Orduxan "dostunu" pula satdı, Mirzəli hər şeyi etiraf etdi – “Klaviqəhrəmanlar”ın GERÇƏK ÜZÜ
Bizi izləyin

Nida Təhlil

Orduxan "dostunu" pula satdı, Mirzəli hər şeyi etiraf etdi – “Klaviqəhrəmanlar”ın GERÇƏK ÜZÜ

Avropada “söyüş müxalifəti” yenidən bir-birinə hücuma keçdi, bu dəfə mövzu “həmrəylik”, ortaya çıxan isə mahiyyətləridir. Məhəmməd Mirzəli Orduxan Temirxanı söyür, başqa biri “satqınsınız” ittihamı irəli sürür, daha başqa birisi hamısını birinin gözünə qatıb, ağır sözlərlə hücuma keçir.

Pulu bölə bilmədilər, mərəkə qopdu. Əslində dava əvvəldən “ yorğan davası” idi, sadəcə, kiçik zaman lazım idi ki, mahiyyətlərini ortaya qoysunlar və bu, uzun çəkmədi. Kompüter arxasında oturub “klaviqəhrəmanlıq” edənlər bu gün bir-birilərini ən ağır sözlərlə təhqir edirlər. Yeni davanın başlanması isə Orduxanın Natiq İsbatovu Hollandiyadan deportasiya etdirməsi, ardınca “həmrəylik” mesajı verməsidir.

Həmrəylik xilasımızdır”, - baş “klaviqəhrəman”lardan olan Orduxan Lüksenburq şosesinə çıxıb və belə deyib.

Digər “klaviqəhrəmanlar”, vaxtilə kompüter arxasında qurduqları səngərdə birlikdə gizlənib, “atəş açanlar” Orduxanı topa tutdular.

Fikrət Hüseynli “Həmrəylik yıxılanın əlindən tutmaqdı, hər bazar poza verib, şəkil çəkdirmək yox” deyərək, Orduxana hücum edib.

Məhəmməd Mirzəli isə Temirxanı satqın, xain adlandırdı, bildirdi ki, “bu gün dostunu satan, sabah vətənini, millətini, hər şeyini satar”. Hərçənd, bunun belə olduğu çoxdan bəllidir, amma yenə də onların bir-birini ifşa etməsi hadisəyə təzə məna yükü verir.

Həmrəyliyə təcavüz edənlər, necə həmrəylikdən danışa bilərlər?! Bir yerdə mübarizə apardığını tutub Azərbaycana deportasiya edirlər. Deyir mən bu məsələyə qarışmıram. “Mübarizəkar” özünü cəmiyyətə qatıldığı mitinqlərdə göstərəndə, baxın ay camaat mənim ətrafımda adamlar var deyəndə yaxşı idi. Deport edilən zaman mən bu işlərə qarışmıram. Vallah sən bundan sonra heç bir işə qarışma. Mənsiz və yararsız adamsan... Yaxşı ki, vaxtında sizdən ayrıldım. Dalımca hər şey dediniz, xain, satqın və s. Amma indi xainində satqınında kimliyi bəllidir. Bu gün dostunu satan sabah vətənini, xalqını hər şeyini satar. Pul, var dövlət hər şey deyil. Vicdan, ailə, dost amma hər şeydir.! Dostlarınızı qoruyun!”.

Məhəmməd Mirzəlinin Orduxan Temirxana ünvanlandığı bu sözlər birincinin nəzərində ikincinin kimliyini, Azərbaycan xalqının nəzərində isə onların ümumi mahiyyətini ortaya çıxarır: Mənsiz və yararsız adam, dostunu, vətənini, millətini satan...

Bu mərəkədən ortaya çıxan nəticə belədir:

1. Orduxan Temirxan dostunu satıb.

Söhbət bir neçə gün öncə Hollandiyadan deportasiya olunan Natiq İsbatovdan gedir. N.İsbatov Hollandiyada qanunsuz yaşadığı üçün ölkədən çıxarılıb, lakin “söyüş müxalifəti”nin qarşıdurması göstərir ki, bu prosesdə O.Temirxanın əli olub. Məlumatlara görə, İsbatov Orduxana qoşulsa da, ikinci onu müdafiə etməyib, “söyüş dostlarının” dediyi kimi satıb.

Bütün günü onunla bir yerdə mitinqlərdə olanlar (da doğrusu ondan istifadə edənlər) niyə onun haqqında bir kəlmə belə olsun yazmadılar? Sizcə o “vətənpərvərlərlə” bir yolda addımlamaq olarmı? Bu gün musqulları, “əzələləri” beyinlərindən böyük olan, “vətən vətən” deyən məxluqlara güvənmək olarmı?”, - Mirzəli açıq şəkildə Temirxanın İsbatovdan istifadə etdiyini, sonda isə satdığını deyir.

2. “Söyüş müxalifəti”nin mahiyyəti

İsbatov məsələsi təsdiqlədi ki, Avropadakı “klaviqəhrəmanlar” ətraflarına daha çox adam toplayıb, daha çox pul qazanmaq naminə insanları aldadır, istifadə etdikdən sonra, atırlar. Çünki özlərinin də etiraf etdiyi kimi məsələ “Vətən, millət” yox, maliyyədir. Ortadakı pul uğrunda gedən mübarizədə istənilən şəxsi, hətta qol-boyun olub poza verdiklərini də satırlar. Digərlərinin Orduxanı ittiham etməsi isə mahiyyətlərini gizlətmək üçün günahı bir-birilərinin üzərinə atmaq psixologiyasının təzahürüdür.

3. Onlara inananların aqibəti

“Klaviqəhrəmanlar” monitor arxasında insanları mitinqə səsləyir, ölkədə xaos yaratmağa çalışır və bundan pul qazanırlar, əziyyəti onları dinləyənlər çəkir.

Avropada maddi maraqlarını təmin etmək üçün ətraflarına daha çox adam toplamaq məqsədilə çağırışlar edirlər. Misal üçün, O.Temirxan çağırış edir ki, “Avropada 3000-4000 azərbaycanlı yığa biləcəyiksə, onda Azərbaycan xalqı dəyişiklik edə biləcək”. Sual yaranır, dəyişikliyi Azərbaycanda istəyirsinizsə, Avropada niyə adam toplayırsınız?! Cavab məlumdur: məqsəd nəsə etmək, yaxud xalqın yanında olmaq deyil, məqsəd, ətraflarına daha çox adam toplamaqla, “söyüş müxalifəti” üçün ayrılan bəlli məbləğdən daha çox pay götürməkdir. Və hər şey uğrunda mübarizə apardıqları payı əldə edənə kimidir, sonra yanında olanları İsbatov kimi deportasiya etdirirlər. Çünki O.Temirxan kimilər yaşadıqları ölkələrin vətəndaşıdır, onları deportasiya təhlükəsi gözləmir, lakin yanlarına yığmaq istədikləri azərbaycanlılar Avropada qanunsuz yaşadıqları üçün daim deportasiya təhlükəsi ilə üz-üzədirlər və göründüyü kimi, onlar ilk fürsətdə “mübarizəyə çağırdıqları”, aldadaraq, yanlarına topladıqları azərbaycanlıları deportasiya etdirirlər.

Bu, “söyüş müxalifəti”nin mahiyyəti, bu da onlara inananların aqibəti. Hər şey çayı keçənə kimidir, onlar “haqlarını” alan kimi sizi satacaqlar...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm