“Rusiya Qazaxıstana müdaxilə edə bilər” – Sensasion müsahibə
Bizi izləyin

MDB

“Rusiya Qazaxıstana müdaxilə edə bilər” – Sensasion müsahibə

“Qazaxıstanın indiki Prezidenti Tokayev Nazarbayevin xeyir-duası ilə hakimiyyətə gəlmiş bir şəxsdir. Onun hakimiyyəti illərində yetişmiş ictimai-siyasi xadimlərdən biridir. Bu mənada düşünmürəm ki, Tokayev Nazarbayevin bu məsələdə mövqeyini nəzərə almadan onun qızının hakimiyyətdən uzaqlaşdırılması üçün bu addımları atsın”.

Politoloq Elşən Manafov belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Qazaxıstan Prezidenti Tokayev senatın spikeri, yəni ölkənin keçmiş başçısı Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verdi. Sizcə, birdən-birə belə bir addımın atılması nəyə hesablanıb?

- Qənaətimə görə, Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi, onun Qazaxıstanın siyasi elitasında tutduğu yer, eyni zamanda, bu müddət ərzində ölkə siyasətinin patriarxı olan Nazarbayevin özünə sərgilədiyi mövqe ilə əlaqədardır. Çünki Nursultan Nazarbayevin qızı olmasına baxmayaraq, Nazarbayevanın 2006-cı ildə öz həyat yoldaşı ilə birgə Oçark Partiyasını qurması, əslində isə atasının qurduğu siyasi-iqtisadi sistemə müxalifətdə durması, xüsusilə kürəkəninin Nazarbayevin yürütdüyü siyasətə qarşı ifşaedici çıxışları o zaman Qazaxıstan ictimaiyyətinin diqqətindən yayınmamışdı. Bu başqa məsələdir ki, bu gün Nazarbayevin səhhətində problemlərin yaşandığı şəraitdə Nazarbayevanın tutduğu vəzifədən kənarlaşdırılması, perspektivdə hakimiyyət uğrunda mübarizənin kəskinləşəcəyi ilə bağlı məqamlardan xəbər verir.

Məlumdur ki, Qazaxıstanın indiki Prezidenti Tokayev Nazarbayevin xeyir-duası ilə hakimiyyətə gəlmiş bir şəxsdir. Onun hakimiyyəti illərində yetişmiş ictimai-siyasi xadimlərdən biridir. Bu mənada, düşünmürəm ki, Tokayev Nazarbayevin bu məsələdə mövqeyini nəzərə almadan onun qızının hakimiyyətdən uzaqlaşdırılması üçün bu addımları atsın. Çünki Nazarbayevin Qazaxıstanın indiki dövlət idarəçiliyində tutduğu mövqe də kifayət qədər ciddidir. Mən Qazaxıstanın dövlət idarəçiliyini İranla müqayisə etmək fikrində deyiləm, lakin İranda ali dini rəhbər prezidentlə müqayisədə daha üstün hüquqi statusa malik olduğu kimi, əslində Nazarbayevin də Qazaxıstandakı mövqeyi müəyyən mənada prezidentdən bir pillə yuxarıdadır. Dövlət Şurasının sədri olaraq Qazaxıstanın təhlükəsizlik qüvvələri, ordu, kəşfiyyat qurumları yenə də Nazarbayevin nəzarəti altındadır. Tokayev bunu bilməmiş deyil. Hər halda onun varisi olaraq, Tokayev Nazarbayevlə razılaşdırmadan belə bir addımı atmazdı.

Ölkədə həyata keçirilən islahatlar və bir tərəfdən Qazaxıstanın Avrasiya İqtisadi Birliyindəki mövqeyi, digər yandan Qazaxıstanın Qərbin enerji bazarlarına olan maraqları və Avropa ölkələrinə inteqrasiya prosesini sürətləndirməsi faktoru, ölkənin indiki siyasi elitasının, o cümlədən Nazarbayevin özünün diqqət mərkəzindədir. Unutmaq lazım deyil ki, ABŞ dövlət katibi Mayk Pompeonun bir müddət əvvəl Belarusdan sonra Qazaxıstan və digər Mərkəzi Asiya respublikalarına sədərləri olmuşdu. Düşünürəm ki, həyata keçirilən bu islahatlar Qazaxıstanda daha modernist və daha optimal – istər Şərq, istərsə də Qərb bloku ilə işləməyə qadir bir komandanı yaratmaq zərurətindən irəli gələ bilər. Bütün hallarda Tokayevin bu qərarı Nazarbayevlə razılaşdırdığını düşünürəm.

- Qazaxıstanın Qərbə meyllənməsi bu ölkədə hansı dəyişikliklərə yol aça bilər, məsələn, Nazarbayevin mütləq görünən taxtını laxlada bilərmi?

- Əlbəttə, Nazarbayev əbədi olaraq Qazaxıstan siyasətində qalacaq şəxs deyil. Mediada yayılan məlumatlara görə, Nazarbayevin səhhətində müəyyən problemlər var. Hesab edirəm ki, Nazarbayevin səhhətindəki problemlər dərinləşərsə və onun hakimiyyətdən getmək ehtimalı güclənərsə, o zaman Qazaxıstan uğrunda, ölkənin siyasi elitasında kimin qalıb-qalmayacağı, kimlərin bu elitaya dəvət ediləcəyi ilə bağlı məsələ ətrafında Qərb və Qazaxıstan, o cümlədən Qazaxıstan və Rusiya arasında ciddi dilemma yaşanacaq. Çünki Qazaxıstan MDB məkanında, hələ sovet dönəmində Ukraynadan sonra ən güclü respublikalardan biri idi. Enerji resurslarına, ərazilərinə, taxıl ehtiyatlarına görə hətta Rusiyadan sonra ikinci dövlətdi. Rusiya başa düşür ki, Avrasiya İqtisadi Birliyini Qazaxıstansız Avropa İttifaqına alternativ qurum kimi formalaşdırmaq mümkün deyil. Qazaxıstanın təsir dairəsindən çıxarılması, Rusiyanın vurulması və parçalanması anlamına gələcək.

Qazaxıstanda hələ də əhalinin beşdə bir hissəsi ruslardır. Yəni Qərbin Qazaxıstanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün ata biləcəyi addımlar, bu ölkədə Rusiyanın da iştirakı ilə etnik zəmində münaqişələrin yaranması anlamına gələcək. Unutmaq lazım deyil ki, Qazaxıstan uğrunda geosiyasi mübarizənin əks qütbündə dayanan daha nəhəng bir dövlət var. Bu da Çindir. Bunu ABŞ da, Rusiya da yaxşı başa düşür. Buna görə də Qazaxıstanda yeni siyasi elitanın formalaşması və bu elitaya cəlb oluna biləcək yeni kadrların siyasi baxışları ilə bağlı məsələlər adı çəkilən dövlətlərlə yanaşı, Qazaxıstan ictimaiyyəti və siyasi qüvvələri üçün ciddi önəm kəsb edəcək. Nazarbayevə gəlincə, səhhətindəki problemlər dərinləşərsə, bu, onun hakimiyyətinin laxlaması anlamında qəbul oluna bilər. Yəni Tokayevin gerçəkdə onun siyasi varisi olub-olmayacağı ilə bağlı məsələlərə, Tokayevin post-Nazarbayev dövründə Qərb və Rusiya ilə münasibətlərdə atacağı addımlara aydınlıq gətirəcək.

- Son günlər Belarus və Rusiya arasında da bir gərginlik yaşanır. Prezident Lukaşenkonun öz dilindən də bəzən Rusiya əleyhinə sərt fikirlər səsləndirilir. Hətta Rusiyanın “Kanal 1” televizyasının Belarusdakı şöbəsinin əməkdaşlarının akreditasiyası ləğv edildi. Lukaşenko nədən Rusiyaya belə qəzəblidir?

- Əlbəttə, Belarus-Rusiya münasibətlərində yaşanan gərginlik Rusiyadan bu ölkəyə satılan neft və qazın qiymətləri ilə bağlı aparılan danışıqlarla bağlıdır. Belarus enerji tariflərinin aşağı salınmasını istəyir, Lukaşenko və Putin arasında keçirilən görüşlərdə bu məsələ gündəmdə oldu. Düşünürəm ki, artıq tərəflər bu məsələdə razılığa gəlib. Putin də gözəl başa düşür ki, Lukaşenko kimi ambisiyalı bir siyasətçi ilə münasibətlərdə onu cırnada biləcək və əlaqələri Rusiyanın marağında olmayan bir çərçivədən kənara çıxa biləcək addımlar atmağa dəyməz.

Qərbə gəlincə, Belarus uzun müddət Avropada post-sovet məkanında Rusiyayönümlü dövlət kimi qəbul olunurdu, Lukaşenko az qala “Avropanın sonuncu diktatoru” kimi qələmə verilirdi. Maraqlıdır ki, Belarus-Rusiya münasibətlərində yaşanan gərginlik Pompeonun Minskə səfərindən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başladı. Bu səfərdən sonra Lukaşenko müəyyən güzəştlərə getdi: siyasi sistemin liberallaşdırılması, müxalifətlə təmaslar, siyasi dustaqların azadlığa buraxılması kimi məsələlər bura daxildir. Görünür ki, Pompeonun Minsklə danışıqlarında Qərb Belarusun ciddi ehtiyac duyduğu prinsiplərinin buraxılması ilə bağlı hansısa vədlər verib. Düşünürəm ki, Rusiyada da bunu bilməmiş deyillər. Buna görə də Belarusun tərəflər arasında manevr edəcəyini düşünürəm.

Qənaətimə görə, ABŞ post-Lukaşenko dönəmi üçün nəzərdə tutulan Belarus-Qərb münasibətləri baxımından, Qərbyönümlü müxalifətlə münasibətlərə daha çox önəm verəcək. Düzdür, Lukaşenkoya müxalifətdə olan siyasi liderlərin nüfuzu Belarus prezidenti qədər deyil. Etiraf etmək lazımdır ki, Lukaşenko dönəmində Belarus iqtisadiyyatı Avropadan tətbiq olunan sanksiyalara duruş gətirdi. Bu gün Belarus post-sovet məkanında yeganə dövlətdir ki, SSRİ-də mövcud olan sovxoz-kolxoz sistemi hələ də qalır. Belarus aqrar-sənaye ölkəsi təsiri bağışlayır. Məsələn, Ukrayna sovet dönəmində əldə etdiyi gücünü Qərb və Rusiya arasında gedən geosiyasi mübarizədə itirdi, ölkə parçalandı.

Buna görə də Qərblə münasibətlərə də önəm verməklə yanaşı, Lukaşenko bir slavyan lideri olaraq, Rusiyanı məmnun etməyəcək addımlar atmayacaq. Həm də etiraf etmək lazımdır ki, Qərbə doğru atıla biləcək birxətli addımlar Belarus xalqı tərəfindən birmənalı qarşılanmaya da bilər. Qərb nə qədər şirin vədlər versə də. Unutmaq lazım deyil ki, Belarus qələbənin 75 illiyini Rusiya ilə birlikdə qeyd edir. Bu kimi faktorlar tərəfləri razı salan ortaq mövqelərin olmasından xəbər verir. Əlbəttə, Qərb də müəyyən kreditlər vəd edir. Amma zaman göstərəcək ki, Lukaşenko Qərb və Rusiya ilə münasibətlərdə hansı mövqeni tutacaq. Unutmaq lazım deyil ki, Belarus da Azərbaycan kimi Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında Qərbi tam mənada təmin edəcək mövqedə dayanmayıb. Bu mənada Belarusun xarici siyasəti Azərbaycanın tərəflər arasında balanslaşdırılmış xarici siyasət kursuna bənzəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm