Tarix
Rəsulzadə Stalini MİNBƏRDƏ GİZLƏDİB? - Tarixçi-alim faktları AÇIQLADI
“Məhəmməd Əmin Rəsulzadə Ensklopediyası” kitabının müəllifi, tarix elmləri üzrə fəlsəfə doktoru, professor Nəsiman Yaqublunun Publika.az-a müsahibəsi:
- Məhəmməd Əmin Rəsulzadə ilə Stalinin dostluq münasibətləri ilə bağlı araşdırmalarınızda hələ yazmadığınız nələr var? Ümumiyyətlə, bu yöndə araşdırmaları, çap olunmuş əsərləri nə dərəcədə qənaətbəxş sayırsınız?
- Məhəmməd Əmin Rəsulzadə ilə İosif Stalin arasındakı dostluq münasibətlərinin əsası XX əsrin əvvəllərində qoyulub. Bu da onunla bağlıdır ki, həmin dövrdə Bakıda inqilabi təşkilatlar yaradılırdı. Bu təşkilatlar ətrafında birləşən bolşeviklər və sosial-demokratlar fəhlələr arasında təbliğat aparır və onları inqilabi hərəkata qoşulmağa təşviq edirdilər. Belə bir vaxtda M.Ə.Rəsulzadə azərbaycanlı gənclərdən ibarət təşkilat yaratmışdı. Həmin dövrdə də İosif Stalin Bakıya gəlir və təxminən 1904-cü ildə M.Ə.Rəsulzadə ilə tanış olur. Bu tanışlıq sonradan çar rejiminə qarşı mübarizə üçün birgə əməkdaşlığa çevrilir. İdeya və fikir baxımından baxışlarında fərqlər vardı. Rəsulzadə 1905-1906-cı illərdən etibarən bolşeviklərin məramnamələrini qəbul etmirdi, çünki milli-müstəqillik ideyasını dəstəkləyirdi. Bolşeviklər isə Rusiyada çarı devirərək hakimiyyətə gəlmək istəyir və yerlərdə xalqların milli-müstəqillik ideyalarını qəbul etmirdi. Ona görə ki, onların məramnamələrində xalqlara azadlıq verilməsi ideyası yox idi. Ancaq düşmənlərinin eyni olması, yəni çarizmə və müstəmləkəçiliyə qarşı birgə mübarizə onları birləşdirən əsas amilə çevrilmişdi.
Qeyd edim ki, M.Ə.Rəsulzadə 1908-ci ildə İ.Stalinin həbsxanadan qaçmasında böyük rol oynayıb. Ancaq sonradan aralarındakı əlaqə kəsilir. 1908-ci ildə Rəsulzadə İrana gedir və məşrutə hərəkatında iştirak edir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvi-ümumidən (bağışlamadan) sonra Bakıya qayıdır. Uzun müddət sonra, yəni 1920-ci ildə onlar yenidən görüşürlər. Həmin vaxt artıq Rəsulzadə həbs edilmişdi və Fövqaladə Komissiyanın nəzarətində olan həbsxanada saxlanılırdı. Hətta ona ölüm hökmünün verilməsi də gözlənilirdi. Belə bir vaxtda Stalin 17 oktyabr inqilabının yubileyini qeyd etmək üçün Bakıya gəlir. Mərasimdən sonra həbsxanada onunla görüşür və birlikdə Moskvaya getməyi təklif edir. Bildirir ki, əgər burda qalsa, ya güllələnəcək, ya da həbs cəzasına məhkum olunacaq. O da peşəkar inqilabçı olduğu üçün artıq Bakıda qala bilməyəcəyini başa düşür və Stalinlə birlikdə Moskvaya gedir. Bə bir müddət RSFSR Millətlər Komissarlığında çalışır, ancaq Stalinin bəzi təkliflərini qəbul etmir və 1922-ci ildə gizli yolla Sankt-Peterburqa, oradan Finlandiyaya, sonra isə Almaniyaya gedir. 1922-ci ilin dekabrında Türkiyəyə gələrək, SSRİ əleyhinə çox ciddi təbliğat aparmağa başlayır və Azərbaycanın azadlığı uğrunda mübarizəsini davam etdirir.
1923-cü ilin sentyabrın 26-da “Yeni Qafqaziya” jurnalını nəşrinə başlayır. Jurnalın ilk saylarının birində İ.Stalinə məktub yazır. Məktubda bildirilir: “Koba, əgər mən sənə desəydim ki, çıxıb getmək istəyirəm, buna icazə verməyəcəkdin. Sən icazə verməyəcəyin üçün də mən getməyəcəkdim. Amma mən mütləq getməliydim. Çünki, sizin qurduğunuz Sovet rejimini qəbul etmirdim. Buna görə də sənə demədən getdim”. Bundan sonra onlar arasında ideoloji mübarizə başlayır. Stalin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə, onun əleyhinə ən çirkin kampaniyanın başlanması ilə bağlı tapşırıqlar verir.
- Məhəmməd Əmin Rəsulzadə və ümumilikdə Cümhuriyyət qurucuları ilə bağlı araşdırmalarınız davam edirmi?
- Hazırda bu istiqamətdə bəzi araşdırmalar aparıram. Yeni sənədlər və faktlar tapmışam. Yəqin ki, yaxın vaxtlarda bu faktları çap etdirəcəm. Bunlar Cümhuriyyət tarixinin bu günə qədər öyrənilməyən səhifələri olacaq. Hazırda araşdırmalarım davam etdiyi və bəzi dəqiqləşdirmələr aparıldığı üçün hələlik detalları açıqlamaq istəmirəm. Düşünürəm ki, qarşıdakı dövrdə hazırlayacağım təhqiqat işləri Cümhuriyyətin araşdırılması tarixinə yeni bir töhfə olacaq.
- Tanınmış yazar Qan Turalının avqustun 22-də Publika.az saytında “Rəsulzadənin Stalini minbərdə gizlətdiyi yalanı” adlı məqaləsi dərc olunub. Məqaləni oxumusunuz?
- Xeyir, oxumamışam. Oxumadığım üçün heç bir söz deyə bilməyəcəm.
- 1991-ci ildə yazdığınız “Məhəmməd Əmin Rəsulzadə ensklopediyası” kitabında onun İ.Stalini atasının axund olduğu məscidin minbərində gizlətdiyini və Stalini quyuya atmaq istəyən qoçulardan xilas etdiyini yazmısınız. Bu əhvalatların mənbəyi varmı, faktları haradan götürmüsünüz?
- Bu əhvalatı da mənə 1989-cu ildə Novxanıda söhbət etdiyim qocalar söyləmişdilər. Onların fikirlərinə əsaslanaraq kitabda bu hadisəni yazmışam. Həmin dövrlərdə Rəsulzadə haqqında danışmaq çox çətin olduğu üçün, qocaların çoxu danışmaq istəmirdi. Öz dövrü üçün bu fakt ola bilər, amma indiki dövr üçün bu məsələ dərindən araşdırılmalıdır. Ümid edirəm, nə vaxtsa bunu araşdıracaqlar. İlk araşdırmalara və “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” kitabını yazmağa başlayanda, Sovet hökumətinin kəskin vaxtları idi. Hətta Ali Məclisdə deputatlardan biri mənim əleyhimə kampaniya apardı. Ancaq 30 il keçdikdən sonra məsələ qaldırırlar ki, niyə xatirələrdə bütün detallar əks olunmayıb. Bu fikri irəli sürmək əslində sadəlövhlükdür.
- Sizcə, M.Rəsulzadə nə üçün İ.Stalin haqqında yazdığı xatirələrində bu məqamlara yer verməyib?
- Xatirələrdə bütün məqamların əks olunması mümkün deyil. Xatirə yazan müəllif müəyyən mqamları yazır, digər məqamları isə yazmır. M.Ə.Rəsulzadə uzun illər sonra bir məqaləsində qeyd edir ki, bu xatirələri yazmaq üçün neçə illər gözlədim və Stalin öləndən sonra yaza bildim. Çünki, nə yazsam, Stalin təkzib edəcəkdi və yazdıqlarımın əhəmiyyəti itəcəkdi. Buna görə də Stalin haqqında xatirələrdə, - “bunlar niyə yazılmayıb”, - demək düzgüm deyil. Ola bilər ki, nədənsə ehtiyat edib və yazmayıb. Mühacirətdə də nəzarət altında saxlanılırdılar və Dövlət Təhlükəsizlik Komitəsi onları hər yerdə izləyirdi. Ölkələrində isə qohum-əqrabalarını həbs edir, Sibirə sürgün edir, hətta güllələyirdilər.
- Dediklərinizdən belə aydın olur ki, kommunizm ideologiyası Cümhiriyyət və onu quranlar haqqında hnasısa bir sənədin belə yazılmasına imkan verməyib. Düzdür?
- Belə mövzular qadağan olunmuşdu. Ancaq mən bu məsələni araşdırdım və 1991-ci ildə kitabı çap etdirdim. kitabın yazılmasında və çap olunmasında çox əziyyət çəkdim. Amma indi hər şey rahatdır. Gəlsinlər, bununla bağlı araşdırma aparsınlar və sanballı bir şey ortaya qoysunlar. Ümumiyyətlə, dövlət adamları və tarixi şəxsiyyətlərlə bağlı düzgün və obyektiv araşdırma aparmaq lazımdır. Rəsulzadə tam fərqli şəxsiyyət və dövlət xadimi olub. Ən əsası isə, heç nədən azad və müstəqil dövlət qurub. Buna görə də onunla bağlı yazdığım əsərlərə qarşı həmişə hücumlar olub və pis kampaniyalar aparılıb. Mən isə onların hamısına cavabımı vermişəm. Əvvəl demişəm, yenə deyirəm: Əgər sovetlər dövründə nəsə yazmaq mümkün idisə, o zaman 1960-cı ildən sonra 1991-ci ilə qədər olan bir dövrdə Rəsulzadə və Cümhiriyyəti quranlar barəsində kitablar yazardılar. Hətta Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu haqqında heç olmasa bir məqalə yazardılar, ancaq bunlar da yazılmayıb. Sovet hökuməti belə məqalələr və kitablar yazmağa icazə vermədiyi üçün həmin dövlərin yazarları qorxurdular.
Rövşən Ziya
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq22 Noyabr 20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?