Ermənilər bayrağımızın Parlament binasına asılmasına necə mane oldular? MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Ermənilər bayrağımızın Parlament binasına asılmasına necə mane oldular? MÜSAHİBƏ

Müstəqilliyimizi qazandığımız vaxtdan noyabrın 9-nu bayrağımızın yaranma günü kimi qeyd edirik. 2009-cu ildə isə bu gün rəsmi dövlət bayramı elan olundu və Milli Bayraq Günü kimi təqvimə düşdü. Çünki dövlətimizin, dövlətçiliyimizin rəmzi olan bayrağımızı ilk dəfə 1918-ci il noyabrın 9-da başımız üzərinə qaldırmışıq.

Amma bunlar istiqlalımızın göstərgəsi olan bayrağımızla bağlı ümumi və qısa məlumatdı. Həmçinin, çoxlarımız bilirik ki, onu başımız üzərində dalğalandırmaq üçün necə qadalara-bəlalara sinə gərmişik, nə qədər qurbanlar vermişik.

Ancaq elə məqamlar da var ki, onları çoxumuz bilmirik. Buna görə də Publika.az-ın oxucularına bayrağımızı daha yaxşı tanıtması üçün Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin rəhbəri, tarixçi alim Nəsiman Yaqublu ilə söhbətləşdik.

- Nəsiman müəllim, bu günün tariximizdə yerini necə dəyərləndirirsiniz?

- 9 noyabr Azərbaycan tarixinin ən böyük günlərindən biridir. Dövlətçilik tariximizdə ən böyük gün, təbii ki, 28 Maydır. Çünki 1918-ci il mayın 28-də biz istiqlalımızı bütün dünyaya tanıtdıq. İkinci ən böyük günümüz 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi günüdür. Tarixdə üçüncü ən böyük günümüz 1918-ci il dekabrın 7-də parlamentin yaradılmasıdır. Nəhayət, ən böyük tarixi günlərimizdən biri də 9 noyabr Bayraq Günüdür. 1918-ci il noyabrın 9-u Azərbaycanın üçrəngli bayrağının qəbul edildiyi gündür.

Qeyd etmək istərdim ki, 9 noyabrda iki əhəmiyyətli qərar qəbul olunub. Birincisi, mətbuat üzərindən senzura götürülüb, yəni, Azərbaycanda azad mətbuatın əsası qoyulub. İkincisi isə, həmin günü Azərbaycanın üçrəngli bayrağının yaradılması ilə bağlı qərar qəbul olunub. 1918-ci il noyabrın 9-dək bayrağımız qırmızı rəngdə olub. Hətta, Əhməd Cavadın həmin bayrağımıza həsr etdiyi bir şeiri də var. Birinci bayrağımız qırımızı rəngdə və ağ ayparanın qarşısında 8 guşəli ulduz olub. Lakin sonradan həmin bayrağı dəyişdik.

18-ci əsrədək türklərin bayrağında səkkizguşə olub

- Nə üçün dəyişdik və nə üçün birinci bayrağımız qırımızı rəngdə idi?

-Biz 1918-ci ildə Azərbaycan istiqlalını elan edəndən sonra ilk növbədə Osmanlı Türkiyəsi ilə yaxınlıq edirdik. Osmanlı Türkiyəsi ilə yaxınlıq etməyimiz müxtəlif səbəblərlə bağlı idi. Çünki həmin vaxt Zaqafqaziya Seymi dağıldıqdan sonra Gürcüstana himayədarlığı almanlar, ermənilərə ingilis və ruslar, Azərbaycana isə Osmanlı Türkiyəsi edirdi. Həmin vaxt Türkiyənin bayrağı da qırımızı rəngdə idi. Lakin bizim o zamankı bayrağımızla fərqi ondan ibarət idi ki, Türkiyədə beşguşəli, bizdə isə səkkizguşəli qırmızı bayraq idi. Ümumiyyətlə, 18-ci əsrədək türklərin bayrağında səkkizguşə olub. Sonradan beşguşəyə keçilib. Biz isə 1918-ci il iyunun 21-də ilk bayrağımız haqqında qərar qəbul etdik. Amma zaman keçəndən sonra -1918-ci il oktyabrın 30-da Mudros müqaviləsinə əsasən, artıq türklər Azərbaycanı tərk edirdi, Bakı və ətraf rayonlar ingilislərin nəzarətinə verilmişdi. İranın Ənzəli limanından gələn ingilis generalı Tomson bəyanat vermişdi ki, “biz türklərin öz istəyi ilə yaratdığı Azərbaycan dövlətini tanımırıq”. O zaman biz dünyaya və ingilislərə öz müstəqil dövlətimizin qurulduğunu göstərmək üçün milli atributlardan başlamalıydıq. Birinci atributumuz da bayraq idi və bayrağı mütləq dəyişməliydik. Çünki o dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağına bənzəyirdi. Bunun üçün də biz indiki üçrəngli bayrağı götürdük. Üçrəngli bayrağın ideya müəllifi Əli bəy Hüseynzadə olub. O, 1907-ci ildə “Füyuzat” jurnalında yazdığı məqaləsində “türk millətindənəm, İslam hümmətindənəm, Avropa qiyafəliyəm” kimi fikirlərini ifadə edir. Əli bəy Hüseynzadə sonradan bu fikirləri “türk millətindənəm, İslam hümmətindənəm, Avropa düşüncəliyəm” formasına bir qədər də yaxınlaşdırıb. Lakin bunun siyasi mənasını verən Məhəmməd Əmin Rəsulzadə olub. Misal üçün, Əli bəy Hüseynzadənin ideyasında bayrağımızdakı yaşıl rəng –islamçılıq ikinci yerdə, müasirlik isə üçüncü yerdə idi. Amma Məhəmməd Əmin Rəsulzadə 1915-ci ildə “Açıq söz” qəzetində yazdığı “Tutacağımız yol”, sonralar isə “Tutduğumuz yol” məqalələrində müasirləşməni önə çəkir.

Rəsulzadə yazır ki, əsrimiz müasirləşmə əsridir: “Əgər biz müasirləşib, müasir mədəniyyətləri, inkişafları, texnologiyaları həyatımıza daxil edə bilməsək, inkişaf edən millət ola bilməyəcəyik”.

Ona görə də Rəsulzadənin fikirlərində türkləşmək, müasirləşmək və islamlaşmaq kimi formalar öz əksini tapıb. Yəni, islamçılıq üçüncü yerə keçib.

Rəsulzadə yazırdı ki, islamçılıq bizim mənəvi dəyərlərimizdən biridir, ancaq hamısı deyildir. Çünki İslama qədər də bizim tariximiz, mədəniyyətimiz olub. İslam bizim mədəniyyətimizə sonradan daxil olub. Təbiidir ki, İslam mədəniyyətimizin bir hissəsidir, amma hamısı deyil. Bütövlükdə, türkçülük, müasirlik və islamçılıqdır. Odur ki, 1918-ci ildə bayrağımızda Məhəmməd Əmin Rəsulzadənin bu forması öz əksini tapıb. Yəni, indiki kimi türklük göy rənglə, müasirləşmək qırımızı rənglə, islamlaşma isə yaşıl rənglə əks olunub.

Qarabağda da üç rəngli bayrağımız dalğalandı...

- Belə bir fikir var ki, bir sıra qüvvələr, xüsusən də ermənilər bütün bu proseslərə mane olmağa çalışıblar...

- Belə cəhdlər var idi və hətta bayrağımız qəbul olunandan sonra da davam edirdi. Məsələn, Azərbaycan bayrağının parlament binası üzərində dalğalanması ilə bağlı ciddi problemlər yaşanırdı. Çünki o vaxt Azərbaycanda 350 min rus, 300 mindən çox da erməni yaşayırdı. Həmin dövrdə Azərbaycanda 2 milyon 800 minə yaxın əhali var idi. Yəni, o vaxt erməni və ruslar Azərbaycanda təsiredici gücə malik idilər. Ona görə də onların təhriki ilə bizim üçrəngli bayrağımızın parlament binası üzərində dalğalandırılması problemə çevrilmişdi. Hətta, onlar ingilis general Tomsona da təsir etmişdilər ki, üçrəngli bayrağımız dalğalanmasın. Tomson da göstəriş vermişdi, səhər saatlarında parlamentin iclası başlayanda, bayraq qaldırılırdı, axşam saatlarında iclas bitən kimi də endirilirdi. Ona görə də Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, “biz o bayrağı min müşkülatla xalqımızın başı üzərinə qaldırdıq”. İndi çoxu bu ifadənin mənasını bəlkə də anlamır.

Sonradan ingilislər tədricən yumşaldı, biz də üçrəngli bayrağı Azərbaycanın bütün bölgələrində dalğalandırmağa başladıq. Ən əsası isə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağda da üç rəngli bayrağımız dalğalandı. O zaman Azərbaycan 114 min kvadratkilometr ərazini əhatə edirdi. Çox təəssüflər ki, bu gün həmin ərazidən 86,6 min kvadratkilometr qalıb... Məhəmməd Əmin Rəsulzadə 114 min kvadratkilometrlik ərazidə bayrağımızı dalğalandırdı. Bu, böyük bir hadisə idi...

- Bir müəllim kimi necə düşünürsünüz, sizcə, bayrağımızı yetərincə sevə, mahiyyətini dərk edə bilirikmi?

- Üçrəngli bayrağımıza sevgisini şeirlə ilk dəfə bildirən şairimiz Əhməd Cavad, sonra da Cəfər Cabbarlı və Əliabbas Müznib olub. Bu üç şair bizim bayrağımızı öz şeirlərində tərənnüm ediblər. Ona görə də bayrağa sevgini ilk növbədə Əli bəy Hüseynzadədən, Məhəmməd Əmin Rəsulzadədən öyrənmək lazımdır. Sonra da Əhməd Cavad, Cəfər Cabbarlı və Əliabbas Müznibin duyğulu şeirlərindən, yaradıcılığından öyrənmək vacibdir.

Düşünürəm ki, üçrəngli bayrağımızı bu gün yüksək dəyərləndirməklə yanaşı, o bayrağın yaradıcılarını da -Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoyskini, Əli bəy Hüseynzadəni də dəyərləndirməliyik. Onların həyatımıza daxil olmalarını, dərsliklərdə yer tapmalarını təmin etməliyik. Bu şəxslərin ev muzeylərini açmalıyıq, muzeylərini yaratmalıyıq və nəhayət, məzarlarını ölkəyə gətirməliyik ki, Bayraq Günü gedib məzarları üzərinə gül dəstəsi və həmin bayrağı qoya bilək. O zaman görsünlər ki, onların arzuları gerçəkləşib...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm