuğu sayılmır. O səbəbdən də, şəxs, universitetə daxil olduğu ilk gündən artıq karyera planlaması haqqında düşünməli, ixtisas seçimini doğru etməlidir. Təəssüf ki, Azərbaycanda belə deyil. Təcrübələrim əsasında görürəm ki, bizdə bu proses 23-24 yaşdan sonra başlayır. Hansı ki, artıq məzun olub işə daxil olduqda, yaşadığı problemlər sonrasında karyera quruculuğuna başlayır”.

Karyera psixoloqu planlama zamanı diqqət yetirilməli məqamları da bizimlə bölüşüb. O qeyd edib ki, öncəliklə planlama üçün müraciət edən şəxsin hansı mərhələdə olduğu müəyyənləşdirilməlidir. Bu zaman yaş, təcrübə və digər resurslar nəzərə alınmalıdır: “Çünki sözügedən planlama sistem, nizam və sürət verir. Ümumiyyətlə karyera insan əməyinin strateji ifadəsidir. Biz karyera psixoloqları olaraq karyera quruculuğuna diqqət edib sevgi və bacarığı sintez edərək, bəlli bir sistem veririk. Əsasən 2 bacarıq öyrədilir: Ümumi və seçdiyi, irəliləmək istədiyi yöndə. Karyera planlaması ixtisas seçimindən əmin olduqdan sonra başlayır. Bu, uzunmüddətli bir dövrü əhatə edir”.

O.Mahmudov karyera planlaması edərkən səhvlərə yol verilməməsi üçün bir neçə tövsiyə verib. O bildirib ki, ən böyük səhv insanların standart hədəf yönündə çalışmasıdır. Eyni zamanda, strategiyalar və metodikalar doğru istiqamətdə aparılmır. Karyera sistemi Azərbaycanda tam inkişaf etmədiyinə görə, individual məsələlər və ekosistem nəzərə alınmır.

“Məsələn, adam Azərbaycanda inkişafı olmayan bir ixtisas seçir burada potensialın performansa keçidi itir. Karyera planlamasında ən önəmli faktor odur ki, performansa diqqət edilməlidir ki, bacarıq performansa keçə bilsin”.

Ekspert əlavə edib ki, karyera planlaması edərkən mütləq şəkildə vizyon nəzərə alınmalı, planlama xüsusi və fərdi olmalıdır.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm