İnanc
Azərbaycanda 1 il sonra müsəlmanlar üçün MÖHTƏŞƏM GÜN - REPORTAJ/FOTO
“Şükür bu günə, İlahi! Uzun müddətdən sonra məsciddə cümə namazı qılacağıq”.
Əlini göyə tutub Allaha dua edən şəxs məscidlərin açılmasının, qapanmalardan sonra qılınacaq ilk kütləvi cümə namazının sevincini bu cür ifadə edir.
Bu gün respublikanın bütün yerində inanclı insanlar məscidlərə axışır, dua edir. Amma budəfəki ibadət əvvəlkilərdən fərqlidir. Fərqli olan odur ki, ilk dəfə olaraq məsciddə tibbi maska ilə 50 nəfərə qədər insan namaz qıla biləcək. Bununla yanaşı, ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir.
15 aydan sonra qılınacaq ilk kütləvi cümə namazını işıqlandırmaq üçün üz tutduğumuz İçərişəhər “Cümə” məscidində də qeyd olunan qaydalara riayət olunur. Girişdə tibbi maska, dezinfeksiyaedici məhlul, möhür qoyulub.
Məscidin qarşısında sıxlıq yox idi. Bu da yəqin ki, hər kəsin ibadət yerlərinə daxil ola biləcək insan sayı ilə bağlı tətbiq olunan qaydadan xəbərdar olmaları ilə bağlıdır.
Növbədə bir neçə nəfər var. Biz də sosial məsafəni qorumaqla, bütün tələb olunan qaydalara əməl etməklə növbəyə dayanırıq, sıramız çatdıqda isə gigiyenik və digər qaydalardan məsul olan şəxslər bizi qarşılayır. COVID pasportumuzun olub-olmadığı yoxlanılır. Əllərimiz dezinfeksiya olunur, hərarətimiz ölçülür. Hər şey qaydasındadır. Bu sırada bizdən sonrakı şəxsə xitab olunur: “Zəhmət olmasa, vaksin pasportunuzu göstərin”. Şəxs isə pasportunun olmadığını bildirir, ancaq xahiş edir ki, onun da içəri daxil olmasına icazə verilsin. Nəzarətçi nəzakətlə onun məscidə girə bilməyəcəyini deyir. “Qayda belədir, eybi yoxdur, oğlum. Dedim bəlkə, qoyarlar”, deyib ağsaqqal məyus geri qayıdır.
Məscidə daxil oluruq. İçəridə 3-5 nəfər gözümüzə dəyir. Onlar da öz yerlərini tutub, dua edir, cümə namazını gözləyirlər.
Hər bir yerdən bir insanların orada dayanıb dua etməmələri üçün işarələr qoyulub. Yeni qayda da belədir ki, ibadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalıdır.
“Cümə” məscidinin tutumu isə qeyd olunan saydan dəfələrlə böyükdür. Buna görə də insanlar sosial məsafəni gözləməklə namaz üçün yerlərini tutublar.
Namazın qılınacağı vaxt yaxınlaşdıqca məscidə daxil olan insanların sayı da artır. Nəzarətçi yeni gələnlərə sosial məsafəni gözləməklə yerlərini tutmaqda yardımçı olur. Məscid əməkdaşları namaz üçün gələnlərin sayını qeyd edir. Bildirilir ki, məsciddə 50 nəfərdən çox insan olmamalıdır.
Məscidin axundu Hacı Surxay Məmmədli kütləvi cümə namazına gələnləri salamlayır, onlara yeni qaydaları başa salır və öz tövsiyələrini verir. O, insanlara səbrli olmağı və pandemiya bəlasının tezliklə sona çatacağını deyir.
Minarələrdən azan səsi yüksəlir və kütləvi cümə namazı başlayır.
50-yə yaxın insan məscidin axundu Hacı Surxay Məmmədlinin duası ilə 15 aydan sonra ilk kütləvi cümə namazını qılmağa başlayır. Onlar peyğəmbərə, şəhidlərimizə salavat göndərirlər, ruhlarına dualar edirlər.
İnsanların bəziləri namazlarını qıldıqdan sonra məscidi tərk etməyə başlayır. Tərk edənlərin sayına uyğun olaraq içəriyə insanlar daxil olur, onlara yerlərini tutmaları üçün yardım göstərilir. Kütləvi cümə namazı bu qaydada davam edir.
Hacı Surxay Məmmədli bir daha insanlara öz tövsiyələrini verir və əl ilə salamlaşmadan bir-bir sıraya düzülürlər. Daha sonra hər kəs məscidi tərk etməyə başlayır. İnsanların bəziləri qapının yanında qoyulan nəzir qutularına pul atır.
İnsanların təəssüratlarını öyrənməyə çalışırıq. Onlar kütləvi cümə namazını məsciddə qıldıqlarına görə sevincli olduqlarını deyirlər. Ümumiyyətlə isə ibadət yerlərinin açılmasını təqdirəlayiq hal hesab edirlər.
Məscidə gələnlər arasında xarici ölkə vətəndaşları da var. Onlarla da həmsöhbət olmağa çalışırıq. Qardaş Türkiyədən gələn şəxslərin fikirlərini öyrənirik. Onlar bildirirlər ki, əlavə müəyyən qaydalar tətbiq olunsa da, məscidlərin ibadət üçün açıq elan olunması çox yaxşı haldır. Onların sözlərinə görə, bu, inanclı şəxslərin sevincinə səbəb olub.
Nəhayət, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, sözügedən məscidin axundu Hacı Surxay Məmmədlinin təəssüratlarını öyrənirik. Bildirir ki, məscidlərin bağlı qaldığı bu 15 ay bizim üçün böyük bir sınaq idi və bu sınaqdan da üzüaçıq çıxacağıq: “Kütləvi informasiya vasitələrinə təşəkkür edirəm, bu aylar ərzində bizə maarifləndirmə işində çox yardımçı oldunuz, sayənizdə insanları maarifləndirə bildik. 15 ay təbii ki, böyük bir müddət idi, bəlkə də imtahan idi. Biz alnıaçıq ona qalib gəlirik və gələcəyik də. Aləmlərin rəbbinə sonsuz şükürlər olsun! Biz insanları maarifləndirirdik ki, məscidlər açılsa, onlar məscid qaydalarına əməl etməlidirlər.
Vətəndaşlarımız kütləviliyə öyrəşmişdilər. Bu kütləvilik onların immun sisteminin aşağı düşməsinə gətirib çıxardı. Toplaşmaların hamı əleyhinə idi, o cümlədən mən də. Şükürlər olsun ki, bəzi qadağalar götürüldü. İbadət ocaqlarına da bu gün 50 nəfər daxil olur. Bu, təkcə cümə namazlarında belədir. Amma 50 nəfər namaz qıldıqdan sonra insanlar məscidi tərk edirlər, yenə də başqaları məscidə daxil olur. Bu, gün ərzində eyni qaydanı alır. Əgər əvvəllər bu “Cümə” məscidində qadın və kişi olmaqla, toplam 1500 nəfər namaz qıla bilirdisə, yenə də həmin qayda olacaq. Ümid edirəm ki, insanlar qaydalara əməl edəcəklər. Hər kəs tibbi maskadan istifadə edir, gigiyenik məsələlərə riayət olunur və heç bir ciddi narahatlıq yoxdur. Əhali bunu yüksək səviyyədə alqışlayır. Bu, təqdirəlayiqdir”.
Məsciddə kütləvi cümə namazı sona çatsa da, ibadətlərini yerinə yetirmək üçün müqəddəs məkana daxil olan insanlar da var. Onlar qaydalara əməl etməklə öz yerlərini tuturlar, ibadətlərini edirlər.
Akqabay Mıradov
Fotolar: Pərviz Həşimi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...