Heydər Əliyevin misilsiz xidməti və uğurla davam etdirilən dil siyasəti
Bizi izləyin

Müsahibə

Heydər Əliyevin misilsiz xidməti və uğurla davam etdirilən dil siyasəti

Professor Sayalı Sadıqova Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və kənar təsirlərdən qorunması, dilimizin saflığı, təmizliyinin təmin edilməsi istiqamətində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin mühüm rolu olduğunu qeyd edib.

Publika.az professorla müsahibəni təqdim edir:

- 1978-ci il aprelin 27-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi yazıldı. Sayalı xanım, milli özünəqayıdışın və milli özünüdərkin formalaşmasında, həmçinin milli azadlıq ruhunun yüksəlməsində ulu öndərin apardığı dil siyasətinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Dil hər bir xalqın milli-mənəvi varlığıdır. Bu milli-mənəvi varlığın yaşaması xalqın yaşaması deməkdir. Bunu da ulu öndər çox gözəl dərk edirdi. O, SSRİ dövründə mövcud olan çətin şəraitə baxmayaraq, bu məsələni qaldırdı və Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasına nail oldu. Bu, Azərbaycan birliyinin, milliliyimizin və azərbaycançılığın inkişafına istiqamət verən əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Məhz o dövrdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması sonrakı dövrdə də Azərbaycan dilinin dövlət dili kimi inkişafına təminat verdi. Heç şübhəsiz ki, ulu öndərin bu təşəbbüsü müstəqillik dövründə də həyata keçirildi. Müstəqillik dövründə də Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi qəbul edilməsi xüsusi önəm kəsb edir. Ulu öndərdən əvvəl Xalq Cəbhəsinin nümayəndələri dövlət kimi türk dilini qəbul etmişdi. Lakin Heydər Əliyevin təşəbbüsü ilə səsvermə keçirildi və ölkənin bütün qurumlarında müzakirə olunaraq ziyalıların yekdil qərarı əsasında Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili qəbul olundu.

1978-ci ildə Azərbaycan dilinin dövlət dili qəbul edilməsi kimi, müstəqillik dövründə də Azərbaycan dilinin dövlət dili qəbul edilməsində ümummilli lider Heydər Əliyevin mühüm rolu olub. Milliliyin inkişafında dövlət dilinin qəbul edilməsinə xüsusi önəm verilmişdi. Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili elan olunmasının səbəbi onunla əsaslandırılmışdı ki, biz Azərbaycanda yaşayırıq, Azərbaycanda yaşayan şəxslər azərbaycanlı sayılır. Odur ki, azərbaycanlıların dövlət dili də Azərbaycan dili olmalıdır. Bu baxımdan ulu öndərin dil siyasəti bu gün də davam etdirilir.

- Azərbaycan dilinin inkişafı, dilimizin saflığı və təmizliyinin təmin edilməsi istiqamətində Prezident İlham Əliyev hansı işlərə imza atıb? Bu sahədə görülən işlər haqqında nə deyə bilərsiniz?

- Ulu öndər Heydər Əliyevin dil siyasəti hazırkı dövrdə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dilin dövlət dili səviyyəsində inkişaf etdirilməsi istiqamətində hələ Heydər Əliyev hakimiyyəti dövründə bir çox proqramlar və sərəncamlar imzalanmışdı, dövlət dili haqqında qanun qəbul edilmişdi. Bu siyasət davam etdirilərək, qloballaşma və zamanın tələblərinə uyğun olaraq Azərbaycan dilinin və dilçiliyin inkişafı haqqında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Bu sərəncamda Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinin bütün perspektivləri müəyyənləşdirilib. Qloballaşma şəraitində böyük dillər xırda dilləri udur. Bu baxımdan Azərbaycan dilinin böyük dillər səviyyəsində inkişafını təmin etmək üçün verilən başlıca proqramlar müəyyənləşdirilib. Azərbaycan dilinin inkişaf etdirilməsi üçün birinci növbədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası, eyni zamanda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradıldı.

Beynəlxalq səviyyədə elmlərin inkişafı hər bir dildə həmin elmi kəşflə əlaqədar yeni anlayışların yaranmasına şərait yaradır. Bu anlayışlar dilin daxili imkanları hesabına, eyni zamanda beynəlxalq səviyyədə adlandırılması üçün Terminologiya Komissiyasının rolu xüsusi qiymətləndirilir. Göstərildi ki, yeni anlayışların yaradılmasında, dilin inkişaf istiqamətinin müəyyənləşdirilməsində və milliliyinin təmin olunmasında, ədəbi dilin inkişafında Terminologiya Komissiyasının üzərinə çox böyük bir missiya düşür. Bu missiya hazırkı dövrdə yerinə yetirilir.

Eyni zamanda, bir çox əsərlər tərcümə olunur ki, bu tərcümə prosesini dilin daxili imkanları hesabına yaratmaq qarşıda duran başlıca məqsəddir. Dilin saflığının təmin edilməsi üçün onun milli-daxili imkanları hesabına yeni sözlər yaradılmalıdır. Bu prosesdə tərcümə mərkəzinin çox mühüm rolu var. Dünyada müxtəlif yazıçıların əsərləri, elmi əsərlər tərcümə olunur və bu tərcümə prosesində yeni anlayışlar yaradılır. Bu baxımdan Azərbaycan dilinin zənginləşməsi və dilin inkişafının təmin edilməsi üçün qloballaşma şəraitində zamanın tələblərinə uyğun olaraq iki istiqamət müəyyənləşdirildi və bu istiqamətdə Azərbaycan dili qorunur.

Azərbaycan dilinin qorunması üçün televiziya, radio və mətbuatın üzərinə çox mühüm vəzifələr qoyulub. Bu vəzifələrin başlıcası Azərbaycan dilinin saflığını inkişaf etdirmək və təmin etməkdir. Azərbaycan dilinin qorunması üçün KİV çox mühüm korporativ vasitədir. Xalqla birbaşa ünsiyyətdə KİV-dir. Mətbuatda istifadə olunan anlayışlar, mətbuatın dili xalqın şüuruna və inkişafına müsbət təsir etməlidir.

Xaricilərin Azərbaycan dilini öyrənməsi üçün də yeni bir sərəncam imzalanıb. Bunun üçün xüsusi layihələr və proqramlar hazırlanıb. İngilisdilli və rusdilli şəxslərin Azərbaycan dilini öyrənməsi üçün xüsusi proqramlar var. Bu proqramlar Azərbaycan dilinin dövlət səviyyəsində inkişafını təmin edir. Qloballaşma da bunu tələb edir. Bu mənada İlham Əliyev tərəfindən imzalanan sərəncamların yerinə yetirilməsi Azərbaycan dilinin saflığını təmin edən istiqamətlərdir.

- Televiziya və radiolarda ədəbi dilin təbliği ilə bağlı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz? Ümumiyyətlə, efirdə və mətbuatda ən çox diqqətinizi çəkən dil qüsurları nələrdir?

- Radio, televiziyalar hər bir şəxsin dilinə təsir edir. Xalqın maarifləndirilməsində, ədəbi dilin inkişafında televiziyaların üzərinə çox böyük missiya düşür. Bu gün bu, yerinə yetirilsə də, müəyyən cümlələrin quruluşunda, vurğuların və sözlərin tələffüzündə qüsurlar daha çox diqqət cəlb edir. Bu kimi hallar monitorinq mərkəzi tərəfindən müşahidə olunur və buraxılan bütün səhvlər həmin mərkəz tərəfindən qeydə alınır. Televiziya canlı danışıq dilidir, canlı danışıq dilində qüsurlara daha çox qonaqların dilində rast gəlinir. İnanıram ki, televiziya və radiolar maarifləndirmə işlərini yüksək səviyyədə həyata keçirməyə davam edəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm