Azərbaycanda xoruza sitayiş edən tayfa - ALİMLƏR QEYRİ-ADİ FAKTLARI AÇIQLADILAR
Bizi izləyin

İnanc

Azərbaycanda xoruza sitayiş edən tayfa - ALİMLƏR QEYRİ-ADİ FAKTLARI AÇIQLADILAR

Azərbaycanda dinə, inanclara və mənəvi dəyərlərə dərin hörmət var. Bu tarix boyu belə olub. İndi də dövlətin konfessiyalara yanaşmasında bərabərlik prinsipi mütləq mənada qorunur. Məhz buna görə də ölkəmizdə yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri inanclarını davam etdirə biliblər. İndi ölkəmizdə qeyri-adi inanclara sahib olan tayfalar, ellər var.

Publika.az olaraq bu cür inancların kökünü, nədən qaynaqlandığını öyrənmək üçün alimlərimizə üz tutduq. .

Sənətşünas alim Kübra Əliyeva Publika.az-a açıqlamasında bildirdi ki, bu gün bir çox regionlarda əhali arasında heyvanlara, daşlara, ağaclara sitayiş edən icmalar var:

“Bizim Qəbələyə maraqlı bir səfərimiz olmuşdu. Arxeoloji qazıntılarla əlaqədar kollektiv olaraq getdiyimiz ərazidə maraqlı detallarla qarşılaşdıq. Orada uzun illər əvvəl kilsə olub. İndi isə onun yerində kiçik bir məscid tikilib. Yanında insanların “inam ağacı” adlandırdıqları bir ağac var. Qayanın üstündə bitib. Düşünürəm ki, insanları ona sitayiş etməyə vadar edən məqamlardan biri də məhz bu faktdır. O yüksəklikdən Şəki, Zaqatala görünür. Rəvayət edirlər ki, keçmişdə Qəbələdə hansısa hadisə baş verən zaman orada ocaq yandırarmışlar. Yüksəklikdə yerləşdiyi üçün ətrafdakı insanlar onu tez görərmiş. Beləcə də başa düşərmişlər ki, ya yad insanlar gəlib, ya müharibədi, ya da hansısa xoşagəlməz hadisə olub. Yəni bu simvolik olaraq həyəcan təbili sayılırmış. Mən bu “inam ağacı”, “ümid ağacı” adlanan ağacın rəsmini çəkmişdim və onun haqqında geniş bir məqalə yazmışdım. Ümumiyyətlə, bu gün insanlar arasında ağaca inamın, sitayişin mövcud olması, eyni zamanda qədim zamanlardan - daş dövründən gələn animizm məsələsi də bunu təsdiq edir. Bilirsiz, qaya ümumiyyətlə, tarix boyu “ata” hesab olunub, belə simvolikləşdirilib.

Qədim vaxtlardan bu günə kimi mövcud olan bütün inanclar şamanlıqdan geridə qalanlardı. Lerik rayonun Qosmalyan kəndində dağın ətəyində hündür, qəbir daşlarına bənzər qayalar var. Sakinlər düşünür ki, ata-baba ruhları orada huzur tapır.

Baxın, insanlar xəstələnəndə o qədər həkimlərə gedirlər, lakin nəticə əldə edə bilmirlər. Gəlib ürəkdən inandıqları, sitayiş etdikləri ağaca nəzir deyib rahatlıq tapırlar. Hər kəs dediyi nəzirini gətirib ağacın altında (xoruz, qoyun və s.) kəsir. Bu inanclar Azərbaycanda qədim animizm və şamanlıqdan qalan adət-ənənələrdir. Hətta sizə bir misal da deyim, Ağdamın müxtəlif kəndlərində heyvanlara sitayiş var. Xoruzlu tayfası var ki, onlar bu heyvana sitayiş etdikləri üçün onu yeməkdən qəti şəkildə imtina ediblər. Qoça, ata sitayiş edən kəndlər var. Bu inanclar Qaraqoyunlu, Ağqoyunlu dövründən qalıb. Araşdırmalar göstərir ki, inanclar təkcə Azərbaycanda deyil, bütün türksoylu xalqlarda mövcuddur. Bu bir növ genetik yanaşma da hesab oluna bilər”.

Tarixçi alim Kərəm Məmmədov isə bildirdi ki, İslama qədərki proseslərin qalıqları olduğu üçün bu mövzuda günlərlə danışmaq olar:

“Avropa alimlərinin əksəriyyəti iddia edirlər ki, azərbaycanlıların cənibda yaşayanları İran, şimalda olanları Qafqaz köklüdür. Guya 11-ci əsrdən sonra Səlcuqların gəlişi ilə türkləşiblər. Ancaq araşdırmalar göstərib ki, bu faktlar tamamilə əsassızdır. Bu gün ölkədə yaşayan və Azərbaycan türkü olan xalq özündə türk inanclarını, adət-ənənələrini daha çox qoruyub saxlayıb. Sadəcə olaraq müəyyən qədər qonşu xalqların təsiri, imperiyaların tərkibində olması bu məsələlərə də təsir edib.

Bu gün Novruz bayramı günündən asılı olmayaraq, türksoylu xalqlarda Ulus bayramı kimi qeyd edilir. Novruzun Ulus bayramı olması tarixi bir həqiqətdir. Sonuncu dəfə təntənəli şəkildə Ulus bayramının keçirilməsi Xəzərin qərb sahillərində olub ki, bu barədə də bir çox əsərlərdə qeyd olunub. Yazılıb ki, 1914-cü ildə Anadolunun şərqində yaşayan xalqlar - təbii ki, Azərbaycan türklərindən söhbət gedir - təntənəli şəkildə bayram keçiridilər və bunu Ulus günü adlandırırdılar. Bu da onu göstərir ki, hələ 20-ci əsrə qədər bu bayram öz adını da qoruyub saxlamışdı. "Ulus" deyəndə, türk xalqlarının sosial elementi nəzərdə tutulur. Bir neçə ailənin birliyi soy, bir neçə soyun birliyi oba, bir neçə obanın birliyi el, bir neçə elin birləşməsi ulus sayılır. Ümumilikdə, Ulus türk ellərində keçirilən bayramdı və türk birliyinin nümunəsidir.

Hazırda bir çox rayonlarda ağaclara inanclar var, niyyət edib, əski bağlayırlar. Hətta heyvanlara da inanclar mövcuddur. Bütün bunlar İslama qədərki dövrdən qalıb. Azərbaycanda qai tayfaları olub. İlana sitayiş edibər. İlan totemi Albaniya, Manna dövlətlərində də mövcud idi. Lakin İslam dininin qəbulundan sonra bu inancların bəziləri sıradan çıxıb”.

Türkoloq alim Güllü Yoloğlu isə bildirdi ki, Azərbaycan ərazisi tarix boyu bir çox dinlərə qucaq açıb:

“Qədim dövrlərdən şamanlıq, zərdüştilik, atəşpərəstlik, xristianlıq və nəhayət, İslam dini bu bölgədə yaşayan xalqların həyatında dərin izlər buraxıb. Əgər xristianlıq və atəşpərəstlik özünü məbədlərilə xatırladırsa (Atəşgah, Alban kilsələri və s.), şamanlıq xalqın yaddaşında, maddi və mənəvi mədəniyyət nümunələrində bu gün də yaşayır. Azərbaycanda və digər müsəlman türklər yaşayan ölkələrdə də pirlərə, ocaqlara inamla gedib qızıl əşyalar, pul qoyaraq niyyət tutmaq, dilək diləmək, qurbanlar kəsmək geniş yayılıb. Pir Allah təalaya qovuşmaq üçün bir vasitədir. Süleyman bin Cəza deyirdi: "Hər işdə pirlərin mübarək ruhlarını vasitə edərək Allahü təalaya yalvarmalı və dua etməli". Bir çox alimlər kəramətin caiz olduğunu yazırlar. Müsəlman türklər arasında şamanizmin mistik İslam şəklində yaşamasının əsas səbəblərindən biri də şamanların öz ayinləri zamanı "Qurani-Kərim"dən geniş istifadə etmələridir. Onların əksəriyyəti ayinlərini "Rəhman və Rəhim Allahın adı ilə" formulu ilə başlayır, peyğəmbərin, imamların adlarını çəkir, təsbeh (təsbehdən şamanizmdə və buddizmdə də istifadə olunur) və s. kimi əşyalara geniş yer verirlər. Bu gün Azərbaycanın da bir çox rayonlarında, o cümlədən də Naxçıvan bölgəsində, xüsusilə də kəngərlilərin yaşadıqları ərazidə buynuzlu qoç başından şər qüvvələrdən qorunmaq məqsədilə geniş istifadə olunur. Azərbaycan xalqının adət-ənənəsi, mərasimləri, mənəvi mədəniyyət nümunələri burada şamanizmin olması barədə fikir söyləmək üçün kifayət qədər material verir. Pirlər, ocaqlar, müqəddəs dağ, daş, dilək ağacı və qəbirlər, onlara kəsilən qurbanlar, bağlanan al-əlvan iplər, bir sıra qadağalar, inamlar da dediklərimizə sübutdur”.

İslam dininin yarandığı, yəni "Qurani-Kərim"in nazil olduğu VII əsrə qədər dünyada çoxlu sayda mədəniyyətlər olduğunu deyən türkoloq onu da qeyd edib ki, insanlar müxtəlif dinlərə sitayiş edib, totemlərə tapınıblar:

“Dünyanı dərk etmək iqtidarında olduqları ilk vaxtlardan insanlar təbiətin passiv üzvü olmayıblar. Onlar daim bu və ya digər şəkildə təbiət hadisələrinə təsir göstərməyə, onlardan öz istəklərinə uyğun olaraq istifadə etməyə çalışıblar. Bunlardan biri də Ayın, Günəşin tutulması zamanı insanların Ayı və Günəşi xilas etmək cəhdləridir. Günəş və Ay tutulması, qədim insanların təsəvvürünə görə, əjdahanın və ya mifik qüvvənin onları udmasından doğan hadisə idi. Bu vaxt insanlar əllərinə aldıqları qazanlara, vedrələrə müxtəlif əşyalarla vurmaqla, qışqırmaqla, sonrakı dövrlərdə tüfəng atmaqla Günəşi və Ayı əjdahanın əlindən qurtarmağa çalışıblar. Zaman dəyişir, elm inkişaf edir. Bu gün artıq Günəş tutulması əvvəlki kimi qorxu və dəhşət deyil, maraq doğurur. 1999-cu il avqust ayının 11-dəki Günəş tutulması zamanı insanların bu hadisəyə münasibəti də dediklərimizə sübutdur. Lakin bu Günəş tutulması hadisəsinə maraq nə qədər güclü idisə, ondan sonra Türkiyədə baş vermiş daha bir təbiət hadisəsi olan zəlzələnin yaratdığı dəhşət də bir o qədər güclü idi. Bütün bunlarla yanaşı, həmişə olduğu kimi, bu gün də fala baxanlar, ekstrasenslər, bu günümüzün şamanları öz proqnozlarını verməkdə davam edirlər. Onların dediklərinin həqiqətən olub-olmayacağını zaman göstərəcək, ancaq neçə ki, insan övladı var, onun ətrafda baş verənləri yalnız ibadət edərək passiv şəkildə müşahidə edəcəyinə inanmaq çətindir. Bu gün də pirlərə, ocaqlara, övliya məzarlarına, daşlara, ağaclara, falçılara, ovsunlara, üfləmələrə, tüstüləmələrə və s. inanmaqla, İslama və, Əbdüləziz ibn Abdulla ibn Bəəzə görə, Allaha şərik qoşanlar yerlərinin "cəhənnəm" olduğunu bilsələr də, onların ətrafda baş verənlərə, gələcəkdə baş verəcəklərə olan marağını əllərindən almaq mümkün deyil. Neçə əsr bundan əvvəl olduğu kimi, XXI əsrin əvvəllərində də şamanizm ünsürləri, ruhlara inam, hadisələrə müdaxilə etmək cəhdi var və gələcəkdə də olacaq, İslamla, xristianlıqla yanaşı addımlayacaq. Onu da qeyd edək ki, heç xristianlıq da bu gün əslində olduğu kimi fəaliyyət göstərə bilmir, öz üzərində şamanizmin ciddi təsirini daim hiss edir. Tərəfimizdən aparılan tədqiqatlar göstərir ki, bəzi hallarda şamanizmlə bağlı ayinlər və tabular sadə xalq arasında İslam və ya xristianlıqla əlaqələndirilir. Azərbaycadan bu gün qeyd olunan Novruz bayramı günləri müxtəlif bölgələrdə fərqli və təntənəli şəkildə keçirilir. Novruz günlərində, xüsusilə də Axır çərşənbədə tonqalın üstündən atılaraq bəxtimizin açılacağına, sağlam olacağımıza inam da şamanizmin xalq arasında yaşayan izlərindən biridir. Bu əsrlər boyu belə olub və belə də davam edir”

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm