Türkmənçay müqaviləsi hansı prosesə son qoydu? – 194 il əvvəlki hadisələrin DETALLARI
Bizi izləyin

Nida.az

Türkmənçay müqaviləsi hansı prosesə son qoydu? – 194 il əvvəlki hadisələrin DETALLARI

Bu gün Azərbaycan tarixi üçün mühüm hadisələrdən biri - Türkmənçay müqaviləsinin 194-cü ili tamam olur. 1828-ci ildə imzalanan bu müqavilə Azərbaycan xalqını və ərazilərini ikiyə bölsə də, bir çoxları bu hadisənin xalqımız üçün müsbət nüanslarla yadda qaldığını düşünürlər.

Tarixçi alim, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi Solmaz Tohidi ilə bu mövzuda söhbətləşmişik.

Solmaz Rüstəmova–Tohidi Publika.az-a müsahibəsində bildirib ki, müstəqil Azərbaycan dövlətinin yaranmasının bir kökü də Türkmənçay müqaviləsinə gedib çıxır.

src="/storage/files/upload/29af69a19b754b7bbc3eb643b5d828837e94afba.jpg" style="width: 558px; height: 390.6px;" class="fr-fic fr-dib">

- Solmaz xanım, sabah Azərbaycanı ikiyə bölən Türkmənçay müqaviləsinin 194-cü ili tamam olur. Çar Rusiyası və Qacar dövləti arasında imzalanan bu müqavilə bizim üçün nələri dəyişdi?

- Türkmənçay müqaviləsi Azərbaycan xalqının və ərazilərinin tarixində çox önəmli bir hadisədir. 1828-ci ilin 10 fevralında imzalanan Türkmənçay müqaviləsi ərazilərimizin və xalqımızın taleyini dəyişib. Bu müqavilə tarixə İran və Rusiya müharibələrinin nəticəsi kimi daxil olub. Təəssüf ki, bu müqavilə ilə bağlı rəsmi ədəbiyyatlarda birbaşa Azərbaycan adı çəkilmir. Amma həmin müharibələr birbaşa Azərbaycan torpaqlarında gedib. Həm də Azərbaycan xalqının taleyini həll edib. Bu müharibələrin sonunda Azərbaycan xanlıqlarını öz tərkibinə qatan İran ərazisindəki Qacarlar dövləti məğlubiyyətə uğrayır. Nəticədə onun tərkibindəki Azərbaycan xanlıqları, ən sonda İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə qatılır. Bundan sonra eyni kökənli, eyni dildə danışan, eyni dilə sitayiş edən Azərbaycan xalqının bölünməsi baş verir. Eyni zamanda, Azərbaycan dövlətçiliyinin tarixi qanunauyğunluq şəklində formalaşması, inkişafı prosesi pozulur. Bu prosesə birbaşa Çar Rusiyasının işğalçılıq siyasəti nəticəsində müdaxilə olunur.

- Söhbət hansı prosesdən gedir?

- 18-ci əsrin ortalarından sonra İran adlandırılan ərazidəki Azərbaycan torpaqlarının daxil olduğu ərazilərdə xanlıqlar yaranırdı. Məhz həmin dövrdə o dövlətin paytaxtının yavaş-yavaş, tarixən Təbrizdən Qəzvinə, Qəzvindən İsfahana, oradan da Tehrana köçürülməsinin nəticəsi o olurdu ki, Azərbaycan torpaqları sanki bilavasitə İran dövlətçiliyindən ayrılırdı. Kiçik, yarımmüstəqil feodal dövlətlər yaranırdı. Artıq həmin dövlətlərin özünün idarəçiliyi, ordusu var idi.

- Axı onlar öz aralarında yola getmirdilər? Birləşmək niyyətləri də yox idi...

- Öz aralarında yola getməsələr də, müharibələr etsələr də bir proses gedirdi. Sonluqda daha güclü olan dövlət zəif olanları öz tərkibinə qatacaqdı. Dünya tarixi – Almaniyanın, Fransanın tarixləri də bütün bunları göstərir; yəni, sonluqda daha güclü olan xanlıqlar kiçiklərini öz tərkibinə qatacaqdı. Qubadakı Fətəli xanın, Urmiyadakı Fətəli xanın apardığı siyasətlər, həyata keçirdiyi döyüşlər nəticəsində görürdük ki, daha güclü xanlıqlar zəif xanlıqları özlərinə tabe edirdilər. Əgər proses bu cür davam etsəydi, nəticədə tədricən daha güclü dövlət yaranmalı idi. Tarixi qanunauyğunluq da bunu göstərirdi. Yəni, həmin o geniş ərazilərdə böyük bir Azərbaycan dövlətinin əsasının qoyulması mümkün idi. Ona görə də biz tarixçilər müstəqil Azərbaycan dövlətçiliyinin tarixini elə xanlıqlar dövründən başlayırıq. Amma 19-cu əsrin ilk illərindən bu prosesə Rusiyanın müdaxiləsi baş verdi. Nəticədə həmin proses kəsildi.

- Bəs bundan sonra nələr baş verdi?

- Həmin proses kəsiləndən sonra təxminən 100 illik dövrdə - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədər tariximizin yeni bir dövrü başladı. Söhbət Türkmənçay müqaviləsindən 1918-ci ilə qədərki dövrdən gedir. Çar Rusiyasının tərkibindəki ərazilərimiz yeni inzibati qaydada bölünürdü. Quberniyalar yaradılırdı və həmin quberniyalar şəhərlərin adları ilə adlandırılırdı. Məsələn, Bakı quberniyası, Tiflis quberniyası...

- Solmaz xanım, həmin dövr üçün bu proseslərin ən ağır nəticəsi nə idi?

- Həmin dövr üçün proseslərin ən ağır nəticəsi İrəvan və Naxçıvan quberniyalarının ərazisində erməni vilayətinin yaradılması idi. Bundan sonra ermənilərin həmin ərazilərə köçürülməsi başlayır. Orada yaşayan əhalinin tərkibi ilə bağlı bir qədər demoqrafik dəyişikliklər baş verir. Amma bu tarixi prosesə birmənalı olaraq faciə prizmasından baxmaq da düzgün deyil. Çünki biz görürük ki, nəticə etibarı ilə bütün bu proseslərin müsbət tərəfləri də var idi.

- Söhbət hansı müsbət elementlərdən gedir?

- Müsbət tərəfi o idi ki, Azərbaycan əhalisi İrana nisbətən qat-qat mütərəqqi və Avropaya yönəlmiş yeni bir inzibati idarə üsuluna daxil oldu. Xalqımız bu dövrdə müəyyən inkişaf mərhələsi keçdi. Eyni zamanda, xalqımız Çar Rusiyasının çox geniş, imkanlı, iqtisadi-ictimai həyatına cəlb edildi. Əhali arasında da müəyyən proseslər getdi. Rusiyanın təbəəliyini qəbul etmiş insanlar arasında da müəyyən proseslər gedirdi. Rusiya hökuməti müsəlmanlara, azərbaycanlılara həmin dövrdə o qədər də etimad göstərmirdi. Amma bununla bərabər, yerli əhali qruplarını idarə etmək üçün yerli kadrlara ehtiyac var idi. Onun üçün də yeni məktəblər yaradılırdı. Məsələn, Qori Müəllimlər Seminariyası açılmışdı. Müəllimlər yetişdirilirdi. Hər halda, Rusiyanın tərkibindəki Azərbaycan xalqı özünəməxsus inkişaf yolu keçdi. Mirzə Fətəli Axundzadə kimi bir şəxsiyyətimizin yetişdiyini deyə bilərik. Etnik və milli kimlik sualı ortaya gəldi. Azərbaycanlılar özlərini tanımağa başladılar. Özünə müsəlman, asiyalı, tatar deyilən bir əhali əslində Azərbaycan türkü olduğunu dərk etdi. Ən gözəl proseslərdən biri də 20-ci əsrin əvvəllərində Azərbaycan mətbuatının formalaşması oldu. 19-cu əsrin 70-ci illərində artıq Azərbaycan mətbuatı yaranmışdı. Axundov, Zərdabi ortaya gəldi. Yeni ziyalılar nəsli yarandı. Çox kiçik bir dövr ərzində - 94-95 il ərzində Azərbaycan öz dövlətçiliyini yaratdı. Bu gün müstəqil Azərbaycan dövlətinin yaranmasının bir kökü də Türkmənçay müqaviləsinə gedib çıxır. Sonluqda bu, Azərbaycan xalqı üçün çox müsbət bir hadisə ilə tamamlandı. Məhz Rusiya imperiyasının qanunları, ictimai-siyasi mühitində yetişən ziyalılar, savadlı nəsil - vəkillər, mühəndislər və digər savadlı insanlar sonradan gəlib Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan dövlətçiliyinin əsasını qoydular.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm