Ermənilərin Qarabağda aktivləşməsində Ukrayna izi - Türk general DETALLARI AÇDI
Bizi izləyin

Nida.az

Ermənilərin Qarabağda aktivləşməsində Ukrayna izi - Türk general DETALLARI AÇDI

Rusiya-Ukrayna müharibəsi və Qarabağda separatçıların aktivləşməsi siyasi gündəmi məşğul edən məsələlərdəndir. İki ölkə arasındakı müharibənin mümkün nəticələri və separatçıların təxribat əməllərinə qarşı görülə biləcək tədbirlərlə bağlı türk general Yücel Karauzla müsahibə etdik.

Publika.az sözügedən müsahibəni təqdim edir.

- Rusiya-Ukrayna müharibəsində Rusiyanın hədəfi nədir və bu hədəf istiqamətində irəliləyə bilirmi?

- Rusiyanın bu müharibədə siyasi, eyni zamanda hərbi hədəfləri var və burada əsas məqsəd öncə öz təhlükəsizliyini təmin etməkdir. Məsələyə Rusiya prizmasından yanaşdıqda görərik ki, bu məsələ Rusiya üçün təhlükəsizlik problemidir. Sözsüz ki, Rusiyanın bu cür yanaşmasının kökündə yatan səbəblər var. Belə ki, SSRİ 1991-ci ildə dağıldıqdan sonra dünya iki qütblülükdən tək qütblülüyə keçid aldı. Sovet İttifaqından geriyə öz müstəqilliyini qazanmış 15 ölkə qaldı. Yəni, Rusiyanın 1991-ci ildən etibarən bir güc faktoru kimi qütb olmaq imkanı əlindən çıxdı. Bütün bunların fonunda isə NATO qurulduğu 1949-cu ildən etibarən 8 dəfə genişləndi və 1999-cu ildə 4-cü, 2004-cü ildə isə 5-ci genişlənməsində keçmiş SSRİ ölkələrini ittifaqa daxil etdi. Lakin Rusiya buna 2014-cü ilə qədər heç bir reaksiya verə bilmədi. 2014-cü ildə Ukrayna və Gürcüstanın da NATO-ya daxil edilməsi məsələsi gündəmə gəldikdə Rusiya Cənubi Osetiya və Abxaziyada, həmçinin Krım və Donbas bölgəsində əməliyyatlar həyata keçirdi. Bununla Rusiya NATO-ya mesaj verdi ki, mənim sərhədlərimə yaxınlaşma. Məsələnin digər tərəfi isə Ukraynanın coğrafi mövqeyi ilə əlaqədar idi. Hazırda Ukraynanın coğrafi mövqeyi daha da strateji hal alıb. Çünki bu gün Ukrayna NATO ilə Rusiya arasında bufer zona, cəbhə ölkəsi sayılır. Belə olan halda Ukraynanın NATO-ya üzv olması Moskvanın təhlükəsizliyinin təhdid altında olması deməkdir. Rusiya bu müharibə ilə Ukraynanı tərəfsiz ölkə etməyə və eyni zamanda NATO-nu buradan uzaq tutmağa çalışır. Həmçinin, Ukraynada mərkəzi hakimiyyəti dəyişmək, Donbas və Krımın statusunu stabil hala gətirmək Rusiyanın hədəflərindəndir. Ukrayna Prezidenti Zelenski də açıqlama verdi ki, Krım və Donbas bölgəsinin statusu ilə əlaqədar danışıqlar apara bilərik. Ölkənin NATO-ya daxil edilməsi isə artıq müzakirə mövzusu deyil. Çünki nə NATO Ukraynanı ittifaqa qəbul edir, nə də Ukrayna bundan sonra NATO-ya üzv olmaq istəyəcək. Bütün bunların fonunda qeyd edə bilərik ki, Ukrayna Avropa İttifaqına daxil ola və bu yolla iqtisadiyyatını dirçəldə bilər. Bundan başqa nəsə gözlənilmir. Belə olan halda Rusiya qismən də olsa, bu müharibənin sonunda hədəflərinə çata bilər.

- Rusiya Ukraynada bu cür müqavimət gözləyirdi?

- Xeyr, gözləmirdi. Rusiya 2 yerdə səhvə yol verdi. Birincisi, öz gücünü tam hesablaya bilmədi. Rusiya əməliyyat planlarında 3-4 gün ərzində Kiyevi ələ keçirərək siyasi iqtidarı devirə biləcəyini düşünürdü və bütün hərbi təchizatını bu plana əsasən toplamışdı. Rusiya Donbas, Krım, Belarusda çox böyük hərbi təchizat topladı, lakin bu təchizatı münaqişə bölgəsinə keçirə bilmədi. İkinci səhv isə düşmənin refleksini yetərincə qiymətləndirə bilməmələri idi. Bunda da əsas məsələ müdafiə sistemlərindən daha çox milli birliyi, döyüş əzmini hesablaya bilməməkləri idi. Rusiya müqavimət gözləmədiyi xalqın tankın qarşısında yatdığını gördü. Əslində, bu dövr Ukraynanın dövlətçilik və millətçilik prosesinin tamamlanması olaraq da dəyərləndirilə bilər. Bu məsələdə Ukraynanın səhvi isə Qərbin oyununa gəlməsi idi. Halbuki Ukrayna 2014-cü ildəki Gürcüstan təcrübəsinə və ya Qərbin terrorla mübarizə məsələsində Türkiyəyə olan davranışlarına baxsaydı, bundan dərs çıxarardı. Qərbdən çox şey gözlədi, müdafiəsini düzgün qura bilmədi. Ukrayna 10 il ərzində Azərbaycan kimi öz silahlı qüvvələrini gücləndirməli idi. Bütün bu səhvlər Ukraynanı bugünkü vəziyyətə gətirdi.

- Müharibənin nəticəsi nə ola bilər və Antalya Diplomatiya Forumundan nəticə gözlənilir?

- Antalyada nazirlərin görüşündə 100 faizlik razılaşma gözlənilmir. Çünki hər iki tərəf hədəflərini çox yüksəyə qoyub. Razılaşma üçün tərəflər bir qədər kompromisə getmək üçün çalışmalıdır. Atəşkəs ola biləcəyi ehtimal daxilindədir. Lakin əsas müzakirə ölkə başçılarının olduğu görüşdə baş tuta bilər. Cənab Ərdoğan da məhz bunun üçün çalışır. Rusiya Donbas və Krımın statusu, eyni zamanda Ukraynadan NATO-ya üzv olmamaq barədə söz ala bilsə, müzakirələrin nəticəsi ola bilər. Ukraynanın da hazırda bu tələblərlə razılaşacağını düşünürəm.

- Separatçıların Qarabağda aktivləşməsinin səbəbi Ukraynadakı hadisələrlə bağlı ola bilər?

- Əlbəttə, ola bilər. Onlar Ukraynadakı vəziyyət və Rusiyanın mövcud durumu ilə əlaqədar fürsətçilik etməyə çalışırlar. Əslində, bu məsələdə Rusiyanın da çıxarmalı olduğu bir dərs var. 10 noyabr razılaşmasına əsasən, Qarabağdakı separatçılar buradan çıxarılmalıdır. Lakin razılaşmadan keçən 17 ay ərzində rus sülhməramlılarının bu məsələ ilə bağlı hər hansı iş gördüyünü demək çətindir. Halbuki sülhməramlıların bu ərazilərə gəlmək səbəblərindən biri bu idi. Təxribatların səbəblərindən digəri isə Paşinyanın Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyəyə səfəri ola bilər. Bunu həm də Paşinyana mesaj kimi qəbul etməliyik.

- Separatçıların bu kimi təxribatçı əməllərində sülhməramlı kontingentin komandanı Andrey Volkovun xüsusi rolu var?

- Fikrimcə, var. Rusiya tərəfi bu problemin kökündən həll olunması yolunu bilir. 10 noyabr razılaşmasının tərəflərindən biri də Rusiyadır. Lakin bugünədək separatçılara qarşı lazımi tədbirləri görməyib. Bildiyiniz kimi, orada müharibə cinayəti törətmiş qondarma lider var. O, Gəncə, Bərdə və Tərtərdə mülki əhalini raket atəşlərinə tutduğunu etiraf edən bir cinayətkardır. Bu şəxsə beynəlxalq məhkəmədə hökm verilməlidir. Düşünürəm ki, Rusiya bu işi 5 il müddətində uzatmağa çalışır. Halbuki Qarabağdakı davamlı sülh bölgənin inkişafı üçün də böyük əhəmiyyət kəsb edir. Bu günə qədər Qarabağda baş verən təxribatlardan rus sülhməramlıları və onların komandanları məsuliyyət daşıyır. Bizim onlardan gözləntimiz isə sülhün təmin olunması üçün bitərəf olmalarıdır.

- Azərbaycanın Rusiyaya məlum notasını necə dəyərləndirirsiniz?

- Bunu Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə tərəfsiz yanaşmasına, humanitar yardım göndərməsinə, Ukraynanın Bakıdakı səfirliyi qarşısında azərbaycanlıların Ukraynaya dəstək aksiyasına, Azərbaycan xalqının sosial mediada Ukraynaya dəstək verməsinə Rusiyanın reaksiyası kimi dəyərləndirmək olar. Halbuki beynəlxalq münasibətlərdə ikili əlaqələr qarşılıqlı güvənə arxalanır. Ukrayna da Azərbaycanın Qarabağdakı haqlı davasında dəstək vermişdi. Bütün bu baş verənlər hibrid müharibənin göstəricisidir. Bütün müharibələr tankla və topla aparılmır. Biz zaman-zaman fərqli müstəvilərdə də münaqişələrin yaşandığını görürük.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm