Sülhməramlılar Qarabağdan çıxır, Rusiya hücuma keçir və... - SENSASİON DETALLAR - VİDEO
Bizi izləyin

Nida.az

Sülhməramlılar Qarabağdan çıxır, Rusiya hücuma keçir və... - SENSASİON DETALLAR - VİDEO

Video əlavə olunub.

***

Ukrayna-Rusiya müharibəsi özünün doqquzuncu ongünlüyünə qədəm qoyub. Bir çoxları Rusiyanın bu savaşda uduzacağını, hətta kapitulyasiya aktına imza atacağını dilə gətirir. Bəzi ekspertlər isə düşünür ki, rusların bundan sonrakı mərhələdə savaşa davam gətirmək üçün çox az resursu qalıb.

Bəs nə baş verir? Rusiya-Ukrayna savaşı nə zaman bitə bilər? Gündəmin əsas mövzularından biri də Türkiyənin Finlandiya və İsveçin “NATO yolu”na sədd çəkməsidir. PKK terrorçularına qucaq açan Stokholm və Helsinki Ankaranı dilə tutmaq üçün “qucaq axtarışı”na çıxıb.

Elə bu iki düyün nöqtəsindən yola çıxaraq yaxın gələcəkdə baş verə biləcək hadisələri politoloq Cümşüd Nuriyevlə müzakirə etməyə çalışdıq.

Cümşüd Nuriyevin Publika.az-a müsahibəsini təqdim edirik:

- Cümşüd müəllim, Rusiya-Ukrayna müharibəsi bundan sonra nə qədər davam edə bilər? Rusiyanın bu savaşın nəticələrinə tab gətirmək üçün daxildə nə qədər gücü, ehtiyatı qalıb? Bir çox ekspertlər düşünür ki, savaşın sonunda Kreml hətta kapitulyasiya aktına imza ata bilər. Bu yanaşma nə dərəcədə inandırıcıdır?

- Əvvəla onu qeyd edim ki, Rusiya-Ukrayna müharibəsinin sonluğunda rusların kapitulyasiya aktına imza atacağı ilə bağlı düşüncələr xəyaldır. Bu, mümkün olan bir şey deyil. Belə fikirlər xarici dövlətlərin, daha dəqiq söyləsək, İngiltərənin və Amerika Birləşmiş Ştatlarının Ukrayna Prezidenti Vladimir Zelenskinin beyninə yeritdiyi bir ideyadır. Kapitulyasiya aktı o vaxt olar ki, Ukrayna Rusiya qoşunlarını öz ərazisindən çıxarsın və rusların ərazisinə girsin. Döyüş Ukrayna ərazisində gedir. Burada heç bir kapitulyasiyadan söhbət gedə bilməz. Azərbaycanın 44 günlük müharibədə Ermənistanı kapitulyasiya aktına məcbur etməsi isə istisna haldır. Azərbaycan öz ərazisində Ermənistanın işğal etdiyi əraziləri geri aldığına görə kapitulyasiya aktına imza atdı. Müharibə Azərbaycanın suveren ərazilərində baş versə də, hərbi əməliyyatlar işğal olunan torpaqlarımızda aparılırdı. Hazırda Ukraynada belə bir hal yoxdur. Əksinə, 82 gündən sonra Mariupolda “Azovstal”da döyüşənlərdən 264 nəfər yaralı dəyişdirildi. Yəni xilas edildilər. “Azovstal” ərazisində nə qədər Ukrayna döyüşçüsünün qaldığı isə açıqlanmır. O biri istiqamətdən də Luqanskın iki kəndi azad olunub. Yəni hazırda Rusiya Ukrayna cəbhəsində öz maraqlarına uyğun hərəkət edir. Rus qoşunlarının əsas məqsədi Donetsk və Luqansk bölgəsinin inzibati sərhədlərinə çatmaqdır. Hətta Xerson şəhəri də rus qoşunlarının əlindədir. Bu gedişlə Rusiya Ukraynanın Qara dənizə çıxışını da bağlayacaq. Hazırda Kremlə “sürünən müharibə” taktikası sərf edir. Ona görə də Rusiyanın kapitulyasiya aktına imza atacağı kimi fikirlərdən danışmaq hələ ki, çox tezdir.

- Əgər İsveç və Finlandiyanın NATO-ya üzvlüyü gerçəkləşərsə, Rusiyanın burada əks cavabı nə ola bilər? Məlumatlar yayılıb ki, hazırda Kreml Finlandiya sərhədlərinə qoşun yığılması ilə bağlı qərar qəbul edib. Sizcə, indiki məqamda ikinci cəbhənin açılması mümkündürmü?

- Bu ehtimal özünü doğrulda bilər. Amma burada ən böyük maneə Türkiyə dövlətidir. Baxmayaraq ki, İsveçlə Finlandiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərini nəzərə almadı. Əksinə, Stokholmun mərkəzində PKK terror qruplaşmasının böyük bir “bayrağı” asıldı. Hətta bunun üçün orada bayram, şadyanalıq da həyata keçirildi. Amma NATO-nun nizamnaməsinə görə, bir dövlət onun sıralarına qəbul olunarsa, digər dövlətlərin də razılığı lazımdır. Bu da uzun müddət çəkən bir prosedurdur. Ona görə Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələlər ilin sonuna qədər çəkə bilər. Bu müddətə qədər Rusiya Finlandiya üçün hər hansı bir problem yarada bilər. İsveç onlar üçün o qədər maraqlı deyil. Çünki Rusiyanın İsveçlə birbaşa quru sərhədləri yoxdur. Amma Finlandiya ilə Rusiya quru sərhədlərə malikdir. Hətta Vıborqdan Sankt-Peterburqa cəmi 40 kilometrdir. Ona görə də bu, sürətlə həll olunacaq məsələlər deyil. Lakin Rusiya bir dövlət kimi iflasa uğramaq ərəfəsindədir. Yəni Rusiyadan Finlandiya üzərinə hücum məsələsini proqnozlaşdırmaq olar.

- Türkiyənin Finlandiya və İsveçin qarşısında NATO-ya üzvlüklə bağlı sədd çəkməsinin arxasında sırf terrora dəstək məsələsi dayanır, yoxsa başqa səbəblər də var? Ankara Helsinki-Stokholm və NATO arasında onların hərbi birliyə üzvlüyü ilə bağlı hər hansı siyasi bazarlıqlar ola bilərmi? Sizcə, Ankara onların NATO-ya üzvlüyü qarşısında nə qazanacaq?

- Bu məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz fikrini gündəmə gətirib. İsveçdə PKK terrorçuları daha çox məskunlaşıb. PKK-nın liderləri orada siyasi sığınacaqlar alıblar. Elə oradan da Türkiyənin daxilində gərginlik yaratmaqla məşğuldurlar. Hətta onları maliyyələşdirən maraqlı dövlətlər də var. Finlandiya o qədər siyasi və hərbi gücə malik deyil. Kiçik bir dövlətdir. Amma bütün bunlara baxmayaraq, Prezident Ərdoğanla yanaşı, xarici işlər naziri Mövlud Çavuşoğlu da həddindən artıq şəkildə öz kəskin mövqelərini ortaya qoyublar. Bu, həm də Rusiyaya bir mesajdır. Çünki Rusiya bu kimi məsələlərdə çox həssasdır. Bunu hər kəs yaxşı başa düşür. Belə bir həssas dönəmdən yəqin ki, Ankara da yararlanmağa çalışacaq. Belə düşünürəm ki, Türkiyənin bu məsələdə bazarlığı Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə qardaşlıq münasibəti, Azərbaycana olan münasibətindən görünən odur ki, Finlandiya və İsveç NATO-ya üzv ola bilməyəcək. Bu da ehtimal olunur. Əvəzində də rusiyalı sülhməramlılar çıxarıla bilər. Mən belə görürəm, bunun baş verib-verməyəcəyi isə gələcəkdə atılacaq addımlardan asılıdır.

- Rusiya bu müharibənin sonunda məğlub olarsa, onun daxilindəki 20-dən çox dövlətin aqibəti necə olacaq? Onların arasında xeyli türk dövlət quruluşları da var. Türkiyə həmin dövlətlərə gələcək perspektivdə necə dəstək duracaq? Bəs biz ruslardan Dərbənd və ətraf əraziləri geri ala biləcəyikmi?

- Əgər Rusiya biz düşündüyümüz səviyyədə dağılacaqsa, bəli, bunlar baş verə bilər. Ən azından Rusiyanın ərazisində 10-12 türk dövləti yaranacaq. Bu, məsələyə hansı müstəvidə yanaşacağımızdan asılıdır. Yakutiya öz yerində, Altay diyarının özü də bir türk dövlətidir. Hətta daha sonrakı mərhələdə Sibiristan yaradıla bilər. Tümenin də onun paytaxtı olması mümkündür. Çünki Tümen təmiz türk sözüdür. Türk dilində “min” deməkdir. Hətta tarixi kurqanlar da oradadır. Dördüncü və beşinci türk respublikaları Tatarıstanla Başqırdıstan ola bilər. Buryatiya da türk respublikasıdır. Eyni zamanda Mari-El Respublikası da türk kökənlidir. Kalmıkiya da həmçinin... Şimali Qafqazda da Balkarlar, Dağıstan, Çeçenistan türk kökənlidir. Ən azından 10-12 türk kökənli qurumlar yarana bilər. Dərbənd işğal olunana qədər Azərbaycana – Şirvan dövlətinə daxil olub. Bu, tarixdən hər kəsə bəllidir. Bu şəhərin işğal tarixi o qədər də uzaq deyil. Rusların özləri də etiraf edirlər ki, Dərbənd Rusiyanın ərazisində ən qədim şəhərdir. Ondan qədim şəhər yoxdur.

- Sizcə, Rusiyanın Ukrayna cəbhəsində məğlubiyyəti sadə rus xalqını Putinə, dövlətə və imperializmə qarşı qaldıra bilərmi?

- Rusiyanın daxilində bu cür təbliğatlar aparılır. Bu, xüsusən də İngiltərənin və ABŞ-ın maraqlarına uyğundur. Çin də öz növbəsində burada öz maraqlarını güdür. Doğrudur, Çinə qarşı da anti-Çin koalisiyasını formalaşdırırlar. Eyni zamanda ABŞ çalışır ki, həm Rusiyanı, həm də Çini zərərsizləşdirsin. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Hər ikisinin baş tutacağına inanmıram. Rusiyanın çökməsi üçün belə bir məsələ baş verə bilər. Ona görə də rus xalqının ayağa qalxaraq imperializmə və hakimiyyətə qarşı etiraz bildirməsində qeyri-adi heç nə görmürəm. Rusiya daxilində gedən proseslər onu göstərir ki, hazırda şimal qonşumuzun əraziləri daxilində bu baş verməkdədir. Yaxın zamanlarda onun miqyası daha da genişlənə bilər. Rusiyanın çökməsi mümkündür.

- Uzaq perspektivdə Rusiyanın Ukraynada məğlub olması Ermənistan-Azərbaycan münasibətlərinə hansı formada təsir göstərə bilər? Bu vaxta qədər həmişə deyilib ki, münaqişənin və ondan sonrakı mərhələlərin açarı Rusiyanın əlindədir. Bu açar Qərbin əlinə keçərsə, biz Ermənistanla münasibətlərimizin normallaşacağını görə biləcəyikmi?

- Rusiyanın dağılması təbii ki, Qarabağ məsələsində də müsbət rol oynayacaq. Bu açarın Qərbin əlinə keçməsinə heç cür imkan vermək olmaz. Çünki yenə də Azərbaycan bu və ya digər formada təhdid oluna bilər. Amma Azərbaycan çalışacaq ki, Qarabağ məsələsinin həlli Türkiyənin əlində olsun. Daha doğrusu, bundan sonrakı proseslər Ankaranın əli ilə həyata keçirilsin. Ermənistan bu reallığı bizim diktəmizlə qəbul etməyə məcburdur. İrəvan bunu qəbul edəcək. Rusiya olmayandan sonra Azərbaycanla diktə dilində danışa biləcək hər hansı bir Qərb ölkəsi ağlıma gəlmir. Onlar bizim sərhədlərimizdən çox uzaqdadır. Qərb ölkələrinin bizə diktə etmək imkanları yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm