Müsahibə
İlham Əliyev bütün dünyaya ELAN ETDİ: İrəvan, Zəngəzur, Göyçə mahalları... - DETALLAR
Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxış etdi. Bir sıra məsələlərə toxundu. Prezident İrəvana və Göyçəyə qayıdışın anonsunu verdi. Post-müharibə dövründə regionun gələcək inkişafına Azərbaycanın baxışından danışdı, eləcə də beynəlxalq təşkilatların bundan sonrakı dövrdəki fəaliyyət istiqamətlərinə toxundu.
Millət vəkili Aydın Mirzəzadə Publika.az-a müsahibəsində Prezidentin çıxışının əsas istiqamətlərindən danışıb.
Müsahibəni təqdim edirik:
- Aydın müəllim, Prezident İlham Əliyev dünənki tədbirdə İrəvan və Göyçə anonsunu verdi. Oraya qayıdacağımızdan danışdı. Sizcə, bu, hansı şəraitdə baş verəcək?
- Cənab Prezidentin dünənki tədbirdəki çıxışı təkcə Azərbaycan üçün yox, eləcə də bütün dünya üçün böyük maraq doğurdu. Bir çox aktual, perspektiv doğuran məsələlərə Azərbaycanın dünyagörüşünü ortaya qoydu. Bütün bunların hamısı həm beynəlxalq hüquqa, həm mehriban qonşuluq siyasətinə, həm də Azərbaycanın maraqlarına cavab verən məsələlər idi. Cənab Prezident orada bir nüansı da xüsusi qeyd etdi. Bildirdi ki, biz Ermənistana qarşı torpaq iddiası etmirik. Amma tariximizi də bilirik. Qərbi Azərbaycana – İrəvan, Zəngəzur, Göyçə mahallarına, Azərbaycan xalqının oraya qayıtmaq hüququ mövcuddur. Bizim orada tarixi abidələrimizi axtarmaq, tariximizi öyrənmək, həmin torpaqlarda gəzmək hüququmuz var.
- Ermənistanla Azərbaycan arasındakı münasibətlərin yeni mərhələyə qalxma şansı varmı?
- Zəngəzur dəhlizi işə düşdükdən sonra Ermənistanla Azərbaycan arasındakı münasibətlərin yeni mərhələyə qalxma şansı var. Artıq iki qonşu arasında böyük sülh müqaviləsi bağlayaraq sərhədlərin tanınması, diplomatik əlaqələrin qurulması kimi məsələlər təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil. Digər sahələrdə də - ticari, iqtisadi münasibətlər qura bilərik. Haradakı normal dostluq, qonşuluq münasibətləri var, haradakı iqtisadi münasibətlər mövcuddur, orada gediş-gəliş olacaq. Orada sərbəst fəaliyyət də mümkündür. İrəvana qayıdışımızda ilk növbədə qonşu Ermənistan dövləti ilə normal münasibətlərin qurulmasını, bizim o dövlətə sərbəst gediş-gəlişimizi, mehriban qonşuluğumuzu möhkəmləndirmək üçün yeni variantlar axtarmaq üçün səfərlərimiz olacaq. Amma bu səfərlər, bu münasibət birtərəfli olmamalıdır. Ermənistan hesab etməməlidir ki, bu istiqamətdə addımlar ancaq Azərbaycan tərəfindən atılmalıdır. Ermənistan da Azərbaycanla mehriban qonşuluq siyasətində maraqlı olduğunu elan etməlidir. Bizimlə mehriban qonşuluq şəraitində yaşamaq istədiyini dilə gətirməlidir. Bu öhdəliyi öz üzərinə götürməlidir. Ermənistan cəmiyyətində revanşizmə, şovinizmə, türkofobiyaya, azərbaycanofobiyaya son qoyulmalıdır. Azərbaycan xalqının nümayəndələrinin həmin qədim torpaqlara gediş-gəlişi mütləq təmin edilməlidir.
- Prezident beynəlxalq təşkilatlara da səsləndi. Bildirdi ki, post-müharibə dövründə beynəlxalq təşkilatlar da fəallıq göstərməlidir. Bu fəallıq hansı istiqamətdə ola bilər?
- Çox təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar bəyanatdan o tərəfə keçmədilər. Hansı ki, Ermənistanın etdiyinin azacıq bir hissəsini edən ölkələrə qarşı sanksiyalar tətbiq olunurdu. Beynəlxalq təşkilatlarda onların fəaliyyəti dayandırılırdı. Onlara göndərilən yardımlar kəsilirdi. Böyük dövlətlər onlara qarşı çox ciddi sanksiyalar həyata keçirirdilər. Biz bunları nə beynəlxalq təşkilatlardan, nə də dövlətlərdən görmədik. Ermənistan sanki beynəlxalq birliyin "şıltaq övladı" təsiri bağışlayırdı. Azərbaycan özü öz gücünə, qətiyyəti və düzgün apardığı xarici siyasətlə Qarabağ problemini həll etməsəydi, bu, yüzillər boyu qala bilərdi. Azərbaycan Prezidenti beynəlxalq təşkilatlara müraciətində Ermənistansayağı hərəkət edən dövlətlərə qarşı çox ciddi tədbirlərin görülməsinin real praktikada tətbiq olunmasını təklif etdi. Bu olmasa, beynəlxalq birlikdəki stabilliyi və beynəlxalq hüququn aliliyini qoruyub saxlamaq mümkün olmaz.
- Post-müharibə dövründə regionun gələcəyi necə görünür? Planlaşdırılan iqtisadi əlaqələr, kommunikasiyaların bərpası region dövlətlərinin istədiyi kimi mümkün olacaqmı, reallaşacaqmı?
- Bir vaxtlar Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sonra bu ölkə Azərbaycana öz torpaqlarını unutdurmaq siyasəti yeridirdi. Amma Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu reallıq Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Ermənistanın öz ərazisinə çəkilməyə məcbur edilməsi idi. Artıq indi Ermənistandan növbəti addımlar gözlənilir. İndiyə qədər - torpağımız işğal altında olarkən – Ermənistanla ticari-iqtisadi əlaqələr ola bilməzdi. Cənab Prezident Ermənistanın Azərbaycana qarşı etdiyi böyük fəsadlara baxmayaraq, bu ölkə ilə normaq münasibətlər qurmaq istəyini ortaya qoydu. Burada yenə də hər şey Ermənistanın özündən asılıdır. Azərbaycan özünü Ermənistana zorla dost kimi qəbul etdirməyəcək. Rəsmi Bakı İrəvansız da regionda söz sahibidir. Dünya birliyinin nüfuzlu ölkələrindəndir. Onun nüfuzu durmadan artır. Bu baxımdan Ermənistan istəyərsə, Azərbaycanın təşəbbüskarı olduğu iqtisadi layihələrdə yer ala bilər. Azərbaycanın və Türkiyənin iqtisadi potensialından yararlanması da mümkündür. İstəməyəcəksə, Ermənistanın bir dövlət kimi süqutu davam edəcək.
- Müharibədən sonra açılması nəzərdə tutulan Zəngəzur dəhlizi və kommunikasiya xətlərinin bərpasından ən çox kimlər yararlanacaq? Ermənistan da bu iqtisadi layihələrdən mənfəət götürəcəkmi?
- Burada bütün iştirakçılar qazanacaqlar. Azərbaycan qazanır; çünki özünün bir hissəsi olan Naxçıvanla birbaşa əlaqə yaranır. Türkiyə qazanır; çünki Ermənistan və Azərbaycan vasitəsi ilə Rusiyaya, Mərkəzi Asiyaya çıxışı qısalır. Eyni zamanda, daşımaların maya dəyəri azalır. Rusiya bu dəhliz vasitəsi ilə Türkiyəyə və Yaxın Şərqə çıxış əldə edir. Ermənistan da qazanır; çünki bütün yüklər oradan keçir. Hər keçən avtomobilə görə azacıq da olsa, Ermənistanın bu dəhliz vasitəsi ilə dünyaya çıxışı təmin olunacaq. Bu dəhliz işləyəcəksə, Ermənistan Azərbaycanla sərhədlərin tanınması ilə bağlı müqaviləni imzalayacaqsa, Türkiyə ilə diplomatik əlaqələr bərpa ediləcək. Eləcə də Türkiyə kapitalının Ermənistana yatırılması mümkün olacaq. Yəni burada hamı qazanır. Ermənistanın bu variantdan imtina etməsi və yaxud buna problemlər yaratması əslinə qalsa, Azərbaycan üçün elə də böyük itki olmayacaq. Azərbaycan başqa variantlarla çıxış yolu tapacaq. Amma Ermənistan növbəti dəfə böyük tarixi şansı əldən vermiş olacaq.
- Prezident dünənki tədbirdə Ermənistan ordusu tərəfindən Şuşaya atılan "İsgəndər-M" raketləri ilə bağlı rəsmi Bakının Kremldən cavab gözlədiyini də dilə gətirdi. Sizcə, Moskva Bakıya bu məsələ ilə bağlı gözlədiyi rəsmi cavabı verəcəkmi?
- Bu, çox mürəkkəb, eyni zamanda, izahat tələb edən bir məsələdir. Cənab Prezident bu barədə Rusiya Prezidenti ilə danışdığını da elan etdi. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov elan etdi ki, Azərbaycan və Rusiyanın hərbi strukturları bu məsələnin araşdırılması üzərində çox sıx şəkildə işləyirlər. Hesab edirəm ki, bu məsələdə Rusiya tərəfinin çox geniş izahatı olmalıdır və Azərbaycan bunu gözləyir.
Tural Turan
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi