Nida.az
Əliağa Hüseynovdan Rəhim Qazıyevin ittihamlarına SƏRT CAVAB
"Vədini yerinə yetirməyən adam başına şal bağlamalı, ləçək taxmalıdır"
"Rəhim Qazıyev yalan danışır. Mən ağlamamışam. O zaman Rəhm Qazıyevin özü məni müdafiə edirdi. Niyə ağlamalıydım ki..." Bunu Teleqraf.com-a açıqlamasında Respublikanın keçmiş hərbi komissarı, indi isə parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Əliağa Hüseynov sabiq müdafiə naziri Rəhim Qazıyevin onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, R.Qazıyev yerli mətbuata açıqlamasında bildirib ki, keçmiş hərbi komissar "Yeni Müsavat"a müsahibəsində onu təəccübləndirən fikirlər səsləndirib. R.Qazıyev əlavə edib ki, nazir olanda Ə.Hüeynov o vaxtkı Oktyabr, indiki Yasamal rayonunda hərbi komissar idi: "1992-ci ilin iyil-avqust ayları idi, mənim hərbi rabitə sistemi olan “Uraqan” telefonuma zəng gəldi və bir nəfər telefonda hönkür-hönkür ağlayaraq, “cənab nazir, məni tutub aparırlar, kömək eləyin” deyə fəryad edirdi. Soruşdum ki, kimdir bu? Dedi ki, cənab nazir, Oktyabr rayon hərbi komissarı Əliağa Hüseynovdur. Soruşdum ki, yekə kişisən, niyə ağlayırsan, bir başa sal, görüm, nə baş verib? Dedi ki, bəs qoluma qandal vurub aparırlar.
Dəli oldum, soruşdum ki, bəs sən necə hərbi komissarsan, şəxsi silahın yoxdu? Niyə sənə hücum edən şəxslərə silahınla cavab verməmisən? Yenə ağlayaraq birtəhər məni başa saldı ki, cənab nazir, Fəhmin Hacıyevin göndərdiyi adamlardır, məni qandallayıb aparırlar. Dedim, onlar kimdir ki, səni aparalar, sən axı neynəmisən ki, onlara? Dedi ki, Fəhmin Hacıyev mənə zəng vuraraq 5 nəfər çağırışçının adını və soyadını verdi ki, onları birbaşa Daxili Qoşunlara göndər. Əlağa Hüseynov bunu etmək imkanının olmadığını bildirib. Nə isə, dərhal köməkçilərimi göndərdim Oktyabr hərbi komissarlığına, Fəhminin göndərdiyi bu 3 nəfəri də Əliağa Hüseynovla birlikdə mənim xidməti otağıma gətirdilər. Mən həmin hərbçilərə dərhal raport yazdırdım, amma Əliağa Hüseynovun ağlamasını kəsmək üçün xeyli onu dilə tutmalı olduq. Özünə gələ bilmirdi və hönkür-hönkür ağlayırdı".
Ə.Hüseynov isə Teleqraf.com-a bildirdi ki, R.Qazıyevin dedikləri ağ yalandır: "Hərbi komissar müdafiə naziri ilə telefonla danışa bilir? Baş verənləri keçmiş hərbi prokuror Nizami Təhməzov yaxşı bilir. Mən Fəhmin Hacıyevin qanunsuz əməllərilə bağlı məsələ qaldırmışdım. Rəhim Qazıyev bunlardan danışsın. Mənim ağlamağımı harda görüb? Niyə ağlamalıydım ki... Bəli, Fəhmin Hacıyevin adamları gəlmişdilər yanıma. Mənə zor göstərirdilər ki, ali təhsilli gəncləri Daxili Qoşunlara göndərim. Mən imtina etdim. Onlar mənə zor göstərmək istədilər. Mən də onları tərksilah edib, qollarını qandallatdım. Hərbi polisdə, prokurorluqda fakt üzrə cinayət işi açıldı. Fəhmin Hacıyev həbs olunmuşdu. Məhkəməsində mən də ifadə verirdim. Hakim dedi ki, Fəhmin Hacıyevin adamları sənə qarşı qanunsuzluq ediblərmi? Bildirdim ki, mən ölü adamların üzünə durmuram. Mən Fəhmin Hacıyev komandir olanda onunla vuruşmuşam. İndi o, mənim üçün heç kimdir, adi adamdır. Mən kişiyəm, belələlərindən deyiləm".
Ə.Hüseynov qeyd edir ki, R.Qazıyevə o yox, respublika hərbi komissarı Şakir Nağıyev zəng edib: "Mən Rəhim Qazıyevə zəng edə bilməzdim. Bu, mümkün deyildi. O, yalan danışır. Bu adam "torpaqlar getsə, başıma güllə vuracam" deyib, sonra da sözünə əməl etməyib. Ondan nə gözləyəsən? Vədini yerinə yetirməyən adam başına şal bağlamalı, ləçək taxmalıdır.
Şakir Nağıyev Rəhim Qazıyevə telefonda deyib ki, axı Daxili Qoşunların nə ixtiyarı var ki, hərbi komissara əmr versin. Fəhmin Hacıyevin əmrini yerinə yetirmədiyim üçün adamları məni həbs etmək istəyirdi. Onlara dedim ki, əgər məni həbs etsəniz bütün hərbi komissarları bura yığacam. Mən də silahlı idim. Onları yerə uzanmağa məcbur etdim və qandallatdım. Rəhim Qazıyev də hərbi polisə göstəriş vermişdi ki, Fəhminin mənim üzərimə göndərdiyi adamları gətirsinlər. Sonra həmin adamlarla birlikdə Rəhim Qazıyevin yanına getdik. Rəhim Qazıyev ilk dəfə məni orada görüb. Mən düzünü deyəcəm. Orada Rəhim Qazıyev Fəhmin Hacıyevin adamlarını şillələdi, söydü. Fəhminin özünü də söymüşdü ki, sən kimsən ki, mənim polkovnikimi həbs etmək istəyirsən? Bunu etiraf etməliyəm. Amma mənim ağlamağım barədə onun dedikləri tamamilə yalandır. Nazir məni müdafiə edirdisə, niyə ağlamalıydım ki..."
Millət vəkili R.Qazıyevin "Əlağa Hüseynovun günlərin bir günü Respublikanın Hərbi Komissarı olduğunu eşidəndə dəhşətə gəldim" fikirinə sərt münasibət bildirdi: "Ona demək lazımdı ki, əəə, mən Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, Baş Qərargahın Mərkəzi Kursunu bitirib pillə-pillə vəzifəyə yüksəlmişəm. Sənin kimi fizika-riyaziyyat müəllimliyindən nazir vəzifəsinə gəlməmişəm. Mən rus ordusunda 19 il polkovnik olmuşam, sənin kimi adi müəllim işləməmişəm".
-
Qoroskop02:43
Proqnozu düz çıxan astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Bu tarixdə...
-
Dünya01:55
“Mən sənin xidmətçin deyiləm” - Fitsodan Zelenskiyə sərt cavab
-
Nəqliyyat01:35
Qəzaya uğrayan təyyarənin uçuş zamanı radarda görünməyən trayektoriyası - FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: yeni dostlar tapa bilərsiniz
-
Magazin100:55
Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR
-
Dünya00:18
İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?
-
Hadisə27 Dekabr 23:37
Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi - FOTO
-
Nida Xəbər 27 Dekabr 23:00
Türkiyə təyyarə qəzası ilə bağlı hərəkətə keçdi - Araşdırma qrupu Bakıya gəlir