Günel Mövlud: Moskva tətilləri - Reportaj
Bizi izləyin

Müsahibə

Günel Mövlud: Moskva tətilləri - Reportaj

Həmin Moskva!


Min ildi üzünü görmədiyim bibim mənə zəng eləyib, yanına gəlməyimi istəyəndə, ürəyim yerindən oynadı. Axı, ora elə-belə yer deyildi, hər hansı sadə şəhər, hər hansı sıradan ölkə deyildi. Rusiya idi, Moskva idi, illər əvvəl dünyanın altıda birini tutan, xəritətə qıpqırmızı qızaran SSRİ-nin döyünən ürəyi Moskva! Nəhəng binalar, universitetlər, məktəblər tikən, arada da evlər yıxan, göz yaşlarına inanmayan mərkəz Moskva, paytaxt Moskva!

Moskva macəram elə təyyarədəcə başladı. «Azal» şirkətinin əməkdaşları uçuş vaxtının başlanmasından 30 dəqiqə keçməsinə baxmayaraq, «probkaya» düşən iki sərnişinə görə ayağının birini götürüb, o birini qoyan 118 sərnişini gözləməyə məcbur elədilər . Qarşımızda lay divar kimi dayanan «Ərəbzəngi» oğlan isə eşitdiyi bütün şikayətlərə «qardaş, mən nəkarəçiyəm?» deyə cavab verdi və 40 dəqiqə boğazımızı yırtmağımız elə özümüzə qaldı.


O turş şərab yox, şirin söhbət istədi...


Sərnişinlərə baxdım. İl uzunu ölkələr ayaqlayan adam kimi, sərnişinlərin sayına təəccüblənməyə bilmədim. Uçduğum heç bir reysdə hələ bu qədər adam görməmişdim. Gülümsəyə-gülümsəyə bu qara-qura, qızıldiş, lak çəkməli kişilərə, şubalı arvadlara baxdım - yox, Moskva hələ o Moskva idi, minlərin ümid, qazanc, dolanışıq yeri, çörəkverən, bərəkətli Moskva!
Bir-birimizi ayaqaya-ayaqlaya birtəhər təyyarəyə minən kimi, azərbaycanlı yolçuluğunun, sərnişinliyinin ən ümdə, ən milli bəlası başladı. Kişi sərnişinlərin əksəriyyəti ayaqqabılarını soyundu. Təyyarənin abad, səliqəli, Avropa standartlarına uyğun salonu yarım saat içində Bakı-Qazax avtobusuna döndü.

40 dəqiqəlik gözlənti, yarım saatlıq corab qoxusu gərilimini dağıtmaq üçün yanımda oturan qadına təklif elədim ki, təyyarədə ikram olunan şərablarla boğazımızı yaşlayaq. Nədənsə qadın gözümə bir balaca əhli-kef kimi görünmüşdü. Amma ixtisasca həkim, xislətcə ev qadını olan səfər yoldaşım içkidən imtina eləyib, söhbətə girişməyə cəhd elədi ki, bu vəziyyət yazarınızın qanını xeyli qaraltdı.

Əlacım qulaqcıqları taxıb, nümayiş olunan «Bəyin oğurlanması» filminə baxmağa çatdı.


O adlar hələ də sağdı…


«Domodedovo» aeroportundan birbaşa Rusiya şaxtasına çıxdım. Amma nə bədənim, nə də ürəyim üşümədi bu inqilablar, inqilabçılar ölkəsində. 24 dərəcəlik soyuğu ciyərlərimə çəkib, kinolardakı kimi, nəfəsdolusu bir «Rusiya» dedim!
Məni solun keçmiş paytaxtına çağıran bibimin məqsədi başı yazı-pozuya, yəni mənasız işlərə qarışan qardaşı qızını bir az öz işləri ilə tanış eləmək, əl-ayağımı jurnalistikadan soyudub, pul, nüfuz və güc gətirən işlərə alışdırmağa cəhd idi. Amma təbii ki, mən belə darıxdırıcı və qeyri-yaradıcı məsələlərlə sizi yormaq fikrində deyiləm.

Səhəri gün işgüzar söhbətlər qurtarandan sonra, Moskvada doğulub-böyüyən və özündən deyən kişidən daha yaxşı maşın sürə bilən, Rusiyanın paytaxtını isə ovcunun içi kimi tanıyan bibiqızı ilə şəhəri gəzdik.

Böyük şəhərlərin balaca adamları qorxutmaq kimi bir keyfiyyəti var. Uşaqlıqda, yeniyetməliyimdə gördüyüm Moskva da həmişə qorxudub məni. Nəhəng reklam lövhələri, nəhəng binaları, nəhəng binalarının hündür tağları, geniş caddələrindəki ucu-bucağı görünməyən «tıxacları» və daha nələri, nələri ilə…Özümü qayır-qayır qaynayan bu sol şəhərində itib-batacaqmışam kimi hiss eləyirəm həmişə…

Amma bu dəfə bir az fərqli idi Moskva. Bu dəfə gözümə ilk dəyən onun nəhəngliyi, əzəməti, prezident seçkiləri ərəfəsi olduğu üçün bütün şəhərin namizədlərin şəkilləri ilə «oboylanması» olmadı. Gözümə o dəqiqə sataşan və ürəyimi titrədən, Moksvanın hələ də qoruyub saxladığı küçə, dairə, şosse adları oldu. Leninin, Stalinin, Orconikidzenin, hətta 26 Bakı komissarlarının adına şosselər, küçələr, dairələr…hətta lay-lay fasadlarda çəkic-oraqlar, SSRİ-nin gerbi, beşguşəli ulduzlar…

Məmnunluq dolu təəccübümü bibim qızından gizlədə bilmədim:

- Moskva SSRİ-nin simvolları ilə doludu ki!

Qaraqaş, qaragöz, əsl qafqaz gözəli olan bibiqızı tərtəmiz, ləhcəsiz rus dilində:

- Bəs nə bilmişdin, bu tarixdi axı, bir ölkənin tarixidi. Biz o adları küçələrdən, yollardan yığışdıra bilərik, tarixdən silə bilmərik axı…

Kinayə ilə gülümsədim:

- Sən indi gəl, bunu bizimkilərə başa sal...

Bibiqızı gözünü tıxacı uzanıb gedən yoldan, əlini sükandan ayırmadan laqeydcə:

- Sizinkiləri bilmərəm, mənim doğma şəhərim Moskvadı - dedi.

Bildirməsəm də kədərləndim - yayı ilə yox, qışı ilə, gözəlliyi ilə yox, ruhu ilə özəl olan, məşhur olan bir şəhərdə doğulduğuna, böyüdüyünə, yaşadağına görə həsəd apardım bibim qızına.



Yox, bu, – “o Moskva” deyil...


Amma həsədim nə qədər böyük idisə, bir o qədər tez keçib getdi. Bir neçə gün ərzində sovet vaxtı tikilən binaları öz hündürlüyü, nəhəng pəncərələri, mühafizəsi, xüsusi buraxılış sistemi ilə kölgədə qoyan, ancaq varlıların yaşadığı modern binaları görəndə anladım ki, yox, mən həmişəki kimi, uşaqlıq xəyalları ilə yaşayıram - Bu Moskva - o Moskva deyil...Bu “varlıların Moskvası” doğrudan da göz yaşlarına inanmır...

İndi mən Moskvanın əzəmətindən çox kasıblığını, kasıblarını görürdüm. Binaların arasında gizlənmiş balaca dükanları, yığcam qadın salonlarını, emalatxanaları, çörək sexlərini, yol kənarlarının çirkdən qapqara qaralmış qarını təmizləyən, nəfəsi buxarlana-buxarlana əlləşən qeyri-rus işçiləri....Böyük supermarketlərdə, ticarət mərkəzlərindəki arıq-uruq, rəngi solmuş, zövqsüz paltarlı, işləməkdən üzlərinin sümüyü çıxmış yorğun rus satıcı qadınlar, əyni-başı çirkli, dişləri çürük orta yaşlı xadimələr başqa qadınlar idi. Onların kitablardan oxuduğumuz, filmlərdə gördüyümüz və atalarımızın heyranlıqla danışdığı rus gözəllərinə heç bir dəxli yox idi...

Heç köhnə fotolarda gördüyümüz, gülərüzlü insanlarla, romantik zəhmət, səmimi fərəhlə dolu o illərə də dəxli yox idi bu görüntülərin, bu şəhərin... Gerçəyi qəbul eləmək lazım idi - özünü SSRİ-nin varisi elan etmiş Rusiyada keçmişin qalıqlarını tapmaq mümkün idi, amma keçmişin özünü yox...

Keçmişin özünü heç yerdə tapmaq mümkün deyil...

Salamat qal, Moskva!

Bir də heç vaxt sənin adın gələndə ürəyim çırpınmayacaq...

Günel Mövlud
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm