“Putin planına” qarşı “ABŞ düsturu”: Sarkisyanın hücumunun sirri - TƏHLİL
Bizi izləyin

Nida.az

“Putin planına” qarşı “ABŞ düsturu”: Sarkisyanın hücumunun sirri - TƏHLİL

Serj Sarkisyanın sülhdən imtina etdiklərinə dair məlum müsahibəsindən saatlar sonra –aprelin 23-ü axşam erməni hərbi birləşmələri cəbhəboyu kəndlərdə mülki əhaliyə qarşı ağır artilleriya vasitəsilə hücuma keçdi. Rəsmi məlumata görə, indiyə qədər 100-dən artıq evə ziyan dəyib, məktəb binaları dağıdılıb.

Bu, düşmənin açıq üzüdür. Hansı ki, “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdü” sözlərinin müəllifi 24 il öncəki cinayətkar üzünü yenidən göstərir. Amma nə Azərbaycan 24 il öncəki ölkədi, nə də dövran həmin dövran. Sarkisyan da yaxşı anlayır ki, o, ikinci Xocalını XXI əsrin tarixinə yaza bilməyəcək.

Sadəcə olaraq, 24 il qalibiyyətdən sərməst olan Sarkisyan indi məğlubiyyətin isterikasında mülki əhalini hədəf seçib. Və onun siyasi hədəfləri açıq-aşkar görünür.


“Dördgülük müharibə”də məğlubiyyəti ört-basdır etmək və ermənilərin etirazını yayındırmaq. İndiki şəraitdə Sarkisyanın taxtı faktiki olaraq laxlayır və müharibə əleyhinə olanlar onu gənc əsgərləri qırğına verməkdə, özlərinin olmayan torpaq uğrunda savaşmaqda, qatı millətçilər isə məğlubiyyətdə, Dağlıq Qarabağı güzəştə getməkdə ittiham edirlər. Dilemma qarşısında qalan Sarkisyan hər iki halda itirən tərəfdir. Bu, onun 2017-ci ildən sonra ölkəni parlament respublikasına keçirmək, baş nazir olmaq və hakimiyyətini uzatmaq planlarını alt-üst etdi. İndi Sarkisyan daha çox hazırki hakimiyyətini qorumağın dərdindədir. Belə vəziyyətdə onun Azərbaycana qarşı hücumları davam etdirməkdən başqa yolu qalmır.

Ruslar təcrübədən çıxmış 20 illik oyunu yenidən masaya gətirir. Ermənistanın hücumlarında bu versiya da aydın şəkildə görünür. Çünki Rusiyanın Qarabağ ətrafındakı rayonları qaytarmaq qarşılığında bölgəyə sülhməramlıları yerləşdirmək niyyəti bəllidir. Buna razı olmayan Bakıya məlum hücumlarla təzyiq edilir. Lavrovun İrəvan səfərindəki açıqlamaları, rus diplomatı yola salan Sarkisyanın bir gün sonra “danışıqlardan imtina müsahibəsi” və həmin günün axşamı hücuma keçməsi bu versiyanı gücləndirir. (http://publika.az/p/133829).

Lakin hücumların məhz mülki əhaliyə edilməsi medalyonun “ikinci üzünə” baxmaq zərurətini yaradır. Təbii ki, burada düşmənin “dərs vermək” kimi özünəməxsus tarixi xisləti var. Amma siyasi analiz Sarkisyanın daha məkrli oyun oynadığını göstərir. Bu oyunun ilk tezisini Minsk qrupunun keçmiş amerikalı səfiri, erməni lobbisinin etirazı üzündən cəmi bir il Bakıda Birləşmiş Ştatların səfiri olaraq işləyən Metyu Brayzanın “Sarkisyan bu addımı ilə həm də Vaşinqtonu yardıma çağırır, onun diqqətini cəlb etmək istəyir. Hesab etmək olar ki, Sarkisyan ABŞ-ın diqqətini cəlb etməyə nail oldu. Aprelin 25-də ABŞ-ın Dövlət katibi Con Kerri münaqişə ilə bağlı İlham Əliyev və Sarkisyana zəng etdi, onları sülhə dəvət etdi. Bu bəyanat Vaşinqtonda ən yüksək eşalonda təmsil olunan siyasətçilərin bir neçə həftəlik sükutundan sonra səsləndi” açıqlamasında ortaya çıxır.

Sarkisyan Amerikanın diqqətini bölgəyə cəlb etmək istəyir. Bu tezis Rusiyanın Ermənistan üzərindəki güclü təsiri fonunda inandırıcı görünməyə bilər. Amma Rusiyanın beynəlxalq siyasi mənzərədəki hazırki yeri və regionda baş verənlər Sarkisyan rejiminin öz ağasına buynuz göstərdiyi ehtimalını gücləndirir.

Bəlli ki, Kremlin Qarabağa dair öz maraqları var və onun təklif etdiyi planda bəzi rayonların qaytarılması olsa da, nəticə etibarilə Azərbaycana sərf etməyən punktlar mövcuddur. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dünən keçirdiyi birifinqdə “Lavrovun təklif etdiyi plan aysberqin görünən tərəfidir” deməsi də belə punktların mövcudluğuna şübhə yeri qoymur.

Lakin Moskvanın rayonları qaytarmaq təklifi (həqiqətən də bu təklif varsa) Sarkisyan üçün siyasi intihardır. Xüsusilə “dördgünlük müharibə” məğlubiyyətindən sonra belə bir təkliflə razılaşmaq erməni liderin ipi öz boğazına keçirməsi deməkdir. Həm millətçilər, həm müharibə əleyhdarları onun ayağı altındakı kətilə təpiyi birgə vuracaqlar.

Məhz bu baxımdan Sarkisyanın mülki əhaliyə hücumu iki hədəfə hesalanıb.

Birinci: Rusiyaya onsuz hərəkət etmək gücünə sahib olduğu haqda mesaj vermək və bunu amiranə şəkildə ermənilərə nümayiş etdirmək. Sarkisyan Kremlə buynuz göstərir, həmçinin, sadə ermənilərə “təslimçi sülhə” imza atmayacağını nümayiş etdirir.

İkinci: Bu, daha uzağa hesablanmış addımdır. Mülki əhaliyə hücumun pərdəarxasındakı hədəf də burada ortaya çıxır. Belə ki, Sarkisyan cəbhəboyu kəndlərdə mülki əhalini vurmaqla okeanın o tayında təklif olunan “atəşkəsə nəzarət mexanizmi” ideyasını yenidən gündəmə gətirir. Hansı ki, bu birbaşa erməni lobbisinə bağlı konqresmenlər tərəfindən irəli sürülüb və Obama Administrasiyasına onun tətbiqi ilə bağlı çağırışlar edilir.

Atəşkəsə nəzarət mexanizmi” münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması, silahsızlaşdırma, qoşunların hərəkətlərinin izlənilməsi, atəşkəs rejiminin pozulması hadisələrinin araşdırılması, bunun üçün regiona xüsusi “lokatorlar”ın yerləşdirilməsi kimi məsələləri əhatə edir. Atəşkəsi pozan tərəflər üçün sərt cəzalar, iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir.

Roys-Engel ideyası” adlanan bu təklif konqresmenlər Ed Roys və Eliot Engelə məxsusdur. Hər iki şəxs açıq şəkildə erməni lobbisi şəbəkəsində təmsil olunurlar. Ed Roysun ABŞ-da Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən bir neçə il öncə yaradılan Ermənistana dəstək qrupunun həmsədri olması, Eliot Engelin onunla birlikdə qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində fəal çalışması kimi açıq faktlar var. Uzağa getməyək: aprelin 29-da E. Roysun qondarma “erməni soyqırımı” haqda bəyanatı yayıldı. Bəyanatda konqresmen prezident Obamanı aprelin 24-dəki çıxışı zamanı 1915-ci ildə baş verən hadisələr haqda “soyqırımı” deyə bəhs etmədiyi üçün tənqid olunur. Belə şəxslərin irəli sürdüyü ideyada Azərbaycanın mövqeyinə uyğun nəyinsə olmayacağı məlum məsələdir.

Birləşmiş Ştatların “Atəşkəsə nəzarət mexanizmi” hədəfi: Vaşinqton bu məsələdə dolayısı ilə Rusiyanın regional siyasətini vurur. Çünki Moskva münaqişənin həllində aktivlik nümayiş etdirərək, son nəticədə Qarabağa sülhməramlılarını yerləşdirmək, beləliklə Cənubi Qafqazda hakim mövqeyini qorumaq niyyətindədir. Atəşkəsə nəzarət mexanizminə əsasən beynəlxalq müşahidəçilərin Qarabağa yerləşdirilməsi də mahiyyət etibarilə rusların “mavi dəbilqələrinin” missiyasını daşıyacaq. Vaşinqton müşahidəçilər vasitəsilə münaqişəyə nəzarəti ələ alacaq və bu, Bakı ilə İrəvan üzərində böyük təsir imkanı deməkdir.

Həm rusların, həm də amerikanların istəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasında ciddi əngəl yaradır.

Əgər “mavi dəbilqəlilər” Qarabağa gələrsə, o zaman Azərbaycan Ordusu işğalçı ermənilərlə deyil, birbaşa ruslarla döyüşməli olacaq. Cənubi Osetiya və Dnestryanı presedentləri bunun müşkül məsələ olduğunu sübut edir. (http://publika.az/p/132421).

Rusları beynəlxalq müşahidəçilər əvəz edərsə...

a) Ərazi bütövlüyümüzün bərpasında müharibə ehtimalı sıradan çıxır.
b) Ermənistan sabit şəraitdə işğalçı siyasətini davam etdirir.
c) Azərbaycan Ordusu hücuma keçərsə, ölkəyə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq olunur.
d) “Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq ediləcək. Haradadır o sanksiyalar?!”. Aprel döyüşlərindən sonra erməni mediasında gündəmə gələn bu fikirlərlə erməni lobbisinin Qərbin əli ilə Azərbaycanı “təslimçi sülhə” məcbur etmək cəhdləri ortaya çıxdı. (http://publika.az/p/133127). “Atəşkəsə nəzarət mexanizmi” dolayısı ilə eyni hədəfə hesablanıb.

Lakin Prezident İlham Əliyevin Vaşinqtona səfərindən sonra istiləşən ABŞ-Azərbaycan münasibətləri fonunda Ağ Ev erməni lobbisinin bu planında yer almaqdan imtina etdi. Vaşinqton münaqişənin “Madrid prinsipləri” çərçivəsində həllinin vacibliyini bəyan edib. Bu isə faktiki olaraq erməni hərbi birləşmələrinin işğal etdikləri torpaqlardan çıxarılmasını, Dağlıq Qarabağın statusunun isə Azərbaycanın tərkibində həll edilməsini şərtləndirir.

Bu proseslər fonunda Sarkisyanın mülki əhaliyə hücumu bir hədəfə hesablanıb.

ABŞ regionda mülki əhalinin zərər çəkdiyini görəndən sonraRoys-Engel ideyası - “atəşkəsə nəzarət mexanizmini” dəstəkləyəcək, beləliklə, Qarabağın işğalda qalması prosesi uzanacaq. Bu həm də rayonların qaytarılmasını tələb edən ruslara qarşı siyasi gedişdir.

Sarkisyanın danışıqlardan imtina haqda məlum müsahibəsindən sonra irəli sürdüyü üç şərtdən birinin məhz “insidentlərin araşdırımasına dair mexanizmlərin tətbiq edilməsi” olması da onun mülki əhalini hədəf seçməsinin pərdəarxasına gün işığı tutur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm