Bunu Ermənistanda başa düşürlər - Nəsib Məhəməliyev
Bizi izləyin

Nida.az

Bunu Ermənistanda başa düşürlər - Nəsib Məhəməliyev

“Antalya Diplomatik Forumu özünü beynəlxalq müstəvidə kifayət qədər təsdiq etmiş ciddi bir platformadır. Hər il, ildən-ilə orada iştirak edən dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin tərkibinin genişlənməsinə baxsaq, həm qlobal, həm də regional məsələlərin həllində kifayət qədər əhəmiyyətli bir platforma kimi qəbul edilməlidir. Digər tərəfdən, Azərbaycan və Ermənistan nümayəndələrinin bu platforma çərçivəsində görüşünün baş tutması tərəflər arasında yaranmış vəziyyəti müzakirə etməyə, mövcud problemlərin aradan qaldırılması istiqamətində addımlar atmağa, regionda sülhün yaranmasına xidmət edən bir addım kimi qəbul olunmalıdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın pozitiv impulslarını nəzərə alsaq, İrəvan Ankara və Bakı ilə münasibətlərin normallaşmasında maraqlı görünür:

“Əgər bu münasibətlər normallaşmasa, regionda sülh olmasa Ermənistanın gələcəyi qaranlıq olacaq. Hətta Ermənistanın bir dövlət kimi inkişafının böyük sual doğurduğunu İrəvanda da anlamağa başlayıblar. Təbii ki, biz burada bir məsələni yaddan çıxarmamalıyıq. Bu da xarici faktorlardır. Ermənistan bir dövlət kimi heç vaxt müstəqil siyasət yürütmək iqtidarında olmayıb. Hətta nəinki xarici siyasətdə, eyni zamanda daxili siyasətdə də Ermənistan bir çox məsələlərdə həm diasporla, həm də digər xarici qlobal güclərlə, lobbi təşkilatları, eyni zamanda regionda marağı olan dövlətlərlə məsləhətləşmələr aparır. Yəni, həm siyasi, həm də iqtisadi müstəvidə olan layihələrlə bağlı Ermənistan bir dövlət olaraq müstəqil qərar qəbul etmək iqtidarında deyil”.

Nəsib Məhəməliyevin fikrincə, hətta ayrı-ayrı məmurların təyinatları belə müstəqil şəkildə aparılmır:

“Ermənistan dövləti kilsə və ayrı-ayrı diaspor təşkilatları ilə məsləhətləşmələr aparmağa, onların rəylərini almağa məcburdur. Bu, təkcə indiki deyil, əvvəlki iqtidarların dövründə də belə olub. Yəni, bu dövlət özünü iqtisadi, maliyyə, siyasi, eyni zamanda təhlükəsizlik baxımından təmin etmək imkanında olmadığı, xarici faktorlardan asılı olduğu üçün Ermənistandan hansısa müstəqil qərarın qəbulunu gözləmək, ondan ciddi nəticə ummaq bir qədər sadəlövhlük olardı. Amma istənilən halda hesab edirəm ki, Rusiya-Ukrayna hadisələri və dünyada gedən proseslər, eləcə də Qərb-Rusiya qarşıdurması fonunda Ermənistanda da başa düşürlər ki, nizamlanmaya getmək, barışığa cəhd etmək lazımdır. İstənilən halda bu istiqamətdə müzakirələri müsbət bir addım kimi qəbul edə bilərik. Ən azından mövqelərin aydınlaşdırılması istiqamətində nəsə gözləmək olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm