Koronavirus dünya iqtisadiyyatında çox ciddi fəsadlar yarada bilər: İran və Çin... - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Koronavirus dünya iqtisadiyyatında çox ciddi fəsadlar yarada bilər: İran və Çin... - MÜSAHİBƏ

İlk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirus sürətlə yayılmaqdadır. Virusun iqtisadiyyata təsiri ilə bağlı fikirlər isə birmənalı deyil.

Publika.az mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovla olan müsahibəni təqdim edir.

- Dünya ölkələri arasındakı qarşılıqlı ticarət əlaqələrini nəzərə alsaq, koronavirus bu ölkələrin iqtisadiyyatına necə təsir göstərəcək?

- Koronavirusun yayılmasının dünya iqtisadiyyatına mənfi təsirləri olacaq. Öncəliklə Çin iqtisadiyyatının zəifləmə ehtimalı böyükdür. Eyni zamanda bu ölkənin istehlak gücünün aşağı düşməsi son nəticədə dünya bazarlarında xammala, enerji resurslarına tələbi kəskin şəkildə azaldıb. Bu isə neft daxil olmaqla, digər məhsulların da qiymətlərinin azalan istiqamətdə dinamika nümayiş etdirməsinə gətirib çıxarıb. Virusun yayılmağa başladığı dövrlə müqayisə aparsaq, görərik ki, neftin qiymətində təxminən 15 ABŞ dollarınadək azalma müşahidə olunur. Bu da kifayət qədər ciddi nəticələrin olacağını deməyə əsas verir. Həm Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, həm də digər beynəlxalq təşkilatlar dünya iqtisadiyyatının 2020-ci il üçün zəif artım tempini proqnozlaşdırırdı. Beynəlxalq qurumlar təxminən 2.6 faiz artım gözləyirdi. Hazırkı vəziyyətdə isə koronavirusun nə qədər davam edəcəyindən asılı olaraq, bu proqnozların gerçəkləşməyəcəyini deməyə ciddi əsaslar var. Böyük ehtimalla qlobal iqtisadiyyatın 2020-ci il üzrə artım tempi 1-2 faiz nisbətində dəyişəcək. Əgər 2-3 ay ərzində virusun yayılmasını məhdudlaşdırmaq mümkün olmazsa, artım 2 faizdən də aşağı düşəcək.

- İrana qarşı sanksiyaların tətbiq olunduğu bir vaxtda belə bir virusun orada yayılması turizm sektoruna hansı istiqamətdə təsir göstərə bilər?

- Bununla bağlı konkret rəqəm söyləmək çətindir. İran son dövrlərdə xüsusilə də ABŞ-ın sanksiyaları fonunda alternativ mənbələrdən ölkəyə valyuta cəlb etmək üçün turizm sektoruna daha çox diqqət ayrımağa başlamışdı. Bu istiqamətdə müxtəlif proqramlar hazırlandı ki, nəticədə 2019-cu ildə turizm sektorunda 7.6 faiz artım qeydə alındı. Ancaq koronavirusun İranda sürətlə yayılması bu ölkəyə səfərlərin sayına ciddi təsir göstərəcək. Təxminən bir ay ərzində prosesin davam etməsi İran üçün turist sayının 150-400 min nəfərədək azalması deməkdir. Qlobal trend onu göstərir ki, insanlar kütləvi şəkildə səfərlərini təxirə salırlar. Hətta virusun olmadığı ölkələrə belə səyahət etməklə bağlı qərarlarını dəyişirlər. Mövcud vəziyyət 1 il və daha uzun müddət davam edərsə, çox ciddi fəsadlar yarana bilər. O zaman turizm burada ən az təsir sferası hesab oluna bilər. Bazarlarda məhsul çatışmazlığı yarana bilər. Ancaq İran nisbətən keyfiyyətsiz də olsa, özünü əksər məhsullarla təmin edə bilən ölkələrdəndir. Bu baxımdan da kənardan daxil olan məhsulların azalmasına baxmayaraq, hazırda minimum şərtlər daxilində öz əhalisinin daxili tələbatını ödəyə biləcək iqtidardadır.

- Koronavirus Azərbaycan iqtisadiyyatına hansı səpkidə təsir edə bilər?

- Dünya bazarında istehlakın azalması proqnozu fonunda yanvarın 2-ci həftəsindən etibarən neftin qiyməti ucuzlaşmağa başlayıb. "Qara qızıl"ın 1 dollar dəyər itirməsi Azərbaycanın ixrac gəlirlərinin təxminən bir gün ərzində 600-650 min dollar azalması deməkdir. Qiymətlərin hazırkı müqayisəsi onu göstərir ki, 15 dollaradək azalma baş verib. Lakin ölkəyə valyuta daxilolmaları sadəcə bir istiqamətdən deyil. Turistlərin səfərlərinin təxirə düşməsi valyuta daxil olmasını azalda bilər. Çünki faktiki olaraq Azərbaycanda neft sektorundan sonra ən böyük valyuta gətirən sahə turizm xidmətləri hesab olunur. Ancaq burada ikinci bir istiqamət də mövcuddur. Virusun əhatə dairəsinin genişlənməsi təbii ki, azərbaycanlıların da xarici ölkələrlə bağlı qərarlarına təsir göstərir. Artıq Azərbaycandan Çinə səfərlərin həcmində 90 faizədək azalma müşahidə olunur. Yəni azərbaycanlılar da artıq xarici ölkələrə getmirlərsə, deməli, ölkədən valyuta daşınmır. Bunu balanslaşdırıcı məqam hesab edə bilərik. Bununla da turistlərin yerli turizm xidmətlərinə tələbi arta bilər.

İxracın həcmi ilə bağlı çətinlik yoxdur. Çünki faktiki olaraq dünyaya satdığımız hər 100 dollarlıq məhsulun 91-92 dolları məhz neft-qazdan əldə olunur. Qiymətlərin aşağı düşməsi gəlirləri azalda bilər. Ötən il qeyri-neft sektorunun gəlirləri 1.9 milyard dollar təşkil etmişdi. Ən böyük bazarlardan biri Çindir. Bu ölkəyə 750 milyon dollarlıq məhsul ixrac olunmuşdu. Bu rəqəm İran üzrə 40 milyon dollar təşkil edirdi. Həmin bazarların indiki halda əlçatan olmaması qeyri-neft məhsullarının da ixracına təsir göstərə bilər. Amma burada əsas təsir idxalla bağlı olacaq. Çünki Çindən təxminən ölkəyə 1.5 milyard dollarlıq, İrandan isə 450 milyon dollarlıq məhsul idxal olunurdu.

- Çin və İrandan idxalın dayandırılması qiymət artımı ilə nəticələnə bilər?

- İran və Çin Azərbaycan istehlakçısını ucuz məhsullarla təmin edən ölkələrdir. Həmin məhsulların gətirilməməsi qiymət artımına səbəb ola bilər. Əvvəllər bu mallar alternativ olaraq Türkiyə, İran, yaxud da Şərqi Avropa ölkələrindən idxal edilirdi, amma indi görünən odur ki, bu bazarların özündə də problem yaranıb. Yaranmış vəziyyətlə əlaqədar fürsətdən istifadə halları çoxalacaq. Təbii ki, bu bir tərəfdən tələb və təklifdir, digər tərəfdən də bazar münasibətləri ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə böyük şirkətlər korporativ sosial məsuliyyət hiss edir. Eyni zamanda ən əsas məsələlərdən biri də sərhəd bölgələrində yaşayan insanlardır. İranla sərhəddə yaşayan insanlar kiçik ticarətlə özlərinin gündəlik yaşam şəraitini qururdu. Əlaqələrin dayandırılması o deməkdir ki, cənub bölgəsində əhəmiyyətli sosial qrup faktiki olaraq gündəlik ailəsini dolandıracaq gəlirdən məhrum olub. Buna görə də həmin şəxslərə dəstək mütləqdir.

- Koronavirusa görə iqtisadi əlaqələri məhdudlaşmış ölkələr balanslaşmanı necə qurmalı, yəni iqtisadiyyatın geriləməsinin qarşısını almaq üçün hansı addımları atmalıdır?

- İlk növbədə hər bir ölkə öz daxilində təhlükəsizliyi təmin etməli, vətəndaşa güvən verməlidir. Əgər bu güvən təmin edilmirsə, heç bir halda ciddi nəticələr əldə etmək mümkün deyil. Məsələn, bu gün Çində insanlar küçəyə çıxmırsa, dövlətin gördüyü tədbirlərə etibar etmirsə, o zaman hansısa istehlakdan danışa bilmərik. Bu halda balanslaşma mümkündür ki, Azərbaycan hökumətinin timsalında hökumətlər öz vətəndaşlarını ən azından onların ərazisində koronavirus təhlükəsinin olmamasına inandıra bilsinlər. Eyni zamanda daxili turizm xidmətlərindən istifadə edə bilsinlər. Bu da müəyyən qədər qeyd etdiyimiz balanslaşmaya gətirib çıxara bilər. Və yaxud da kobud balanslaşma. Yəni xaricdən turist gəlmir, xərcləmir, valyuta gətirmirsə, vətəndaşlar da xaricə getmir. Eyni zamanda belə vəziyyətdə hökumətlər daxili bazarda qiymətlərin artmasının qarşısını almalıdır. Məsələn, qısamüddətli dövrdə sərt şəkildə vergi və gömrük rüsumu siyasətinə korrektələr edilə bilər. Bazarda qıt olan məhsulların gətirilməsi üçün sahibkarlar üçün təşviq mexanizmləri hazırlana bilər. Deyək ki, rüsumların aradan qaldırılması, vergilərdən azad etmə kimi alətlərdən istifadə edərək, ən azından daxili bazarlarda bu təklifin müəyyən qədər artırılması fonunda qiymətlərin optimal səviyyəyə çatdırılmasına nail ola bilərlər. Ümumiyyətlə, bu kimi hallara iqtisadiyyatların hazır olması üçün uzunmüddətli inkişaf strategiyaları olmalıdır.

Tağı Həsənov​

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm