Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır
Bizi izləyin

Tarix

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Qafqaz Albaniyasının tarixinin öyrənilməsi Azərbaycanın qədim dövlətçilik, xristianlıq və mədəniyyət tarixinin mühüm qatlarının araşdırılması baxımından əhəmiyyətlidir. Alban dövlətinin süqutundan sonra da bu ərazilərdə formalaşmış əhali və mədəni irs mövcudluğunu davam etdirib. Alban irsi Azərbaycan tarixinin çoxqatlılığını göstərən mühüm mənbələrdəndir.

Publika.az xəbər verir ki, bu fikirləri AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri Ədalət Mustafayev deyib. O bildirib ki, Alban kilsəsinin müstəqil dini iyerarxiyası olub və Gəncəsər katolikosluğu əsrlər boyu fəaliyyət göstərib. Çar Rusiyasının Cənubi Qafqazı işğalından sonra isə bölgədə aparılan inzibati və dini dəyişikliklər nəticəsində 1836-cı il Rusiya Əsasnaməsi ilə Alban kilsəsinin ayrıca strukturu ləğv edilərək Erməni Apostol Kilsəsinin tabeliyinə verilib. Sonrakı dövrdə alban kilsələrinə, kitabələrinə və digər xristian irsi nümunələrinə münasibətdə onların erməni tarixi-mədəni irsi kimi təqdim edilməsi halları müşahidə olunub. İşğal dövründə Xudavəng, Gəncəsər və digər abidələrdə aparılan müdaxilələr və “bərpa” işləri də bu baxımdan araşdırılmalıdır.

“Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı dövründə bütün bunların konkret nümunələrini gördük. Xudavəngdə, Gəncəsərdə və digər alban irsi nümunələrində aparılan “bərpa” və təqdimat siyasəti həmin abidələrin erməni tarixi-mədəni irsi kimi göstərilməsinə xidmət edib. Azərbaycan tərəfinin sonrakı araşdırmalarında bir sıra abidələrdə müdaxilələr, kitabə və digər mədəni nümunələrin çıxarılması barədə faktlar ortaya qoyulub.

İşğala qədər sovet rəhbərliyinin ikili siyasəti, sonra isə erməni işğalı, Azərbaycan alimlərinin həmin ərazilərə sərbəst və sistemli elmi çıxışına imkan verməyib. Buna görə otuz ilə yaxın müddətdə abidələri yerində araşdırmaq, kitabələri müqayisə etmək, aparılan dəyişiklikləri sənədləşdirmək və nəticələri beynəlxalq elmi dövriyyəyə çıxarmaq imkanlarımız ciddi şəkildə məhdud idi.

İndi vəziyyət dəyişib və əsas iş məhz indi başlamalıdır. İşğaldan azad olunmuş ərazilərdə alban abidələri kompleks şəkildə tədqiq edilməli, kitabələr yenidən oxunmalı, arxiv fotoşəkilləri ilə indiki vəziyyət müqayisə olunmalı, 3D modellər və rəqəmsal reyestr yaradılmalıdır. Eyni zamanda, Göyçə və Zəngəzurda qalmış mümkün alban irsi köhnə xəritələr, arxeoloji hesabatlar və yazılı mənbələr əsasında ayrıca araşdırılmalıdır”, – deyə alim vurğulayıb.

Ədalət Mustafayevin sözlərinə görə, vurulan zərər yalnız bir neçə daşın və ya kitabənin dəyişdirilməsi deyil: “Əsas zərər Azərbaycanın qədim xristian tarixinin bir hissəsinin başqa xalqın tarixi kimi dünyaya təqdim edilməsi cəhdləridir. Qafqaz Albaniyasını araşdırmaq öz tariximizə sahib çıxmaq, Azərbaycan mədəni irsinin mühüm bir qatını elmi sübutlarla qorumaq və onu öz həqiqi tarixi kontekstinə qaytarmaq deməkdir.

Bu istiqamətdə araşdırmalar yalnız tarixi faktların dəqiqləşdirilməsi baxımından deyil, həm də abidələrin qorunması, gələcək nəsillərə çatdırılması və Azərbaycanın qədim mədəni irsinin beynəlxalq elmi mühitdə təqdim olunması üçün əhəmiyyətlidir”.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm