Nida.az
Azərbaycan Xalq Cümhuriyyəti: Milli müstəqillik tariximizin şərəf səhifəsi
Azərbaycan Xalq Cümhuriyyəti Birinci Dünya müharibəsinin sonlarına doğru qalib və məğlub imperialist dövlətlərin Qafqaz regionunda maraqlarının kəskin şəkildə toqquşduğu dramatik tarixi zamanda yaranmışdı. Bu XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında milli zəmində tətbiq etməyin ilk təcrübəsi idi.
1918-ci ilin əvvəllərində – Birinci Dünya müharibəsinin başa çatmasına bir neçə ay qalmış Zaqafqaziya Seyminin azərbaycanlı, gürcü və erməni deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Federativ Demokratik Respublikasının yarandığını elan etmişdilər. Lakin bu federativ qurumun perspektivsizliyini görən Gürcüstan 26 aprel 1918-ci ildə öz müstəqilliyini bəyan etdi. 28 mayda isə Seymdə azərbaycanlı deputatların 44 nəfərlik fraksiyasına rəhbərlik edən Məmməd Əmin Rəsulzadə F.Köçərli, F.Xoyski, N.Yusifbəli, S.M.Qənizadə, Ş.Rüstəmbəyov, X.Xasməmmədov, M.Hacınski və digər deputatların iştirak etdiyi Milli Şuranın tarixi iclasında Azərbaycanın istiqlaliyyətini elan etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası olduqca çətin bir vaxtda hakimiyyətə gəlirdi. Kommunarların əlində olan Bakı Soveti hakimiyyətdən çəkilmək istəmir, daşnak ordusu ilə birlikdə soyqırım xarakterli kütləvi qırğınlar törədirdilər. Millətin ölüm-dirim savaşı qarşısında qaldığını görən Milli Şura Gəncə şəhərində təcili toplantısını keçirdi. Fətəli xan Xoyskinin başçılığı ilə müvəqqəti hökumət yaradıldı. Qəbul olunmuş Bəyannaməyə əsasən, Milli Şura ali qanunverici, müvəqqəti hökumət isə ali idarəedici orqan elan edildi. Dövləti möhkəmlətmək, onu xarici təcavüzdən və daxili parçalanmadan qorumaq məqsədilə Osmanlı hökumətindən yardım istəmək qərara alındı. Həmin ilin 23 sentyabrında Azərbaycanın milli ordusu Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın əsgərləri ilə birlikdə qondarma “Mərkəzi Xəzər diktaturası” və eser-daşnak qüvvələrini darmadağın edərək Bakıya girdi və həmin gün Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrildi.
Amma sürətlə dəyişən sonrakı hərbi-siyasi proseslər nəticəsində Qafqaz İslam Ordusu ölkəni tərk etməli oldu. Antanta dövlətlərinin məqsədi Türkiyəni Azərbaycandan uzaqlaşdırıb, Bakını birdəfəlik Britaniya imperiyasının nəzarəti altına salmaq idi. İngilislərin Bakıya daxil olmasını anti-Azərbaycan və anti-türk meylli bütün qüvvələr, xüsusilə ermənilər sevinclə qarşıladılar. Ermənilərin və rusların təhriki ilə qızışdırılan milli-siyasi qarşıdurmaların ən qaynar zamanında –1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti öz işinə başladı.
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə Parlamentin ilk toplantısında bildirmişdi: “Bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürəyi istədiyi kimi əqd-ittifaq etməlidir. Bütün dünya millətlərinin bir “cəmiyyəti-əqvam” vücudə gətirməsi bizim ən əziz fikirlərimizdəndir. Bu “federasyon” cəbrlərlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır”. Bu sözlərlə M.Ə.Rəsulzadə əslində, Azərbaycan – dünya münasibətlərinin mahiyyətini və istiqamətini müəyyən etmiş və beynəlxalq siyasətdə bu gün də aktual olan suveren dövlətlərin hüquq bərabərliyi ideyasını ortaya qoymuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi yolunda tarixi işlər görmüş dövlətimizin ilk Parlamenti koalisiya hökumətini təsis etdi. Fətəli xan Xoyski yenidən Nazirlər Şurasının sədri seçildi. Britaniya hərbi qüvvələrinin komandanı general Tomson da rəsmi olaraq bu hökuməti tanıdı, rus milli şurasına da onu tanımağı tövsiyə etdi. Azərbaycanı yenidən Rusiya imperiyasının əsarəti altına verməyə çalışan qondarma “Qafqaz-Xəzər hökuməti” Azərbaycan Xalq Cümhuriyyətinin siyasi mövcudluğu ilə barışmadığına görə, qanundankənar elan edildi və onun rəhbərləri 48 saata Azərbaycandan çıxarıldı.
Milli hökumət tədricən ölkəyə nəzarəti tam olaraq öz əlinə alırdı. Avqusta qədər Britaniya hərbi qüvvələri də Bakıdan çıxarıldı. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin gözlənilməz dəyişikliklərlə müşayiət olunan qısa zaman kəsiyində yürütdüyü düzgün siyasətin və çevik diplomatiyanın bəhrəsi idi.
Azərbaycan hökuməti Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrin 1919-cu ildə Fransada keçirilən Versal Beynəlxalq Sülh Konfransına öz nümayəndəsini göndərdi. Azərbaycan diplomatları o dövrün dünya siyasətində ən demokratik fikirli dövlət başçılarından sayılan V.Vilsonla görüşmək və ümumən Qafqazdakı problemlərlə onu tanış etmək imkanı qazandılar. V.Vilson Azərbaycanın müstəqilliyini yalnız Qafqaz konfederasiyasında tanıyacağını bildirdi. Erməni nümayəndələri hətta bu təşəbbüsü də Rusiyanın xeyrinə pozdular.
Bütün bunlara baxmayaraq, müstəqilliyini qorumaq uğrunda qətiyyətlə mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti özünün bir sıra Avropa dövlətləri tərəfindən tanınmasına və ölkə daxilində quruculuq işlərinin davam etdirilməsinə nail olurdu. Azərbaycan nümayəndə heyətinin 1920-ci ildə Parisə yeni səfəri öz bəhrəsini verdi və Konfransın Ali Şurası Azərbaycanın suverenliyini tanıdı.
Müstəqil dünya dövlətləri sırasında Azərbaycanın da öz haqqı və yeri olduğuna həm xalqımızı, həm də beynəlxalq aləmi inandırmaq və ən başlıcası isə milli dövlətimizin mövcudluğu faktını beynəlxalq miqyasda təsdiq etdirmək Cümhuriyyət qurucularının ən böyük tarixi xidməti idi.
Azərbaycan Xalq Cümhuriyyətini ərsəyə gətirən fədakar insanlar mükəmməl təhsil almış, öz dövrünün sivil dəyərlərinə yiyələnmiş, ictimai fikrin yüksəlişinə ciddi şəkildə təsir göstərməyi bacaran, həm də dövlət quruculuğunun ilk çətin mərhələsində atdıqları addımların məsuliyyətini dərk edən, bununla belə taleyüklü məsələlərdə qətiyyətli qərarlar qəbul etməkdən çəkinməyən sağlam və mübariz fikir sahibləri idilər. Onların bir çoxu nəinki Azərbaycanda, ümumən türk dünyasında və İslam Şərqində milli düşüncə və dövlətçilik hərəkatının inkişafına təkan vermiş ideoloqlar idilər. Onların fədakar təşəbbüsləri nəticəsində suveren dövlətçilik atributlarımızın yaradılması, Azərbaycan türkcəsinin dövlət dili statusunda qəbul edilməsi, milli-mənəvi dəyərlərimizin, ədəbiyyat və mədəniyyətimizin, maarif və məktəb işinin, milli ideologiyamızın inkişafı istiqamətində böyük uğurlar qazanıldı. Cümhuriyyət dövründə Dövlət Bankı, 40 minlik nizami ordu, Azərbaycan Teleqraf Agentliyi yaradıldı, pul-poçt markaları buraxıldı, Yelizavetpol yenə də Gəncə, Qaryakin isə Cəbrayıl adlandırıldı. Orden, medal, gerb, himn, üçrəngli, səkkizguşəli bayraq qəbul olundu. “Azərbaycan” sözü də ilk dəfə olaraq təkcə coğrafi ərazi kimi deyil, həm də dövlət adı statusunda məhz Cümhuriyyət dövründə rəsmiləşdi.
Cümhuriyyət hərəkatı sözün əsl mənasında milli fikir intibahına yol açdı. Siyasi partiya və təşkilatların azad fəaliyyətinə meydan verildi. Milli demokratiyanın müstəqil mətbuatı təşəkkül tapdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə iki dəfə hökumət başçısı seçilmiş Nəsib bəy Yusifbəylinin rəhbərliyi və təşəbbüsü ilə 1919-cu il 15 oktyabrda mətbuat haqqında qanun qəbul edildi. Həmin illərdə Azərbaycanda səksəndən çox qəzet və jurnal dərc edilirdi. Azərbaycan kapitalı milli iqtisadiyyatın inkişafında necə böyük rol oynayırdısa, eyni dərəcədə maddi və mənəvi sərvətlərimizin yaradılmasında da diqqətəlayiq işlərə, böyük xeyriyyəçilik məqsədlərinə sərf olunurdu. Bakıda estetik mədəniyyətin ən yüksək tələblərinə cavab verən memarlıq layihələri həyata keçirilir, incə zövqün nümunəsi olan tikinti işləri aparılırdı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqa sərvət sahibləri millətin tərəqqisi naminə öz sərvətlərindən maarifçilik və quruculuq məqsədlərinə əhəmiyyətli yardımlar ayırırdılar.
Milli kadrların formalaşmasına, ümumən xalqın savadlanmasına böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan hökumətinin başlıca vəzifələrindən biri də xalq maarifinin inkişafı, xüsusilə ali təhsil müəssisələrinin yaradılması idi. 1919-cu ildə Bakıda Dövlət Universiteti, müəllim kadrları hazırlayan Darülmüəllim açıldı. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsi Gürcüstanın Qori şəhərindən Qazaxa köçürüldü. Yüz nəfər tələbə ali təhsil almaq məqsədilə xarici ölkələrə göndərildi. Məktəblərin milliləşdirilməsinə və latın əlifbasına keçmək üçün hazırlıq işlərinə başlanıldı. 1919-cu ildə artıq Azərbaycanda 700-ə qədər məktəb vardı. Uğurlu təhsil siyasəti nəticəsində hələ köhnə düşüncənin hökm sürdüyü bir şəraitdə, qızların məktəbə cəlb olunmasına nail olundu. 50 minə yaxın şagird kontingentinin 2 mini qızlardan ibarət idi.
Millətin bütün enerjisi Azərbaycan dövlətinin, onun siyasi təsisatlarının, təhsil sisteminin, hərbi qüvvələrinin, inzibati ərazi vahidlərinin yaradılmasına yönəldilmişdi. Respublika quruluşlu bu demokratik dövlət öz zamanını xeyli qabaqlamışdı. O vaxtlar nəinki Şərq, hətta inkişaf etmiş Avropa ölkələrinin çoxunda demokratik parlament və digər dövlət təsisatları tam təşəkkül tapmamışdı. Belə bir tarixi zamanda Azərbaycan parlamenti çoxpartiyalı sistem üzrə formalaşmağa başlamışdı.
Lakin Rusiya imperiyasının varisi kimi meydana gəlmiş sovet Rusiyası da Qafqazda müstəqil dövlətlərin yaranması faktı ilə heç cür barışmaq istəmirdi. Odur ki, 18 martda erməni daşnak ordusunun Qarabağa hücumunun ardınca 28 apreldə Rusiyanın XI Qızıl Ordusunun Azərbaycana təcavüzü başladı. Bu dövrdə Nəriman Nərimanovun şəxsində Azərbaycanın varlığını Rusiya ilə bir yerdə görən alternativ siyasi cərəyan da vardı. Təsadüfi deyil ki, Cümhuriyyət qurulanda Nəriman Nərimanov Həştərxana getmişdi. Gələcəkdə Azərbaycanın rəhbəri, bir qədər sonra isə Sovet dövlətinin rəhbərlərindən biri olacaq N.Nərimanov hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda cümhuriyyətçiləri hakimiyyəti bolşeviklərə təhvil verməyə çağırırdı.
Azərbaycan Xalq Cümhuriyyəti erməni qüvvələrini darmadağın etsə də, artıq ölkədə də özünə siyasi-ideoloji dayaqlar yaratmış güclü sovet dövlətinin qarşısında tab gətirməyərək, idarəçiliyi bolşeviklərə təhvil verdi. Cümhuriyyətçilər hakimiyyətə inqilab etmədən, qan tökmədən gəldikləri kimi, qansız-qadasız da hakimiyyətdən getdilər.
Cəmi 23 ay içərisində bu qədər geniş və hərtərəfli fəaliyyətin təmin olunması xalqın ziyalı və ləyaqətli övladlarının Azadlıq və İstiqlal ideallarına sədaqətinin, öz həyat yollarını bütöv bir millətin mübarizə yoluna çevirə bilməyin və bu müqəddəs yolda hər cür fədakarlığa hazır olmağın ən parlaq təcəssümü idi.
1900-1920-ci illərdə imperiya müstəmləkəçiliyinə qarşı müstəqillik ideologiyası nə qədər qüvvətli olsa da, onu axıradək davam etdirmək real tarixi şəraitə görə mümkün olmadı. Buna baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti suveren milli respublika qurmaq, milli siyasət və mədəniyyət təsisatlarını ərsəyə gətirmək təcrübəsini yaratdı və bununla da Azərbaycanın bu günkü müstəqilliyi üçün möhkəm bir zəmin yaratdı. Əgər həmin tarixi zamanda Cümhuriyyət qurulmasaydı sonradan ölkəmizin Sovet İttifaqının tərkibinə müttəfiq respublika statusunda daxil olması da mümkün olmazdı. SSRİ tərkibində müttəfiq Respublika kimi mövcud olmasaydı bu İttifaq dağılarkən Azərbaycanın bir suveren dövlət kimi öz müstəqilliyini bərpa etməsi də mümkün olmayacaqdı. Cümhuriyyətlə təməli qoyulan suveren və demokratik respublika quruculuğu ənənəsi Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik dövründə rəhbərliyi illərində daha da möhkəmləndirildi. 2003-cü ildən bəri prezident İlham Əliyevin rəhbərliyi illərində yeritdiyi ardıcıl və davamlı inkişaf siyasəti isə işğal altına düşmüş torpaqlarımızın azad olunması ilə nəticələndi. Bir dəfə yüksələn və heç zaman enməyəcək bayrağımız indi Şuşada qürurla dalğalanır.
Bu gün suveren və demokratik respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, onun siyasi-ideoloji irsinə dərin ehtiram bəsləyir. Cümhuriyyət yaradıcılarının irsi öyrənilir, fəaliyyətlərinə gerçək tarixi qiymət verilir. Azərbaycan Xalq Cümhuriyyəti milli müstəqillik uğrunda mübarizəmizin ən şərəfli səhifəsi kimi xalqımızın tarixinə yazılıb.
Cavanşir Feyziyev
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...