Qubad İbadoğluna qarşı ittihamlara cavab: “Bunlar qərəzdən irəli gəlir”
Bizi izləyin

Nida.az

Qubad İbadoğluna qarşı ittihamlara cavab: “Bunlar qərəzdən irəli gəlir”

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında (MSŞA) narazılıq səngimək bilmir.

“Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası” İctimai Birliyinin təsis olunması və üç nəfərin - Qubad İbadoğlu, Əliməmməd Nuriyev və Sevil Allahverdiyevanın təsisçi kimi göstərilməsi koalisiya üzvləri tərəfindən etirazla qarşılanıb. Koalisiyanın təsisçilərindən olan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov baş verənlərdə Qubad İbadoğlunu günahlandırıb.
MSŞA ittihamlara cavab olaraq bu gün açıqlama yayıb.


Publika.az-a daxil olan açıqlamada koalisiyanın fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün MSŞT üzrə Hökumət Komissiyasının sədri Şahmar Mövsümovla görüşmək barədə qərar qəbul edildiyi bildirilib.

Koalisiyanın maliyyə fəaliyyətinə maneələrin aradan qaldırılması üçün Koalisiya Şurası tərəfindən idarə ediləcək və sırf Koalisiyaya maliyyə operatorluğu funksiyasını həyata keçirəcək, başqa heç bir fəaliyyətlə məşğul olmayacaq bir QHT yaradılması təklif olunub: “Səsvermə nəticəsində təsisçiləri sayının 3 nəfər Koalisiya üzvü olması təklifi qəbul edilib. Sonra təsisçilər barədə müzakirələr aparılıb, təsisçilər kimi Qubad İbadoğlu, Sevil Allahverdiyeva və Əliməmməd Nuriyevin namizədliyi irəli sürülüb və bu namizədlər iclasda iştirak edən 8 Şura üzvü tərəfindən dəstəklənib. Bu barədə məlumat koalisiyanın şəbəkəsində yayılandan sonra bəzi üzvlər etirazlarını separat danışıqlar və gizli sövdələşmələr kimi təqdim ediblər. Şuranın qərarından narazı koalisiya üzvləri bu prosedurdan yararlanmaq əvəzinə, şuranın qərarı ilə bağlı qərəzli mövqelərini sosial şəbəkələr vasitəsilə mediaya ötürüblər və bununla da ictimai rəydə çaşqınlıq yaradıblar. Bu müzakirələrin istiqamətini də qərəzli şəkildə MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlunun əleyhinə kampaniyaya çeviriblər. MSŞA Koalisiyasının məlum görüşdə iştirak etmiş şura üzvləri olaraq Şahmar Mövsümovla görüşün şuranın qərarı və müraciəti əsasında baş tutduğunu bildiririk. Koalisiya Şurasının məlum qərarı ilə bağlı mediada yer almış əsassız iddiaları qəti şəkildə pisləyir və bu məsələdə MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlunun adının əlahiddə hallandırılması məhz ona qarşı olan qərəzdən irəli gəldiyini bəyan edirik. Bütün bunları nəzərə alaraq, məsələ ilə bağlı media qurumlarını obyektiv mövqe nümayiş etdirməyə, dəqiqləşdirilməmiş və əsaslandırılmamış iddialarla MSŞA Koalisiyası Şurasının və onun koordinatoru Qubad İbadoğlunun nüfuzuna xələl gətirən qara piar kampaniyasına son qoymağa çağırırıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm