Onlar çalışır ki, İlham Əliyevlə Paşinyan... - Vahid Əhmədovla MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Onlar çalışır ki, İlham Əliyevlə Paşinyan... - Vahid Əhmədovla MÜSAHİBƏ

Bu yaxınlarda 75 yaşını tamamlayan, ölkə başçısı tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunan Milli Məclisin deputatı Vahid Əhmədovla söhbətləşdik. Onun yubiley təəssüratları ilə yanaşı, son günlər dünyada baş verən proseslərə də münasibətini öyrənməyə çalışdıq. Deputat dolların bahalaşma ehtimalından, Milli Məclisdə və hökumətdə “beşinci kolon”un nümayəndələrinin say çoxluğu təşkil edib-etməməsindən tutmuş, Ukrayna-Rusiya savaşı ilə bağlı bütün suallarımızı cavablandırdı.

Vahid Əhmədovun Publika.az-a müsahibəsini təqdim edirik:

- Vahid müəllim, 75 yaşınız tamam oldu. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm! Ölkə başçısı da Sizi fəxri diplomla təltif etdi. Yubiley və təltiflə bağlı təəssüratlarınızı öyrənmək istərdim...

- Mənə, fəaliyyətimə, əməyimə verdiyi qiymətə görə ölkə başçısına minnətdarlığımı bildirirəm. Demək olar ki, mən bütün həyatım boyu dövlətimə və millətimə xidmət edən bir insanam. Təxminən 23 ildir ki, millət vəkiliyəm. Bu sahədə hər zaman insanlarla təmasda olmuşam. Çalışmışam ki, hər zaman əhalinin, seçicilərimin maraqlarını Milli Məclisdə səsləndirim. Müəyyən hökumət üzvləri, nazirlərlə və digər rəhbər orqanların təmsilçiləri ilə həmişə təmasda olmuşam. Əhalini narahat edən məsələləri həll etmək üçün hər zaman səylər göstərmişəm. Mənim əsas məramım bundan ibarətdir. Bu gün də həmin işi davam etdirirəm. Mənim əməyimə verdiyi qiymətə görə bir daha dövlət başçısına öz dərin minnətdarlığımı çatdırıram.

- Hazırda dünyanın diqqəti Ukraynaya yönəlib. Sizcə, Rusiya–Ukrayna müharibəsinin Azərbaycana, ölkə iqtisadiyyatına nə kimi zərərləri ola bilər?

- Əgər Ukrayna və Rusiya arasındakı savaş uzun müddət davam edərsə, bu sanksiyalar daha da dərinləşərsə, nəinki Rusiyanın və Ukraynanın, eləcə də bütün dünyanın iqtisadiyyatına öz mənfi təsirini göstərəcək. Çünki bunlar çox dərin sanksiyalardır. Baxın, hazırda Qərb dövlətləri Rusiyaya qarşı neft və qaz sanksiyaları üzərində fikirləşir. Bu qəbildən olan sanksiyalar indiyə kimi nə İrana, nə Suriyaya, nə də digər dövlətlərə tətbiq edilib. İrana yüngül səviyyədə sanksiyalar tətbiq olunurdu. Amma bu gün Rusiyaya tətbiq olunan sanksiyalar kimi deyildi. Hazırda Kremlə tətbiq olunan sanksiyalar faktiki olaraq Rusiya iqtisadiyyatını çökdürməyə hesablanıb. Rusiya və Ukrayna ilə əlaqədə olan dövlətlərdən biri də bizik. Çünki həmin dövlətlərdən kifayət qədər idxalımız var. Yəqin ki, baş verənlər fonunda bütün bunların bizim iqtisadiyyatımıza da müəyyən təsirləri olacaq. Amma Azərbaycan dövləti və hökuməti digər ölkələrlə sıx şəkildə işləyir. Yəqin ki, həmin sıx işlədiyimiz ölkələrlə əlavə müqavilələr imzalanacaq. Söhbət hər şeyin sakit getdiyi, heç bir problemin yaşanmadığı ölkələrdən gedir.

- Bəs baş verənlər ölkəmizdə qiymət artımına gətirib çıxara bilərmi?

- Bəli. Hesab edirəm ki, qiymət siyasətində müəyyən problemlər ola bilər. Hətta müəyyən qiymət artımlarının olması da mümkündür. Müəyyən dövrdə mal çatışmazlığı ilə üzləşmək ehtimalımız da var. Yenə deyirəm, bütün bunlar Rusiya-Ukrayna savaşının uzun müddət davam edəcəyi halda mümkün ola bilər. Ona görə də çalışmaq lazımdır ki, özümüzü maksimum şəkildə sığortalayaq. Hazırda bizim iqtisadiyyatımızda kifayət qədər irəliləyiş var. İndi bir o qədər də ciddi problemimiz yoxdur. Çalışmalıyıq ki, süni qiymət artımları da olmasın. Bununla bağlı dövlət və hökumət tərəfindən müəyyən işlər aparılır. Yerdə qalan məsələlər də yəqin ki, öz həllini tapacaq.

- Son günlər gündəmi zəbt edən məsələlərdən biri də Qarabağda erməni separatçı dəstələrinin fəallaşmasıdır. Rusiyalı sülhməramlılar da onların bir sıra təxribatlarına göz yumurlar, hətta bəzi hallarda dəstək verirlər. Sizcə, nə baş verir?

- Ümumiyyətlə, son vaxtlar Qarabağda müəyyən hərəkətlilik mövcuddur. Xüsusən də Azərbaycanın Müdafiə Nazirliyi Fərrux zirvəsində dislokasiya etdi. Müdafiə Nazirliyi oraya öz qüvvələrini yerləşdirdi. Bundan sonra həm Qərbdən, həm də Rusiyadan bizə qarşı çox şiddətli hücumlar oldu. Fikir verdinizsə, bir sıra rəsmilər, o cümlədən deputatlar Azərbaycanı bombalamaq, neft buruqlarını vurmaq və sair bu kimi təkliflər irəli sürdülər. Azərbaycan hökuməti, eləcə də millət vəkili olaraq biz də onların cavabını kəskin şəkildə verdik. Bilirsiniz, Rusiya-Ukrayna müharibəsində Rusiyanın vəziyyəti olduqca ağırdır, gərgindir. Amma faktiki olaraq Moskva bütün dünya dövlətlərinə qarşı çıxır. Bir neçə dövlətdən başqa bütün dünya dövlətləri də Kremlə qarşı sanksiyalar tətbiq edirlər. Ona görə də indi onlar bilirlər ki, Ukrayna məsələsində çox ciddi şəkildə uduza bilərlər. İstəyirlər ki, Qarabağı öz əllərində saxlasınlar. Bunu orada bir sıra məsələlərdə vəziyyəti gərginləşdirməklə edirlər. Fikir verdinizsə, cənab Prezident də Brüsselə getdi. Ondan əvvəl də Avropa Şurasının sədri ilə görüşmüşdü. Avropa İttifaqı da çalışır ki, cənab İlham Əliyevlə Nikol Paşinyan arasında ikitərəfli danışıqlar getsin. Yəni müəyyən məsələlər öz həllini tapsın. Aldığımız məlumata görə, sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif Ermənistan tərəfindən qəbul olunub.

- Sizcə, Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar özünü doğruldacaqmı?

- Xeyr, mən nə Ermənistana, nə də onun rəhbərliyinə inanıram. Çünki onlar bir tərəfdən Rusiya ilə, digər tərəfdən Qərblə işləyirlər. Həm Qərb, həm də Rusiya çalışır ki, bu münaqişə ocağını öz əllərində saxlasınlar. Azərbaycan kimi inkişaf etmiş, kifayət qədər karbohidrogen ehtiyatları olan dövlət bütün ölkələr üçün, o cümlədən Rusiya və Qərb üçün maraqlıdır. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın dövlət başçısı çox cəsarətli siyasət aparır. Öz dövlətimizin maraqlarını qorumaq üçün yavaş-yavaş irəliyə addımlar atırıq. Düşünürəm ki, bu, davam edəcək.

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilk dəfə olaraq vasitəçisiz telefon danışığı baş tutdu. Bu yenilik nədən xəbər verir?

- Ermənistanın xarici işlər naziri Mirzoyan Ceyhun Bayramovla telefonla danışmamışdan əvvəl Moskvada oldu. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdü. Lavrov da belə bir bəyanat verdi ki, biz Ermənistanın sərhədlərini qoruyacağıq. İndi iki nazir telefonla əlaqə saxlayıb, müəyyən məsələləri müzakirə ediblər. Onlara cənab Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən müəyyən tapşırıqlar verilib. Onlar da bu tapşırıqlara uyğun olaraq sülh sazişi ilə bağlı müəyyən məsələləri müzakirə ediblər. Yəqin ki, müəyyən maddələr müzakirə olunub. Çünki sülh sazişi hazırlanmalıdır. Bununla əlaqədar müəyyən vaxtlar qoyulub. Əsasən bu istiqamətdəki məsələlər müzakirə olunur.

- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müsahibəsində deyib ki, əgər Rusiya-Ukrayna savaşında şimal qonşumuz üstünlük qazansaydı, Azərbaycanda “beşinci kolon” aktivləşəcəkdi, amma hər şey tərsinə getdiyi üçün onlar da müəyyən gözləmə mövqeyi tutdular. Buna münasibətiniz necədir?

- Bilirsiniz, Rusiya-Ukrayna müharibəsində Rusiyanın qalib gəlməsi sual altındadır. Özü də böyük sual altındadır, bunun üçün Üçüncü Dünya müharibəsi başlamalıdır. Birləşmiş Ştatların prezidenti də bildirdi ki, biz axıra qədər gedəcəyik ki, Rusiya bu işğalçılıq siyasətindən birdəfəlik əl çəksin. Fikir verin, Moldovada, Ukraynada, Gürcüstanda, Azərbaycanın Qarabağ bölgəsinin müəyyən hissəsində problemlər... Bu məsələlərin hamısı dünya gündəmindədir. Ona görə də mən Azərbaycanda “beşinci kolon”un güclənməsinə inanmıram. Əlbəttə, bu müharibədə Rusiya müəyyən üstünlüklər qazansa, ola bilsin ki, onlar Azərbaycanda güclənsinlər. Əlbəttə, “beşinci kolon”un Azərbaycandakı nümayəndələri hazırda gözləmə mövqeyindədirlər. Bizdə də demokratlar, bizim kimi insanlar, siyasətlə məşğul olanların hamısı bunları bilirlər. Lazım gələrsə, onların qarşısı dövlətimiz, ölkə rəhbərimiz, hökumətimiz, o cümlədən bizim tərəfimizdən alınacaq.

- Sərdar Cəlaloğlu hazırda Milli Məclisdəki deputatların 90 faizinin “beşinci kolon”un üzvü olduğunu iddia edir...

- Bu iddianı kim irəli sürürsə, mən onun bu fikrinə inanmıram. Fikrimcə, 90 faiz deputatın “beşinci kolon” üzvü olması iddiası doğru deyil. Bu, şişirdilmiş rəqəmlərdir. İstər hökumətdə, istərsə də Milli Məclisdə kifayət qədər milli maraqlarımızı müdafiə edən insanlar var. Ona görə də “beşinci kolon” Azərbaycanda heç nə edə bilməz. Bu, qeyri-mümkündür.

- Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov öz postundan getdi. İddia edirlər ki, bu gediş Azərbaycanda dolların bahalaşmasına, milli valyutanın növbəti dəfə dəyər itirməsinə hazırlıqla bağlıdır. Sizin bu cür iddialara münasibətiniz necədir?

- Elman Rüstəmovun gedişinin bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Fikir verirsinizsə, cənab Prezident bir neçə ildir ki, kadr islahatları aparır. Cavanlaşma prosesi həyata keçirilir. Cavan kadrlar hakimiyyətə gətirilir. Onların kifayət qədər təcrübələri olmasa da, onlara imkanlar yaradılır. Mərkəzi Bankın İdarə Heyətinin sədri 31 ildir ki, bank sistemində çalışırdı. Onun da 27 ilini Mərkəzi Bankın İdarə Heyətinin sədri olub. Elman Rüstəmov kifayət qədər təcrübəli kadr idi. İndi də cavan kadr gəlir. Biz də çalışırıq ki, ona kömək edək. Kömək edək ki, Mərkəzi Bank sistemindəki müəyyən problemlər aradan qaldırılsın. O ki, qaldı dolların kursunun müəyyən qədər dəyişdirilməsinə, mən məzənnənin dəyişdirilməsini hələlik gözləmirəm. Bu, dünyada gedən proseslərdən asılıdır. Eyni zamanda Ukrayna və Rusiya arasındakı münasibətlərin də buna təsiri böyükdür. Azərbaycan iqtisadiyyatının inkişafı, neftin qiyməti də bu məsələdə önəmli rol oynayır. Burada məqamlar çoxdur. Amma hələlik mən dolların bahalaşmasını görmürəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm