İnanc
Novruzda mütləq BUNLARI EDİN! - ALİM AÇIQLADI (VİDEO)
Video əlavə olunub.
***
Azərbaycan xalqı Novruz bayramını və ilin axır çərşənbəsini qeyd edir. Əsrlərdir qeyd edilən bayramın bir çox adətləri bu gün də qorunur.
AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi Əpoş Vəliyev Publika.az-a açıqlamasında Novruz adətləri haqqında danışıb.
Səməni halvası
Onun sözlərinə görə, xüsusən Naxçıvan Muxtar Respublikasında bu gün bayram xüsusi təntənə ilə, milli tətbiqi sənəti və xalq yaradıcılığını inkişaf etdirməklə paralel qeyd olunmaqdadır:
“Novruz bayramı ərəfəsində dənli bitkilərdən səməni cücərdilir. İnanclara görə, Novruz bayramında göyərdilən səməni təbiətin oyanmasının, yaşıllığın, yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Səməni halvası bişirmək üçün buğdadan adi qayda üzrə səməni cücərdilir. Cücərtilər sarımtıl rəngdə olduqda ətçəkən maşından keçirilir, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğurulur. Xəmir yağlanmış mis tiyana qoyulur, zəif alov üzərində arabir çevirilmək şərtilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq kərə yağı tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşı qarışdırılır”.
Ə.Vəliyev deyir ki, Novruzun atributlarından biri boyanmış yumurtadır.
“Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı təmsil edir. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması dörd fəslin rəmzi, əmin-amanlq kimi yozulur.
Novruzda xüsusi şirniyyatlar bişirirlər – qoğal, şəkərbura, paxlava. Qoğal – Günəşin, şəkərbura – Ayın, paxlava isə – alovun rəmzi sayılır. Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidi, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir. Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Saranbskinin ”Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub”.
Novruzun mahiyyətindən xəbərsiz olanlar
Folklorşünasın sözlərinə görə, hazırda Novruz bayramı otuzdan çox xalq tərəfindən qeyd edilsə də, onun ənənələri ən güclü və düzgün şəkildə məhz Azərbaycanda yaşamaqdadır:
“Buna nümunə kimi bizim Novruz mərasimlərinin başlıca atributlarından olan "Kosa-kosa" tamaşasını göstərmək olar. Bu tamaşa yalnız Azərbaycan Novruzuna mənsubdur. Onun indi göstərilən variantında Kosa ilə Keçəl sanki zarafatlaşırlar. Ancaq tamaşanın qədim formasında onlar bir-biri ilə mübarizə aparırdılar. Tamaşanın Cənubi Azərbaycanda mövcud olan variantlarından birində qara paltar geyinmiş Keçəl qışın, qaranlığın, şər qüvvələrin simvoludur. Keçi dərisindən kürk geyinmiş Kosa isə yayı, istini, bərəkəti və işıqlı qüvvələri təmsil edir. Əlində qara bayraq fırladan Keçəl müxtəlif qorxunc hərəkətlər edərək sanki uçur. Bununla da o, dünyada öz hökmranlığını göstərmək istəyir. Soyuqdan donan Kosa isə ətrafdakı odun parçalarını bir yerə toplayaraq, tonqal qalamaq istəyir. Keçəl hər vəchlə ona mane olmağa çalışır. Ancaq, nəhayət, Kosa tonqalı alovlandıra bilir. Şər qüvvələr işıqdan, oddan qorxduqlarına görə Keçəl qaçıb yaxınlıqdakı divarın arxasında gizlənir. Kosa gedib onu vurub "öldürür" və əlindəki qara bayrağı da alıb tonqalın üstünə ataraq yandırır. Ətrafdakı insanlar da tonqalın başına toplanaraq, isinməyə və şənlənməyə başlayırlar. Bahar qızı da bayrama edilmiş ən yaxşı əlavələrdən biridir. Bu, bayram rəmzlərini daha da genişləndirib. Şıxəli Qurbanov ideoloji təbliğat və Qar qıza uyğun olaraq belə bir personaj əlavə edilməsini irəli sürdü. Hesab edirəm ki, bu, pis yenilik deyil. Bahar qız yazın gəlişini ifadə edən bir personajdır. Bayramın bəzi ənənələrini qəbul etməyənlər Novruzun mahiyyətindən xəbərsiz olanlardır. Özlərini göstərmək üçün şou yaradırlar”.
Papaqatma. Şalatma. Qurşaqatma...
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Tut yetişənə kimi bayram davam edir
Novruz bayramı günü Şərurda uşaqlar “bayram payı” üçün evlərə gedirlər. Ə.Vəliyev deyir ki, buna çox yerdə “qapı-qapı” deyilir.
“Uşaqlar evlərin qapısını döyərək, “Bayramınız mübarək, bayram payımızı verin” deyirlər. Verilən payda yumurtanın olması mütləqdir. Yığılan yumurtalar sonradan “döyüşdürülür”. Novruz bayramı mərasimlərindən biri də qonaq getməkdir. Bu mərasim iki aydan artıq davam edir. Bəzən zarafatla deyirlər ki, “Şərurda tut yetişənə kimi bayram davam edir”. Bayram günü qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı, hədiyyələr apararlar. Qonşular, qohumlar kasıblara, kimsəsizlərə əl tutar, onlara bayram yeməklərindən verərlər. Ağsaqqallar, ağbirçəklər evlərində ziyarət edilər. Novruz günü kəndlərin mərkəzində ağsaqqalların əlini öpərək, “Bayramınız mübarək, neçe belə bayramlara çıxasınız” deyə gənclər bayramlaşırlar. Bu adətə bəzi kəndlərdə “Əlöpmə” və ya “Görüş” də deyilir.
Novruz bayramında həyata keçirilən ən gözəl adətlərdən biri də “küsülülərin barışdırılması”dır. İnanclara görə Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır. Buna görə də Şərurda ağsaqqallar, sözükeçənlər kəndin mərkəzinə yığışaraq, orada küsülüləri barışdırır. Burada ağsaqqalların sözündən çıxmaq olmaz. Bu böyük qəbahət sayılır. Kənd yerlərində tez-tez “qız qaçırtma” hadisələrinə rast gəlindiyi üçün, bu barışdırmalardan ən çoxu da qudaların barışdırılması olar. Aylarla küsülü qohumlar bu bayramda barışırlar. Çünki elin adəti belədir. Təzə qohumlara “xeyir-dua” verilər, qohumluqlarının möhkəm, uzunömürlü olması arzulanar”.
Daha yas saxlamayın
Alim deyir ki, Novruz bayramında keçirilən mərasimlərdən biri də yaslıların yasdan çıxarılmasıdır.
“Bunun uçün ağsaqqallar bir qırmızı alma və boyanmış yumurta götürərək yas düşən evə gedirlər. Qonşular yaslı adamların həyətində tonqal yandırıb, onları “qara bayram” dan çıxarırlar. Sonra vəfat edənin ruhuna dualar oxunur. Yas düşən evlərdə “İlaxır çərşənbə”dən öncəki çərşənbədə “qara bayram” qeyd edildiyi üçün “Vəfat edənin qara bayramı keçib getmişdir, daha yas saxlamayın” deyə ağsaqqallar təskinlik verərlər. Xalq arasında həmin gün ağlamaq, qara rəngli paltar geyinmək, bayramı evdə keçirməmək pis əlamət sayılır. Qohum-əqraba da öz növbəsində yas düşən evlərdə bayramı şən, yaxşı əhval-ruhiyyədə keçirilməsi üçün onlara mənəvi dəstək olarlar. Burada məqsəd sınıq qəlbləri ovundurmaq, yasda olan insanların könlünü almaqdır. Novruz bayramı günü gəlinlərə valideynləri və yaxın qohumları, nişanlı qızlara isə oğlan tərəfindən bayram payı göndərilməsi adətdir. Bayram günü qohum-əqraba yığışaraq gəlini görməyə gedər. Hər gələn də bir bayram xonçası hədiyyə gətirər. Bu xonçalarda mütləq səməni, boyanmış yumurta və bayramlıq hədiyyə olur”.
Gülxar
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi