Avtomobillərimiz hansı “avrostandart"a cavab verir? - EKSPERT AÇIQLADI
Bizi izləyin

Nəqliyyat

Avtomobillərimiz hansı “avrostandart"a cavab verir? - EKSPERT AÇIQLADI

“Azərbaycana idxal olunan avtomobillərin “Avro-4” standartına uyğunluğu, eləcə də istehsal illəri və modelləri ilə bağlı tələblər qoyulur və idxal sertifikatında bunlara diqqət yetirilir”.

Bu sözləri Publika.az-a söyləyən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, əgər Gürcüstan “Avro-5” standartına uyğun gəlməyən avtomobillərin qadağasına başlayırsa, yaxın vaxtlarda Azərbaycan da bu addımı atacaq:

“Artıq ölkəmizdə daha çox təhlükəsiz və ekoloji təmiz nəqliyyat vasitələrinin istismarı ilə bağlı müəyyən stimullaşdırıcı addımlar atılır. Cari ilin yanvarın 1-dən etibarən belə avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad olunub və onları almaq istəyən vətəndaşlar üçün kredit şərtləri sadələşdirilib. Belə aydın olur ki, bundan sonra da bu vasitələrin idxalı zamanı rüsumdan azad olunacaq və idxal zamanı “Avro” standartlarına cavab verib-verməyəcəyi ilə bağlı prossedurlar müəyyən ediləcək”.

Onun sözlərinə görə, ölkəmizə idxal olunan avtomobillər arasında 2012-ci ilin Yaponiya istehsalı, 2008-ci ilin ABŞ istehsalı və 2006-cı ilin bir sıra Avropa ölkələri istehsalı üstünlük təşkil edir:

“Hazırda Azərbaycanda istismar olunan avtomobillərin çoxu “Avro-4” standartına cavab verir. Onlar da atmosferə buraxılan zərərli qazların miqdarının, karbon emissiyasınının azaldılmasında əhəmiyyətli rol oynayır. Əgər biz bu standartı qadağan etsək, o zaman ölkəmizə nəqliyyat vasitələrinin idxalı kəskin azalacaq və onlara ciddi ehtiyac yaranacaq. Ölkəmiz hazırda iqtisadi cəhətdən dayanıqlıdır, manatın dəyəri sabitdir və əhalinin sayında artım var. Belə olan halda, nəqliyyat vasitələrinə hələ ehtiyac var. İlkin mərhələdə vətəndaşlarımız yeni avtomobillərlə təmin olunmalı, sonra müəyyən məhdudiyyətlər həyata keçirilməlidir. Növbəti illərdə “Avro-5” statndartına keçidlə əlaqədar nisbətən köhnə avtomobillərin idxalı dayandırılacaq”.

Qeyd edək ki, Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Noe Meqrelişvili, köhnə avtomobillərin ölkəyə idxalının qadağan edilməsi istiqamətində işlərə başlanıldığını bəyan edib. Bu barədə “İnterpressnews” saytına açıqlama verən N.Meqrelişvili bildirib ki, söhbət "Avro-5" standartına cavab verməyən avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasından gedirş. Bu da öz növbəsində 2013-cü ildən əvvəl istehsal edilmiş avtomobillərə aiddir:

“Bu təşəbbüs atmosferə buraxılan zərərli qazların miqdarının, karbon emissiyasınının əhəmiyyətli şəkildə azalmasına töhfə verəcək. Müvafiq qanunvericiliyin hazırlanması istiqamətində işlərə artıq başlanılıb və müəyyən tətbiq mexanizmlərinin inkişafından sonra qanunvericiliyə düzəliş edilməsi üçün Parlamentə təqdim ediləcək. Yəni, bundan sonra "Avro-5" standartına cavab verməyən avtomobillərin Gürcüstanda qeydiyyatı mümkün olmayacaq”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm