Siyavuş Novruzov: “Təkliflər var ki, o qurumlar da ləğv edilsin” – ÜZ-ÜZƏ
Bizi izləyin

Müsahibə

Siyavuş Novruzov: “Təkliflər var ki, o qurumlar da ləğv edilsin” – ÜZ-ÜZƏ

Ancaq indi həmin qurumlara ehtiyac qalmayıb

Yeni Azərbaycan Partiyası (YAP) ilə bağlı nəsə soruşmaq lazım olanda jurnalistlər, adətən, onu axtarır. Lakin o, təkcə partiya ilə bağlı yox, ölkədə və regionda baş verən bir çox hadisələrə də şərh verməyə vaxt tapır. Onu qalmaqallı siyasətçi adlandırmaq olar, xüsusilə müxalifətin fəaliyyəti haqda verdiyi şərhlərdə olduqca baməzə və tutarlı sözlərdən istifadə edir. Misal üçün, "Milli Şuranın qırxı çıxıb" kimi ifadələr yalnız ona məxsusdur. Yəqin ki, söhbətin kimdən getdiyi bəllidir.


Publika.az saytının "ÜZ-ÜZƏ" layihəsinin ilk qonağı Milli Məclisdə komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovdur.


- Seçkilər bu dəfə sizin üçün çətin olmadı?

- Yeni Azərbaycan Partiyası bütün seçkilərə qabaqcadan hazırlaşır. Biz bir seçki bitən kimi növbəti seçkilərə hazırlıq işinə başlayırıq. Əsasən, seçkilərə üç mərhələdə hazırlaşırıq. İlkin mərhələdə sırf hazırlıq işləri görülür. Sonra əsas mərhələdə namizədlərin irəli sürülməsi və digər işlər həyata keçirilir. Daha sonra isə yekun mərhələ gəlir ki, burada da seçkinin elan olunması prosesi başlayır. Biz bu mərhələlərdə öz namizədlərimizi irəli sürürük, təbliğat-təşviqat kampaniyasını həyata keçiririk. Bütün bunlar qabaqcadan planlaşdırılır və bu plana uyğun olaraq həyata keçirilir. Ona görə də bizim üçün böyük çətinlik olmur. Bundan əlavə, Yeni Azərbaycan Partiyasının kifayət qədər potensialı, sosial bazası, elektoratı, yerli təşkilatları mövcuddur. Hazırda YAP-ın 84 rayon-şəhər təşkilatı, 8 minə yaxın ilk partiya təşkilatı var. İndi YAP-ın elə böyük təşkilatları var ki, onların hər birində 20-25 min üzvü var. YAP-ın bir rayon təşkilatının üzvlərinin sayı Azərbaycanda olan bütün müxalifət partiyalarının üzvləri qədərdir. Bu baxımdan da Yeni Azərbaycan Partiyası seçkidə heç bir problem yaşamır.

Partiyamızın uğurlarının başlıca səbəbi YAP-ın sədri, cənab Prezident İlham Əliyevin ölkədəki böyük nüfuzu ilə bağlıdır. Çünki partiyamızın namizədlərinə səs verən şəxslərin hamısı Prezidentin siyasətini dəstəkləyən şəxslərdir. Prezidentin gördüyü işlər, yürütdüyü siyasət, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ölkədəki sosial problemlərin həlli və digər bu kimi işlər hər kəsin gözü qarşısındadır. İnsanlar da bu siyasətin davam olunması üçün səs verirlər. Ona görə də Azərbaycanda keçirilən bütün seçkilərdə YAP-ın namizədləri digər namizədlərdən üstünlükləri ilə fərqlənir.


"Bəzi yerlərdə gənclərə, bəzilərində yaşlılara, bəzilərində isə biznesmenə..."


- Bu yaxınlarda 53 nəfərin partiya qərarından kənar şəkildə öz namizədliklərini irəli sürdüyünü açıqladınız. Onların partiyadakı taleyi necə oldu?


- Hər bir insanın seçmək və ya seçilmək hüququ var. Bu, onların konstitusion hüququdur və qanun buna heç bir qadağa qoymur. Partiya onların namizədliklərini nə üçün irəli sürmədi? Çünki partiya seçkidən öncə yerlərdə geniş tədqiqat aparır və öyrənir ki, filan dairədən hansı partiya üzvünün namizədliyi daha keçərlidir. Burada əsas meyar kimi namizədin elektoratı, seçicilərin istək və arzuları, yerlərdəki mövcud problemlər və onların həlli istiqamətləri götürülür. Misal üçün, elə yer var ki, orada gəncə daha çox üstünlük verilir, elə yerlər də var ki, orada da yaşlı və ya orta nəslin nümayəndəsinə üstünlük verilir, bəzi yerlərdə ziyalıya, bəzi yerlərdə isə biznesmenə və sairə. Bütün bunların hamısı partiyanın apardığı tədqiqat nəticəsində bəlli olur.
Baxın, müxalifətin bütün seçkilərdə uduzmağının yeganə səbəbi də məhz budur. Müxalifət öz namizədini irəli sürməmişdən öncə yerlərdə tədqiqat işi ilə məşğul olmur. Hətta seçki elan olunan günədək bəlli olmur ki, müxalifətdən kim hansı dairədən namizədliyini irəli sürəcək. Müxalifət namizəd irəli sürən zaman yerli xüsusiyyətləri və problemləri öyrənmir. Misal üçün, kim hansı rayonda doğulubsa, müxalifət o namizədi doğulduğu rayondan namizəd irəli sürür. Düşünürlər ki, həmin namizəd o rayonda doğulubsa, o artıq seçiləcək. Əslində isə bu cür addımlar doğru deyil. Elə yerlər var ki, oradan yerli namizəddən çox kənar yerdə doğulmuş namizəd məqsədəuyğun olur. Gərək bu cür məsələlərdə ciddi tədqiqat işi aparılsın. Biz də tədqiqat işi aparmışdıq. Həmin 53 nəfər də YAP-ın üzvləridir. Biz bir çoxları ilə söhbət aparanda, 50 nəfər öz namizədliyini geri götürdü. Üç nəfərlə bağlı məsələyə isə baxılcaq.

- Dediyiniz 3 nəfər kimlərdir?


- O 3 nəfərdən ikisi keçmiş deputatdır, biri isə müğənni Elza Seyidcahandır. Bu adamlar hələ partiyadan xaric edilməyib və partiyaya müraciət ediblər. Onların məsələsinə YAP-ın yerli təşkilatlarında baxılacaq. Müraciətlərə baxılandan sonra onlara xəbərdarlıq olunacaq.


"Buna əməl etməyənlər peşmandırlar"


- Bu cür hallara partiya sərt reaksiya göstərir, yoxsa...?

- Ötən seçkilər zamanı da partiya sıralarından xaric olanlar var. İndi onlardan mənə müraciətlər gəlir. Həmin şəxslər partiyanın qərarına əməl etməmişdilər. Partiya da qərar qəbul etdi ki, əgər kimsə partiyanın əleyhinədirsə, o zaman onlarla eyni sırada addımlamaq olmaz. Yəni, partiya istəyir ki, seçkilərdə qələbə qazansın, ancaq YAP-ın hər hansı üzvü partiyanın namizədinə alternativlik yaradır. Bu da doğru deyil. Ötən 5 ildə partiyadan xaric olunanlar indi bizə müraciətlər edib xahiş edirlər ki, onları partiya üzvlüyünə bərpa edək. Biz də onların müraciətlərini baxılması üçün aidiyyatı qurumlara təqdim etmişik ki, artıq 5 il vaxt keçib, onlar partiya üzvlüyünə bərpa olunmaq üçün dönə-dönə xahiş edirlər və peşmançılıqlarını bildirirlər. Yəqin ki, onlar partiya üzvlüyünə bərpa olunacaqlar. İndi isə 50 nəfərdən cəmi 3 nəfəri qalıb ki, onlar da partiyanın qərarına əməl etmədikləri üçün öz peşmançılıqlarını bildirirlər. Biz onların müraciətlərinə baxılması işini də rayon təşkilatlarına göndərmişik. Rayon təşkilatları da bu məsələlərə baxıb qərar qəbul edəcək. Yaxın günlərdə YAP-ın İdarə Heyətinin ilin və seçkilərin yekunlarına dair iclası keçiriləcək. Biz bu məsələni həmin iclasda da müzakirə edəcəyik.

"Bəzi insanlar seçkidə qalib gəlmək üçün YAP-a üzv olmaq istəyirlər"

- Bəzən adamlar Yeni Azərbaycan Partiyasının nüfuzundan şəxsi mənafeləri üçün də istifadə edirlər...

- Təbii ki, belə hallar da olur. Bizim Nizamnamədə göstərilib ki, hər bir YAP üzvü partiyanın gücündən istifadə edə bilər. Burada əsasən nə nəzərdə tutulur? Seçkilər keçirilən zaman partiya öz namizədinə dəstək verir, imza toplayır, təbliğat-təşviqatını təşkil edir, təşviqat materiallarını paylayır və sairə. Seçki ərəfəsində bəzi partiyaların namizədləri deyirdi ki, mən imzalarımı şəxsən gedib özüm toplamışam. Əgər bir namizəd imzaları özü toplayırsa, artıq o namizəd üçün seçki bitib. Çünki bu adamın sosial bazası, elektoratı yoxdur ki, imzanı özü yığır. Bir namizəd 10 adam tapıb özünə imza toplaya bilmirsə və əvəzində özü gedib imza toplayırsa, bu, həmin adamın nüfuzundan xəbər verir. Ancaq YAP əvvəlcədən 1200 nəfərdən çox fəal könüllünü imzatoplama kampaniyası üçün ayırmışdı. Hər namizədimiz üçün 10 nəfər adam ayırmışdıq ki, onlar üçün imza toplasın. Həmin insanlar bir neçə gün ərzində imzaları toplayaraq, müvafiq yerlərə təqdim etdilər. Biz onlara əvvəlcədən treninqlər keçmişdik ki, onlar imza toplayan zaman qanunun tələblərini pozmasınlar. Ona görə də həmin könüllülər öz vəzifələrini əzbər bilirdilər.

Amma elələri də var ki, onlar partiyaya başqa məqsədlər üçün gəlirlər. Onların arasında bir qrup insan var ki, çalışdıqları sahələrin tələblərinə görə partiya üzvü ola bilməzdilər. Çünki onların bir qrupu vaxtilə hüquq-mühafizə orqanlarında çalışıblar. İndi həmin şəxslər işlədikləri orqanlardan tərxis olunublar və bu gün YAP-a üzv olmaq üçün bizə müraciətlər edirlər. Amma elə insanlar da var ki, onlar hüquq-mühafizə orqanlarında çalışmayıblar. 50-60 yaşları var və indi YAP-a üzv olmaq istəyirlər. Partiya yarananda bu adamların ən azı 30 yaşı var idi. Bəs o zaman niyə YAP-a üzv olmayıb? İndi 50 yaşında gəlib partiyaya üzv olmaq istəyir. Biz bu cür hallara çox ciddi yanaşırıq.

Keçmişdə biz bələdiyyə seçkilərində də gördük ki, seçkilərə bir neçə ay qalmış bu cür insanların bir çoxu partiyaya üzv olub. Bunların əsas məqsədi də o idi ki, bələdiyyə seçkilərində iştirak etsin və seçilsin. Onlar YAP-a təmiz qəlblə, əqidə ilə gəlməmişdilər. Bu cür hallar olur. Çünki YAP böyük partiyadır. Hazırda partiyanın üzvlərinin sayı 650 mini ötüb. İlin sonunadək isə bu rəqəmin 700 minə çatacağı gözlənilir. Çünki ilin yekunu ilə bağlı hesablamalar hələlik aparılmayıb, bizdə hər il 30 min partiyaya üzv qəbul olur.


- Dövlət başçısının sərəncamı ilə Əli Əhmədov baş nazirin müavini, Mübariz Qurbanlı isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. YAP-ın Mərkəzi Qərargahında oturan rəhbər şəxslərdən təkcə siz qalmısınız. Təkbaşına bu qədər işin öhdəsindən gəlmək sizin üçün çətin olmur?

- Onlar burada oturmasa da, işimizi birgə həyata keçirdirik. Yəni gündəlik olaraq partiyanın qayğıları ilə həm Əli Əhmədov, həm də Mübariz Qurbanlı məşğul olur. Hər kəsin öz işi var. Bizdə iş sistemi elə qurulub ki, YAP-ın Mərkəzi Aparatında mobil qüvvə saxlanılıb. Biz əsas qüvvəni yerli təşkilatlara cəlb etmişik. Çünki təbliğat-təşviqatın əsas hissəsi yerlərdə həyata keçirilir. Partiyanın rayon və şəhər aparatlarında da xeyli sayda insanlar çalışır. Ona görə də əsas qüvvələrimiz yerlərdə fəaliyyət göstərir.

Bundan əlavə, YAP-ın İdarə Heyəti, Siyasi Şurası, Milli Məclisə seçilən deputatları var. Partiya onların da imkanlarından istifadə edir.


"Milli Məclisin komitə sədri olmaq nazir statusuna bərabər vəzifədir"


- Bəzən mətbuatda sizin də yüksək vəzifəyə təyin olunacağınız barədə məlumatlar yayılır. Bu cür yazılara münasibətiniz necədir?

- Mən bu cür yazılara adi reaksiya verirəm. Belə yazılar bəzən ara qızışdırmaq məqsədilə tirajlanır. Əgər diqqət yetirsəniz görərsiniz ki, hər bir sahə bölünüb. Misal üçün, YAP-ın rəhbər şəxsləri qanunvericilik, hökumət, dövlət və digər sahələrdə təmsil olunurlar. Milli Məclisdə təmsilçilik də vacib şərtlərdən biridir. Hazırda YAP-ın 71 üzvü Milli Məclisin deputatı qismində təmsil olunur. Partiyanın siyasi xətti var. Ona görə də partiya aparatında rəhbər şəxslərdən ən azı bir nəfər Milli Məclisdə bu işləri həyata keçirməlidir. Milli Məclisin komitə sədri olmaq nazir statusuna bərabər vəzifədir. Komitə sədrinin əmək haqqı ilə nazirin əmək haqqı və digər göstəriciləri də eynidir. Bu baxımdan da mənim üçün vəzifənin heç fərqi yoxdur. Əsas odur ki, dövlətin və prezidentin siyasətinə düzgün xidmət edəsən.


"Mən biznesə uyğunlaşa bilmərəm"


- Əgər Siyavuş Novruzov deputat seçilməsəydi, partiyadan əlavə nə işlə məşğul olardı?

- Bu təkcə bizim istəklərimizdən asılı deyil. Partiya kollegial orqandır və bütün işlərə də partiya sədri rəhbərlik edir. Biz partiyanın qərarı ilə hərəkət edirik. Seçki prosesində də hər zaman partiyanın qərarını gözləyirik. Partiya tərəfindən namizədliyim irəli sürüləndə də öz qərarım olmayıb. Əgər partiya məni deputat deyil, digər yerdə məsləhət bilsəydi, o zaman onu edəcəkdim. Bundan sonra da partiya harada məsləhət görəcəksə, orada da fəaliyyət göstərəcəm.

- Bizneslə məşğul olardınız?

- Yox, biznes heç zaman məni maraqlandırmayıb. Ümumiyyətlə, mən biznesə uyğunlaşa bilmərəm. Yəni, vaxtilə mən bizneslə məşğul ola da bilərdim. Bunun üçün kifayət qədər imkanlar olub. Ancaq o sahənin arxasınca getmədim. Məni əsasən siyasət maraqlandırır və bu istiqamətdə davam edirəm.


"Xətrinə dəyməmək üçün yalandan dedim ki, düz deyirsən"


- Bəs idmanla aranız necədir?

-
İdmanla məşğul oluram və idmana gedirəm. Keçmişdə idmançı olmuşam. Hərdən mənim haqqımda yazırlar ki, guya Siyavuş Novruzov Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Əslində, bu səhvdir. Ümumiyyətlə, mən idman üzrə heç bir təhsil almamışam. Hətta bir dəfə tədbirdə bir nəfər mənə yaxınlaşıb özünü mənim Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındakı tələbə yoldaşım kimi təqdim etdi. Mən də onun xətrinə dəyməyib yalandan dedim ki, düz deyirsən.

Mən idmanla uşaqlıqdan - 10 yaşımdan məşğul oluram. Gündəlik vaxtımın qalan hissəsində isə piyada gəzirəm. Hər gün 7-8 kilometr piyada hərəkət edirəm. Çox vaxt da nahardan imtina edib, onun əvəzində piyada gəzirəm. Əsasən, Dənizkənarı Bulvar ərazisində Mübariz Qurbanlı ilə birlikdə piyada gəzirik.

- İdmanın hansı növü ilə məşğul olmusunuz?

- Sərbəst güləşlə məşğul olmuşam. Ancaq mən Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirmişəm. Mən bu universitetə daxil olanda hələ test üsulu ilə qəbul yox idi. Çox çətin vəziyyət hökm sürürdü, hər adam hüquq fakültəsinə qəbul ola bilmirdi. Həmin fakültəni 1995-ci ildə bitirmişəm. Paralel olaraq partiya işi ilə də məşğul olmuşam.


"Yolunu azan idmançılarla gərək vaxtlı-vaxtında məşğul olasan"


- İndi güləş yarışlarını izləyirsiniz?

- Bəli izləyirəm. Bizim çox talantlı güləşçilərimiz var. Əksər beynəlxalq idman yarışlarında Azərbaycana ən çox medalı güləşçilərimiz qazandırır. Kollektiv oyunlarda nəticələrimiz zəif olsa da, güləş və digər bu kimi fərdi idman növlərində yaxşı göstəricilərimiz var. Güləşçilərimizin, taekvandoçularımızın, gimnastlarımızın yarışlarını da izləyirəm.

- Bəzi idmançılar çempion olandan sonra təmsil olunduqları idman növünü buraxıb, biznes və digər fəaliyyətlə məşğul olurlar. İdmançıların bu cür hərəkətlərinə necə baxırsan?

- Gənc idmançı heç olmasa 35 yaşına qədər özünü saxlamalıdır. Hətta elə idman növləri var ki, orada yaş fərqi daha da böyükdür. Misal üçün, karateçilər, taekvondoçular üçün yaş məsələsi elə də əhəmiyyət kəsb etmir. Əksinə, onlarda yaş artdıqca, təcrübə daha da artır. Biz bunu dünya təcrübəsindən də görə bilərik.

Ümumilikdə götürəndə, hər bir uğur, nailiyyət idmançıya verilən şansdır. Beş-on ildən sonra artıq bu şansdan istifadə etmək mümkün olmayacaq. Çünki o zaman artıq yaş öz sözünü deyir. Özü də indi dövlət, prezidentimiz və Heydər Əliyev Fondu tərəfindən idmana və idmançılara böyük diqqət və qayğı var. Hər bir idmançı Milli Olimpiya Komitəsi, ayrı-ayrı federasiyalar tərəfindən kifayət qədər böyük məbləğdə vəsaitlə mükafatlandırılır, onlara mənzillər və avtomobillər verilir. Yəni, idmançılarımız bütün bunlardan istifadə edib öz fəaliyyətlərini daha da gücləndirməlidir.

İdmanda qazandığın uğurları başqa istiqamətə istifadə edəndə isə indiyədək göstərilən nəticələrin özü də tədricən yaddan çıxır. Çünki insanlar çempion idmançılara böyük hörmətlə yanaşır. Ancaq görəndə ki, həmin idmançı öz yolunu azır və ayrı-ayrı qruplara qoşulur, o zaman onların bütün nailiyyətləri yox olur. Yolunu azan idmançılarla gərək vaxtlı-vaxtında məşğul olasan, onları sərbəst buraxmayasan. İdmançı böyük nailiyyətlər qazanandan sonra öz populyarlığından istifadə edib başqa yollara getməməli, idmanını davam etdirməlidir. Çünki idmanda limit belədir ki, sən əsasən 10-15 il ərzində çempion ola bilərsən. Ondan sonra həmin idmançıların biznes və digər sahələrlə məşğul olmağa kifayət qədər zamanı olacaq. Ona görə də idmançılar 10-15 illik müddətdən səmərəli istifadə etməlidir.


"Məmurlar insanlara vicdanla xidmət etməlidir"


- Etimaddan sui-istifadə halları təkcə idmanda deyil, digər sahələrdə də mövcuddur. Misal üçün, bir sıra yüksək vəzifəli dövlət məmurları fəaliyyətlərində yol verdikləri nöqsanlara görə işlərindən azad olunublar.

- Hər bir məmur öz sahəsində cavabdehlik daşıyır. Yəni, insan hər hansı vəzifəyə təyin olunursa, o adam öz sahəsinə cavabdeh olmalıdır və çalışmalıdır ki, insanlara vicdanla xidmət göstərsin. Yaradılan, qurulan nə varsa, hamısı insanlar üçündür. Kimsə vəzifəyə özünün sosial vəziyyətini düzəltmək üçün təyin edilmir. Vəzifələr xalqa xidmət üçündür, insanlar narazı salınmamalıdır. Cənab Prezidentin tapşırığı ilə nazirlərin regionlarda əhali ilə qəbul günləri keçirməsinin çox müsbət nəticələri var. Əvvəllər bu qəbul günləri həftədə bir gün olurdu, Bakıda keçirilirdi və ölkənin hər yerindən yığılıb bura gəlirdilər. İndi artıq nazirlər özləri əhali ilə görüşlərə gedirlər. Ona görə də nazirlərin rayon və şəhərlərə gedib orada əhali ilə görüşlər keçirməsi artıq öz müsbət nəticəsini verir. Bunun nəticəsidir ki, artıq şikayətlərin sayı 80 faiz azalıb.

Bundan əlavə, indi "Azərbaycanı tanıyaq" adlı layihə həyata keçirilir. Layihə əsasında bir rayonun gəncləri başqa yerə, başqa rayonun gəncləri isə bu rayona səfərlər edirlər. Bu layihə çox yaxşı layihədir. Hesab edirəm ki, bu layihəni tələbələrə də şamil etmək lazımdır. Bu cür layihələr həyata keçiriləndən sonra, sosial şəbəkələrdə Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyalarına da gənclərimizin daha tutarlı cavab vermək imkanları yaranacaq. Çünki hər bir gənc sosial şəbəkədə Azərbaycanla bağlı qərəzli və yalan məlumatları görəndə dərhal ona cavab yazmaq həvəsi yaranacaq. Həmin gənc də öz cavabında bildirəcək ki, təkcə Bakı şəhəri deyil, Azərbaycanın bütün rayon və şəhərlərində də sürətli inkişaf, abadlıq-quruculuq işləri görülür. Bununla da gənclərimiz öz şahid olduqları faktlarla Azərbaycana qarşı fikir irəli sürənlərə cavab vermiş olacaqlar.

İnsanların tibbi müayinədən keçməsi də vacib məsələlərdən biridir. Bilirsiniz ki, Azərbaycanda 500-ə yaxın xəstəxana və diaqnostika mərkəzi tikilib, onlar ən müasir avadanlıqlarla təchiz olunub. Burada olan həkimlər də xarici ölkələrdə təcrübə keçiblər.

İldə 2 dəfə insanların həkim müayinəsindən keçməsi bir çox xəstəliklərin vaxtından əvvəl qarşısının alınmasına gətirib çıxaracaq. Artıq müvafiq qanun da qəbul olunub ki, evlənən şəxslər əvvəlcə həkim müayinəsindən keçməlidir. Çox təəssüf ki, indiyədək cəmi 70 min insan həkim müayinəsindən keçib. Həkim müayinəsi zamanı 150-dən çox şəxsin HİV-ə yoluxması aşkar olunub. Təsəvvür edin ki, həmin 150 nəfər aşkar olunmasaydı, onlar nə qədər insanı yoluxduracaqdı. Bütövlükdə 500 nəfərə yaxın insanda müxtəlif növ xəstəliklər üzə çıxıb. Bütün bunların qarşısını almaq üçün müvafiq qanunlar qəbul olunub. Yaxşı olar ki, insanlar özləri bu qanunların tələblərini yerinə yetirməyə maraqlı olsunlar. Çünki bu, ilk növbədə onların sağlamlığı üçündür və bütün müayinələr pulsuzdur.

Yəni, çalışmaq lazımdır ki, dövlət məmurlarının qapıları insanlar üçün daim açıq olsun. Cənab Prezidentin də tapşırığı ondan ibarətdir ki, məmurlar insanlara vicdanla xidmət etsin.


"Bəzən icra başçılarını da qınamaq olmur"


- Necə düşünürsünüz, dövlət başçısının məmurlara son xəbərdarlığı müsbət nəticələr veribmi?

- Cənab Prezident hökumətin yığıncaqlarında və digər toplantılarda hər zaman məmurlara xəbərdarlıq edirdi. Vaxtilə, ulu öndər Heydər Əliyev də məmurları sadə və təmkinli olmağa çağırırdı. Vəzifəyə təyin etdiyi adamlara tapşırırdı ki, gedib əhali ilə yaxından əlaqə yaratsınlar, insanları narazı salmasınlar. Bilirsiniz, heç kəs deyə bilməz ki, hər hansı cəmiyyətdə problem yoxdur. İnsan varsa, cəmiyyət, cəmiyyət varsa, problem də var. Bəzən icra başçılarını da qınamaq olmur. Çünki rayonlarda insanların hamısının gözü icra hakimiyyətinin binasına dikilir. Evdə dalaşan da, qonşusu ilə yola getməyən də, qoyunu itən də gəlib İcra Hakimiyyətinə müraciət edir. Ancaq istənilən halda icra başçısı hər hansı rayona təyin olunursa, o, bu etimadı doğrultmalıdır. Hətta cənab Prezident son müşavirədə də qeyd edib ki, vəzifəsində nöqsanlara yol verən məmurlar həm işdən çıxarılacaq, həm də cəzalandırılacaq. Biz bu gün bunları reallıqda da görürük. Artıq bu proses gedir. Bilirsiniz, yüksək dövlət vəzifəsi hər bir adama nəsib olmur. Vəzifəyə təyin olunan məmur da bu vəzifəni ədalətlə, vicdanla yerinə yetirməlidir. Əgər bundan sonra da kim bu vəzifəni ləyaqətlə yerinə yetirməyəcəksə, onlar da cəzalandırılacaq.

"Gələcəkdə də bu dəyişikliklərin edilməsi gözləniləndir"


- MTN-dəki son islahatlarla bağlı nə deyə bilərsiniz?

-
Ümumiyyətlə, dünya sistemində də bu cürdür. Dünya ölkələrinin bir sıra dövlət strukturlarında bu cür islahatlar aparılır. Hesab edirəm ki, bu cür islahatlar mütəmadi olaraq aparılmalıdır. Post-sovet ölkələrinin əksəriyyətində də xüsusi xidmət orqanları var. İndiyədək Azərbaycanda bu qurum nazirlik idi, ancaq bundan sonra xidmət gedəcək. Əslində, bu təklif əvvəlcədən var idi. İndi də yeni təkliflər verilir ki, digər qurumlar da ləğv edilsin və yerində yeniləri yaradılsın. Vaxtilə elə qurumlar var idi ki, onlara böyük ehtiyac var idi. Ancaq indi həmin qurumlara ehtiyac qalmayıb. Bu istiqamətdə islahatlar mütəmadi olaraq həyata keçirilir. Bilirsiniz, idarəetmə sadələşdirilməlidir.

- Digər nazirliklərdə də oxşar dəyişikliklər gözlənilir?

-
Belə dəyişikliklər olur. Vaxtilə Rabitə və Yüksək Texnologiyaları, İqtisadiyyat və Sənaye nazirliklərində dəyişikliklər edilib. Burada təkcə ad dəyişməyib, eyni zamanda həmin qurumların fəaliyyət dairələrində də dəyişiklik edilib. Gələcəkdə də bu dəyişikliklərin edilməsi gözləniləndir.

- Sadaladığınız islahatlar arasında YAP-ın təklifləri olubmu?

-
Bu cür məsələlər YAP-ın İdarə Heyətində müzakirə olunur və zəruri təkliflər də partiya sədri, cənab Prezident İlham Əliyevə çatdırılır. Bu cür məsələlərə digər strukturlarda da baxılır və real olan məsələlər öz həllini tapır.


"Tanıdığım kifayət qədər insan var ki, məzar yeri almaq üçün bankdan kredit vəsaiti götürüb"


- Sizi bir daha təbrik edirik. Çünki V çağırış Milli Məclisdə bir neçə yeni komitələr yaradıldı ki, bunlardan biri də sizin sədri olduğunuz İctimai birliklər və dini qurumlar komitəsidir. Komitənin fəaliyyət dairəsi nə olacaq?

- Əslində, bu komitəyə zərurət var idi. Komitənin əsasnaməsində, ictimai, qeyri-hökumət və həmkarlar təşkilatları, fondlar, siyasi partiyalar və dini qurumlar sahələri göstərilib. Bu təşkilatlara aid olan qanunların və lazım olan normativ aktların hazırlanması və qəbul olunması da komitənin səlahiyyətlərinə aiddir. Bu, həddindən artıq çox geniş sahədir. Bu gün Azərbaycanda 3 mindən çox QHT və 100 partiya var. Siyasi partiyalardan təqribən 50-si qeydiyyatdan keçib, 50-si isə qeydiyyatsız fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 500-ə yaxın dini icma qeydiyyatdan keçib. Bu dini icmalar Azərbaycanda olan bütün dini konvensiyaları əhatə edirlər. Bu yaxınlarda iki qanun qəbul etdik. İndi biz digər qanun layihələri üzərində işləyirik.

Bundan əlavə, ictimai təşkilatlar, fondlar, siyasi partiyalarla bağlı da layihələrimiz var. Dini müəssisə və təşkilatlarla bağlı da bir sıra təkliflərimiz mövcuddur. Düşünürük ki, dini kadrlar ancaq Azərbaycanda yetişdirilsin. Bunun üçün qanunvericilik tərəfindən hansı addımlar tələb olunursa, biz o addımları atacağıq. İcra mexanizmini isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi yerinə yetirəcək. Bu sahədə qanunun aliliyi tətbiq olunandan sonra hər məsələ qaydasında gedəcək.
Misal üçün, dini ekstremizmi bütün dinlərin adına hallandıra bilərlər. Amma son vaxtlar bir sıra dairələr dini ekstremizmi İslamın adına çıxmağa çalışırlar. Ancaq bu, qəti şəkildə belə deyil. Elə dini cərəyanlar var ki, onlar bu gün tamam başqa düşüncə və əqidə ilə fəaliyyət göstərirlər. Qanunlar da bütün bunların qarşısını almaq üçündür. Artıq müvafiq qurumlara da bu cür halların qarşısını dərhal almaq üçün kifayət qədər böyük səlahiyyətlər verilib. Həmin dini cərəyanların maliyyə mənbələrinin, fəaliyyətlərinin dayandırılması, digər əməliyyat və axtarış tədbirlərinin həyata keçirilməsi bu səlahiyyətlərə aid edilir. Artıq qanunların bu cür sərtləşdirilməsi insanlarımız tərəfindən də yüksək qiymətləndirilir, yerlərdən bizə bu qərarları dəstəkləyən müraciətlər daxil olur.

Biz düşünürük ki, gələcəkdə Azərbaycanda vahid qəbiristanlıq sistemi yaradılsın. Hazırda biz bu məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə məsləhətləşmələr aparırıq. Bu məsələ ilə bağlı dünya təcrübəsi öyrənilir. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, varlı və ya kasıb üçün qəbir və başdaşı eyni olmalıdır. Vahid qəbiristanlıq üçün müvafiq qurumlar tərəfindən yer ayrılmalıdır. Bundan sonra isə çox cüzi vəsaitlə ölü yiyəsi dəfn mərasimi keçirə və məzar üçün yer ala biləcək. Mənim tanıdığım kifayət qədər insan var ki, məzar yeri almaq üçün bankdan kredit vəsaiti götürüb və sairə. Onların arasında sələmə pul götürənlər də var ki, həmin adam indi götürdüyü pulu qaytarmaqda çətinlik çəkir, buna görə məhkəmədə iş gedir.


Biz ötən dəfə sadə yas mərasimlərinin keçirilməsi ilə bağlı məsələ qaldırmışdıq. Tövsiyə etdik ki, insanlar yas mərasimləri keçirən zaman israfçılığa yol verməsinlər. Ancaq bu məsələyə əvvəl əməl olunsa da, bir qədər sonra yenə də insanlar israfçılığa yol verməyə başlayıb. O zaman biz bunu tövsiyə kimi irəli sürdük, bununla bağlı ziyalılarımız və din xadimlərimiz də danışdı, ancaq buna yalnız bir qism insan əməl etdi, digər qism isə əməl etmədi. Biz dedik ki, sadə yas mərasimləri ilə bağlı "Naxçıvan modeli" tətbiq olunsun. Yəni, Naxçıvan Muxtar Respublikasında imkanından və kimliyindən asılı olmayaraq, hər kəs sadə yas mərasimi keçirir. Muxtar Respublikada keçirilən yas mərasimlərində varlı ilə kasıbın çadırını seçmək olmur. Bu da bütövlükdə insanları çox razı salır. Ola bilər ki, 5-10 nəfər imkanlı şəxs buna razı olmasın. Ancaq azlıq çoxluğa tabe olmalıdır. Hesab edirəm ki, bu məsələ qanuniləşdirilməlidir. Qanun tətbiq olunanda, o zaman bundan kənara heç kəs çıxa bilməyəcək. Növbəti il üçün Milli Məclisin sessiyalarında bu məsələnin də qanun şəkilində qəbul edilməsi müzakirə olunacaq.


"Siyasi partiyaların fəaliyyəti haqda qanuna dəyişikliklər gözlənilir"


- Dediniz ki, siyasi partiyalarla bağlı da bir sıra yeniliklər gözlənilir? Hansı yeniliklər olacaq?

- Biz "Siyasi partiyalar haqqında" qanun qəbul etmişik. Bu qanuna əlavə və dəyişikliklər də olunub. Ancaq siyasi partiyaların fəaliyyəti ilə bağlı dünya təcrübəsində də elə məqamlar var ki, onlar artıq Azərbaycanda da tətbiq edilməlidir. Misal üçün, Azərbaycanda onlarla siyasi partiya var ki, onlar qeydiyyatdan keçsə də, heç bir fəaliyyəti yoxdur. Avstriya kimi ölkədə siyasi partiya 2 il fəaliyyət göstərmirsə, dərhal onun qeydiyyatı ləğv olunur. Avropada siyasi partiya seçkilərdə iştirak etmirsə, onun qeydiyyatının ləğvi məsələsinə baxılır. Yəni, Avropada siyasi partiyalar belə qanunlarla tənzimlənir. Bəzən görürsən ki, Azərbaycanda siyasi partiya alqı-satqı obyektinə çevrilir. Biz Azərbaycanın yaxın tarixində də buna şahid olmuşuq ki, kimsə gedib qeydiyyatdan keçən partiyanı alır və daha sonra özünü sədr təyin edir. Bununla da siyasi partiyanın nizamnamə tələbləri pozulur. Digər misal çəkim. Bu yaxınlarda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı da bir sıra nöqsanlar ortaya çıxıb və bir partiyaya 2 nəfər sədrlik edir. Oxşar hadisələr qurultaydan sonra Müsavat Partiyasında da baş verib. Doğrudur, bu cür məsələlər məhkəmə araşdırmasıdır. Ancaq bu kimi halların gələcəkdə qanunla tənzimlənməsi, burada mülkiyyət və digər məsələlərin nəzərə alınması yaxşı addım olardı. Hesab edirəm ki, bu cür hallara qarşı qanunla nəzarət olunmalıdır ki, orada hər hansı saxtakarlığa şərait yaranmasın. Bununla bağlı kifayət qədər təkliflər də mövcuddur. Bundan əlavə, ayrı-ayrı təşkilatlar da var ki, onlara dövlət yardımının edilməsi qanunla tənzimlənməlidir.


"Nardaran hadisələrində kimin əlinin olub-olmayacağını…"


- Nardaran hadisələrindən sonra dövlət bu ərazidə bir sıra təmizləmə tədbirləri həyata keçirdi. Hətta bu yaxınlarda dövlət başçısı Nardaranda abadlıq işlərinin görülməsi üçün 12 milyon manat pul ayırdı. Bundan sonra qəti demək olarmı ki, artıq Nardaranda qarşıdurma olmayacaq?

-
Artıq Nardaranda bütün qara bayraqlar yığışdırılıb. Biz qanun da qəbul etmişik ki, həmin bayraqlar yalnız ziyarətgah və məscidlərin içərisində asıla bilər. Qanunda da göstərilir ki, Azərbaycanın dövlət bayrağından və rəsmi protokol qaydalarına əsasən, hər hansı xarici ölkənin dövlət başçısının səfəri zamanı asılan dövlət bayrağından başqa, hər hansı dini konvensiyanın və ya təşkilatın bayrağı küçələrdə asıla bilməz. Dini bayraqlar yalnız və yalnız məscidlərdə, pirlərdə, ziyarətgahlarda içəridə asıla bilər. Bundan əlavə, avtomobillərdə də dini şüarlar yazıla və ya bayraqlar asıla bilməz. Əgər bütün bunlardan hər hansı biri olarsa, o zaman bunun ilkin olaraq cəzası cərimələr və məsuliyyətə cəlb olunmalar olacaq.


Onu da qeyd edim ki, hazırda Nardaranda tam sakitlik hökm sürür. Hər bir təşkilat və orqan öz işini normal şəkildə həyata keçirir, ərazidə elektrik enerjisi və təbii qaz verilişi üçün sayğaclar quraşdırılır. Bu yaxınlarda cənab Prezident tərəfindən də Nardaranda abadlıq işlərinin görülməsi üçün 12 milyon vəsait ayrılıb. Bütövlükdə, hər bir əraziyə olduğu kimi, Nardarana da hər zaman dövlətin diqqəti olub. İndiyədək Nardaranda məktəb, mədəniyyət evi, xəstəxana da inşa edilib, digər sahələrə də böyük diqqət yetirilib. Bu proses bundan sonra da davam etdiriləcək. Nardaranda olan bəzi insanlar da başa düşdü ki, dövlətlə dövlətçilik etmək olmaz. Qanun hamı üçün eynidir. Bir qrup insanın Nardaran kənd camaatını uzun müddət öz təsiri altında saxlaması mümkün olan məsələ deyildi. Nəzərə alsaq ki, onlara kənardan da müdaxilələr olurdu. Hətta, saxlanılan adamların əksəriyyəti Nardaran sakini deyil. Onlar Nardaranı özləri üçün fəaliyyət yeri kimi seçib, inanclı insanları öz təsir dairələrinə cəlb etmişdilər. Artıq Nardaran camaatı da səhvini başa düşüb və silahı olanlar könüllü şəkildə silahları təhvil veriblər. Çünki dövlət tərəfindən elan olunub ki, silahları könüllü qaytaranlar məsuliyyətə cəlb olunmayacaq. Tam əminəm ki, hər şey tezliklə öz axarına düşəcək.

- Nardaran hadisələri mətbuatda və cəmiyyətdə birmənalı qarşılanmadı. Bu hadisəni MTN işi ilə də əlaqələndirənlər oldu. Siz necə düşünürsünüz, Nardaran hadisələrinin sabiq nazir Eldar Mahmudovla nə qədər əlaqəsi var?

-
Nardaranla bağlı hazırda istintaq araşdırmaları gedir, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Bundan sonra nə olacaqsa, artıq bu istintaqın ortaya çıxaracağı nəticələr olacaq. Nardaran hadisələrində kimin əlinin olub-olmayacağını ancaq istintaq ortaya çıxara bilər. Ümumiyyətlə, kimlərin bu cür hadisələrin baş verməsinə tərəfdar olmasını istintaq müəyyən edə bilər. Bu, sırf istintaqın işidir.


- "Günəşli" yatağında baş verən faciəni də xaricdən edilən təxribat kimi qiymətləndirirlər…

- Bu bir faciədir. Çox təəssüf ki, bəzi şəxslər bu faciəni də başqa yerlərə yozurlar. Allah faciə nəticəsində ölənlərə rəhmət etsin. Sağ qalanlara da Allahdan şəfa diləyirəm. Dövlət tərəfindən nə qədər addım atılsa da, bu böyük bir faciədir. Faciə zamanı həlak olan insanları geri qaytarmaq mümkün deyil. Onların arasında ailə başçıları da var idi ki, onların yetkinlik yaşına çatmayan övladları qalır. "Günəşli" yatağında baş verən bir qəza, təbii fəlakət idi. İndi mütəxəssislər də araşdırır. Araşdırmalardan sonra bilinəcək ki, orada partlayış necə baş verib. Amma bütün mütəxəssislərin ilkin rəyi ondan ibarətdir ki, güclü küləyin təsirindən borularda sızma yaranıb və yanğın olub.
Əslində, platformada insanlar üçün hər cür şərait hazırlanmışdı. Amma nə etmək olar, təbii fəlakət belə nəticələrə yol açdı. Ən yüksək və müasir texnologiyalara malik olan Yaponiyada sunami qalxdı və 30 mindən çox insanın həyatına son qoydu, şəhərləri dağıldı. Yəni, gözlənilmədən baş verən təbii fəlakətin qarşısını heç kəs öncədən ala bilməyib. Hesab edirəm ki, bu cür təbii fəlakətlər nəticəsində meydana gəlmiş faciələrdən heç kəs sui-istifadə etməməlidir. Radikal müxalifət baş verən hər bir hadisədən hökumətə qarşı istifadə etməyə çalışır. Təsəvvür edin, yolda getdiyin yerdə bir ağac aşırsa, müxalifət deyir ki, bunu iqtidar edib.
Yanan bina zamanı da müxalifət bu faciədən hökumətə qarşı istifadə etməyə çalışırdı. Yanan bina Müsavat Partiyasının qərargahı yaxınlığında yerləşirdi, partiya rəhbərləri əraziyə getmək əvəzinə dərhal bəyanatlar hazırlayıb yaydılar. Gedəydilər də, bəlkə, 2 nəfərə yardım edə bilərdilər. Bunlar ancaq bəyanat verməyə öyrəniblər. Bunların deməyindən belə çıxır ki, iqtidar qəsdən bu faciələri yaradıb. Birincisi, müxalifət Azərbaycan xalqını bizdən çox istəyə bilməz. Biz faciə zamanı bir nəfərin belə barmağının qanamasını istəmərik. İqtidarın və müxalifətin atdığı addımlara baxın. İnsanı geri qaytarmaq olmaz. Digər atılan bütün addımlara baxsanız, görərsiniz ki, iqtidar xalq üçün necə çalışır. Faciə zamanı zərərçəkənlərin hər birinin ailəsinə dövlət tərəfindən bütün yardımlar edildi. Bu siyasət bundan sonra da davam etdiriləcək.
Ancaq müxalifət nə edir? Bunlar mütəxəssis olmaya-olmaya iclas toplayıb, özlərindən rəylər verirlər. Biri deyir ki, qayıq köhnə idi, o biri deyir ki, hava pis idi, niyə getmişdilər və sairə. Bilirsiniz, neftçilərin öz iş proqramları var, onlar neçə il idi ki, dənizdə işləyirlər. Kim bilirdi ki, orada yanğın baş verəcək? Əgər yanğın baş verməsəydi, külək yatacaqdı və neftçilər də sağ qalacaqdı. Yenə deyirəm, fəlakətdən, faciədən sui-istifadə etmək olmaz. Bəlkə də ona görə də Azərbaycan xalqı müxalifətin bu cür hərəkətlərini görüb onlara səs vermir.
İndi dünyada neftin qiyməti düşüb, buna görə müxalifətin sevincinin həddi-hüdudu yoxdur. Bu adamlar düşünmürlər ki, neftdən gələn gəlirə məktəb tikilirdi, sosial problemlər həll olunurdu, park salınırdı, xəstəxanalar inşa edilirdi, insanlar dövlət tərəfindən ildə 2 dəfə pulsuz müayinədən keçirdi. Bu insanların içərisində cəbhəçisi, müsavatçısı və digərləri də var. Tikilən məktəblərdə təkcə iqtidardakı insanların uşaqları oxumur. Orada hamının uşağı təhsil alır.

Bu gün Azərbaycanda xeyli sayda elektrik stansiyaları inşa edilib. Azərbaycan artıq elektrik enerjisini xaricə də ixrac edir. Halbuki vaxt var idi, ölkədə gün ərzində 2 saat işıq yanmırdı.
Azərbaycan neftdən gələn gəliri daha çox sosial problemlərin həllinə yönəltdi, yollar, körpülər və təhsil müəssisələri açıldı. Bununla ölkədə yeni iş yerləri açıldı. Digər tərəfdən isə, pul insan kapitalına çevrildi və qeyri-neft sektoru inkişaf etdirildi. İndi müxalifətə sual olunur ki, neftin qiyməti aşağı düşəndə nə qazanacaqsan? Bu cür düşünən insanlar utanmazcasına hələ Azərbaycana rəhbərlik etmək istəyirlər. Bu cür düşüncə ilə Azərbaycana rəhbərlik etmək olar? Bunlar üçün əsas şərt odur ki, nə qədər Azərbaycan pis olsa, bizim üçün yaxşı olacaq. Əksər ölkələrdə taleyüklü məsələlərdə iqtidarla müxalifət bir olur. Amma çox təəssüf ki, Azərbaycan müxalifətinin bir hissəsi öz ağlı ilə hərəkət etmir. Onlar, xaricdən aldıqları tapşırıq əsasında fəaliyyət göstərirlər.


"İqtidarla müxalifət arasında dialoq 2016-cı ildə də davam etdiriləcək"


- Azərbaycanda mütəmadi olaraq siyasi partiyaların dialoqu təşkil olunur. Bütün ciddi partiyaların nümayəndələri həmin görüşlərdə iştirak edir. Ancaq radikal müxalifət bu görüşlərə qatılmır, gözləyir ki, xaricdən onlara nə tapşırıqlar veriləcək. Dialoqa qatılmamaq üçün heç bir sübut və ya bəhanələri də olmur. Demirlər ki, sözümü demək istəyirəm? Buyur, gəl, dialoqda sözünü de. Hökumətdən nə tələbin varsa, gəl iştirak et, öz tələbini qoy. Bundan artıq nə sərbəstlik olmalıdır? Dialoqda hər kəsə sərbəstlik verilir ki, öz təkliflərini irəli sürsünlər. Düşünürəm ki, radikal müxalifətin bu cür düşünməsinin əsas səbəbi partiya daxilində islahatların getməməsi və düşüncə tərzinin köhnəlməsidir. Bu adamlar partiyanı da avtoritar idaretmə sistemi ilə idarə edirlər. Kim azad fikir söyləyirsə, dərhal onu partiyadan xaric edirlər. Halbuki, onun əvəzində partiyada islahat aparıb, yeni münasibətlər yaratmaq olardı. Bu zaman isə bir neçə partiyada girova çevrilməzdi.

- Yeni ildə dialoq gözlənilirmi?

-
Bəli, dialoq 2016-cı ildə də davam edəcək.


"Bir də görürsən ki, gecənin bir yarısı götürüb bir status yazır"


- Siyavuş müəllim, sosial şəbəkədə nə üçün yoxsunuz?

- Bu yaxınlarda mənim adıma "facebook"da profil açılmışdı. Ancaq müvafiq qurumlara müraciət edəndən sonra həmin profil ləğv edildi. Sosial şəbəkədə olmamağımın əsas səbəbi canlı ünsiyyətə daha çox üstünlük verməyimdir. Mən canlı ünsiyyətə daha çox üstünlük verirəm. Sosial şəbəkələr virtual məkandır. Sosial şəbəkələrdə mənim bir çox həmkarlarım olsa da, ancaq mən yoxam. Bir də görürsən ki, onlardan kimsə gecənin bir yarısı götürüb bir status yazır. Sosial şəbəkələr əsasən gənclər üçün lazımdır.


"Nə İsa Qəmbər, nə də Əli Kərimli Ayaz Mütəllibova cavab verdi"


- Bu yaxınlarda Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun verdiyi müsahibəsində mərhum Əbülfəz Elçibəy haqqında fikirləri böyük etirazla qarşılandı. Hətta Ayaz Mütəllibovun vaxtilə Heydər Əliyevə qarşı da atdığı addımlar gündəmə gətirildi. Bu məsələ ilə bağlı sizin fikirləriniz necədir?

- Bu, Azərbaycanın yaxın tarixində baş verən hadisələrdir. Bunu hər kəs də bilir. Ayaz Mütəllibov yazdığı "Yeddi ilin yetmiş anı" adlı kitabında da hər kəsə olan münasibətini açıq şəkildə bildirib. Ayaz Mütəllibov son müsahibəsində Heydər Əliyevə qarşı hər hansı fikir bildirmədiyi üçün ona cavab vermək istəmirəm. Ancaq Ayaz Mütəllibovun Elçibəy haqqında söylədiyi fikirlərlə bağlı məni daha çox bir məqam təəccübləndirdi. Əli Kərimli və İsa Qəmbər ömrü boyu deyirlər ki, Əbülfəz Elçibəy bizim liderimizdir və sairə. Ancaq onların heç biri Ayaz Mütəllibovun Elçibəy haqqında söylədiyi fikirlərə cavab vermədilər. Baxmayaraq ki, Əli Kərimli Əbülfəz Elçibəyin yaratdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) mənimsəyib, ancaq Ayaz Mütəllibova cavab vermək üçün Gözəl Bayramlını göndərdi. İndi ona sual olunur ki, bəs sən niyə Ayaz Mütəllibova cavab verə bilmirsən? Gecə-gündüz deyirlər ki, yolumuz Elçibəy yoludur, biz də onun davamçılarıyıq. O zaman bəs niyə Əbülfəz Elçibəy haqqında fikir söyləyənə cavab vermədilər? Mirmahmud Fəttayev və o dövrdə çalışan digər şəxslər Ayaz Mütəllibova cavab verdilər. Ancaq nə İsa Qəmbər, nə də Əli Kərimli cavab vermədi. Buradan aydınlaşdırmaq lazımdır ki, kim kimin adamıdır.

- Rusiya ilə Türkiyə arasında yaranmış gərginliyə münasibətiniz necədir?

- Dövlətin bu məsələ ilə bağlı mövqeyi bəllidir. Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşılaşdırılmalıdır. Çünki Rusiyaya qarşı sanksiyalar tətbiq olunanda Türkiyə bu sanksiyalara qoşulmadı. Hətta Türkiyə bu sanksiyalara əks olaraq, Rusiyaya satılan ərzaq məhsullarını daha da artırdı. Buna bütün dünya da şahid oldu.
Bundan əlavə, bu gün Rusiyanın ən böyük neft-qaz alıcısı Türkiyədir. İki ölkə arasında yaranmış anlaşılmazlıq nəticəsində Rusiya və Türkiyə özünü haqlı çıxartmağa çalışır. Ancaq mən düşünürəm ki, Rusiya və Türkiyəni bir-birinə qarşı qızışdıranlar da çoxdur. Hər gün izləyirəm, Rusiya telekanallarında ermənilər anti-türk təbliğatı aparırlar. Hətta ermənilər anti-türk təbliğatına Dağlıq Qarabağı da qoşurlar. Bu məsələdə qızışdırıcı mövqedə dayanalar çoxdur. Amma hesab edirəm ki, hər ikisi böyük dövlətdir. Ona görə də Rusiya və Türkiyə bir-biri ilə münasibətləri düzəltməlidir.

- Prezidentlərin görüşünü necə qiymətləndirirsiniz?

- Dünyada baş verən münaqişələr Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsini tələb edir. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun ABŞ və Rusiyadan olan həmsədrləri də bildirmişdilər ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsində irəliləyişlər olmalıdır. Əslində, bu addımların atılması da bizə görə deyil. Onlar Ermənistanı düşdüyü böhrandan çıxarmaq istəyirlər. Çünki Ermənistanda acınacaqlı vəziyyətdir. Ona görə də Qərb və Rusiya Ermənistanı bu böhrandan çıxarmaq istəyir. Ancaq son vaxtlar Rusiya ilə Türkiyə arasında yaranan bu gərginlik Dağlıq Qarabağ münaqişəsinin müsbət həllinə mənfi təsir göstərib. Bunun arxasında da ermənilər dayanır. Cəbhə xəttində də hər gün atəşkəsin pozulması da eyni mərkəzdən idarə olunur. Cəbhədə gərginliyin yaranması çoxlarına sərf edir. Birincisi, bəzi dairələr Ermənistanı özlərindən asılı vəziyyətdə saxlayır, digər tərəfdən isə silah saxlanması və Azərbaycan təzyiq vasitəsi kimi istifadə olunur.

- Neftin qiyməti gündən-günə aşağı düşür. Bunun Azərbaycana təsirləri necə olacaq?

- Dünyada neftin qiymətinin aşağı düşməsi iqtisadi məsələ deyil, bu da siyasi məsələdir. Vaxtilə bu üsuldan istifadə olunub. Keçmişdə Sovet İttifaqını da dağıtmaq üçün neftin qiymətini 8 dollara endirdilər. Bundan az sonra Sovet İttifaqı dağıldı. Çünki Sovet İttifaqı öz iqtisadi gücünü daha çox neft gəlirlərinə hesablamışdı. Nəticədə də dağıldı. İndi də eyni metoddan Rusiyaya qarşı istifadə olunur. Bunun nəticəsində də Azərbaycan kimi neft istehsal edən ölkələr də ziyan çəkirlər.
Ərəblər üçün neft istehsalı 6-7 dollara başa gəlir. Onlar bizim kimi nefti dənizdən çıxartmırlar. Ona görə də ərəblərə neftin indiki qiyməti sərf edir. Eyni zamanda Qərb digər vasitələrlə ərəblərin neftin qiymətinin enməsi zamanı itirdiyi vəsaiti digər vasitələrlə kompensasiya edir. Ancaq Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran üçün neftin qiymətinin aşağı düşməsi ziyandır.


"Azərbaycandan İŞİD-ə qoşulanların sayı 700-dən çoxdur"


- İndi İŞİD-in Azərbaycan üçün təhlükəsi nə qədərdir?

- Region üçün yox, ancaq dünya üçün İŞİD təhlükəlidir. İŞİD Qərb tərəfindən yaradılmış terror təşkilatıdır. Avropa Birliyinə üzv ölkələrdən 10 minə yaxın adam İŞİD-ə üzv olub. İŞİD-in digər üzvləri isə Liviya ordusundan qalmış muzdlu döyüşçülər, Səddam Hüseynin ordusundan tutulmuş əsirlər və İraq hərbi əməliyyatlarında iştirak edən avropalılardır. Vaxtilə Avropadan gedib İraqda Səddam Hüseynə qarşı döyüşmüş hərbiçilər sonradan ölkələrinə qayıdanda iş tapa bilməyiblər və yenidən İraqa qayıdıb İŞİD-ə üzv olublar. Təbii ki, bunlar üçün bütün əlaqələndirmə və istiqamət Qərbdən gəlir. Əgər tezliklə İŞİD-in qarşısı alınmasa, o zaman bu terror təşkilatı Avropanın bəlasına çevriləcək. İndi bütün dünya birləşib İŞİD-in qarşısını almalıdır.

- Azərbaycandan İŞİD sıralarına qoşulanlarla bağlı dəqiq statistika var?

- Azərbaycandan İŞİD-ə qoşulanların sayı 700-dən çoxdur. Onlar təkcə İŞİD deyil, bu kimi terror təşkilatlarında və xarici ordularda döyüşürlər. Bunların bir hissəsi Suriya ordusunda, bir hissəsi İraqda, bir hissəsi isə İŞİD tərkibində döyüşürlər. Biz son illər qanunları sərtləşdirdikdən sonra onların sayı azalıb. Əgər onlar geri qayıdacaqsa, məsuliyyətə cəlb olunacaqlar. Həmin şəxsləri sərt cəzalar, hətta Azərbaycan vətəndaşlığından məhrum olmaq gözləyir.


"Vaxtilə tank sürmüşəm"

- Avtomobil idarə edirsiniz?

- Yox, özüm uzun illərdir, təqribən 1990-ci ildən bəri avtomobil idarə etmirəm, avtomobil sürməyi sevmirəm. Avtomobil idarə edə bilirəm, hətta əsgərlikdə olanda tank sürmüşəm. Ancaq indi avtomobil sürməyə həvəsim yoxdur. Bilirsiniz ki, indi şəhərdə maşın sürmək çox çətindir. İnsan gərək çox diqqətli olsun. Bizim də işimiz elədir ki, gün ərzində tez-tez telefonla danışırıq, müsahibə veririk, xəbərləri oxuyuruq və sairə. Bütün bunlar avtomobil idarə edən zaman insanın diqqətini yayındıra bilər.


Vasif Həsənli

Asif Nərimanlı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm